Məhkəmə qərarları › İş №2(1-8)-405/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-405/2026

15.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-405/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ünvan 1 65 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) iddiaçıya məxsusdur;

3. 2010-cu ildə cavabdeh iddiaçının oğlu Seyran Hüseynov ilə nikaha daxil olmuş, bundan sonra mübahisəli evdə yaşamağa başlamışdır;

4. Onların həmin nikahdan 2011-ci il təvəllüdlü bir uşaqları var;

5. ##.##.2024-cü il tarixdə iddiaçı mübahisəli evə dair mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmışdır;

6. Sözügedən nikah ##.##.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Hazırda başqa ünvanda qeydiyyatda olsa da, mübahisəli evdə yaşayır. Iddiaçı oğlu ilə boşandığı üçün cavabdehdən mübahisəli evinin boşaldılmasını və çıxmasını tələb etmiş, lakin o, imtina etmişdir. Bu vəziyyət iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

9. Iddiaçı tərəf izahatlarda bildirmişdir ki, mübahisəli ev iddiaçının ata yurdudur.Oğlu nikaha daxil olmamışdan qabaq həyətdəki evi söküb yerində bu evi tikmiş və təmir etmişlər. Mübahisəli ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, qanunsuz tikili deyil. Həyətyanı sahədə iki tikili var. Cavabdeh birmərtəbəli fərdi yaşayış evində yaşayır, digər evdə isə iddiaçı digər oğlunun ailəsi ilə birgə qalır. Cavabdehin ordan çıxması ilə keçmiş qudası ilə danışmış, danışıq zamanı atası iddiaçıya evlə bağlı nəvələrinə vəsiyyətnamə veriləcəyi təqdirdə çıxacağını bildirmişdir.Cavabdeh ikinci qrup əlil olduğu üçün 2022-ci ildə dövlət tərəfindən mənzillə təmin olunmuşdur.

10. Cavabdeh tərəf iddiaya etiraz edərək izahatlarda bildirmişdir ki, mübahisəli ev iddiaçının babasının və bibisinin evi olub. Babasi evi iddiaçıya vəsiyyət etmişdir.Ev kiminsə vəsaiti hesabına tikilməyib. Onlar ailə qurmamışdan qabaq kosmetik təmir olunub. Dövlət tərəfindən ona verilən ev uşağın öyrəşdiyi mühitdən çox uzaqdır. Belə ki, oğlu da mübahisəli evdə yaşamaq istəyir. Evin həyətində iki tikili mövcuddur. Iddiaçının mülkiyyət hüququnun hansı tikiliyə aid olduğu müəyyən edilməyib. Cavabdehin qaldığı ev özbaşına tikilidir. Əgər ki, belədirsə, cavabdehin iddiaçı ilə oarada yaşamaq hüququ var. Cavabdehin fiziki durumu da nəzərə alınmalıdır.

11. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim İ.Əliyev).

12. Məhkəmə işin mübahisəsiz halları qismində evin iddiaçının atasına, dolayısı ilə cavabdehin keçmiş ərinin babasına məxsus olmasını, həmçinin cavabdehin gəlin köçməsindən öncə təmir olunduğunu müəyyən etmişdir. Bu halları tərəflər özləri da izahatları ilə təsdiq etmişlər.

13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.5, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadla belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Hazırkı vəziyyətdə isə cavabdehin iddiaçının evindən istifadəsini məhdudlaşdıra biləcək əsas yoxdur.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin yaşadığı ev iddiaçı ilə eyni ünvanda yerləşsə də, həmin ev qanunsuz tikilidir. Onun yaşadığı hissə iddiaçının çıxarışı olan sahəyə aid deyil. Lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və bu hala Mülki Məcəllənin 180-cı maddəsinə uyğun qiymət verilməmişdir.

16. Şikayətin digər dəlili isə, uşağın məişəti ilə bağlı cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun qaydada əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Isgəndərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Rüstəmli).

18. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

19. Cavabdehin mübahisəli evin özbaşına tikili olması və bu səbəbdən iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, həmin fərdi yaşayış evinin texniki göstəricilərinin əks edildiyi texniki pasportda “B” tikilisi köməkçi tikili kimi qeydə alınmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil: vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmələr cavabdehin 15 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşadığını, kommunal xidmət haqlarını belə onun ödədiyini, uşağın da həmin evin yaxınlığında yerləşən məktəbdə təhsil aldığını nəzərə almamış, cavabdehin mübahisəli evdən istifadə hüququna mülki qanunvericiliyin və Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

31.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 32.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus olan yaşayış sahəsində sahiblik və oradan istifadə etmək hüququ aşkar edilməmişdir. Belə olan halda cavabdehin mübahisəli sahədə yaşaması iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə təşkil edir. 35.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 36.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Cavabdehin şikayətinin dəlilləri işin faktiki halları ilə bağlıdır ki, bu da kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar