Məhkəmə qərarları › İş №2(1-8)-35/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-35/2026

15.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-35/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:əqd,müqavilə,öhdəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2010-cu il tarixli sənəddə qeyd edilmişdir ki, “Mən Cavabdeh bu qəbzi verirəm İddiaçı ondan ötrü ki, ünvan 3 ünvanında yerləşən (“xxxx” firmasına məxsus) ümumi sahəsi 2002,4 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış sahəsi və zirzəmidən ibarət ofis binasının mülkiyyətimə keçəcək olan ümumi sahəsi 1516,8 kv. metrdən ibarət hissəsinin (yəni ümumi sahəsi 264,7 kv.metr olan zirzəmi, ümumi sahəsi 417,1 kv.metr olan ikinci mərtəbə, ümumi sahəsi 414,2 kv.metr olan üçüncü mərtəbə və ümumi sahəsi 420,8 kv. metr olan dördüncü mərtəbədən ibarət sahə olmaqla) gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq “xxxx” ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 (altı yüz min yeddi yüz iyimi) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfimdən ödəniləcəkdir. Bu qəbz imzalandığı gün - ## #### 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq) qüvvədədir”;

3. * saylı Bakı yerli Iqtisad Məhkəməsinin ##.##.2010-cu il tarixli qərardadı ilə həmin məhkəmənin ##.##.2007-ci il tarixli 1- ***/**-**/**** saylı qərardadında dəyişiklik edilməsi, “ünvan 4 ünvanda yerləşən 4 mərtəbəli “B” tikilisinin zirzəmisinin 264,7 kvm., 417,1 kvm. sahəsi olan ikinci mərtəbəsi, 414,2 kvm. sahəsi olan üçüncü mərtəbə, 420,8 kvm. sahəsi olan dördüncü mərtəbəyə (bundan sonra – mübahisəli əmlak) dair “xxxx” firmasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi DƏDRX Bakı şəhər Ərazi Idarəsinə tapşırılsın” hissəsinin dəyişdirilməsi, əmlakın həmin hissəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin DƏDRX Bakı şəhər Ərazi Idarəsinə tapşırılması qərara alınmışdır;

4. “xxxx” ASC-nin * saylı Xətai rayon filialı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2010-cu il tarixli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən fəaliyyətin genişləndirilməsi və dövriyyə əməliyyatlarının artırılması məqsədi ilə sonuncuya bir il müddətinə illik 16 faiz ödəmək şərti ilə 1.500.000 manat məbləğində kredit verilmişdir;

5. Iddiaçı “xxxx” ASC cavahdehlər “xxxx” MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin kredit müqaviləsi üzrə cəmi 1.815,780 manat kredit borcunun, habelə faiz borcunun “xxxx” MMC-dən Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və s. xahiş edilmişdir;

6. Səbail Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, borun tutulmasının mübahisəli əmlaka yönəldilməsi və s. qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır;

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e- *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh (“xxxx” firması, X1 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, mübahisəli əmlakın cavabdeh Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən görünür ki, həmin əmlak keçirilmiş hərracda 956,250 manat qiymətə “xxxx” ASC tərəfindən əldə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 600,720 ABŞ dolları məbləğində pulun və 1300,61 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ##.##.2010-cu il tarixli qəbzlə öhdəlik götürmüşdür ki, “xxxx” ASC-dən götürüləcək 1,5 milyon manat kreditin təminatı kimi ipotekaya qoyulacaq ünvan 2) ünvanında yerləşən, “xxxx” firmasına məxsus 4 mərtəbəli “B” tikilisinin zirzəmisi və 2-ci, 3-cü, 4-cü mərtəbələrindən ibarət ümumilikdə 1516,8 kv.m qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçəcəyi təqdirdə, iddiaçıya məxsus 400,48 kv.m payın hər kv.mnə görə 1500 ABŞ dolları hesabı ilə cəmi 600.720 ABŞ dolları ödəyəcəkdir. Qəbzdə göstərilmişdir ki, sənəd imzalandığı gündən qüvvəyə minir və öhdəliklər tam icra olunanadək qüvvədə qalır. Iddiaçı göstərmişdir ki, “xxxx” firmasının nizamnamə kapitalında paylar 55% cavabdehə, 20% iddiaçıya, 25% isə X3 məxsus olmuşdur. 25%-lik pay məhkəmə qaydasında natura şəklində ayrılmış, nəticədə 2002,4 kv.m ümumi sahənin 75%-i (1516,8 kv.m) cavabdeh və iddiaçının payına düşmüşdür. Bundan əvvəl “xxxx” firmasının əmlakı ilə bağlı “X4” ilə məhkəmə çəkişmələri olmuş, müxtəlif məhkəmə aktları ilə əvvəlcə əmlakın bir hissəsinə dair mülkiyyət hüququ tanınmış, sonradan isə barışıq sazişi təsdiq edilərək həmin əmlak yenidən “xxxx” firmasının mülkiyyətinə qaytarılmışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən dövlətə məxsus əmlak kompleksini özəlləşdirmək üçün vəsait əldə etmək məqsədilə kredit götürmək istəmiş, bank ipoteka tələbi qoymuşdur. Bu məqsədlə o, 1516,8 kv.m sahəyə dair çıxarışın öz adına verilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin sahənin 400,48 kv.m hissəsi iddiaçının 20%-lik payına uyğun gəldiyindən, iddiaçı razılıq vermək üçün təminat tələb etmişdir. Cavabdeh əmlakı ipotekadan azad edə bilmədiyi və ya əmlak bankın mülkiyyətinə keçdiyi halda, iddiaçıya 600.720 ABŞ dolları ödəyəcəyinə dair ## #### 2010-cu il tarixli qəbz vermişdir. Iddiaçı ## #### 2010-cu il tarixli məhkəmə iclasında etiraz etməmiş və nəticədə 1516,8 kv.m sahəyə dair çıxarış cavabdehin adına verilmişdir. Cavabdeh ## ###### 2010-cu il tarixli ipoteka müqaviləsi ilə həmin əmlakı xxxx ASC-nin xeyrinə ipoteka qoyaraq 1,5 milyon manat kredit götürmüş, qeyd olunan əmlak kompleksini özəlləşdirmişdir. Lakin kredit öhdəliklərini yerinə yetirmədiyindən ipoteka predmeti hərraca çıxarılmış və ## ###### 2024-cü il tarixdə müvafiq çıxarışla əmlak, o cümlədən iddiaçıya məxsus olmuş 400,48 kv.m sahə bankın mülkiyyətinə keçmişdir.

11. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən qəbzdə olan imza Cavabdeh məxsus deyildir.

12. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

13. “Məhkəmə Ekspertiza Mərkəzinin” ##.##.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ##.##.2010-cu il tarixli qəbzdə mətnin sonunda yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur.

14. “Məhkəmə Ekspertiza Mərkəzinin” ##.##.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki ## #### 2010-cu il tarixli qəbzin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur.

15. Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim:Ilkin Rüstəmli).

16. Məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısında öz üzərinə öhdəlik götürmüşdür ki, mübahisəli əmlak gələcəkdə götürüləcək kredit qarşılığında təminat kimi xeyrinə ipotekaya qoyulacaq “xxxx” ASC-nin mülkiyyətinə tam və ya qismən keçdiyi təqdirdə, həmin əmlakın 400,48 kv.metr (İddiaçı aid hesab olunan hisssə) hissəsinin dəyəri, yəni 1 kv.metr 1500 ABŞ dolları hesablanmaqla, ümumilikdə 600.720 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödəyəcəkdir. Iş materiallarından görünür ki, Cavabdeh “xxxx” ASC qarşısında borc öhdəliyini yerinə yetirmədiyindən sözügedən əmlak ipoteka predmeti qismində borcun təminatı olaraq hərraca çıxarılmış və bank tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir. Belə olan halda Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə şərtləşdirilmiş hal artıq baş vermiş sayıldığından onun üzərinə götürmüş olduğu öhdəlik yerinə yetirilməli və 600,720 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

17. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə iddia müddətini ötürməməklə məhkəməyə müraciət etmişdir. Belə ki,i ş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış ## #### 2010-cu il tarixli qəbzdə qeyd edilir ki, bu qəbz imzalandığı gün – ## #### 2010-cu il tarixdən hüquqi qüvvəyə minir və bu qəbz üzrə üzərimə götürdüyüm bütün öhdəliklər tam icra olunanadək yəni (icra edilmə müddətindən asılı olmayaraq) qüvvədədir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı əqd bağlanarkən cavabdeh özü üzərinə götürmüş olduğu öhdəliklərin icrasını müddətdən azad etmiş, yəni ki, həmin öhdəliklərin icra edilmə müddətindən asılı olmayaraq tam icra olunanadək qüvvədə olacağı ilə bağlı iradə ifadəsini qəbzdə əks etdirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mübahisəyə iddia müddəti ilə bağlı tələblər şamil edilə bilməz.

18. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.1, 326, 328.1, 328.6, 329.2, 331.1, 372.1, 373.2, 375-ci, 385-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında öhdəliyin yaranmasının əsası kimi ## #### 2010-cu il tarixli qəbzi qəbul etməklə səhvə yol vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324–385-ci maddələrinə istinad etsə də, nəzərə almamışdır ki, həmin qəbzin tərtib forması, məzmunu və hüquqi xüsusiyyətləri öhdəlik yaradan mülki-hüquqi müqavilənin əlamətlərinə cavab vermir. Belə bir öhdəliyin yaranması üçün tərəflər arasında notarial qaydada və ya ən azı qanunla nəzərdə tutulmuş sadə yazılı formada bağlanmış, qarşılıqlı hüquq və vəzifələri müəyyən edən müqavilə mövcud olmalı idi. Halbuki, iş materiallarında belə bir müqavilə yoxdur. Məhkəmə qəbzi dolayısı ilə yazılı əqd kimi qiymətləndirməyə çalışmış, lakin nəzərə almamışdır ki, müvafiq dövrdə sadə yazılı formada bağlanan əqdlərlə bağlı norma qüvvədən düşmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən ümumi mülkiyyətdə payın keçməsi müqavilə bağlandığı andan mümkündür. Tərəflər arasında müqavilə mövcud olmadığından hər hansı öhdəliyin və ya pay keçidinin baş verməsi hüquqi baxımdan mümkün deyildir. Eyni zamanda, Mülki Məcəllənin 219.1-ci və 91-ci maddələrinin tələbləri pozulmuşdur. Məhdud məsuliyyətli cəmiyyətin əmlakı üzərində sərəncam verilməsi və idarə olunması iştirakçıların ümumi yığıncağının qərarı ilə həyata keçirilməlidir. “xxxx” firmasının əmlakı ilə bağlı belə bir qərarın qəbul edilməsi iş materialları ilə təsdiq olunmur. Təsisçilərdən birinin digərinə fərdi qaydada öhdəlik götürməsi və ya hüquq verməsi qanunvericiliyə ziddir. Məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 14, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Qətnamədə hansı faktın hansı sübutla müəyyən edildiyi aydın göstərilməmiş, sübutlar arasında əlaqə və onların qəbul və ya rədd edilmə səbəbləri əsaslandırılmamışdır. Xüsusilə, iş üzrə təyin edilmiş sənədlərin texniki ekspertiza rəyində ##.##.2010-cu il tarixli qəbzdəki möhür və blankın sərbəst nümunələrlə eynilik təşkil etmədiyi göstərildiyi halda, məhkəmə həmin rəyi təhrif edərək sənədin mötəbərliyini qəbul etmişdir. Bu isə MPM-nin 97-ci maddəsinin tələblərinin pozulmasıdır. Məhkəmə həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Belə ki, əgər doğrudan da tərəflər arasında bu həcmdə maliyyə öhdəliyi mövcud olmuşdursa, nə üçün həmin razılaşma müqavilə ilə deyil, sadəcə qəbzlə rəsmiləşdirilmiş, özü də hər iki tərəfin payçı olduğu “xxxx” firmasının blankında deyil, başqa hüquqi şəxsə aid blankda və mübahisəli möhürlə təsdiq edilmişdir – bu hallara qiymət verilməmişdir. Eyni zamanda, məhkəmə 1 kv.m üçün 1500 ABŞ dolları məbləğinin hansı iqtisadi əsaslarla müəyyən edilməsini araşdırmamış, 2010-cu ildə qüvvədə olmuş məzənnə ilə hazırkı məzənnə arasındakı fərqin cavabdeh üçün həddindən artıq və ədalətsiz maliyyə yükü yaratmasına münasibət bildirməmişdir.

21. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Iddiaçı onun qardaşıdır, onu şirkətdə işlə təmin etmiş, maddi və ailə problemlərinin həllində dəstək olmuşdur. Lakin iddiaçı 1995-ci ildə onun etimadından suiistifadə etdiyinə görə işdən uzaqlaşdırılmış, sonradan ailə üzvlərinin xahişi ilə 2000-ci ildə yenidən işə qəbul edilmiş, 2013-cü ildə isə yenidən işdən azad edilmişdir. Cavabdeh göstərmişdir ki, rəhbərlik etdiyi şirkətlərin müxtəlif ölkələrdə filialları olmuş və istifadə üçün imzası olan blanklar mövcud olmuşdur. Onun sözlərinə görə, iddiaçının sərəncamında imzası olan bir neçə köhnə blank olmuş və hazırkı işdə həmin blanklardan birindən istifadə edilərək arxa tarixlə saxta sənəd tərtib edilmişdir. Qəbzin təqdim edildiyi tarixdə şirkətin blanklarının fərqli formada olduğunu, sənəddəki imzanın ona məxsus olmadığını, hətta imza ona aid olsa belə, belə bir sənəd verməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, qəbzdə göstərilən kredit və ipoteka münasibətləri sənədin tərtib tarixindən 8–9 ay sonra rəsmiləşdirilmişdir ki, bu da sənədin saxtalaşdırıldığını göstərir. Bu səbəbdən sənədin həqiqiliyinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, cavabdehin dəlillərini təsdiq etmiş və şikayətin təmin olunmasını xahiş etmişdir. O, həmçinin iddiaçının istinad etdiyi ##.##.2010-cu il tarixli qəbzdəki imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün təkrar xətşünaslıq ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirmişdir. Nümayəndə əlavə olaraq “xxxx” firmasının təsisçilərinin ##.##.2011-ci il tarixli, X5, Cavabdeh və İddiaçı tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş * saylı, 4 vərəqdən ibarət protokolunu məhkəməyə təqdim edərək göstərmişdir ki, həmin sənəddə əks olunan hallar iddiaçının tələbinin əsası kimi təqdim etdiyi ##.##.2010-cu il tarixli qəbzin sonradan tərtib olunduğunu təsdiq edir. O, bu sənədin birinci instansiya məhkəməsinə təqdim edilməməsini cavabdehin yaşlı və xəstə olması, onu təmsil edən vəkilin məsələyə səthi yanaşması, habelə sənədin şirkətin çoxsaylı sənədləri arasından yalnız sonradan aşkar edilməsi ilə izah etmiş və apellyasiya icraatı zamanı həmin sübutun qəbul edilərək digər sübutlarla birlikdə qiymətləndirilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O qeyd etmişdir ki, cavabdeh onun qardaşı olsa da, aralarında münasibətlər pozulmuşdur. Şirkətin yalnız cavabdehə deyil, həm də ona və mərhum qardaşlarına məxsus olduğunu, uzun illər həmin şirkətin inkişafında şəxsən iştirak etdiyini bildirmişdir. Iddiaçı cavabdehin fəaliyyətini qeyri-qanuni və etibarsız adlandıraraq, təqdim etdiyi ##.##.2010-cu il tarixli sənədin həqiqi sübut olduğunu, sənəddəki imzanın cavabdehə məxsusluğunun birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyi ilə təsdiq edildiyini vurğulamışdır. O, təkrar ekspertizanın keçirilməsinə zərurət olmadığını, əvvəlki rəyin kifayət qədər əsaslı və aydın olduğunu bildirmişdir. Bununla yanaşı, iddiaçı cavabdehin nümayəndəsi tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “xxxx” firmasının təsisçilərinin ##.##.2011-ci il tarixli, * saylı protokolunun sübut kimi qəbul edilməsinə etiraz etmiş, həmin sənədin gecikmiş sübut olduğunu və qəbul edilməməli olduğunu göstərmişdir.

24. “Alternativ Ekspertiza Mərkəzi”nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən *(***)-****/**** saylı mülki işin 1-ci cildinin 139-cu səhifəsində olan ##.##.2010-cu il tarixli yazılı sənəddəki (qəbzdəki) imza cavabdeh Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir.

25. Iddiaçının sifarişi əsasında keçirilmiş və məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ETM-***/X/** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş ## #### 2010-cu il tarixli qəbzin sonundakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur, imzada oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilməmişdir.

26. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli , *** nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adından, İddiaçı adına tərtib edilmiş ##.##.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla, başqa şəxs tərəfindən icra olunmuşdur.

27. Məhkəmə kollegiyasının iclasında ekspert Ü.Mayılov ekspertiza rəyinə uyğun izahat verərək bildirmişdir ki, ##.##.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən imza edilmişdir. Iş materiallarındakı ekspertiza rəylərində bir sıra ziddiyyətlər var. Məhkəmə Ekspertizası Mərkəzi bu imzaya 5 əlamətə əsasən rəy verib. Ekspertiza keçiriləndə bir sıra fərqli əlamətlər tapılıb, lakin qiymətləndirilməyib. Alternativ Ekspertizanın rəyi ilə bağlı iddiaçının vəsatətində qeyd edilən iradla razıdır. Verilmiş rəy ekspertiza metodikasına uyğun deyildir. Həmçinin rəydə titrəmələrlə bağlı hissə qeyd edilmişdir ki, bu hissə ilə də razı deyil. Titrəmə imzanın saxta olması üçün əsas deyil. Yoxlanan imza mürəkkəb olduğundan, onun əvvəlki mütəxəssislər tərəfindən beş əlamətə əsasən yoxlanılması xətt ekspertizası ilə bağlı nəzəri və təcrübi baxımdan düzgün sayılmır, özünün bu sahədə 40 ildən çox təcrübəsi var, hazırladığı rəydə imzanın mürəkkəbliyi nəzərə alınmaqla 9 əlamət üzrə tədqiqat aparmış və birmənalı olaraq imzanın sənəddə qeyd edilən şəxs tərəfindən deyil, oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Ekspert eyni zamanda xətşünaslıq ekspertizası təcrübəsinə əsasən imza və sair yazıların oxşadılmasının üç fərqli üsulunun olduğunu və onların hər birinə dair tədqiqat metodları barədə məlumat verdi.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayətli təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: Ikram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

29. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi ##.##.2010-cü il tarixli cavabdeh tərəfindən tərtib edilərək imzalanan yazılı sənədə - qəbzə istinad edir. Cavabdeh həmin yazılı sübutun həqiqiliyini-həm onun məzmunu, həm sənəddə göstərilən tarix, həm də sənəddəki imza baxımından mübahisələndirir.

30. Imzanın şəxsə məxsusluğu xüsusi bilik tələb edən məsələ olduğundan onun müəyyən edilməsi ekspert rəyi ilə həll edilməlidir. Hazırkı iş üzrə imzanın cavabdehə məxsusluğunun müəyyən olunması məqsədi ilə alınmış dörd rəy mövcuddur.

31. MPM-in 103.1-ci madəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və həmin məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan məhkəmə kollegiyası, cavabdeh Cavabdeh adından, İddiaçı adına tərtib edilmiş ##.##.2010-cu il tarixli qəbzin sonunda icra olunmuş imza Cavabdeh tərəfindən deyil, onun imzasına oxşadılmaqla, başqa şəxs tərəfindən icra olunması ilə bağlı “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyini digər rəylərə münasibətdə daha müfəssəl və əsaslandırılmış olması səbəbindən, eləcə də ekspert Ü.Mayılovun məhkəmə iclasında verdiyi izahı nəzərə alaraq həmin rəyi mötəbər hesab edərək onunla razılaşmışdır.

32. Məhkəmə bu qənaətə gələrkən həm də iş üzrə tədqiq olunmuş digər sübutları da nəzərə almışdır. Belə ki, araşdırmalarla müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı bundan iki il öncə cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciəti “xxxx” firmasının təsis olunduğu vaxtdan keçən dövr ərzindəki fəaliyyətini təhlil edərək və firmanın fəaliyyəti ilə bağlı çoxsaylı sənədlərə istinad edərək hazırkı cavabdehdən böyük məbləğdə pul vəsaitinin ona ödənilməsini tələb etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-24/2025, ##.##.2025-ci il tarixli qətnaməsi ilə qətnamədən iddiaçı tərəfindən verilən şikayət təmin olunmamışdır. Maraqlı olan hal ondan ibarətdir ki, iddiaçı həmin iddiasında hazırda istinad etdiyi sənədə - qəbzə istinad etməmiş, həmin sənədin adını belə çəkməmişdir. Halbuki, peşəkar vəkil olan iddiaçı həmin ərizəsində bu sübutdan məharətlə bəhrələnə bilərdi, lakin o bunu etməmişdir ki, bu da inandırıcı görünmür.

33. Bundan başqa, müəyyən olunmuşdur ki, hazırkı tərəflər - qardaşlar arasında keçən əsrin 90-cı illərində təsis olunmuş “xxxx” firmasının təsisçiləri olan qardaşlar arasında firmadakı təsis payları və sairlə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Iddiaçının hazırkı tələbindən, eləcə də ərizəsində istinad etdiyi ##.##.2010-cu il tarixli yazılı sənəd olan qəbzdən də məlum olur ki, hazırkı mübahisə də tərəflərin məhz “xxxx” firmasındakı payları ilə bağlıdır. Belə olan bir halda, iddiaçının istinad etdiyi sübut olan yazılı sənəd - qəbzin hansı səbəbdən başqa bir şirkətə aid blankda yazılması da əsaslı suallar doğurur, lakin bu məsələ iddiaçı tərəfindən ağlabatan və inandırıcı şəkildə izah edilməmişdir

34. Bundan əlavə, iddiaçının istinad etdiyi yazılı sənəddə - qəbzdə onun tarixi ##.##.2010cu il kimi qeyd edilmişdir. Bununla belə, həmin sənəddə cavabdehin öhdəliyinin əsası kimi “xxxx” ilə bağlanacaq kredit müqaviləsi və onun təminatından bəhs olunur ki, həmin müqavilələr isə qeyd edilən sənədin tərtib olunduğu tarixdən 8 (səkkiz) ay sonra - ##.##.2010-cu il tarixində bağlanmışdır. Bu faktın özü iddiaçının istinad etdiyi yazılı sənədin qəbzin həqiqiliyini istisna edir.

35. Demək ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı - ##.##.2010-cu il tarixli yazılı sənədin həqiqiliyini sübut edə bilməmişdir. Iddiaçının hazırkı tələbinin əsaslarına dair başqa hər hansı sübutu olmamışdır.

36. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 324.1, 326, 328.1, 328.6, 329.2, 331.1, 372.1, 373.2, 375, 385, 431.1, 1091.1, 1091.2, 1093.1, 1093.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.1-ci maddələrinə istinad edərək istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

37. Iddiaçı (vəkil: vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ekspert rəyi ilə iki mütəxəssis rəyi arasında ziddiyət doğuran məqamların mövcud olmasına görə komission qaydada keçirilməklə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının “Məhkəmə Eskpertizası Mərkəzi”nin ekspertlərinə həvalə edilməsinə dair ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən verilmiş vəsatət formal olaraq təmin olunmuş, əslində isə vəsətətdə qeyd edilənlərin ziddinə ekspertiza özəl qurum olan “xxxx” MMC-yə həvalə edilmişdir. Bundan sonra iş üzrə dörd ziddiyətli rəyləri verən 1 ekspert və 3 mütəxəssisin məhkəməyə dəvət edilməsi əvəzinə obyektiv araşdırılma görünüşü yaratmaq məqsədilə yalnız mütəxəssis Ü.Mayılov dəvət edilərək məhkəmə iclasında dindirilmişdir. Həmin iclasda isə iddiaçı səhhəti ilə bağlı iştirak edə bilməmiş, bununla bağlı məhkəməni öncədən məlumatlandırmışdır. Beləliklə, məhkəmə Konstitusiyanın 125-ci maddəsinin tələbinə zidd olaraq həqiqətin müəyyən edilməsini təmin etməmiş, Mülki Prosessual Məcəllənin ekspertizanın aparılma qaydasına dair göstərişlərinə əməl etməmişdir.

39. Şikayətin digər dəlilinə görə, qəbzin hansı səbəbdən başqa bir şirkətə aid blankda yazılmasına dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Belə ki, “xxxx” firması “Inter Turan” EIMK konserninin beş təsiçisindən biridir, hər iki hüquqi şəxsin prezidenti cavabdehdir. Qəbzin həmin blankda yazılmasının səbəbi də bu olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarındakı buna dair sübutlara düzgün hüquqi qiymət verməmişdir.

40. Digər dəlil belə əsaslandırılmışdır ki, ötən dövrdə cavabdehin qanunsuz əməllərinə görə “xxxx” firmasının əmlakının müxtəlif bankların balansına keçməsi təhlükəsi yaranmışdır ki, iddiaçı məhz bu səbəbdən cavabdehdən təminat məqsədi ilə sözügedən qəbzi almış, kredit və ipoteka müqavilələri isə 8 ay sonra bağlanmışdır. Apellyasiya məhkəməsi bu halı sənədin saxta olması ilə əlaqələndirsə də, tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

49. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, cavabdehdən müvafiq məbləğdə pulun öz xeyrinə tutulmasını tələb edən iddiaçı, mübahisə olduqda cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyini sübuta yetirməlidir.

59. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 46-47).

60. Müqavilə dedikdə iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (MM,m.324.4 və 389.1, §44-48).

61. Baxılan işdə cavabdeh tərəf bildirmişdir ki, iddiaçının istinad etdiyi qəbzdəki imza Cavabdeh məxsus deyil, başqa sözlə, həmin sənəd onun iradəsini əks etdirmir.

62. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı, öz tələbinin əsası kimi istinad etdiyi ##.##.2010-cu il tarixli yazılı sənədin həqiqiliyini sübut edə bilməmişdir (§ 29-35).Qeyd olunan hüquqi dəyərləndirmə ilə gəlinmiş nəticə ondan ibarətdir ki, iddiaçının istinad etdiyi əqd, dolayısı ilə cavabdehin həmin əqdə əsaslanan öhdəliyi mövcud deyil.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, işdəki mübahisəli hallarla bağlı bir neçə dəfə xüsusi biliyi olan şəxslərin iştirakı ilə tədqiqatlar aparılmış, əldə olunmuş rəylər işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymətləndirilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi yalnız mütəxəssis rəyi ilə deyil, həm də işdəki digər məlumat və sübutların məcmusu əsasında hüquqi dəyərləndirmə aparmaqla göstərilən nəticəyə gəlmişdir.

65. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar