Məhkəmə qərarları › İş №2(1-8)-534/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-534/2026

28.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-534/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,1288 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) torpaq sahəsi (bundan sonra – “torpaq sahəsi”) iddiaçılar iddiaçı2, iddiaçı1 və cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin 9/24 hissəsi iddiaçı1, 9/24 hissəsi iddiaçı2, 2/24 hissəsi cavabdeh2, 2/24 hissəsi cavabdeh1 və 2/24 hissəsi cavabdeh3, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin isə 1/3 hissəsi cavabdeh2, 1/3 hissəsi cavabdeh3 və 1/3 hissəsi cavabdeh1 məxsusdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsindən onlara düşən 18/24 payın (hissənin) naturada ayrılması, o cümlədən cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehlərlə ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi ilə bağlı razılığa gəlmək istəsələr də, heç bir nəticə əldə edə bilməmişlər.

4. Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şəki LTI-nin mütəxəssisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: torpaq sahəsinin iddiaçılar iddiaçı1 və iddiaçı2 hər birinin payına düşən 9/24 hissəsinin cavabdehlərin hər birinin payına düşən 2/24 hissə torpaq sahəsinin mövcud tikiliyə zərər gətirmədən naturada bölünməsi mümkün deyildir. Ancaq torpaq sahəsinin iddiaçıların hər birinin payına düşən 9/24 hissəsinin cavabdehlərin hər birinin payına düşən 2/24 hissə torpaq sahəsinin mövcud tikililər nəzərə alınmadan naturada bölünən vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi və payların naturada ayrılmasının ## #### 2023cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması qət edilmişdir (hakim – V.Məmmədov).

6. Məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə iddiaçıların torpaq sahəsindəki paylarının mövcud tikiliyə zərər gətirmədən naturada bölünməsinin mümkün olmadığı qeyd edilməklə yanaşı, tərəflərin paylı mülkiyyətində olan 0,1288 ha həyətyanı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 18/24 hissəsinin, mövcud tikililər nəzərə alınmadan cavabdehlərin payına düşən 6/24 hissəsindən torpaq sahəsinin yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.

7. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu, eləcə də torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yalnız cavabdehlərin paylı mülkiyyətində olduğunu, həmin evə iddiaçıların pay hüquqlarının yaranmadığını, iddiaçıların özlərinin də bu barədə tələb irəli sürmədiklərini nəzərə alaraq rəylərin, torpaq sahəsinin iddiaçıların hər birinin payına düşən 18/24 hissəsinin mövcud tikililər nəzərə alınmadan cavabdehlərin payına düşən 6/24 hissəsindən yerquruluşu planına uyğun naturada ayrılmasının mümkün olmasına dair hissələri ilə razılaşmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıların öz paylarının naturada ayrılmasını tələb etmək hüquqları var və paylarının naturada ayrılması mümkündür. Odur ki, iddia tələbi təmin olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.2, 220.2, 220.3, 221, 223.4-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 89, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar heç bir məhkəmə iclasında, ekspertiza tədqiqatında iştirak etməmişlər. Onların mülkiyyətlərində olan həmin torpaq sahəsi heç bir mütəxəssis tərəfindən yerində ölçülməmiş və ekspertiza tədqiqatı aparılmamışdır. Ekspert rəyi verilərkən mülkiyyətçilərin payları düzgün müəyyən olunmamış, bölgü planı da paylara uyğun aparılmamışdır. Bundan başqa ekspert rəyində qeyd olunmuşdur ki, torpaq sahəsində yerləşən mövcud tikililərə zərər gətirmədən naturada bölünməsi mümkün deyildir. Məhkəmə ekspertin rəyinin bu hissəsini nəzərə almadan torpaq sahəsinin naturada bölünməsinə-ayrılmasına qərar vermişdir. Qərar verərkən məhkəmə zərər gələcək mövcud tikililərin taleyini müəyyən etməmişdir. Məhkəmə onlara saxlanılmış torpaq sahəsindən ictimai yola çıxışın olmaması, eləcə də eyni adlı mübahisənin bundan əvvəl məhkəmənin icraatında baxılmamış saxlanmasına dair qərardadın olmasını nəzərə almamışdır. Mülkiyyətçilərə düşən paylar bölgü planında göstərilən paylarla uyğun gəlmir. Torpaq sahəsi paylara uyğun bölünməmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının nəticəsi olaraq verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən torpaq sahəsində mövcud olan tikililəri, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini, payçıların payına düşən sahəni nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıların ümumi birgə hesab edilməklə 18/24 hissə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakimlər: Ə.Məcidov – sədrlik edən və məruzəçi, E.Isayev və E.Mehdiyev).

14. Məhkəmə kollegiyası ekspertin rəyini maddi və prosessual hüquq normaları, işdə olan sübutlarla və tərəflərin izahatları ilə birlikdə tədqiq edərək hesab etmişdir ki, iddia rədd edilməlidir.

15. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 213.1, 213.2, 213.3, 220.1-220.4, 221-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014 cü il 4 aprel tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə # ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Iddiaçı iddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 152, 157-ci maddələri, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 1-ci maddəsi üzrə - bu hissədə iddiaçı işin faktiki hallarını sadalamaqla birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır.

18. MPM-in 97.1-ci maddəsi və Ali Məhkəmənin ## ######## 2023-cü il tarixli *(***)-****/**** nömrəli (üç ulduz) qərarının 71, 72 və 73-cü bəndləri üzrə - hazırkı işdə işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi ekspert rəylərindəki (# ###### 2023-cü il tarixli ekspert rəyi ilə ## ####### 2025-ci il tarixli rəy) ziddiyyətləri aydınlaşdırmaq üçün ya eksperti (və ya mütəxəssisi) dindirməli, ya da həmin ziddiyyətlərin aradan qaldırılması üçün iş üzrə əlavə (və ya təkrar) ekspertiza təyin etməli idi.

19. MPM-in 14.1, 76, 82.3, 88 və 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

24. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

27. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

28. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

39. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin ekspert rəylərində ziddiyyətin olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert qarşısında daşınmaz əmlakın dövlət reyestr nömrəsi 402013063623-10301 olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,1288 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililər altı sahələr cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 sözügedən torpaq sahəsində olan paylarına aid edilərək cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla, həmin torpaq sahəsindən iddiaçıların ümumi birgə hesab edilməklə 18/24 hissə paylarının naturada ayrılmasının mümkün olması və mümkün olduğu halda hansı qaydada ayrıla bilməsi ilə bağlı sual qoymuşdur.

40. Belə ki, ## ####### 2025-ci il tarixli rəydə belə nəticəyə gəlinmişdir ki, torpaq sahəsində mövcud olan tikililəri, tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini, payçıların payına düşən sahəni nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıların ümumi birgə hesab edilməklə 18/24 hissə paylarının naturada ayrılması texniki cəhətdən mümkün deyil.

41. Qeyd olunmalıdır ki, # ###### 2023-cü il tarixli ekspert rəyində də torpaq sahəsində yerləşən mövcud tikililərə zərər gətirmədən payların naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir.

42. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

43. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan kassasiya instansiyası məhkəməsi həmin qiymətləndirmənin düzgünlüyünü deyil, yalnız onun prosessual qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığını yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri bütün sübutları araşdırmış, onlara münasibət bildirmiş, gəldiyi nəticəni əsaslandırmış və tətbiq etdiyi hüquq normalarını göstərmişdir. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin sübutları araşdırmaqdan imtina etməsi, hər hansı sübuta, ümumiyyətlə, qiymət verməməsi və ya prosessual hüquq normalarını kobud şəkildə pozması barədə əsaslı dəlillər göstərilməmişdir.

44. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar