Məhkəmə qərarları › İş №2(1-8)-386/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-386/2026

01.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-386/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, alınan əşyaların qabaqcadan ödənilməsi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər ərzaq məhsullarının topdan satışı ilə məşğul olurlar.

2. Sberbank vasitəsilə ##.##.2023-cü il tarixdə Sotan.A adlı şəxs Emin İsrail oğlu adlı şəxsə 200000.00 rubl, Zeyqam Eybulla oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 390000.00 rubl, Hacıbaba Musa oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 140000.00 rubl, Kənan Marqerram oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 10000.00 rubl, Murad Şakir oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 300000.00 və 200000 rubl olmaqla ümumilikdə 1240000 rubl pul köçürmələri etmişdir. Votsap tətbiqi vasitəsilə göndərilmiş səs yazısında cavabdeh iddiaçıya deyir: “qardaşım bu kartlara bayaq summa deyirdim, bu iki kartlara 900.000 pul atdır, hərəsini 450indi mən sənə başqa kart atacam, kartlarımız limit söhbətinə görə bağlana bilər. 450, 3. “Gördüm, pullar gəlib çatıb.Görmüşəm”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 1.110.000 manat Rusiya rublunun alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Belarusiya Respublikasının Minsk şəhərində ticarətlə məşğul olur. Belə ki, həm Belarusiya Respublikasından, həm də xarici dövlətlərdən topdan ərzaq malları alaraq Minsk şəhərindəki obyektlərə satır. 2023-cü ilin əvvəllərində cavadehlə tanış olmuşdur. Belə ki, cavabdeh Rusiya Federasiyasının Krasnodar şəhərində meyvə-tərəvəz satışı bazasında işləyirdi. O, ona Krasnadar şəhərindən Minsk şəhərinə meyvə-tərəvəz göndərə biləcəyini dedi. Ona görə də onların iş birliyi başlamışdı. Razılaşmalarına əsasən o Cavidə pul göndərməli, Cavid isə həmin pula topdan meyvətərəvəz alaraq Minskə göndərməli idi. Cavid ona pul göndərərkən Rusiyada kartlara limit qoyulduğu üçün pulu hissə-hissə onun dediyi adamların adına göndərməyi xahiş etdi. Hətta Cavid votsap mobil proqramı vasitəsi ilə həmin şəxslərdən biri olan Emin İsmayılovun bank kartının şəklini də ona atmışdır. Bu məqsədlə o ##.##.2023-cü il tarixdə həm özü şəxsən, həm də işçilərinin vasitəsi ilə ümumilikdə 1.240.000 (bir milyon iki yüz qırx min) Rusiya rublunu Cavidin dediyi şəxslərə göndərmişdir. Cavid isə həmin puldan ona 130.000 rubul (2392 manat) mal göndərmişdir. Qalıq qalan 1.110.000 (bir milyon yüz on min) rubl dəyərində malı isə göndərmədi. O dəfələrlə Caviddən pulunu tələb etmiş, lakin Cavid hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Ona görə də, Cavabdeh ona olan borclu olduğu 1.110.000 (bir milyon yüz on min) rubl pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı məhkəməyə sübut qismində səs yazıları təqdim etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, ticarətlə məşğul olur. O, Eynulla adlı şəxsi tanımır. Eynulla ilə bir dəfə telefon vasitəsi ilə danışmış, başqa vaxt isə hər hansı münasibəti olmamışdır. O, iddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi səs yazılarının səsləndirilməsinə etiraz etməyərək göstərmişdir ki, həqiqətən də ordakı səs qeydləri ona məxsusdur. Ancaq o səsləri İlyas adlı şəxsə göndərmişdir. Səs yazısanda söhbəti gedən 900.000 rubl pulun ödənilməsinin Eynullaya aidiyyəti yoxdur. Bu İlyasla bağlı olan məsələdir. O səs yazısının necə olub Eynullaya göndərilməsini bilmir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

8. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Zaur Hünmətov).

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin iştirakı ilə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavid iddiaçıya audio səs göndərərək pul tapa bilmədiyini və bu səbəbdən də Eynulladan səbrli olmağını xahiş etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh əvvəlki izahatında səs yazsının Eynullaya necə göndərildiyindən məlumatsız olduğunu qeyd edir. Səs yazıları dinlənilərkən isə müəyyən edilir ki, cavabdeh özü “Eynulla” deyərək söhbətə başlayır. Bu da onu deməyə əsas verir ki, Cavid Eynulla ilə bir başa Votsap tətbiqi vasitəsilə əlaqəyə girmişdir. Ona görə də məhkəmə Cavidin qeyd edilən izahatını mülki məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirərək səs yazılarını sübut növü kimi qəbul etmişdir.

11. Eyni zamanda səs yazıları dinlənilərkən müəyyən edilmişdir ki, Cavid Eynulla adlı şəxsə deyir ki, “qardaşım bu kartlara bayaq summa deyirdim, bu iki kartlara 900.000 pul atdır, hərəsinı 450-450, indi mən sənə başqa kart atacam, kartlarımız limit söhbətinə görə bağlana bilər. ”Gördüm-pullar gəlib çatıb.Görmüşəm”.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə yaranan mübahisədir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun alıcı qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. Bununla da alıcının qanunla qorunan hüquqları pozulmuşdur. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin özünün verdiyi izahatla da müəyyən edilmişdir ki, ona göndərilən pul vəsaiti ayrı-ayrı şəxslərin adlarına göndərilmişdir.Beləliklə müəyyən edilmişdir ki, Sberbank vasitəsilə 1240000 rubl pul köçürmələri edilmiş, cəmi 130.000 rubl dəyərində mal göndərilmiş, qalan pul və ya mal iddiaçıya göndərilməmişdir. Odur ki, 1.110.000 Rusiya rublu cavabdehdən alınara iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin əslində İlyasla iş görməsi, malların İlyasa verilməsi və yaxud səs yazılarındakı öhdəliyin əslində başqa öhdəlik olmasına dair dəlillərini də qəbul etmir. Belə ki, məhkəmə iclası cavabdehin İlyasın iştirakının təmin edilməsi ilə bağlı xahişi ilə təxirə salınsa da o, İlyasın iştirakını təmin etməmişdir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 448.1, 449, 525.2, 567, 600.1, 600.4-cüü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat:

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin əsası kimi iddiaçının ərizəsinə, izahatlarına və aidiyyatı olmayan, tarixi bəlli olmayan səs yazılarına istinad etmişdir. Ümumiyətlə məhkəmənin sözügedən qətnaməsi məhkəmə proseslərini qeydə alan çəkilişə belə uyğun gəlmir, uzlaşmır. Hətta məhkəmə, qətnaməsində iclasın gedişini və tərəflərin izahatlarını iddiaçının xeyrinə həll etmişdir. İddiaçının ərizəsinə əsasən qətnamədə göstərilir ki, iddiaçı qeyd edir ki, 2023-cü ildə Cavidlə tanış olmuşdur. Cavidlə “necə tanış oldu bir birləri necə tanıdı alverləri necə oldu” işin bu halları tam araşdırılmamışdır. Onun əgər iddiaçı ilə alveri var idisə, danışıqlarda niyə alver barədə, nə qədər mal nə qədər borc qalması, malın göndərilmə tarixləri hansı mallar adları mövcud olmaması araşdırılmamışdır. Hətta həmin tarixdə onun İlyas adlı şəxsə göndərdiyi malları sübut edəcək qaimələri belə məhkəmə iclasında təqdim etsə də, məhkəmə işə əlavə etməmişdir. Onun iddiaçı ilə hər hansı bir alış-verişi olmamışdır. Məhkəmə isə öz qətnaməsinin əsası kimi onun bu səs yazılarını rəhbər tutmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə Məhkəmə öz qətnaməsinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1ci və 600.4-cü maddələrinə istinad etmişdir ki, bu hal da işin mahiyyətini əhatə etmir. Yəni maddələrin tələblərinə diqqət yetirdikdə tam aydın olur ki, məhkəmə mübahisənin həlli üçün alqı-satqı müqaviləsinin tələblərinə istinad etmişdir. Amma məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir alqı-satqı və ya digər müqavilə mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, onun iddiaçı qarşısında heç bir mülki məsuliyyəti yaranmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətli hesab edilərək tədqiq edilmiş səs yazıları isə montaj edilmiş səs yazılarıdır. Belə ki, diskdə olan səs yazılarına diqqət yetirilsə, onlara məlum olar ki, həmin səs yazılarının əvvəli və özlərinə ziyan edən hissə kəsilmiş və qalan hissəni isə özlərinə uyğunlaşdıraraq təqdim etmişlər (montaj edilmişdir). Bundan əlavə məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448 və 449-cu maddəsi ilə əsaslandırmışdır ki, məcəllənin bu tələbləri də, işin halları ilə uzlaşmır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir borc müqaviləsi mövcud deyildir. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsi isə qətnamənin ləğvi üçün əsasdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun özü də bazarda işləyir və mal ixrac edir. Bir gün Eynulla ona zəng edib qohumu üçün mal gəlməli olduğunu demişdir. O, isə xəbərinin olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərmişdir. Onun iddiaçı ilə hər hansı bir alış-verişi olmamışdır. ##.##.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçını İlyas vasitəsi ilə tanımışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, kartları həmin adama İlyas vermişdir.

17. Məhkəmə kollegiyası qərardadı ilə əldə edilmiş ##.##.2025-ci il tarixli, */***-*/*** saylı məhkəmə-fonoskopik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Ahuang” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Ahuang” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda diktoların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmadı. Həmçinin ekspert rəyində “Whatsapp” səs yazılarında K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Eynulla, səbrli ol, qardaşım, səbrli ol. Mən səndən çox tələsirəm, qardaş. Pul məni /// pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram. Pul tapa bilmirəm. K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Qardaşım, bu kartlara oo bayaq summa deyirdin e, bu iki karta onda 900.000 pul atdır, hərəsinə 450-450. İndi mən sənə başqa kart da atajam, kartlarımız limit söhbətinə görə e, burda mən adamlar var, naliçka, nə bilim, şey, perevodla işliyirəm deyə limitdən çıxammaram burda da mən pis vəziyyətdə qalmıyım, o mənada. Bunların hərəsinə 450-450 vur da.” K1 (kişi cinsinə məxsus səslə danışan diktor) tərəfindən – “Gördüm, gördüm, qardaşım, gördüm. Qoy evə çatım zəng eliyəcəm. Gördüm. Pullar gəldi çatıb, görmüşəm. Gördüm hamısını qardaşım.”

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə # ####### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən Rusiya rublunun ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla 770.000 (yeddi yüz yetmiş min) Rusiya rublunun alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov).

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabeh apellyasiya şikayətinin dəlillərində iddiaçını tanımadığını, məhkəməyə təqdim edilmiş səs yazısını o, iddiaçı Eynullaya deyil bu iş üçün heç bir əhəmiyyəti olmayan şəxs olan İlyas adlı şəxsə göndərməsini, həmçinin İlyas adlı şəxsə malları göndərməsi və göndərdiyi malları sübut edəcək qaimələri belə məhkəmə iclasında təqdim etməsini bildirsə də, iş materiallarına olan tədqiq edilmiş səs yazısından da görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı müraciət edərək “Eynulla, səbrli ol, qardaşım, səbrli ol. Mən səndən çox tələsirəm, qardaş. Pul məni /// pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram. Pul tapa bilmirəm.” deməsi müəyyən edilmişdir. Bu hal isə cavabdehin həmin dəlilini təkzib edir. Məhkəmə kollegiyası qeyd edilən səs yazılarına və cavabdehin iddiaçıya deyil, İlyas adlı şəxsə malları göndərməsi barədə bildirdiklərini nəzərə alaraq o nəticəyə gəlmişdir ki, iddiaçı və cavabdeh arasında meyvə tərəvəzin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır.

20. Cavabdehin apellyasiya şikayətinin dəlilində tədqiq edilmiş səs yazılarının montaj edilməsi, səs yazılarının əvvəli və özlərinə ziyan edən hissə kəsilmiş və qalan hissəni isə özlərinə uyğunlaşdıraraq təqdim etməsi ilə bağlı dəlilinin araşdırılması üçün məhkəmənin təşəbbüsü ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */***-*/*** saylı məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə səs yazısında montaj əlamətləri müəyyən edilməmişdir. Həmin rəydə göstərilənlər cavabdehin iddiaçını tanımaması ilə bağlı qeyd etdiyi halı təkzib edir. Həmçinin həmin səs yazılarından müəyyən edilir ki, iddiaçı cavabdeh Cavabdeh xahişi ilə ona göndərdiyi pulu ayrıayrı şəxslərin kart hesabına göndərmişdir.

21. Məhkəmə kollegiyası iddia tələbinin 900000 rubldan artıq hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə 124000 rubl göndərdyini qeyd edərək həmin halı təsdiq edən sübut kimi Sberbank vasitəsilə ##.##.2023-cü il tarixdə Sotan.A adlı şəxs Emin İsrail oğlu adlı şəxsə 200000.00 rubl, Zeyqam Eybulla oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 390000.00 rubl, Hacıbaba Musa oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 140000.00 rubl, Kənan Maqerram oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 10000.00 rubl, Murad Şakir oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 300000.00 və 200000.00 rubl olmaqla köçürmələrə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, təqdim edilmiş qəbzlərdən görünür ki, həmin qəbzlər iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən cavabdehə deyil, başqa şəxslərin hesabına köçürülmüşdür. Lakin, iddiaçı nə qəbz əsasında pulları göndərən şəxslərin göndərilən pulları onun tapşırığı əsasında göndərməsini, nə də, qəbz əsasında pulları almış şəxslərin həmin pulları cavabdehə verməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan apellyasiya şikayəti həmin hissədə təmin edilməlidir.

22. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında meyvə-tərəvəzin alqısatqısına dair müqavilə bağlanmış, iddiaçı cavabdehin istəyi ilə onun göndərdiyi iki karta 900000 rubl pul köçürmüş və cavabdeh “Whatsapp” səs yazısında həmin pulu aldığını təsdiq etmişdir. İddiaçı cavabdehin ona 130000 rubl dəyərində mal göndərdiyini etiraf etmişdir. Odur ki, iddia tələbi 770000 rubl hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.

23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 575.1 və 599.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

26. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları axıradək hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, hüquqi həqiqət prinsipinə tam əməl etməyərək, şifahi alqı-satqı müqaviləsi üzrə meyvə-tərəvəz alıb göndərməsindən ötrü onun cavabdehə cəmi 124000 rubl deyil, 900.000 rubl pul göndərməsi nəticəsinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsində də təsdiq edilmişdir ki, Belarusiya Respublikasının Minsk şəhərində olan iddiaçı tərəfindən Rusiya Federasiyasının Krasnodar şəhərində olan cavabdehə meyvətərəvəz alıb göndərməsi üçün pul köçürmələri həmin vaxt mövcud olmuş limit şərtlərinə uyğun həyata keçirilmişdir. Ona görə də iddiaçı tərəfindən “Sberbank” vasitəsilə ##.##.2023-cü il tarixdə müxtəlif şəxslərin kartı vasitəsilə cavabdehin bildirdiyi şəxslərin kartlarına hissə-hissə olmaqla, cəmi 1240000 rubl pul köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən pul köçürmələrinin hamısı eyni gündə yəni, ##.##.2023-cü il tarixdə, lakin ayrı-ayrı şəxslər tərəfindən icra edilmiş, köçürülən pulların hamısı cavabdehin olduğu şəhərdə olan şəxslərin kartlarına daxil olmuşdur. Əlbəttə, eyni gündə Belarusiyanın Minsk şəhərindən Rusiya Federasiyasının Krasnodar şəhərinə ayrı-ayrı şəxslər tərəfindən cəmi 1240000 rubl pul köçürülməsi təsadüf sayıla bilməz və kommersiya fəaliyyəti zamanı mövcud işgüzar münasibətlərdə tez-tez tətbiq edilən üsullardan biridir.

27. Apellyasiya instansiyası məhkəməsində “Sberbank”vasitəsilə ##.##.2023-cü il tarixdə müxtəlif şəxslərin həyata keçirdikləri pul köçürmələrinin qanunsuzluğu və ya onların etibarsızlığı müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsinin həmin sübutların bir neçəsinin nəzərə almaması qanuni və əsaslı sayıla bilməz.

28. Apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 30.Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 32.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 33.Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 34.Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 35.Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər.

36. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 37.Maddə 599.3. qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 42.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər

Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tələbin hüquqi əsası düzgün müəyyən olunmuş, alınan əşyanın qabaqcadan ödənilməsi yolu ilə alqı-satqı münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi sübutarın qiymətləndirilməsində səhvə yol verdiyindən mübahisələndirilən qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. 48.Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində göstərmişdir ki, iddiaçı cavabdehə 124000 rubl göndərdiyini qeyd edərək həmin halı təsdiq edən sübut kimi Sberbank vasitəsilə ##.##.2023-cü il tarixdə Sotan.A adlı şəxs Emin İsrail oğlu adlı şəxsə 200000.00 rubl, Zeyqam Eybulla oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 390000.00 rubl, Hacıbaba Musa oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 140000.00 rubl, Kənan Maqerram oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 10000.00 rubl, Murad Şakir oğlu adlı şəxs Tərlan Meydan oğlu adlı şəxsə 300000.00 və 200000.00 rubl olmaqla köçürmələrə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, təqdim edilmiş qəbzlərdən görünür ki, həmin qəbzlər iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən cavabdehə deyil, başqa şəxslərin hesabına köçürülmüşdür. Lakin, iddiaçı nə qəbz əsasında pulları göndərən şəxslərin göndərilən pulları onun tapşırığı əsasında göndərməsini, nə də, qəbz əsasında pulları almış şəxslərin həmin pulları cavabdehə verməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. 49.İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Belarusiya Respublikasının Minsk şəhərində olan iddiaçı tərəfindən Rusiya Federasiyasının Krasnodar şəhərində olan cavabdehə meyvə-tərəvəz alıb göndərməsi üçün pul köçürmələri həmin vaxt mövcud olmuş limit şərtlərinə uyğun həyata keçirilmişdir. Ona görə də iddiaçı tərəfindən “Sberbank” vasitəsilə ##.##.2023-cü il tarixdə müxtəlif şəxslərin kartı vasitəsilə cavabdehin bildirdiyi şəxslərin kartlarına hissə-hissə olmaqla, cəmi 1240000 rubl pul köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən pul köçürmələrinin hamısı eyni gündə yəni, ##.##.2023-cü il tarixdə, lakin ayrı-ayrı şəxslər tərəfindən icra edilmiş, köçürülən pulların hamısı cavabdehin olduğu şəhərdə olan şəxslərin kartlarına daxil olmuşdur. 50.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində yalnız birbaşa sübuta - cavabdehin ona məxsus səs yazılarında səsləndirdiyi pul məbləğinə və pulların çatmasına dair bildirdiklərinə istinad etmişdir. Təqdim edilən digər sübutları – ödəniş qəbzlərini isə birbaşa sübut olmadığından mötəbər hesab etməyərək, digər hissədə iddianı rədd etmişdir. Bu zaman nəzərə almamışdır ki, sübut qismində istinad etdiyi həmin səs yazılarının özündə cavabdeh “pul tapa bilmirdim e, onun-bunun kartına atdırıb, ordan naliçka çıxartdırıram”, “bu iki karta onda 900.000 pul atdır, hərəsinə 450-450”, “indi mən sənə başqa kart da atacam, kartlarımız limit söhbətinə görə e, burda mən adamlar var, naliçka, nə bilim, şey, perevodla işliyirəm deyə limitdən çıxammaram” kimi ifadələr işlətmişdir. 51.Halbuki, mülki prosesdə sübut edilməli faktla sübut arasında bağlılığa görə sübutların iki növü var: birbaşa sübutlar və dolayı sübutlar. 52.Birbaşa sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verir (məsələn: tərəflərin imzaladığı təhvil-təslim aktı əşyanın verilməsini təsdiq edən düzünə sübutdur). Dolayı sübutlar isə sübut edilən fakt haqqında ehtimalla bir neçə nəticə çıxartmağa imkan verən sübutlardır. Onlar faktın varlığını ehtimal etməyə əsas verirlər. 53.Dolayı sübutlardan o vaxt istifadə edilir ki, iş üzrə düzünə sübutlar ümumiyyətlə və ya kifayət qədər olmur. Bundan əlavə, birbaşa sübutlarda olan məlumatların həqiqiliyi mübahisələndirildiyi hallarda da dolayı sübutların istifadəsi qaçılmaz olur. Dolayı sübutlardan istifadə edilən zaman faktla bağlı bütün sübutlar birgə tədqiq olunmalıdır. Çünki hər bir dolayı sübut bir neçə versiya əsasında və bir neçə ehtimalla nəticə vermək imkanı verir. 54.Bu baxımdan, məhkəmələr dolayı sübutlar əsasında nəticə verərkən aşağıdakı şərtləri nəzərə almaqla onları birlikdə qiymətləndirməlidirlər: - əsasən bir yox, bir neçə dolayı sübut olmalıdır; - həmin sübutların mötəbərliyi şübhə doğurmamalıdır; - sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və bir-birilə uzlaşmalıdır; - onlar məcmu şəkildə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır 55.Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş dolayı sübutları məcmu şəkildə qiymətləndirməmiş, tərəflər arasında olan işgüzar münasibətlərdə pul köçürmələrinin göstərilən formada həyata keçirilməsinin mümkünlüyünü, hazırkı sübutlara münasibətdə səs yazısından tərəflər arasında olan pul mübadiləsinin birbaşa deyil, müxtəlif şəxslərin kartından karta köçürülmə vasitəsilə həyata keçirilməsinin aşkar olduğunu, tapşırıq müqaviləsinin cavabdehlə digər şəxslər arasında baş tutmasınının mümkünlüyünü (cavabdehə köçürülən məbləğləri onun göstərişinə uyğun olaraq müxtəlif şəxslərdən təhvil almasını), səs yazısında “başqa kart atacağı”, “başqa şəxslərin kartlarından nağdlaşdırması” ilə bağlı cavabdehin söylədiklərini, iddiaçının təqdim etdiyi ödəniş qəbzlərində pul vəsaitini alan şəxslərin və pulun göndərilmə tarixlərinin eyni olması (eyni tarixdə eyni şəxslərə pul köçürülməsini təsdiq edən bir neçə qəbzin iddiaçının başqa formada əldə edə bilməməsinin mümkünlüyünü) nəzərə almamışdır. 56.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi hissəsində sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərini pozaraq, işdə olan bütün sübutları əlaqəli şəkildə qiymətləndirməmişdir. 57.Habuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4cü bəndi) 58.Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 59.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır. 60.Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar