Məhkəmə qərarları › İş №2(1-8)-637/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-637/2026

17.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-637/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu Maştağa qəsəbəsi 3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması”; Mülki mübahisənin kateqoriyası: Istehlak münasibətlərindən irəli gələn mübahisələr; Təbii qazdan istifadə ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “imtinasının əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Istehsalat Birliyinin (bundan sonra mətndə-cavabdeh IB) **-*-*/*-M-****- */**** saylı, ##.##.2024-cü il tarixli məktubuna əsasən, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Eyni zamanda, sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və.s) təqdim etməklə müraciət etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci (iyirminci) iş günündə “ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir. Texniki şərtlərin qüvvədə olma müddəti 2 (iki) il qəbul edilir. Fərdi yaşayış evlərində quraşdırılan məişət qaz sayğacları Birlik tərəfindən ödənişsiz olaraq təmin olunur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı təqdim olunmuş çıxarışa əsasən, ünvan * saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0220 hektar olan torpaq sahəsi sonuncunun adına ##.##.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi rəsmiləşdirilmişdir.

3. ******* saylı, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan * saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0220 hektar olan torpaq sahəsi X2 tərəfindən İddiaçı 5400 manata satılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdeh IB-yə qarşı “imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi mülkiyyətində olan Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş 3 sot torpaq sahəsində ev inşa etmişdir. Hazırda həmin torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və Sabunçu Rayon Icra Başçısı tərəfindən ##.##.1994-cü il tarixli ** saylı çıxarış verilmişdir. 2020-ci ilin may ayında inşa etmişdir. Həmin mənzilə Azərişıq ASC tərəfindən işıq və Azərsu Idarəsi tərəfindən isə su xətti çəkilərək hər ikisinə sayğac qoyulmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi onun və ailəsinin istifadəsindədir. Ancaq dəfələrlə qaz xətti çəkmək üçün Cavabdeh müraciət etsə də müraciəti cavabsız qalmışdır. Bundan sonra o yenidən istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı ##.##.2024-cü il tarixdə poçt vasitəsilə Cavabdeh ərizə ilə müraciət etmişdir. Lakin qanuna müvafiq olaraq həmin ərizəsinə 15 iş günü müddətində cavab verilməmişdir. Ona görə də o, cavabdeh təşkilat tərəfindən cavabı imtina kimi qəbul edir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun istifadəsində olan yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə qazlaşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Iddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında Çıxarışdan da görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. O inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də Cavabdeh Istehsalat Birliyinin Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki o həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Hesab edir ki, Cavabdeh ərizə cavab verməməsi qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə onun AR Konstitusiyasında təsbit edilmiş hüquqlarını kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. Iddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 3 sot torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsini cavabdehə həvalə olunması barədə çıxarılmalıdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə. R. Abbasova) iddia qismən təmin edilərək, iddiaçıya məxsus ünvan * saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyi cavabdeh IBnə həvalə edilmiş, eyni zamanda cavabdeh IB-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən, cavabdeh IB iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. Imtinanı əsası kimi qeyd olunmuş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinin icazənin alınmaması və əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmaması göstərilmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79cu maddəsində

8. qeyd olunmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə daxildir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Odur ki, cavabdeh IB tərəfindən qaz sayğacının quraşdırılmasından imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli iddiaçı məxsus 0.0220 hektar torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması cavabdeh IB tərəfindən həyata keçirilməlidir.

10. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlib ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 10-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası” 1.4, 1.15, 2.1, 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5, 2.3-cü bəndlərinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.2, 80.1, 80.2, 80.3, 80.4-cü maddələrinə, “Təbii Inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 10.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin qaz xəttinin çəkilməsini tələb etdiyi tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olmaması, tikili ilə bağlı qanunvericiliyə uyğun icazənin alınmamamsı, eləcə də məlumatlandırma icraatının aparılmaması, bu cür tikililərə qaz xəttinin çəkilişinin qanunvericliyə olunan son dəyişikliyə görə qadağan olunması, lakin bütün bunların birinci instansiya məhkəməsi tərəfindən nəzərə salınmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq iddiaçıya məxsus tikilinin qanunvericiliyə uyğun qeydiyyata alınmadığından qanunvericiliyə edilmiş son dəyişiklik də nəzərə alınmaqla qaz xəttinin verilməsindən imtina olunmuş, eləcə də iddiaçı tərəfindən ən azından məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyətinə müraciətin olunması müəyyən edilməmişdir. Əgər, müvafiq məlumatlandırma icraatı qaydasında müraciətin olunması halı müəyyən olunardısa, bu halda qaz xəttinin çəkilməsinin mümkün olacaqdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğu, üzərindəki tikilinin inşası zamanı məlumatlandırma icraatı qaydasında müvafiq dövlət orqanlarını xəbərdar etdiyini bildirmişdir. Həmçinin, məlumatlandırma icraatına riayət etməsinə dair sənədləri təqdim edərək, maddi imkanın aşağı olması, eləcə də hazırda işsiz olması səbəbindən dövlət rüsumunu ödəyərək evinə dair çıxarış ala bilmədiyini, bununla belə digər kommunal xidmətlərdən istifadə etdiyini, buna dair müqavilələrin bağladığını, lakin cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu, ona əsassız imtina verildiyini, ailəsi ilə həmin evdə yaşadığını, təbii qaza ehtiyacının olduğunu, cavabdeh tərəfindən qeyd olunanların nəzərə alınmadığını və s... bildirmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər R.Ə. Eyvazov (sədrlik edən və məruzəçi), F.F. Babayev, F.V. Abdıyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı “imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin yoxlanılan (iddianın təmin olunan) hissədə ləğv olunması, həmin hissədə iddianın təmin olunması, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan * saylı sahə ünvanında yerləşən 0,0220 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması (yaşayış sahəsinin qazlaşdırılması) öhdəliyinin cavabdeh Cavabdeh IB-nə həvalə olunması qət edilmişdir.

17. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçı İddiaçı adına verilmiş çıxarışdan görünür ki, ünvan * saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,0220 hektar olan torpaq sahəsi sonuncunun adına ##.##.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

18. Bununla yanaşı, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin 22 yavnar 2021ci il tarixli lisenziyası əsasında X3 tərəfindən iddiaçıya həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuş və məlumatlandırma icraatı çərçivəsində Sabunçu Rayon Icra Hakimiyyətinə göndərilmişdir.

19. Iddiaçının məqsədi xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması olsa da, cavabdeh "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) istinad edərək bundan imtina etmişdir. Qeyd edilən normaya əsasən - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

20. Cavabdehin iddiaya qarşı etirazının əsas dəlili qazlaşdırılması tələb olunan tikilinin qanunvericiliyə uyğun dövlət qeydiyyatına alınmaması və qanunvericiliyə edilmiş dəyişikliyə əsasən belə tikililərə təbii qazın verilməsinin qadağan olunması olmuşdur (bu həmçinin cavabdehin apellyasiya şikayətinin əsas dəlili olmuşdur).

21. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bu halı təsdiq edərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus tikili dövlət qeydiyyata alınmadığından (məlumatlandırma icraatı) qanunvericiliyə edilmiş son dəyişiklik nəzərə alınmaqla qaz xəttinin verilməsindən imtina olunmuşdur.

22. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən, Cavabdeh Istehsalat Birliyi iddiaçı məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. Imtinanı əsası kimi qeyd olunmuş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinin icazənin alınmaması və əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmaması göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində qeyd olunmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə daxildir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Odur ki, Cavabdeh Istehsalat Birliyi tərəfindən qaz sayğacının quraşdırılmasından imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir.

23. Cavabdeh isə apellyasiya şikayətində qeyd etmişdir ki, istər qanunvericiliyə edilmiş dəyişiklikdə, istərsə də imtina məktubunda tikintisinə icazə tələb olunan və tələb olunmayan, yəni məlumatlandırma icraatı tətbiq olunmadan inşa edilmiş tikililər göstərilmişdir.

24. Göründüyü kimi, qətnamə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qaydada əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz.

25. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın yoxlanılan hissədə təmin olunması nəticəsinə gəlmişdir.

26. Əhalinin qazlaşdırılmasının məqsədi – ölkə əhalisinin təbii qazla dayanıqlı, təhlükəsiz və fasiləsiz təmin olunmasını həyata keçirməklə, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahın yüksəldilməsi, enerji resurslarından səmərəli istifadə olunması və ekoloji tarazlığın qorunmasını təmin etməkdir.

27. Məhz bu istiqamətdə cavabdeh ölkə ərazisində əhalinin təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təminatını həyata keçirən səlahiyyətli qurumdur. Cavabdeh yaşayış məntəqələrinin qazlaşdırılması, qazpaylayıcı şəbəkələrin qurulması və istismarı, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, abonent uçotunun aparılması və istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin icrasını təmin edir.

28. Bu səbəbdən də qazlaşdırmadan imtina yalnız obyektiv, qanuni və əsaslandırılmış olmalıdır.

29. Yuxarıda qeyd olunduğu kimi, müvafiq torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla, orada fərdi yaşayış evi inşa edilmiş, həmçinin yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuş və məlumatlandırma icraatı çərçivəsində Sabunçu Rayon Icra Hakimiyyətinə göndərilmişdir.

30. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən isə iddiaçının inşa etdiyi yaşayış sahəsi icazə tələb olunmayan tikili olmaqla, məlumatlandırma icraatına aiddir (79,80 və s. maddələr).

31. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi yaşayış sahəsinə hazırki vəziyyətdə əşya hüquqlarının dövlət qeydiyyatına alınmaması halı vəziyyəti dəyişdirməməklə, qazlaşdırmadan imtina üçün qanuni əsas təşkil edə bilməz.

32. Hətta nəzərə alınmalıdır ki, mülki qanunvericilik özbaşına tikintiyə belə mülkiyyət hüququnun tanınması imkanını müəyyən etməklə, bunu tikinti aparılmış torpaq sahəsinin mülkiyyətdə olması ilə əlaqələndirmişdir (MM-nin 180.3-cü maddəsi).

33. Qeyd edilən hallar isə iddiaçının qeyd olunan tikili üzərində gözlənti hüququnun yaranmasına dəlalət edir. Yəni iddiaçının gələcəkdə müəyyən şərtlər daxilində (müvafiq sənədləri dövlət reyestr xidmətinə təqdim etməklə) tikili üzərində tam hüquq əldə etmək üçün qanunla qorunan vəziyyəti yaranmışdır. Bu hüquq isə, mülkiyyət hüququ kimi hələ tam formalaşmasa da (dövlət reyestrində qeydiyyata alınmadığından), özü-özlüyündə onun formalaşması üçün qanuni əsası olan bir hüquqdur.

34. Bununla yanaşı, cavabdehin istinad etdiyi qanun norması iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasından sonra qəbul edilməklə, sonuncunun vəziyyətini ağırlaşdıra bilməz (Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndi).

35. Qeyd olunamlıdır ki, “Təbii Inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. X1 10.3-cü maddəsinə əsasən təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

36. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

37. Göründüyü kimi, qaz paylayıcısı təbii inhisar subyekti olaraq qanuni əsas olmadan istehlakçı ilə müqavilə bağlamaqdan imtina edə bilməz. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.)

38. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində sərbəst və maneəsiz şəkildə istifadə etmək səlahiyyətidir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh imtinasının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, 149-cu maddəsinin 7-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə, “Təbii Inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunun 1, 10.3-cü maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 81, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

40. Cavabdeh IB (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamənin tam ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı «imtinanın əsassız hesab edilməsi, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması»tələbinə dair iddia ərizəsinin təmin edilməməsini, kassasiya şikayətinin verilməsi məqsədilə Cavabdeh IB tərəfindən Ali Məhkəmənin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq Cavabdeh IB-yə geri qaytarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf həmin evə çıxarışı əldə edə bilməməsini hazırda işsiz olması səbəbindən dövlət rüsumunu ödəyə bilməməsi ilə əlaqələndirmişdir. Bu hal ağlabatan və inandırıcı deyildir. Belə ki, evə dair çıxarışın əldə edilməsi üçün yüksək məbləğdə dövlət rüsumunun ödənilməsi gərək deyildir. Burada əsas amil başqa səbəblər ola bilər ki, apellyasiya məhkəmə kollegiyası bunu araşdırmamışdır (Məsələn: məlumatlandırma icraatına RIH tərəfindən irad bildirilməsi, lakin evin özbaşına tikilib başa çatdırılması; evin memarlıq-planlaşdırma layihəsindən kənara çıxılaraq tikilməsi, layihə üzrə evin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmamış olması və s.).

42. Apellyasiya məhkəmə kollegiyası qətnamənin hüquqi məsələlərə dair hissəsində göstərmişdir ki: - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin ## ###### 2021-ci il tarixli lisenziyası əsasında X3 tərəfindən iddiaçıya həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuş və məlumatlandırma icraatı çərçivəsində Sabunçu Rayon Icra Hakimiyyətinə göndərilmişdir.

43. Yuxarıdakı qeyd üzrə məhkəmə iddiaçı tərəfin evin tikintisi ilə bağlı qanunamüvafiq addımlar atmış olduğunu göstərsə də, bu hissədə araşdırma səthi aparılmışdır. Belə ki, məhkəmə sözügedən məlumatlandırma icraatı üzrə Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən iddiaçıya iradın bildirilib-bildirilməsini, memarlıq-planlaşdırma bölməsində təsvir olunmuş evin layihəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınıb-alınmamış olmasını və s. kimi hüquqi və texniki prosedurları araşdırmamışdır. Iddiaçı tərəfindən fərdi yaşayış evin qanunamüvafiq tikintisi barədə sənədləşmələrin tam olması işə əlavə olunmuş sübutlardan tam müəyyən olunmadığı üçün məhkəmə kollegiyası tərəfindən qazpaylayıcı Cavabdeh IB-nin üzərinə məcburetmə öhdəliyinin qoyulması ədalətli məhkəmə araşdırmasının yekunu kimi tərəflərindən qəbul edilmir. Iddiaçının qazlaşdırılmasını tələb etdiyi fərdi yaşayış evi hazırda sənədsiz və özbaşına tikili statusundadır. Sənədsiz evlərin, habelə özbaşına tikililərin isə qazlaşdırılması təhlükəlidir. Iddiaçı tərəfindən qazlaşdırılması tələb olunan özbaşına tikilinin də qazlaşdırılması öhdəliyinin məhkəmə tərəfindən Cavabdeh IB-yə həvalə edilməsi, hesab edirlər ki, çox ciddi qanun pozuntusudur və yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilərkən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, “Qaz təchizatı haqqında” Qanunun və digər sahəvi-yerli qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

44. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaəlavə qaz həcmi alması” Qaydasına əsasən, qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs sifarişçi sayılır. Qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edərkən bir sıra məlumatlarla yanaşı sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar verilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfin qazlaşdırılmasını istədiyi fərdi yaşayış evi üzərində hər hansı hüququnun mövcudluğu iş materialları ilə təsdiq edilmir. Iddiaçının özü fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair hər hansı hüquqmüəyyənedici sənədi və ya onun hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq çıxarışı məhkəməyə təqdim etməmişdir. Iddianın həlli zamanı apellyasiya məhkəməsi ədalətli məhkəmə araşdırmasına uyğun olmayan əsassız qətnamə qəbul etmişdir.

45. Nazirlər Kabinetinin «Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması» Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir.

46. Fərdi yaşayış evlərinin, o cümlədən də iddiaçının qazla təchiz edilməsini tələb etdiyi fərdi yaşayış evinin qazlaşdırılması qazpaylayıcı təşkilat Cavabdeh IB tərəfindən sifarişçiyə (iddiaçıya) texniki şərtin verilməsi yolu ilə mümkündür. Yəni ki, yaşayış ünvanına qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması məqsədilə cavabdeh Cavabdeh IB tərəfindən qeyd edilən ünvan üçün iddiaçı tərəfə texniki şərtin verilməsi mütləq və zəruridir. Əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh IB fərdi yaşayış evlərinin qazlaşdırılması işlərini həyata keçirmir (rayon, şəhər, qəsəbə, kəndlər istisna olmaqla). Fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün iddiaçı tərəfindən zəruri dövlət rüsumu ASAN Xidmət mərkəzində ödənildikdən sonra qazpaylayıcı Cavabdeh IB tərəfindən ünvanın qazlaşdırılmasını tələb edən sifarişçiyə texniki şərt verilməli və həmin sənəd əsasında fərdi yaşayış evinin qazlaşdırılması SIFARIŞÇININ VƏSAITI HESABINA onunla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş «Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına dair» lisenziya əsasında fəaliyyət göstərən podratçı tikinti təşkilatları arasında bağlanmış podrat müqaviləsi əsasında podratçı təşkilat tərəfindən həyata keçirilir. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə iddiaçı (sifarişçi) tərəfindən zəruri texniki prosedurlara riayət edilməsinin vacibliyini və sahəvi qanunvericiliyin tələblərini nəzərə almamış, qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir.

47. Iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edildikdə “qiymətləndirilməyən iddia tələbi üzrə” birinci instansiya məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi gərək olduğu halda, iddiaçı tərəf qanunla müəyyən edilmiş həmin dövlət rüsumunu ödəməmiş və iddia tələbini icraata qəbul etmiş məhkəmə işin diqqətəlayiq prosessual halını nəzərə almamışdır. Iddiaçı tərəfin dövlət rüsumunu ödəməkdən azad olduğunu təsdiq edən sənəd də iş materiallarından müəyyən edilmir. Iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış olduğundan iddiaçının iddia ərizəsi geri qaytarılmamış və iddia ərizəsi prosessual tələblərə zidd olaraq icraata qəbul edilməklə baxılmışdır.

48. Kassasiya şikayətinin hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci bəndinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79-80-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli Qərarına, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcminin alması” Qaydalarına, “Qazdan istifadə Qaydaları”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

50. Maddə 149 VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

51. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

2026-cı il ######ın #-dək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun:

52. Maddə 13. 1.Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

53. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası”

54. Bənd 1.4. Hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır.

55. Bənd 1.15. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədə olma müddətinin uzadıldığı müddətə verilir.

56. Bənd 2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir.

57. Bənd 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FIN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda).

58. Bənd 2.3. Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

60. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edildikdə iddiaçı tərəf qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəmədiyi və iddia tələbini icraata qəbul etmiş məhkəmənin işin diqqətəlayiq prosessual halını nəzərə almadığı, iddiaçı tərəfin dövlət rüsumunu ödəməkdən azad olduğunu təsdiq edən sənəd də iş materiallarından müəyyən edilmədiyi, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış olduğundan iddiaçının iddia ərizəsinin geri qaytarılmadığı və iddia ərizəsinin prosessual tələblərə zidd olaraq icraata qəbul edilməklə baxıldığı barədə dəlili ilə razılaşmır.

74. Belə ki, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

75. Yuxarıda qeyd edilənlərə əsasən də kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı istehlakçı hesab edilir və istehlakçı kimi hüququnun pozulması ilə əlaqədar verdiyi iddia üzrə dövlət rüsumu ödəməkdən azad edilir.

76. Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh IB-nin fərdi yaşayış evlərinin qazlaşdırılması işlərini həyata keçirmədiyi (rayon, şəhər, qəsəbə, kəndlər istisna olmaqla), fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün iddiaçı tərəfindən zəruri dövlət rüsumunun ASAN Xidmət mərkəzində ödənildikdən sonra qazpaylayıcı Cavabdeh IB tərəfindən ünvanın qazlaşdırılmasını tələb edən sifarişçiyə texniki şərt verilməli və həmin sənəd əsasında fərdi yaşayış evinin qazlaşdırılmasının sifarişçinin vəsaiti hesabına onunla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş «Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına dair» lisenziya əsasında fəaliyyət göstərən podratçı tikinti təşkilatları arasında bağlanmış podrat müqaviləsi əsasında podratçı təşkilat tərəfindən həyata keçirildiyi, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə iddiaçı (sifarişçi) tərəfindən zəruri texniki prosedurlara riayət edilməsinin vacibliyini və sahəvi qanunvericiliyin tələblərini nəzərə almadığı və qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etdiyi barədə dəlilləri ilə əlaqədar bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçını onun tərəfindən müvafiq dövlət rüsumlarının və müvafiq işlərin həyata keçirilməsi məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq ödənilməli olan xidmət haqqı və digər pul vəsaitlərinin ödənilməsindən azad etmir.

77. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

79. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar