Məhkəmə qərarları › İş №2(1-8)-2421/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2421/2026

07.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2421/2026 07.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Elşad oğlunun cavabdeh Əliyarov Tural Həmid oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə aidiyyəti, apellyasiyanın işi aidiyyəti üzrə göndərməsi) Azərbaycan Respublikası Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və Inzibati Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, # ##### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 67482 manat pulun və dövlət rüsumunun cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-in direktorudur. Iddiaçının rəhbəri olduğu şirkət müxtəlif tikinti və təmir məhsullarının, aksesuarların satışı ilə məşğuldur. Mağazalarda satılan məhsulların müxtəlif istehsalçılardan alınaraq satışı təşkil olunur. Mağazada satılan məhsullar müxtəlif istehsalçılardan alınaraq təşkil olunur. Iddiaçı təxminən 2022-cü ilin aprel ayında həmin vaxt fəaliyyətdə olan “xxxx” MMC-nin rəhbəri olan cavabdehlə tanış olmuşdur. Cavabdehin rəhbərlik etdiyi sex daxili qapıların istehsalı ilə məşğul olmuşdur. Cavabdehlə müvafiq razılaşma əsasında işləməyə başlamışlar. Iş fəaliyyəti ondan ibarət olmuşdur ki, iddiaçı aldığı sifarişləri cavabdehə təqdim etmiş, cavabdeh də həmin sifarişləri icra edəndən sonra hazır məhsulu iddiaçıya, iddiaçının şirkəti isə müştərilərə təqdim etmişdir. Cavabdehə məhsul sifariş verərkən məhsulun dəyərinin 60- 70 faizi iddiaçı tərəfindən ödənilmiş, həmin ödənişlər də müvafiq qəbzlərlə rəsmiləşmişdir. Cavabdeh 2022-ci ilin iyun ayından başlayaraq sifarişləri və pulu şirkətdən götürmüş, lakin məhsulları tam təhvil verməmişdir. 2023-cü ilin mart ayında cavabdehin məhsulları təhvil vermədiyini müşayiət etdikdə iddiaçı cavabdehdən pulunu geri tələb etmişdir. Lakin buna baxmayaraq cavabdeh 67.482 pulu geri qaytarmamışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Ilkin Rüstəmli) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öz öhdəliklərini vicdanla və işgüzar adətlərə uyğun şəkildə yerinə yetirdiyi halda, birinci instansiya məhkəməsi bu halı qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yazılı podrat müqaviləsi olmadığı halda, bu münasibətləri “podrat müqaviləsi” kimi qiymətləndirməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırkı halda açıqaşkar 5.əsassız iddia irəli sürən iddiaçı öz sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə də sübutları tələb etmədən, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Günel Abbasova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski).

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır.

8. Iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində sifarişlərin təhvil verilməməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış, iddiaçı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir.

10. Elektron Məhkəmə” Informasiya Sisteminin məlumatlarından iddiaçının (VÖEN: **********) və cavabdehin (VÖEN: **********) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olmaları müəyyən edilmişdir.

11. Halbuki yuxarıda sadalanan iki hal kifayət edir ki, hazırkı mübahisə MPM-nin tələblərinə və Ali Məhkəmə Plenumunun ##.##.2020-ci il tarixli Qərarının izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə, tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas – fərdi sahibkar olan hər iki tərəfin gəlir əldə etmək məqsədilə məşğul olduqları birgə fəaliyyətdir. 12.Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. 13.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 25, 26, 30, 31.1, 32.3-32.5-ci maddələri və “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2020-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 14.Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş etmişdir. 15.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında cavabdehin guya fərdi sahibkar statusuna malik olması qeyd edilsə də, həmin nəticə işin faktiki halları və rəsmi dövlət informasiya resurslarının məlumatları ilə təsdiq olunmur. Belə ki, məhkəmə qərardadında cavabdehə aid olduğu göstərilən ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının elektron vergi informasiya sistemində aparılmış axtarış zamanı “bu ödəyici ƏDV qeydiyyatında deyildir” məlumatı görünür, cavabdehin soyadı, adı və ata adı üzrə birbaşa axtarış zamanı isə “belə bir vergi ödəyicisi müəyyən edilmədi” nəticəsi əldə edilir. 16.Bundan başqa, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman da eyni qaydada rəsmi vergi sistemi vasitəsilə yoxlama aparılmış, cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən edilmiş və bu barədə çıxarış iddia ərizəsinə əlavə olunaraq birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin real və aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vergi uçotunda sahibkar kimi mövcudluğu və kommersiya dövriyyəsinin iştirakçısı olması sübuta yetirilməmişdir. Belə olan halda, yalnız formal və təsdiqlənməmiş ehtimallara əsaslanaraq mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi hüquqi cəhətdən əsassızdır. Hazırkı iş üzrə tərəflərin subyekt tərkibi kommersiya münasibətlərinin iştirakçıları hesab edilə bilməz, mübahisənin predmeti sahibkarlıq fəaliyyətindən irəli gəlmir və buna görə də işin kommersiya məhkəməsinə aid edilməsi deyil, ümumi məhkəmədə mülki icraat qaydasında baxılması qanunauyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı: Bənd 11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Işin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdeh vergi ödəyiciləridir. Iddia tələbi tərəflərin məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində pulun ödənilməsi barədədir.

20. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

21. Hazırkı mübahisənin də tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olması şübhə doğurmur.

22. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə tərəflərin ayrı-ayrılıqda məşğul olduqları sahibkarlıq fəaliyyəti çərçivəsində pulun ödənilməsi ilə bağlı onlar arasında mübahisə yaranmış, iddiaçı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə edilən məlumatlara görə iddiaçı (VÖEN: **********) və cavabdeh (VÖEN: **********) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malikdirlər.

23. Bundan əlavə iddiaçının iddia ərizəsində bildirdiklərinə, həmçinin elektron informasiya sistemindən əldə olunmuş çıxarışlara əsasən müəyyən olunur ki, tərəflər fərdi qaydada da vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər. Həmçinin iddiaçı “xxxx” MMC-nin baş idarə müdiri, cavabdeh isə “xxxx” MMC-nin icraçı direktorudur. Mübahisə onların fərdi sahibkar kimi münasibətindən yaranıb.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 7-12cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır. Belə ki, məhkəmə aidiyyətini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini aydınlaşdırmış, bununla bağlı prosessual hüququ normalarına düzgün istinad etmişdir. Həmçinin gəlinən nəticə məhkəmə aidiyyəti ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.

25. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, məhz həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi araşdırma apararaq işin məhkəmə aidiyyətini müəyyən etmişdir.

26. Bundan əlavə, iddiaçı şikayətində cavabdehin vergi ödəyicisi kimi qeydiyyatdan keçəməməsini bildirsə də, bu dəlil “Elektron Məhkəmə” Informasiya Sistemindən cavabdehin vergi ödəyicisi kimi qeydiyytadan keçməsi barədə əldə edilən məlumatla təkzib edilir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır.

28. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, 8 aprel 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar