Məhkəmə qərarları › İş №2(1-8)-489/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-489/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-489/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Aslanzadə İntizam Nəsimi oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Aslanzadə İntizam Nəsimi oğluna qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh İntizam Aslanzadə (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı 98.000 manat məbləğində pulu “oyun” vasitəsi ilə daha çox gəlir əldə etməsi məqsədilə cavabdeh Aslanzadə İntizam Nəsimi oğluna verdiyini bildirir.

2. Cavabdeh Aslanzadə İntizam Nəsimi oğlunun Tərtər Rayon Məhkəməsinə ünvanladığı ## ##### 2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı İddiaçı ona 92.000 manat vermiş, sonuncu da həmin pulu Nicat Şahbazova vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Aslanzadə İntizam Nəsimi oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə birlikdə “xxxx” MMC-də işləmişlər. 2023-cü ilin ortalarında cavabdeh iddiaçıya bildirmişdir ki, oyuna pul qoyub qazanmaq olar. Əgər köməklik olunarsa, qoyulmuş pulun iki qatını götürmək mümkündür. Ona görə də 2024-cü ilin avqust ayınadək iddiaçı cavabdehə hissə-hissə 98.000 manat pul vermişdir. 2024-cü ilin sentyabr ayında iddiaçı cavabdehdən pulu tələb etsə də, cavabdeh adına ev olduğunu və evi iddiaçının adına sənədləşdirəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh verdiyi vədi yerinə yetirməmiş və qaçıb gizlənmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 izahatında bildirmişdir ki, borcun verilməsi ilə bağlı sübut təqdim edilməli, borcun verilməsi ilə bağlı sənədlər olmalıdır. Xəzər rayon Polis İdarəsinin icraatında cinayət işi açılmışdır. Onlar qumar oynamışlar. Burada kimin oyunda iştirak etməsi, iddiaçının cavabdehə pul verməsinin nə ilə sübut olunması sual doğurur. Onlar hamısı qumar oynamış, həmin qumar oynadıldıqda bəlli olmuşdur ki, pul Nicat adlı şəxsin kartına köçürülmüşdür. Burada pulun verilməsi ilə, pul borcu ilə bağlı söhbət olmamış, onlar qumar oynamış və uduzmuşdur. Bu gün iddiaçının pul tələb etməsinin hüquqi əsası yoxdur. Ona görə ki, müqavilə, hər hansı bir sənəd olmamışdır. İddiaçı bildirir ki, pulu cavabdehə hissə-hissə vermişdir. Pulun verdiyi hissəsini almamış, qalan pulu isə hansı formada ona verməsi sual doğurur. Bir sənəddə göstərilmişdir ki, 98.000 manatdır, lakin çəkilişdə İntizam 92.000 manatı aldığını etiraf etmişdir. Bu qumar oyunu olub. Xəzər rayon Polis İdarəsində cinayət işi gedir. Aftandil adlı oğlandır. O da başqasının pulunu alıb qumara qoyub. Hətta orda araşdırma olanda pulun əvəzinə torpaq verəcəyini bildirmişdir. Nicat tapılmışdır. O, Şirvan şəhər sakinidir. Bütün pullar onun kartına köçürülmüşdür.

6. Məhkəmə iclasında iddiaçı tərəfin dəvət etdiyi şahid X3 ifadə verərək bildirmişdir ki, iddiaçı onun xalası oğludur, cavabdeh ilə iş yoldaşı olmuşdur. Hər iki tərəflə heç bir ədavəti olmamışdır. Cavabdeh ona da belə bir prosesin var olduğunu bildirərək demişdir ki, “Tiktok” sosial şəbəkəsi ilə bağlı pul yatırırlar, “şir”, “aslan” alıb-satırlar, pul yatırımı edirlər, vergi ödəyicisidirlər”. Ona 20.000 manat verməsini təklif etmiş, xalası oğlunun da pul verdiyini, verilən pulun yerində qaldığını, sonradan qazanc olanda ayda 10.000 manata 300 manat faizini ona vercəyini bildirmişdir. Əvvəl onunla razılaşmış, lakin sonradan fikrindən daşınmışdır. Onunla iş birliyi qurmamışdır. İddiaçı cavabdehə onun təklifi ilə razı olduğunu bildirmiş və bu işlə bağlı 92.000 manat pul vermişdir. İntizam Aslanzadə nə vaxt pulu geri almaq istəsə 1 ay, 2 ay əvvəl bildirməsini və pulu qaytaracağını bildirmişdir. Pulu ayrı-ayrı vaxtlarda hissə-hissə vermişdir. Pulu verəndə görməmişdir. Ancaq pulla bağlı söz-söhbətlərdə iştirak etdiyindən məlumatlı olmuşdur.

7. Məhkəmə iclasında iddiaçı tərəfin dəvət etdiyi şahid X2 ifadə verərək bildirmişdir ki, iddiaçı onun xalası oğludur. Pul məsələsi ilə bağlı münasibətləri soyumuşdur. Cavabdehi xalası oğluna verdiyi pulu ondan istədikdə eyni zamanda, xalası oğlu cavabdehdən pulunu istədikdə onu tanımışdır. Heç bir ədavəti olmamışdır. İddiaçı ondan 40.000 manat pul almışdır. Pulu almağının səbəbi o, olmuşdur ki, iddiaçı bildirmişdir ki, onlar bir iş görürlər, ona görə pula ehtiyacı vardır. Pulu 2 aya qədər almışdır. 2024-cü ilin sentyabr ayında ondan pulu almışdır. Pulu verdikdən sonra 2 ay keçmiş, pulu qaytarmamışdır. Ondan pulunu istədikdə iddiaçı pulu iş yoldaşı İntizama verdiyini bildirmişdir. O, iddiaçıya 40.000 manat pul vermişdir. 4 ay keçdikdən sonra, pulunu istədikdə iddiaçı pulu İntizam adlı şəxsə verdiyini, hazırda İntizamın pulu ondan alıb çıxıb getdiyini bildirmişdir. Ümumilikdə, İntizam Mirəhmədin 92.000 manat pulunu aparmışdır. Bundan sonra, onlar Bərdə rayonuna gəlmişlər. Əvvəlcə, İntizamın yaşadığı kəndə gəlmişlər. Sonra Bərdə bazarına İntizamın işlədiyi mağazaya gəlmişlər. Xalası oğlu İntizamla rastlaşmış və görüşmüşlər. O da kənardan söhbəti müşahidə etmişdir. Sonra o, İntizama yaxınlaşıb Əhmədin xalası oğlu olduğunu, Əhmədə 40.000 manat pul verdiyini və həmin pulu ona verdiyini bildirmişdir. O da Əhmədin pulu ona verdiyini təsdiqləmişdir. İntizama 40.000 manatın onun pulu olduğunu və həmin pula özünə ev almaq istədiyini demişdir. İntizama onu tanımadığını, pulunu xalası oğluna verdiyini, xalası oğlunun da pulu ona verdiyini bildirmiş, İntizam bunu etiraf etmişdir. İntizama aralarında olan söz-söhbətə qarışmadığını, onlardan öz pulunu istədiyini demiş, İntizam həftənin altıncı günü ona 20.000 manat pul vercəyini bildirmişdir. Bundan sonra, Bakı şəhərinə qayıtmışlar. Buna baxmayaraq, İntizam verdiyi sözə əməl etməmiş, 40.000 manat və 52.000 manatı ondan almamışdır. Mirəhmədin İntizama 92.000 manat məbləğində pul verdiyini görməsə də, çəkilişdə iştirak etdiyindən həmin vaxt İntizamın Mirəhmədə 92.000 manat pul verdiyini İntizamın özünün etiraf etməsinə şahid olmuşdur.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi verərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bir yerdə iş yoldaşı olmuşlar. İddiaçı ona qarşı 98.000 manat məbləğində iddia tələbi qaldırmışdır. İddiaçı ona 92.000 manat pul vermiş, o, da pulu Nicat Şahbazova vermişdir. Hansıki onlar pulu Nicat Şahbazova oyun məqsədi ilə vermişlər. Oyundan qazanılan pulları Mirəhməd götürmüşdür. Çəkilən video haqqında ona hədə qorxu gəlinib, ona “ya pul veriləcək, ya da ölüm olacaq” deyilmiş, bundan sonra razılaşmış və pulu hissə-hissə verəcəyini bildirmişdir. Belə ki, o, Nicat Şahbazovla danışmış, Nicat Şahbazov ona pulu hissə-hissə verəcəyini bildirmişdir Bu səbəbdən Nicat Şahbazov pulu ona verdikcə o da, iddiaçıya pulu verəcəyini bildirmişdir. Nicat Şahbazov onun pulunu qaytarsa, o da iddiaçının pulunu qaytaracaq. Eyni zamanda, əldə olunan qazancdan 50.000 manat, əsas pul 92.000 manat qaytarmamışdır.

9. Məhkəmə iclasında cavabdeh tərəfin dəvət etdiyi şahid X1 ifadə verərək bildirmişdir ki, iddiaçını bir dəfə görmüşdür. Cavabdeh onun oğludur. İddiaçı onun yanına gəlmiş, 92.000 manat məbləğində pulu İntizama verdiyini, eyni zamanda həmin pulun 53.000 manatını qaytardığını bildirmişdir. Mirəhməd həmin pulu İntizama daha çox pul qazanmaq üçün vermişdir. Ona pulun batdığını, yəni pulu Nicatın götürüb getdiyini bildirmişdir. Oğlu ondan ayrı yaşayır. Oğlu ona Mirəhməddən pul aldığını deməmişdir. Onun nə qədər borclu olmasından məlumatı olmamış, Mirəhməd deyəndən sonra bilmişdir. Mirəhməd bu ilin yanvar ayında oğlunun mağazasına gəlmişdir. Onda bilmişdir ki, Mirəhməd oğluna pul vermişdir. Oğlu Mirəhmədə 53.000 manat pul qaytarmış, lakin həmin pulu onun yanında qaytarmamışdır. Mirəhməd ona 30.000 manat verəcəyi təqdirdə, pulu bağlayacağını demişdir. O da imkanı olmadığını, Nicatın oğlunun pulunu qaytararsa, oğlunun bütün xərclərini bağlayacağını bildirmişdir.

10. Tərtər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 92.000 manat pul vəsaiti və 366 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatları ilə aydın olur ki, iddiaçı cavabdehə pul vermiş, cavabdehin iddiaçıya pul borcu vardır və həmin pulu qaytarmamışdır. Tərəflər arasında pulun qaytarılması ilə bağlı mübahisə mövcuddur. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçıdan 92.000 manat pul aldığını, lakin həmin pulu qaytarmadığını etiraf etmişdir. Həmin ərizə iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

12. Məhkəmə şahidlər X3 və X2 məhkəmə iclasında verdikləri ifadələri ilə bir daha cavabdehin iddiaçıdan 92.000 manat pul aldığını, İddiaçı həmin pulu 1-2 ay əvvəl ona bildirməklə istədiyi vaxt qaytaracağını göstərməsini, lakin İntizam Aslanzadənin ona pul qaytarmadığını səmimi verilmiş ifadə kimi hesab edərək, ifadələrin iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir.

13. Məhkəmə iclasında şahid X1 verdiyi ifadəsində iddiaçının cavabdehə 92.000 manat pul verdiyini , oğlunun iddiaçıya 53.000 manatı pulu qaytardığını, pulu qumar oyunu üçün verdiyini, pulun Nicat adlı şəxsdə olduğunu, Nicat adlı şəxsin onların pulunu qaytaracağı təqdirdə, o, oğlunun borclarını bağlayacağını bildirmişdir. Həmin ifadə ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan 92.000 manat almışdır. Lakin şahid ifadəsində göstərdiyi 53.000 manat pulun iddiaçıya hansı qaydada qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizəsində İddiaçı 53.000 manat qaytarması və ya İddiaçı ona 30.000 manat verəcəyi təqdirdə pulla bağlı söhbəti bitirəcəyini deməsi ilə bağlı məlumat göstərməmişdir. Məhkəmə həmin ifadənin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

14. Cavabdeh ərizəsində iddiaçının video-çəkiliş edərkən onu hədələdiyi üçün çəkilişdə iddiaçıya 92.000 manat borcu olmasını etiraf etdiyini göstərsə də, onun təzyiq altında olduğu hiss olunmamış, eləcə də həmin vaxt o, tək olmamış, yanında qaynı olmuşdur. O, əvvəlki məhkəmə iclasında qaynını məhkəmə iclasına gətirib şahid qismində ifadə verəcəyini bildirsə də, sonrakı məhkəmə iclasında özü iştirak etməmiş, qaynını da şahid kimi ifadə verməsi üçün məhkəmə iclasına gətirməmişdir. Bu hal onun çəkilişdə hədə altında danışdığını şübhə altına almışdır. Odur ki, məhkəmə cavabdehin ərizəsində göstərdiyi həmin xüsusatın qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizəni öz xətti ilə əlverişli şəraitdə yazmaqla sərbəst iradələrini ifadə etmişdir. Ona görə də həmin ərizə mötəbər sübut kimi qəbul edilməli və işə baxılan zaman nəzərə alınmalıdır.

16. Göründüyü kimi, cavabdehin bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Çünki cavabdehin pulu almadan ərizə yazması, pulu almadığı halda ərizə verməsi, sonra isə məhkəmə iclasına gəlməməsi inandırıcı sayıla bilməz. Cavabdeh yazılı ərizəsində birbaşa “92.000 manat məbləğində pulu almışam” ifadəsindən istifadə etmişdir. Ona görə də iddiaçı cavabdehin bildirdiklərini təkzib edərək, pulun məbləğinin 92.000 manat olduğunu bildirmişdir. Cavabdeh isə həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu hallar isə iddianın rədd edilməsi üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları cavabdehin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab etmişdir.

17. İşin müəyyən olunmuş hallarına görə iddiaçı cavabdehlə aralarında olan razılaşmaya əsasən hissə-hissə olmaqla 92.000 manat pul vermiş, cavabdeh tərəf həmin pulu qaytarmamışdır. Beləliklə, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz.

19. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1093.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

20. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə 92.000 manat bоrc verilməsi barədə yazılı formada borc müqaviləsi bağlanmamışdır. İddiaçı özü də pulu ona borc оlaraq verdiyini iddia etmir. İddiaçı pulu hissə-hissə verdiyini iddia etsə də, ona pulu hansı tariхdə, hansı məbləğdə, hansı şəraitdə, hansı şərtlərlə, eləcə də, hansı əskinaslarla verdiyini izah edə bilməmişdir. Video-çəkilişdə iddiaçıya 92.000 manat borcu olması barədə etirafı qeyriadi, psixo-fizioloji vəziyyətdə edib-etməməsi (hər hansı səbəbdən, о cümlədən iddiaçının etdiyi hədələr səbəbindən) araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyini, şahidlər iddiaçının yaxın qohumları olmasını, video-çəkilişin isə hədə-qorxu altında çəkilməsini nəzərə almamışdır. İddiaçının qumar oynaması və pulunun Nicat adlı şəxsin kartına köçürülməsi faktı ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsində cinayət işi açılmış, lakin birinci instansiya məhkəməsi həmin işin həll edilməsini gözləmədən mülki işə mahiyyəti üzrə baxmışdır.

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki cavabdehlə bir müəssisədə işləyir. Nicatı isə tanımır. Cavabdehin şəxsən özünə 92.000 manat vermişdir. Cavabdehə hissə-hissə olmaqla, cəmi 92.000 manat vermişdir. Həmin məbləğin 15.000 manatını cavabdeh qardaşına mağaza alması üçün borc almış, qalan məbləği isə oyun oynamaq üçün almışdır. Ümumilikdə, cavabdeh ona 25.000 manat qaytarmışdır. Cavabdeh 67.000 manat verərsə razılaşar.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Mustafa Mustafayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh İntizam Aslanzadədən 92.000 manat pulun alınıb iddiaçı İddiaçı verilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğin 67.000 manat olmasının müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı oyun vasitəsi ilə gəlir etmək üçün müxtəlif vaxtlarda cavabdehə 98.000 manat verdiyini, lakin sonuncunun nə əldə edilməli olan gəliri, nədə verdiyi pulu geri qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə cavabdehin ərizəsini nəzərə alaraq tələbi qismən təmin etmişdir.

25. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı ərizəsində 2023-cü ilin avqust ayından 2024-cü ilin avqust ayına kimi mobil tətbiq vaisitəsilə oyun oynayıb pul əldə etmək üçün cavabdehin ondan ümumilikdə 98.000 manat almasını qeyd etsə də, apellyasiya icraatı zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehə 92.000 manat pul vermişdir. Həmin məbləğin 15.000 manatını isə cavabdeh qardaşına mağaza almaq üçün borc almışdır. İddiaçının cavabdehə verdiyi 92.000 manatın 15.000 manatı iddiaçının deməsinə görə, cavabdehə qardaşı üçün mağaza binası alınmasına görə borc verilmiş, qalan məbləğ isə qumar oyunu oynamağa görə verilmişdir. Bu mənada hesab edilməlidir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 1091-ci maddələri nəzərdən keçirilə bilər.

26. İddiaçının cavabdehə ümumilikdə, 92.000 manat verməsi, onun özünün deməsindən əlavə, işdə olan digər sənədlərlə də sübut olunur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ərizədə qeyd etmişdir ki, iddiaçıdan 92.000 manat almış, həmin pulu oyun oynamaq üçün Nicat Şahbazova vermişdir. Nicat Şahbazov pulu qaytararsa, o da iddiaçının pulunu qaytaracaq. Ərizəyə əlavədə isə qeyd edib ki, “Nicat Şahbazov pulu qaytararsa, məndə Mirəhmədə pulun qazancından 50.000 manat, əsas pul 92.000 manat qaytarmamışam, ərizəni özüm məhkəmə iclasında yazdım heç bir təsir olmadan”.

27. “Elektron məhkəmə” informasiya sistemi ilə birinci instansiya məhkəməsində ## ##### 2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasına baxış keçirilərkən də müəyyən olunmuşdur ki, həmin ərizə cavabdehə hər hansı hədə-qorxu və təsir olmadan cavabdehin özü tərəfindən yazılır.

28. Cavabdeh qeyd olunan ərizədə (eləcə də apellyasiya şikayətində) iddiaçıdan 92.000 manat almasını təsdiq edən səs yazısına münasibətdə isə qeyd etmişdir ki, həmin çəkiliş hədəqorxu altında aparılmışdır. Sonuncu belə bir dəlil irəli sürsə də, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

29. Eləcə də, apellyasiya icraatı zamanı cavabdeh izahatında 50.000 manat məbləği iddiaçıya geri qaytardığını, qalan 42.000 manatı isə Nicat ona geri verdikdən sonra ödəyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin ərizəsini iddia tələbinin etirafı kimi qiymətləndirmiş və bununla bağlı qeyd etmişdir ki, iddia tələbinin tam və ya qismən etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması,

30. ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin öz-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz.

31. Beləliklə məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, iddiaçı tərəf cavabdehə 92.000 manat vermiş, cavabdeh isə iddiaçıdan aldığı 92.000 manatı qumar oyunu üçün Nicat Şahbazova vermişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında, sonuncu ilə isə Nicat Şabanov arasında oyuna pul qoyub gəlir əldə olunması barədə razılıq olmuşdur. Ona görə də cavabdeh Nicat Şahbazovun pulun ona geri qaytarılacağı təqdirdə, iddiaçının pulunu qaytarmağı öhdəsinə götürür.

32. Apellyasiya icraatı zamanı cavabdeh 92.000 manatdan 50.000 manat məbləği iddiaçıya geri qaytardığını, iddiaçı isə cavabdeh tərəfindən ona 25.000 manat geri qaytarıldığını və hazırda ödənilməmiş 67.000 manat qaldığını bildirmişdir. Belə olan halda, iddiaçıya 50.000 manatın qaytarılmasına dair sübutetmə yükü cavabdehin üzərinə düşür. Buna baxmayaraq, cavabdeh məhkəməyə bu barədə hər hansı mötəbər sübutu təqdim etməmişdir.

33. Qeyd olunanlardan belə nəticə hasil olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıdan alınan 92.000 manatın 15.000 manatı borc qismində, qalan 77.000 manat isə qumar oyun oynamaq üçün verilmişdir. Cavabdehin iddiaçıdan aldığı 92.000 manata dair əlyazma, eləcə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi bu məbləğin alınmasını sübut edən video-görüntü mövcuddur. Cavabdeh tərəfin iddiaçıya 50.000 manat qaytarılması dəlili sübut olunmadığından, 25.000 manatın qaytarılması barədə iddiaçının dəlilini kollegiya əsaslı saymışdır. Belə olan təqdirdə, cavabdehin iddiaçıdan aldığı 92.000 manatdan 67.000 manat məbləğ qaytarılmamış qalır. Həmin məbləğin də 15.000 manatı borc (iddiaçının deməsinə görə cavabdeh qardaşına mağaza alınması üçün almış), qalan hissəsi isə qumar oyunları üçün verilmişdir. Ödənilməmiş 67.000 manatı (bir qismi borc, bir qismi qumar oyunları üçün verilən) cavabdeh heç bir qanuni əsas olmadan özündə saxlamışdır. Buda onu deməyə əsas verir ki, sonuncu iddiaçıya məxsus 52.000 manatı geri qaytarmayaraq, özündə saxlamaqla əsassız varlanmışdır. Əsassız varlanma isə o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Qeyd olunan hər üç şərtin mövcudluğu hazırkı işdə yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır. 15.000 manata münasibətdə isə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin məbləği iddiaçıya qaytarmaqdan imtina etmişdir.

34. Apellyasiya şikayətinin “iddiaçı pulu hissə-hissə verdiyini iddia etsə də, ona pulu hansı tariхdə, hansı məbləğdə, hansı şəraitdə, hansı şərtlərlə, eləcədə hansı əskinaslarla verdiyini izah edə bilməməsi, ekspert rəyinin almaması, şahidlər iddiaçının yaxın qohumları olması” dəlilini məhkəmə kollegiyası əsassız saymışdır. Cavabdeh iddianın əsassızlığı barədə belə bir dəlillər irəli sürsə də, özü birinci instansiya məhkəməsində iddiaçıdan 92.000 manat almasını etiraf etmiş və bu barədə ## ##### 2025-ci il tarixli əlyazma yazaraq öz imzası ilə təsdiq etmişdir. Hətta həmin əlyazmada qeyd etmişdir ki, ərizəni məhkəmə iclasında yazmış, ona heç bir təsir olmamışdır. Eləcə də, apellyasiya şikayətində video-çəkilişdə iddiaçıya 92.000 manat borcu olması barədə etirafı olmuşdur. Düzdür, sonuncu şikayətində həmin çəkilişin qeyriadi, psixo-fizioloji vəziyyətdə, eləcədə iddiaçının etdiyi hədələr səbəbindən aparıldığını bildirsə də, lakin onun bu dəlili öz təsdiqini tapmamışdır.

35. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunanlara baxmayaraq, iddia tələbini qismən təmin edərək, cavabdehdən 92.000 manat iddiaçının xeyrinə tutmuşdur. Ona görə də birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 739.1, 739.2, 1091.1, 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

37. Qətnamədən cavabdeh (vəkil vəkil2 Zülfüqar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən tələb olunan 92.000 manatın nə borc, nədə hər hansı işlərin və xidmətlərin görülməsi üçün verilməsini təsdiq edən sənəd mövcud deyildir. İddiaçı tərəfindən hissə-hissə cavabdehə verilmiş 92.000 manatı özünün iştirakı və tapşırığı ilə Nicat adlı şəxsin kartına göndərmişdir. Yəni iddiaçı tələb etdiyi məbləğ borc məqsədi ilə cavabdehə verilməmişdir. Pul qazanc əldə etmək üçün qanunsuz qumar oyununa görə verilmişdir. İddiaçının qumar oynaması və pulunun Nicat adlı şəxsin kartına köçürülməsi faktı ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsində cinayət icraatı qaydasında araşdırma aparılır. Belə olan halda, iş yoldaşı olan iddiaçının tapşırığını əvəzsiz olaraq icra edən cavabdehin 50.000 manatı iddiaçıya geri qaytarması, qalan 42.000 manatı isə Nicat ona geri verdikdən sonra ödəyəcəyini bildirməsi iddia tələbinin etirafı kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. ##.##.2025-ci il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında verilmiş ərizə, sədrlik edənin etiraf video-çəkilişində əks olunanlara uyğun yazmasına dair göstərişi və məhkəmə iclas katibinin diktəsi ilə yazılmaqla cavabdehin iradə ifadəsi olmadığından, eləcə də birinci instansiya məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğundan faktın etirafı olaraq dəyərləndirilməsə də, prosessual hüquq norması pozulmuş, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Cavabdehin video-çəkilişdə iddiaçıya 92.000 manat borcu olması barədə etirafının qeyri-adi, psixo-fizioloji vəziyyətdə edilib-edilməməsi (hər hansı səbəbdən, о cümlədən iddiaçının etdiyi hədələr səbəbindən) məsələsinin həlli хüsusi biliyi оlan ekspert tərəfindən müəyyən edilməli idi. Bakı şəhəri Xəzər rayon Polis İdarəsində cinayət icraatı qaydasında işin həll edilməsi gözlənilmədən mahiyyəti üzrə həll edilməsi ilə prosessual hüquq norması pozulmuş, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar