Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-374/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh Ağcabədi RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı ona 3500 manat və 2500 manat olmaqla iki dəfə ümumilikdə 6000 manat pul vermişdir. Həmin pulun 5700 manatına torpaq sahəsi alınmış, 300 manatına isə dəmir alınmışdır. Ümumilikdə evə torpaqla birlikdə 22500 manat pul qoyulmuşdur. 600 manat pulu isə Masallıya gedərkən müalicə alması üçün İddiaçı ona vermişdir.
2. Ağcabədi RPŞ-nin ##.##.2024-cü il tarixli, **/*-M-*****/** saylı İddiaçı oluna ünvanlanmış məktubundan görünür ki, 10 və ## #### 2024-ci il tarixlərdə onun Ağcabədi RPŞyə yazdığı ərizələri əsasında araşdırma aparılmış, araşdırma zamanı tələbinin mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı iddia ərizəsi və sonrada iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonunun Isgəndərli qəsəbəsində tikilmiş yaşayış evinin tikintisinə, mal-materialın alınmasına və sair xərcə görə 31.000 manatın, borca görə Cavabdeh verdiyi 5.350 manatın, cəmi 36.350 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 222 manatın, toplam olaraq 37.372 manatın cavabdeh Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin mart ayının 27-də Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ər-arvad kimi yaşamağa başlamışlar. Bu müddət ərzində Ağcabədi rayonu Salmanbəyli kəndində yerləşən pay torpağında müvəqqəti tikdiyi evdə yaşamışlar. Birgə yaşayış dövründə uşaqları olmamışdır. Cavabdeh təklifi ilə onun üçün Masallı rayonunda ev tikməyi planlaşdırmışlar. 2019-cu ilin noyabr ayında bu məqsədlə Xanpəriyə 6000 manat vermiş, həmin puldan Xanpəri 5700 manat verərək Masallı rayonunun Isgəndərli kəndində ev tikmək üçün 6 sot torpaq almışdır. Evin tikintisinə lazım olan bütün materiallar onun pulu ilə alınmışdır. Evin tikintisində iştirak edən bütün usta və fəhlələrin pullarını o vermişdir. Xanpəri də pulları onlara vermişdir. Ev dörd otaqdan ibarətdir. 2019-cu ildən 2024-cü ilə kimi evin tikintisi davam etmişdir. Həmin evin tikintisinə cəmi 38.000 manat pul vermişdir. Həmin pul vəsaitinin hamısı ona aiddir. Axırıncı dəfə o, ## ##### 2024-cü il tarixdə Xanpəriyə 600 manat pul vermişdir. Evin tikintisi üçün torpaq sahəsinin alınmasına və evin tikintisinə cəmi 44.000 manat pul vermişdir. Belə ki, yuxarıda göstərdiyi kimi 2019-cu ildə ev tikmək üçün torpaq sahəsinin alınmasına görə Xanpəriyə 6000 manat pul vermiş, o, həmin puldan 5700 manat verərək Masallı rayonunun Isgəndərli kəndi ərazisində 10 il müddətinə verilmiş etibarnamə əsasında 6 sot torpaq almışdır. Həmin torpaqda ev tikintisinə başlamışlar. Bildiyinə görə tikinti materiallarını Xanpəri almışdır. Evin həyətində hazırda 1100 ədəd mişar daşı vardır. Hazırda Xanpəri onunla yaşamaq istəmədiyindən həmin 37.372 manat pulu ona qaytarmalıdır. Çünki aralarında olan razılaşmaya əsasən onlardan biri vəfat edənə qədər Ağcabədidə, əgər Xanpəri istəyəcəyi təqdirdə Masallıda yaşayacaqdılar. Razılıqları belə olmuşdur ki, onlardan biri ölənə qədər bir yerdə yaşamalı idilər. Razılaşma pozularsa, razılaşmanı pozan aldıqlarını tam şəkildə digər tərəfə qaytarmalı idi. Bu baxımdan da Cavabdeh razılaşmanı pozaraq, verdiyi vədə əməl etməmişdir. Ağcabədi rayonunu tərk edərək, Masallı rayonuna getmişdir. Dəfələrlə xahiş etsə də, onu eşitməyib Ağcabədi rayonuna qayıtmamış və onun da Masallıda yaşamağına razı olmamışdır. Buna görə də evin tikintisinə görə verdiyi 37.372 manat pul Cavabdeh alınaraq, ona qaytarılmalıdır. Qanunun tələbinə əsasən nümayəndəsi tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh Cavabdeh pretenziya göndərilərək, pretenziyanı aldığı gündən 10 gün müddətində borcu ödəyərək bu barədə onlara məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh ##.##.2024cü il tarixdə pretenziyanı alsa da, heç bir üzrlü səbəb göstərmədən borcu ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır.
5. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ərizəsində 2018-ci ilin noyabr ayından başlayaraq ona müxtəlif vaxtlarda pul verdiyini, 2019cu ilin noyabr ayında taksi sürücüsü "Rüstəm" adlı şəxsin yanında "7800" manat, 2020-ci ilin oktyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "7300" manat, 2021-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "6400" manat, 2022-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "5500" manat, 2023-cü ilin avqust ayında taksi sürücüsü "Rüstəm"in yanında "5200" manat, əlavə olaraq onun qohumlarına borc vermək üçün "5350" manat, 2024cü ilin aprel ayında isə ona "600" manat pul verdiyini göstərmişdir. Həmçinin iddiaçı ərizəsində iddia edir ki, pulu kimin yanında vermişsə, həmin şəxsin avtomaşını ilə də onu Ağcabədi rayon mərkəzinə gətirmiş və Masallı rayonuna yola salmışdır. Belə olan halda o da sual edir ki, məgər vəzifə sahibi olan bələdiyyə sədri Fəxrəddindən başqa bir adam yoxdur ki, onu rayon mərkəzinə aparsın? Görünür iddiaçı ilə bələdiyyə sədrini hansısa maraqlar birləşdirmişdir ki, iddiaçı bələdiyyə sədrinin şahidliyindən istifadə etmək istəyir. Eyni yanaşma, taksi sürücüsü Rüstəmə də aiddir. Halbuki o, heç bir vaxt bələdiyyə sədri Fəxrəddinin maşınına minməmiş, yalnız bir dəfə iddiaçı ilə birlikdə Rüstəmin maşını ilə Masallı rayonuna gəlmişdir ki, o zaman da heç kim ona pul verməmişdir. Iddiaçı ərizəsində onun Ağcabədi RPŞ-də izahat verdiyini və iddiaçının ona 22500 manat pul verdiyini etiraf etdiyini göstərmişdir. Bildirmişdir ki, o ümumiyyətlə Ağcabədi RPŞ-də olmamışdır ki, izahat da versin. Yalnız bu ilin yay aylarında "Qurban Bayramı" günü iddiaçı başda olmaqla bir qrup adam (bələdiyyə sədri Fəxrəddin, özünü sahə müvəkkili kimi təqdim edən mülki geyimli Mərhəmət adlı şəxs, adını öyrənə bilmədiyi bir başqası, (qardaşı Minaxanın deməsinə görə onun əlində olan papkanın üzərində "ITV" yazılıbmış) Mehman adlı bir şəxs qardaşı Minaxanın yaşadığı evə gələrək, qonaq gəldiklərini, eyni zamanda kimlərsə tərəfindən iddiaçının təsərrüfatından gizlincə qoyun aparıldığını, onun uzun illər iddiaçı üçün qoyun bəslədiyini nəzərə alaraq, oğurluğu edən şəxslərin tapılması üçün onun da izahatını almalı olduqlarını, narahat olmamağını, izahat yazıldığı üçün sadəcə sənədə imza atmalı olduğunu bildirərək ona sənəd təqdim etmişlər. O, oxuma yazmasının olmamasını bildirsə də, onlar təzyiq etməklə yanaşı qardaşı Minaxanı da bayıra çıxararaq, hadisəni törədən şəxs və ya şəxslərin tapılmasına kömək göstərmədiyi halda onun da şübhəli olacağını bildirdikləri üçün, onu inandırıb vərəqə imza atdırmışlar.
6. Cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, on iki il iddiaçı ilə yaşamış, əziyyət çəkmişdir. Gəlin gedəndə özü ilə 20 heyvanın pulunu aparmışdır. Iddiaçı həmin pullara qoyun alıb təsərrüfat qurmuş, qazanc əldə etmişdir. Daha sonra iddiaçı ona torpaq almağa görə cəmi 6000 manat pul vermişdir. Qalan pulları özü qazanmışdır. Cehizlərini və qızıllarını satmış, evi tikdirmişdir. 600 manat pulu iddiaçı ona xəstə olmağına görə vermişdir.
7. X1 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Bacısının Ağcabədidə yaşadığı yer çoban alaçığı olmuşdur. 12 il ərzində bacısıgildə olmamışdır. Evin tikilməsində usta kimi yeznələri iştirak etmişdir. Torpağı bacısı Taleh adlı şəxsdən almışdır. İddiaçı bacısına torpağa görə 5- 6 min pul vermişdir. Tikinti materialları bacısının puluna alınmışdır. Tikintiyə o baxıb nəzarətdə saxlamışdır. Onun evi ilə bacısının Masallıda tikdirdiyi evin arasında məsafə təxminən 100 metr olar. Bacısı ata evində olanda həmişə işləmişdir. Bağa, bostana işləməyə gedib pul yığmışdır. Özünün şəxsi pulu olmuşdur.
8. Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Cavabdeh 6000 manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş vəkil xərcinə görə 400 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ellara Abbasova).
9. Məhkəmə qeyd etmişdir ki, torpağın dəyəri kimi 6000 manat pula münasibətdə cavabdeh iddia tələbinə etiraz etməmiş, məhkəmə iclaslarında, həmçinin Ağcabədi RPŞ-də verdiyi izahatlarında bu halı etiraf etmişdir. Digər məbləğlərə münasibətdə isə cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə sübutetmə yüklülüyü yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən 6000 manat məbləğində pul vəsaitinin tərəflərin faktiki nikah münasibətlərində olduğu dövrdə iddiaçı tərəfindən cavabdehə verilməsi, həmin pula torpaq sahəsinin alınması və torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olması və tərəflərin hazırda birgə yaşayışlarının pozulması halı öz təsdiqini tapdığından, 6000 manat pula münasibətdə cavabdeh Cavabdeh əsassız olaraq varlanmış, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. 5350 manat pulun borc kimi Cavabdeh ondan qohumlarına vermək üçün almasına münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də sübuta yetmir. Belə ki, qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehə borca verilməsinə dair hər hansı sübut, şahid ifadəsi və s. işin hallarının araşdırılması zamanı müəyyən edilməmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 21.1, 21.2, 21.3, 386.1, 1091, 1091.2, 1092.1, 1092.3, 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə də iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlarla evin tikintisinə ən azından 22.500 manat pul qoyması cavabdeh tərəfin ifadəsi ilə təsdiq olunur. Iddianı qismən 6000 manat hissədə təmin edərkən məhkəmə bunu cavabdehin etirafına istinad etmişdir. 30.350 manat hissədə iddianı təmin etməmək üçün məhkəmə işə aid olmayan sübutlara istinad etmişdir. Iddianın təmin edilməsi üçün tərəflərindən təqdim edilmiş kifayət qədər mötəbər sübutlara məhkəmə tərəfindən əməl edilməmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)- **/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Novruzova – sədrlik edən və məruzəçi, M.Əsədli və T.Heydərov).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilmiş formada 31.000 manatın evin tikintisi və mal-materiala, 5.350 manatın borc kimi verilməsinə, ümumilikdə 36.350 manatın cavabdeh tərəfindən qaytarılmasına yönəldiyini bildirmiş, lakin birinci instansiya məhkəməsində də, apellyasiya mərhələsində də bu məbləğlərin hamısının məhz onun vəsaiti hesabına sərf olunmasını konkret, etibarlı və birbaşa sübutlarla təsdiq edə bilməmişdir. Iş materiallarında nə yazılı borc müqaviləsi, nə pul verilməsi barədə qəbz, nə də konkret məbləğlərin müəyyən şəxslərin iştirakı ilə verildiyini dəqiq təsdiq edən şahid ifadəsi mövcuddur. Mövcud şahid ifadələri isə əsasən “eşitmə xarakterli” məlumatlar və yaxud ümumi xarakterli subyektiv qiymətləndirmələrdən ibarətdir.
15. Məhkəmə kollegiyası şahid4, şahid2, eləcə də şahid5 izahatlarına münasibətdə qeyd etmişdir ki, şahidlər iddiaçının göstərdiyi 31.000 və 36.350 manat məbləğində pulun konkret olaraq evin tikintisinə qoyulmasını birbaşa və dəqiq şəkildə təsdiq etmirlər.
16. Məhkəmə kollegiyası “işə aid olmayan sübutlara” istinad edilməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətdə bu irad dəqiqləşdirilmir, konkret hansı sübutun işə aid olmadığı göstərilmir və ümumiyyətlə iş materiallarının məzmunu ilə uyğun gəlmir. Əksinə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün sübutları, tərəflərin izahatlarını, Ağcabədi RPŞ-də verilmiş izahatı, şahid ifadələrini, yazılı sənədləri işin halları ilə əlaqələndirərək qiymətləndirmiş, yalnız iddiaçı tərəfindən verilməsi sübuta yetirilmiş məbləğ üzrə tələbi təmin etmişdir. Bu yanaşma həm Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin, həm də “Məhkəmə qətnaməsi haqqında” Plenum Qərarının tələblərinə uyğundur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 1091, 1092-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,82.4, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
18. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunun tələbi baxımından onun pul vəsaiti sayılan əmlak Cavabdeh qanunsuz sahibliyindən məhkəmənin qərarına əsasən alınaraq ona verilməli idi. Lakin istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə əməl edilməmişdir.
20. Ağcabədi RPŞ-də araşdırma aparılarkən Xanpəri evin tikintisi ilə əlaqədar 22.500 manat pul almasını etiraf etmişdir. Həmin faktı qardaşı Minaxan Səfərov da təsdiq etmişdir. Xanpəri ona borclu olmasını etiraf etsə də, lakin vicdanının tələb etdiyi tərzdə pulu ona qaytarmaq istəməmişdir. Qərar qəbul edən məhkəmələr isə bunu nəzərə almamışdır.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır..
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
26. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
27. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
39. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.