Məhkəmə qərarları › İş №2(1-8)-579/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-579/2026

09.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-579/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi birgə mülkiyyət ilə bağlı tələblər: paylı mülkiyyət, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 saylı ünvanda (bundan sonra - “birinci ünvan”) yerləşən daşınmaz əmlakın 2 otaqdan 1/5 hissəsi iddiaçı3, 2 otaqdan 1/5 hissə iddiaçı1, 2 otaqdan 1/5 hissəsi X6, 2 otaqdan 1/5 hissəsi cavabdeh2 və 3 otaq və 2 otaqdan 1/5 hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən “birinci ünvanda” yerləşən daşınmaz əmlakın 2 otağı X2 və 3 otağı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında (bundan sonra - “ikinci ünvan”) yerləşən daşınmaz əmlakın 1 otağı cavabdeh1, 1 otaqdan 1/4 hissəsi iddiaçı1, 1 otaqdan 1/4 hissəsi X1, 1 otaqdan 1/5 hissəsi cavabdeh2, X6 adına 1 otaqdan 1/20 hissə açıq qalır, 1 otaqdan 1/4 hissəsi iddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən “birinci ünvan”da yerləşən daşınmaz əmlakın 2 otaqdan 5/20 hissəsi iddiaçı3, 2 otaqdan 5/20 hissəsi iddiaçı1, 2 otaqdan 1/20 hissəsi X6 adına açıq qalır, 3 otaq və 2 otaqdan 5/20 hissəsi X1 adına qeydiyyata alınmışdır.

5. Daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən “ikinci ünvan”da yerləşən 1 otağı cavabdeh1, 1 otaqdan 1/4 hissəsi iddiaçı1, 1 otaqdan 1/5 hissəsi cavabdeh2, 1 otaqdan 1/4 hissəsi iddiaçı3, X6 adına 1 otaqdan 1/20 hissə açıq qalır, 1 otaqdan 1/4 hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. X2 və X6 ##.##.2005-ci il tarixdə nikaha daxil olublar.

7. X2 ##.##.2015-ci il tarixdə, X6 ##.##.2017-ci il tarixdə vəfat etmişdir.

8. ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X6 vərəsələri iddiaçı1 ¼ payda, iddiaçı3 ¼ payda, X1 ¼ payda irs almalıdırlar. Miras əmlak “birinci ünvan”da yerləşən mənzildən mərhum X6 məxsus olan 2 otaqdan 1/5 hissədən ibarətdir.

9. X1 ##.##.2021-ci il tarixdə vəfat etmişdir.

10. ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş X1 miras əmlakı: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə X1 verilmiş dövlət reyestrindən çıxarışa əsasən birinci ünvanında yerləşən ümumi sahəsi 173.1 kv.m olan mənzilin 3 otağından və 2 otağının 5/20 hissəsindən ibarətdir.

11. Iddiaçılar tərəfindən cavabdeh2 ünvanlanan ##.##.2023-cü il tarixli təklif ərizəsinə əsasən iddiaçılar birinci ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının onlara düşən payın hazırkı bazar qiymətinə uyğun 12.500 manat dəyərinin kompensasiya olaraq və “ikinci ünvan”da yerləşən 1 otağın onlara düşən payın hazırkı bazar qiymətinə uyğun 7000 manat dəyərinin kompensasiya olaraq onlara ödənilməsini təklif etmişlər.

12. cavabdeh2 ünvanlanan ##.##.2024-cü il tarixli təklif ərizəsinə əsasən birinci ünvanda yerləşən daşınmaz əmlakın 1/4 hissəsinin iddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 25.000 manat dəyərinin kompensasiya olaraq iddiaçı1, ¼ hissəsinin iddiaçı3 düşən payın hazırkı bazar qiymətinə uyğun 25.000 manat dəyərinin kompensasiya olaraq iddiaçı3, ¼ hissəsinin iddiaçı2 düşən payın hazırkı bazar qiymətinə uyğun 25.000 manat dəyərinin kompensasiya olaraq iddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 75.000 manat ödənilməsini və “ikinci ünvan”da yerləşən 1 otağın ¼ hissəsinin iddiaçı1 düşən payın hazırkı bazar qiymətinə uyğun 10.000 manat dəyərinin kompensasiya olaraq iddiaçı3, ¼ hissəsinin iddiaçı2 düşən payın hazırki bazar qiymətinə uyğun 10.000 manat dəyərinin kompensasiya olaraq iddiaçı2, iddiaçılara kompensasiya olaraq cəmi 30000 manat ödənilməsini təklif etmişlər.

13. Iddiaçılar tərəfindən cavabdeh1 ünvanlanan ##.##.2024-cü il tarixli təklif ərizəsinə əsasən “ikinci ünvan”da otağına payı olduğu üçün onların həmin ünvanda olan 1 otaq paylarını satın almağa üstünlük hüquqları vardır. Onların paylarını satın almaq niyyətlərinin olubolmamasını onlara bildirməyi, yəni təkliflə bağlı münasibət bildirilməsini xahiş etmişlər. Həmin təklif ərizəsindən cavabdeh1 ##.##.2024-cü il tarixdə imtina etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 hər birinə 1/4 hissədə paylı mülkiyyət hüququ ilə məxsus olan və “birinci ünvan”da yerləşən evin 2 otağının və “ikinci ünvan”da yerləşən 1 otağın onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu mümkün olmadıqda naturada bölgünün “birinci ünvan”da yerləşən evin 2 otağının iddiaçılara verilməsi, “ikinci ünvan”da yerləşən 1 otağın isə cavabdeh cavabdeh2 verilməsi qaydasında aparılması və yaxud iddiaçılara düşən payların birlikdə 3/4 hissədə, cavabdeh cavabdeh2 düşən 1/4 hissədə olan paydan naturada ayrılması, bu mümkün olmadıqda isə cavabdeh2 payına uyğun “birinci ünvanda” yerləşən evin 2 otağının cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 12.500 manat dəyərinin kompensasiya olaraq və “ikinci ünvan”da yerləşən 1 otağın cavabdehlərə düşən payın hazırkı bazar qiymətinə uyğun 7.000 manat kompensasiya olaraq iddiaçılar tərəfindən ödənilməsi, cavabdehə düşən payın iddiaçılara verilməsi və yaxud “birinci ünvanda” yerləşən evin iddiaçıların hər birinə düşən 1/4 hissəsinin əvəzi olaraq 25.000 manat, cəmi isə 75.000 manat, “ikinci ünvan”da yerləşən 1 otağın iddiaçıların hər birinə düşən 1/4 hissəsinin əvəzi olaraq 10.000 manat, cəmi 30.000 manat pulun cavabdeh cavabdeh2 tutularaq iddiaçılara ödənilməsi, iddiaçılara düşən payın cavabdeh cavabdeh2 verilməsi, bu da mümkün olmadıqda əmlakların hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı3, iddiaçı1, cavabdeh cavabdeh2 və onların mərhum qardaşları Füzuli Hüseynovun ataları X2, anaları X5 ilə 1957-ci ildə ailə həyat qurmuşlar. 1989-cu ildə Ermənistandan qaçqın düşərək Bakı şəhərinə gəlmiş və “birinci ünvanda” yerləşən 5 otaqlı evi almışlar. Evin 2 otağı Həsən Hüseynovun, 3 otağı isə sonuncunun oğlu Füzuli Hüseynovun adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. Sonra “ikinci ünvan”da yerləşən evin 1 otağını paylı mülkiyyət hüququ ilə almışdır. 1992-ci ildə onların anaları Zəri Hüseynova vəfat etmişdir. Bundan xeyli sonra isə ataları Həsən Hüseynov 2002-ci ilin avqust ayında X6 ilə ailə qurmuşdur. Onların nikahları ##.##.2005-ci il tarixdə qeydə alınmışdır. ##.##.2015-ci il tarixdə isə ataları vəfat etmişdir. Həmin vaxtadək ataları Məlahət Hüseynova ilə “birinci ünvanda” yerləşən evin 2 otağında yaşamışlar. Atalarının ölümündən sonra Məlahət Hüseynova “birinci ünvanda” yerləşən evin 2 otağında onların qardaşları cavabdeh2 ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Iddiaçılar, cavabdeh2 həmin miras əmlakların vərəsələr arasında könüllü bölünməsini xahiş etsələr də, buna razılıq verməmişdir. Buna görə də onlar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ###### 2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçılar iddiaçı3, iddiaçı1 və X1 cavabdehlər X6 və cavabdeh2 qarşı sənədlərin tələb edilməsi və mirasın 1/5 hissədə bölünməsi tələbinə dair ilkin iddiası və X6 və cavabdeh2 iddiaçı3, iddiaçı1 və X1 qarşı miras əmlakın bölünməsi və pul tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, miras kütləsinə daxil olan Bakı şəhəri Abbas Səhhət küçəsindəki ** saylı 2 otaqlı ev vərəsələr iddiaçı3, iddiaçı1, X1, X6 və cavabdeh2 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüş, miras kütləsinə daxil olan Bakı şəhəri Maqsud Əlizadə küçəsindəki * saylı 1 otaqlı ev vərəsələr iddiaçı3, iddiaçı1, X1, X6 və cavabdeh2 arasında hər birinə 1/5 hissədə olmaqla paylar üzrə bölünmüş, ilkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX- ******* saylı çıxarışa əsasən “ikinci ünvan” xüsusi mülkiyyət hüququ ilə iddiaçı3 adına qeyd edilməklə ##.##.2019-cu il tarixdə 1 otaqdan 1/4 hissədə iddiaçı1, 1 otaqdan 1/4 hissədə X1, 1 otaqdan 1/5 hissədə cavabdeh2, 1 otaqdan 1/4 hissədə iddiaçı3 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. X6 1 otaqdan 1/20 hissədə açıq qalmışdır. Həmin evin 1 otağı cavabdeh1 adına ##.##.2012-ci il tarixdən qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX- ******* saylı çıxarışa əsasən ünvan 6 ünvanı xüsusi mülkiyyət hüququ ilə iddiaçı3 adına qeyd edilməklə ##.##.2017-ci il tarixdə 2 otaqdan 1/5 hissədə iddiaçı1, 2 otaqdan 1/5 hissədə iddiaçı3, 2 otaqdan 1/5 hissədə X6, 2 otaqdan 1/5 hissədə cavabdeh2, 3 otaq və 2 otaqdan 1/5 hissədə X1 paylı mülkiyyət hüquqları qeydiyyatda alınmışdır. X6 ilə X2 nikahları ## #### 2005-ci il tarixdə *** nömrəli aktla qeyd edilmişdir. ##.##.2017-ci il tarixdə X6 vəfat etmişdir. Ölümü ##.##.2017-ci il tarixdə **** nömrəli aktla qeydə alınmışdır. ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsələri iddiaçı1 1/4 payda, iddiaçı3 1/4 payda, X1 1/4 payda irs almalıdırlar. Miras əmlak “birinci ünvan”da yerləşən mənzildən mərhum X6 məxsus olan 2 otağın 1/5 hissəsindən ibarətdir. X1 ilə iddiaçı2 arasında nikah 16.12. 1989-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında **** saylı akt qeydi ilə qeydiyyata alınmış və nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. ##.##.2021-ci ildə X1 vəfat etmiş, onun ölümü ölüm haqqında akt qeydləri kitabında ##.##.2021-ci ildə 1104 nömrə ilə qeyd edilmiş, ölüm haqqında şəhadətnamə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanında xüsusi mülkiyyət hüququ ilə 3 otaq və 2 otaqdan 5/20 hissədə X1 paylı mülkiyyət hüququ qeydiyyatda alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən “ikinci ünvan” xüsusi mülkiyyət hüququ ilə 1 otaqdan 1/4 hissədə X1 paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hər birinin müəyyən ehtiyacları ödəmək üçün pula ehtiyacı vardır. Buna görə də cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 2 otağının aralarında bölünməsini xahiş etdilər. Hazırda qardaşları cavabdeh2 həmin ünvanda yaşayır. Ona ya iddiaçılara çatan payın dəyərini ödəyib, həmin ünvanda yaşamasını, yaxud da onların ona çatası payın dəyərini ödəyib həmin ünvandan çıxmasını və yaxud da həmin evin ona çatan pay hissəsində məskunlaşıb, onlara çatan pay hissəsini boşaltmağı təklif ediblər. Həmçinin, ona təklif ediblər ki, əgər razıdırsa bu ünvanda ona çatası payını onlara versin, onlar da “ikinci ünvan”da yerləşən 1 otağa çatan paylarını ona versinlər. cavabdeh2 bunların heç biri ilə razılaşmayıb. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya paylı mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda sadalanan əmlak üzərində tərəflərin payları müəyyən edilsə də, hal-hazırda naturada bölgü aparılmadığından mülkiyyət hüququ xəyalı xarakter almış, onların istifadə edilməsində və ya sərəncam verilməsində çətinliklər yaranmışdır. Tərəflərindən cavabdehə Nəsimi rayonu Abbas Səhhət küçəsi ** saylı ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının cavabdehə düşən payın hazırkı bazar qiymətinə uyğun 12500 manat dəyərinin kompensasiya olaraq və Bakı şəhəri Nəsimi rayonu “ikinci ünvan” küçəsi ev 8 ünvanında yerləşən 1 otağın onlara düşən payın hazırkı bazar qiymətinə uyğun 7000 manat dəyərinin kompensasiya olaraq ödəmək təklif olunmuşdur. Təklifə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Belə hesab edilir ki, yuxarıda göstərilənlərə və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddiaçılar iddiaçı1, iddiaçı3, iddiaçı2 və cavabdeh cavabdeh2 arasında 1/4 hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 saylı ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu mümkün olmadıqda əmlakın hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməlidir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinə əsasən, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ** saylı ünvanda daşınmaz əmlak cavabdehlər tərəfindən təqdim edilmədiyi üçün hazırda mövcud vəziyyətini və texniki parametrlərini müəyyən etmək mümkün olmamışdır. Nəsimi rayonu, “ikinci ünvan” küçəsi, ev 8 ünvanında yerləşən daşınmaz əmlakın 1 otağının hazırda mövcud vəziyyəti və texniki parametrləri müəyyən olundu. ünvan 4 saylı ünvanda yerləşən daşınmaz əmlak cavabdehlər tərəfindən təqdim edilməmişdir. “Birinci ünvan”da mənzilin 2 otağından 1/5 hissə paya düşən yaşayış sahəsi Inşaat norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndində tələb olunan 8.0 kv.m. sahədən az olduğunu nəzərə alaraq, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması Inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.4. bəndinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. Tədqiq olunan digər tikili, “ikinci ünvan”da yerləşən 1 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə hər birinin payına uyğun olaraq naturada ayrılması Inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələbləri texniki cəhətdən mümkün deyil.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhərində Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ** saylı və Bakı şəhəri, Nəsimi rayonu, Məsut Əlizadə küçəsi, * saylı evlərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin əmlakın paylı mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3, qalan 50 manatın isə cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulub X19 hesabına köçürülməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Hazırkı iş üzrə mübahisəli əmlakların naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş ##.##.2024-cü il tarixdə verilmiş rəyi ilə öz təsdiqini tapmışdır. Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Belə olan halda, ümumi əmlakın bölünməsi texniki cəhətdən mümkün olmadığından ümumi paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması mümkün hesab edilməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakların naturada bölgüsü mümkün olmadığından və həmçinin, cavabdehlər tərəfindən iddiaçıların payına uyğun tələb olunan kompensassiyanın verilməsi ilə bağlı da tərəflər arasında razılıq olmadığından, satın almaqda üstünlük hüququ olanlara müvafiq bildirişlər təqdim edilməklə münasibət bildirilmədiyindən həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, müvafiq bazar qiymətinə uyğun hərracın müəyyən edilməsi tələbi də əsassız olmaqla təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan əmlakın bazar qiymətinin müəyyən edilməsi (tərəflər bununla bağlı əvvəldən razılığa gəldiklərindən) nəzərdə tutulmuş, bu kimi iddiaya münasibətdə isə gələcəkdə əmlakın satış qiymətindəki paylı mülkiyyətçilər arasında ixtilafların olmasının nəzərə alınması məqsədilə təmin edilməməli və məhkəmə qətnaməsinin icra mərhələsində həll edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsinin qismən, yəni ona aid olan və “ikinci ünvanda” yerləşən daşınmaz əmlakla bağlı hissəsinin ləğv edilməsini və onun payına düşən əmlakla bağlı hissədə iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi işə baxarkən cavabdeh kimi cavabdeh1 iştirakını təmin etməmişdir. O, məhkəmə mübahisəsi və qətnaməsi barədə qətnamə icraya yönəldildikdən və icra məmuru ona müraciət etdikdən sonra məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh1 nə iddiaçıların, nə də digər cavabdehin ailə üzvü deyil, onların miras payla bağlı mübahisələrinin cavabdeh1 heç bir aidiyyəti yoxdur. cavabdeh1 və mərhum Həsən Hüseynovun “ikinci ünvanda” yerləşən 2 fərqli otaqları olub. cavabdeh1 Həsən Hüseynovla 2 fərqli otağa pay hüquqları daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda da öz əksini tapmışdır. Lakin rayon məhkəməsi iddianı təmin edərkən cavabdeh1 Həsən Hüseynovun 1 otağına pay hüququnu nəzərə almamışdır. Rayon məhkəməsi sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iddianın cavabdeh1 payına düşən əmlaka aid hissəsində iş üzrə səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, A.Imanov və F.Talışinski) cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir.

25. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən *(***)-****/**** saylı iş üzrə verilmiş ##.##.2022-ci il tarixli, **/**** saylı rəyinə əsasən “ikinci ünvanda” yerləşən 1 otaqlı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması Inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil.

27. “xxxx” MMC tərəfindən *(***)-****/**** saylı iş üzrə verilmiş ##.##.2022-ci il tarixli, H/**- PLS nömrəli rəydən görünür ki, “ikinci ünvanda” yerləşən və qiymətləndirməyə təqdim olunan evin 1 otağının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 2 otağın 45.000 manat, 1 otağın qiyməti 30.000 manat təşkil edir.

28. Işin hallarına əsasən cavabdeh cavabdeh2 ona iddiaçılar tərəfindən ünvanlanmış ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli təklif məktublarına cavab verməmişdir. Həmin təklifə cavabdeh cavabdeh1 tərəfindən ##.##.2024-cü il tarixdə edilmiş qeydə əsasən o təklifdən imtina etmişdir.

29. Mübahisəli əmlakların naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması ekspert rəyi ilə öz təsdiqini tapdığından Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 215.1, 220.3-220.6-ci və MPM-in 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh cavabdeh1 (vəkili X7) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Cavabdeh kassasiya şikayətini Mülki Məcəllənin 213.6-cı maddəsinə istinad edərək onunla əsaslandırılmışdır ki, onun X4 Dalxan oğlu ilə “ikinci ünvan”da 2 fərqli otaqdan ibarət paylı mülkiyyətdə daşınmaz əmlakların olmasını, həmin otaqların bir biri ilə bitişik olmaması, eyni tikili altında yerləşməməsini, onun Hüseynov Həsənlə 2 fərqli otağa pay hüququnun daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX-******* saylı çıxarışda da öz əksini tapmasını, eyni zamanda onun Hüseynov Həsənin 1 otağına pay hüququnun olmasını, otağı hərrac vasitəsilə satışa çıxararkən və əmlakı bölərkən onun Hüseynov Həsənin 1 otağına pay hüququnu nəzərə almayıb. Buna görə də, məhkəmə qətnaməsi ləğv olunmalı və paylı mülkiyyətdə olan əmlak bölünərkən cavabdehin Hüseynov Həsənin 1otağına payı nəzərə alınmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi nəzərə almamışdır ki, o, mülkiyyətində olan “ikinci ünvan”da yerləşən yaşayış sahəsini notarial qaydada təsdiq olunmuş AN-İ ******* saylı, ##.##.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyərini tam ödəyərək Hacıyeva (Əhmədova) Zəhraxanım Faiq qızından satın almışdır. Onun alqı-satqı yolu ilə əldə etdiyi yaşayış sahəsi əvvəlcə iç-içə 2 otaqdan və ayrıca tikilidən ibarət olmuşdur. Sonradan o yaşayış sahəsini iç-içə istiqamətdə hər iki tərəfə genişləndirərək daha iki otaq inşa etmişdir. O yaşayış sahəsini X2 ilə şərikli almamış, Hacıyeva (Əhmədova) Zəhraxanım Faiq qızı ilə alqı-satqı müqaviləsinin bağlanmasında və yaşayış sahəsinin dəyərinin ödənilməsində X2 iştirak etməmişdir. X4 həyətdə ayrıca tikilmiş otağı sənədsiz əldə etmiş və həmin otaq onun cavabdehlə paylı mülkiyyətində olmuşdur.

34. Cavabdehin X2 ilə razılaşmasına əsasən onun yalnız həyətdə ayrıca inşa olunmuş 1 otaqda payı olduğundan adı reyestrdə qeydiyyata alınmışdır. Qalan tikililər, o cümlədən həyətdəki ayrıca inşa edilmiş bir otaqdan ibarət tikili cavabdehə məxsusdur. Həyətdə inşa olunmuş sənədsiz otağı onunla şərik əldə etdiyindən X2 ona etibarnamə də vermişdir. Bu fakt alğı-satqı müqaviləsi və 2012-ci ildə cavabdehə verilmiş dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmin çıxarışdan da görünür ki, X2 payı yalnız 1 otağa olub. Onun həmin otağa hüquqları ##.##.2006-cı ildə qeydə alınıb. Özü isə ümumi sahəsi 85 kv.m. təşkil etmiş yaşayış sahəsini ##.##.2012-ci il tarixdə Hacıyeva (Əhmədova) Zəhraxanım Faiq qızından satın alma yolu ilə əldə etmişdir.

35. ##.##.2015-ci il tarixdə X2 vəfat etmişlər. Qeyd edilən faktlar, o cümlədən onun notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq və dəyərini ödəyərək 85 kv.m. sahəsi olan ayrıca yaşayış sahəsi əldə etməyi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə həmin yaşayış sahəsinə X2 hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənədlərin olmamasını nəzərə almamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

40. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

41. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

42. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

43. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

44. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

50. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli qərarı

52. “Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.”

Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ***/**** nömrəli, ##.##.2024-cü il tarixli Qərardadı

53. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

54. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

55. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

56. Bənd 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

63. Kassasiya şikayətində irəli sürülmüş bəzi dəlillər (mülkiyyətində olan “ikinci ünvan”da yerləşən yaşayış sahəsini notarial qaydada təsdiq olunmuş ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alındığı, əldə etdiyi yaşayış sahəsinin əvvəlcə iç-içə 2 otaqdan və ayrıca tikilidən ibarət olduğu, sonradan yaşayış sahəsini iç-içə istiqamətdə hər iki tərəfə genişləndirərək daha iki otaq inşa etməsi, yaşayış sahəsini X2 ilə şərikli almadığı, X4nun həyətdə ayrıca tikilmiş otağı sənədsiz əldə etməsi və s.) apelyasiya şikayətində irəli sürülməmişdi.

64. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəflərin dəlilklərini nəzərə almadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

65. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır.

66. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

67. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

68. Bu baxımdan apelyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, və araşdırma predmeti olmamış halların kassasiya icraatında mübahisələndirilməsi və yoxlanılması, mülki prosesin prinsiplərinə ziddir.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** nömrəli # ###### 2024-cü il tarixli qərardadına əsasən, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

70. Baxılan iş üzrə qətnamənin nəticə hissəsində əmlakın satış qiyməti göstərilməyib. Lakin kassasiya şikayətində bu barədə dəlil irəli sürülməmişdir və yuxarıda qeyd edilənlərə əsasən əmlakın satış qiyməti ilə bağlı məsələ kassasiya araşdırmasının hədlərinə daxil deyildir.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar