Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-647/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “İB.İN.M-İnşaat” Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: qanunsuz hərəkətlərin qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “İB.İN.M-İnşaat” Mənzil Tikinti Kooperativinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbi barədə iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İB.İN.M-İnşaat” Mənzil Tikinti Kooperativi (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2020-ci il tarixli payçı-alıcı İddiaçı ilə icraçı “İB.İN.M İNŞAAT” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, A bloku , 6-cı mərtəbəsində, ümumi sahəsi 133,6 kv.m olan, 3 otaqlı, 41saylı mənzili payçıya verməyi öz öhdəsinə götümüşdür.
2. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ## ######## 2024-cü il tarixində qərara almışdır ki, çoxmənzilli binanın idarəetmə üsulu olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəetmə üsulu seçilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdeh “İB.İN.M- İnşaat” Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdiriməsi haqqında ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzildən istifadəsinə, həmin mənzilə gələn su, işıq, qaz verilişinə, binanın ümumi istifadəsində olan avtomobil parklanma ərazisinə daxil olmasına qoyulmuş maneələrin, həmçinin binanın liftindən iddiaçının və onun arvadının istifadəsinə yaradılan maneələrin aradan qaldırılması və bu cür maneələrin gələcəkdə də qoyulmasının qadağan edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manatın, ümumilikdə 420 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının binanın liftindən istifadə etməsi əngəllənmiş, mənzilinə qaz, işıq və suyun verilməsi kəsilmiş və onun binanın ümumi istifadəsində olan avtomobilin parklanma ərazisinə daxil olması məhdudlaşdırılmışdır. Qanunvericilik normalarına əsasən mənzil mülkiyyətçisinin və istifadəçisinin istifadə etdiyi yaşayış sahəsinə görə və faktiki istifadə etdiyi kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsi vəzifəsi olduğu nəzərdə tutulmuş, lakin bu vəzifənin yerinə yetirilməməsinin iddiaçının mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyətlər qoyulmasına əsas olması və ixtisaslaşmış istehlak kooperativlərinin belə bir hüququnun olması nəzərdə tutulmamışdır. Bundan başqa, mövzu predmeti olan müqavilə şərtində kommunal ödənişlərin ödənilməsi nəzərdə tutulsa da, həmin ödənişlərin məbləği, ödənilməsi qaydası kimi müddəalar müəyyən edilməmişdir. Bununla iddiaçı razılaşmır. Lakin cavabdeh tərəfindən mənzilə liftdən kənar daxil olma əngəlləndiyindən və iddiaçının başqa imkanı qalmadığından məcbur kommunal ödənişləri ödəməli olur ki, bu da göstərilən normaların tələblərinə tamamilə ziddir və bu hərəkətlər qanunsuzdur.
5. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının kommunal borcları var. ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi ümumi yığıncağının ##.##.2024-cü il tarixli **/**** saylı protokolunun 3-cü maddəsinə əsasən kommunal borclara görə yalnız liftdən istifadəyə məhdudiyyət qoyula bilər. Kommunal ödənişlər həyata keçirilməyəndə ciddi problemlər yaranır. MTK qaz, su, işıq istifadəsinə müdaxilə edə bilməz. Buna görə də, MTK tərəfindən qazın, suyun, işığın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb. MTK tərəfindən iddiaçının avtomobil dayanacağına giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb. İddiaçı ümumi yığıncağın keçiriləcəyindən xəbərdar olmuşdur. Ümumi yığıncaq binanın idarəetmə orqanıdır. Mülkiyyət hüququndan istifadəyə qadağa və ya məhdudiyyətlər tətbiq edilməyib.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbi qismən təmin edilərək iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzilə su və elektrik enerjisinin verilməsinə, iddiaçının həmin binanın ümumi istifadəsində olan liftdən və avtoparklanma yerindən istifadəsinə olan maneələrin aradan qaldırılması və bu cür maneələrin edilməsinin gələcəkdə cavabdehə qadağan edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ## ######## 2024-cü il tarixində qərara almışdır ki, çoxmənzilli binanın idarəetmə üsulu olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəetmə üsulu seçilsin. Lakin verilən qərarla bağlı nəticə verilmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir.
8. Cavabdeh iddiaçının liftdən istifadəsinə cavabdeh tərəfindən maneələr törədildiyini etiraf edir və bu faktı mübahisələndirmir. Lakin avtoparklanma yerinə maneə törədilməsi faktını qəbul etməsə də, iş materiallarından iddiaçıya verilmiş kartla avtoparklanma yerinin qapısını açmağın mümkün olmadığı müəyyən edilir. Beləliklə, cavabdehin iddiaçının avtoparklanma yerindən istifadəsinə maneə törətməsi sübuta yetirilmiş hesab edilir.
9. İddia tələbinin həmin hissələrinə, yəni liftdən və avtoparklanma yerindən iddiaçının istifadəsinə maneələrin yaradılması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, bu qanunsuzdur və yolverilməzdir. Belə ki, lift və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub.
10. Məhkəmə cavabdehin iddia tələbinə etirazının dəlilinə (yaşayış sahəsinin saxlanması və təmirinə görə haqların iddiaçı tərəfindən ödənilməməsi) münasibətdə qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi tərəfindən yaşayış binasının saxlanması xərclərinin ödənilməməsi həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerlərindən istifadəyə qadağa qoyulmasına əsas vermir, bununla belə tərəf həmin haqların ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu özündə saxlayır. Hazırkı işdə cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmişdir.
11. Mənzilə gələn su, işıq və qaz verilişinə edilmiş müdaxilələrə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh belə müdaxilələrin edilmədiyini bildirir. İddiaçı isə iddia tələbində qazın verilməsinə də cavabdeh tərəfindən müdaxilə olunduğunu qeyd etsə də, məhkəmə zalında verdiyi izahatında belə müdaxilənin olmadığını bildirmişdir.
12. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, mənzillərə çəkilmiş elektrik və su xətti texniki olaraq cavabdeh tərəfindən müdaxilə edilə biləcək vəziyyətdədir. Cavabdeh tərəf müvafiq xətlərə müdaxilənin mümkünsüzlüyü barədə məhkəməyə sübut təqdim edə bilməmiş, sadəcə heç bir qadağanın qoyulmadığını bildirməklə kifayətlənmişdir. Eyni zamanda, cavabdeh təşkilatın liftdən istifadəyə qadağa qoymasını qəbul etməsi, avtoparklanma yerindən istifadəyə maneələrin yaradılmasının məhkəmədə sübuta yetməsi, cavabdeh tərəfindən su və işıq xətlərinə müdaxilə edilməsi barədə iddiaçının dəlillərinin həqiqətə uyğun olduğunu göstərir. Ona görə də, bu hissədə də iddia tələbi təmin edilməli və cavabdeh təşkilat tərəfindən su və elektrik enerjisi xətlərinə müdaxilə edilməsi, su və elektrik enerjisinin verilişinə məhdudiyyət qoyulması qadağan edilməlidir.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, mənzilə su və elektrik enerjisi verilməsinə dair məhdudiyyətlər həmin xidmətləri göstərən müvafiq təşkilatlar tərəfindən mülkiyyətçi ilə bağlanmış müqavilələr əsasında qanuni yollarla məhdudlaşdırıla bilər.
14. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 231.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 43.1, 43.2, 44.1, 44.2, 44.3, 44.4, 44.6, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 45.6, 45.7, 135.1, 135.2.3, 136.2,136.2.1, 136.2.2, 136.4, 137.4, 137.7, 137.10, 141.1, 141.2, 141.3, 141.4, 141.5, 141.10-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 77, 88, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti cavabdehin nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 21 oktayabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyi onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ##.##.2024-cü il tarixində qərara almışdır ki, çoxmənzilli binanın idarəetmə üsulu olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəetmə üsulu seçilsin. Lakin məhkəmə verilən qərarla bağlı nəticə verilmədiyi müəyyən edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının liftdən istifadəsinə onun tərəfindən maneələr törədildiyini etiraf edir və bu faktı mübahisələndirmir. Lakin avtoparklanma yerinə maneələrin törədilməsi faktını qəbul etməsə də, iş materiallarından iddiaçıya verilmiş kartla avtoparklanma yerinin qapısını açmağın mümkün olmadığı müəyyən edilir. Beləliklə, cavabdehin iddiaçının avtoparklanma yerindən istifadəsinə maneələr törətməsi sübuta yetirilmiş hesab edilir. Liftdən və avtoparklanma yerindən iddiaçının istifadəsinə maneələrin yaradılması qanunsuz və yolverilməzdir.
20. Belə ki, lift və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub.
21. Məhkəmə kollegiyası həmçinin, cavabdeh MTK-nın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqların iddiaçı tərəfindən ödənilməməsi dəlili ilə bağlı qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi tərəfindən yaşayış binasının saxlanması xərclərinin ödənilməməsi həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerlərindən istifadəyə qadağa qoyulmasına əsas vermir, bununla belə tərəf həmin haqların ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu özündə saxlayır. Hazırkı işdə cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mənzilə gələn su və işıq verilişinə edilmiş müdaxilələrə gəldikdə isə, cavabdeh belə müdaxilələrin edilmədiyini bildirir. İş materiallarından müəyyən edilir ki, mənzillərə çəkilmiş elektrik və su xətti texniki olaraq cavabdeh MTK tərəfindən müdaxilə edilə biləcək vəziyyətdədir. Cavabdeh MTK müvafiq xətlərə müdaxilənin mümkünsüzlüyü barədə məhkəməyə sübut təqdim edə bilməmiş, sadəcə heç bir qadağanın qoyulmadığını bildirməklə kifayətlənmişdir. Eyni zamanda, cavabdeh MTKnın liftdən
22. istifadəyə qadağa qoymasını qəbul etməsi, avtoparklanma yerindən istifadəyə maneələrin yaradılmasının məhkəmədə sübuta yetməsi, cavabdeh tərəfindən su və işıq xətlərinə müdaxilə edilməsi barədə iddiaçının dəlillərinin həqiqətə uyğun olduğunu göstərir. Halbuki mənzilə su və elektrik enerjisi verilməsinə dair məhdudiyyətlər həmin xidmətləri göstərən müvafiq təşkilatlar tərəfindən mülkiyyətçi ilə bağlanmış müqavilələr əsasında qanuni yollarla məhdudlaşdırıla bilər. Odur ki, bu hissədə də iddianı təmin etməklə və cavabdeh MTK tərəfindən su və elektrik enerjisi xətlərinə müdaxilə edilməsi, su və elektrik enerjisinin verilişinə məhdudiyyət qoyulmasının qadağan edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 231.1-ci, Mənzil Məcəlləsinin 35.1, 43.1, 43.2, 44.1, 44.2, 44.3, 44.4, 44.6, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 45.6, 45.7, 135.1, 135.2.3, 136.2,136.2.1, 136.2.2, 136.4, 137.4, 137.7, 137.10, 141.1, 141.2, 141.3, 141.4, 141.5, 141.10-cu və Mülki Prosessual Məcəllənin 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh MTK (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq avtoparklanma yerləri də yaşayış binasının tərkib hissəsi olaraq ümumi paylı mülkiyyətə aid edilmişdir. Bununla da, maddi hüquq norması düzgün tətbiq edilməmiş, əsassız qətnamə qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən predmetin yaşayış binasının tərkib hissəsi olaraq mülkiyyətçilərin ümumi paylı mülkiyyəti hesab olunması üçün həmin predmet mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulmuş olmalıdır. Nəzərə alınmalıdır ki, qapalı avtoparklanma ərazisi mülkiyyətçilərin ümumi paylı mülkiyyətinə aid edilə bilməz. Belə ki, həmin ərazidən istifadə birbaşa olaraq mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulmamışdır. Şəxsin qapalı avtoparklanmadan istifadə edə bilməməsi öz mülkiyyətindən istifadəsini heç bir qaydada məhdudlaşdırmamaqdadır. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı dedikdə birdən artıq sahəyə xidmət edən avadanlıqlardan, texniki ərazilərdən və kompleksə xidmət üçün nəzərdə tutulan digər xidməti avadanlıq və ərazilərdən bəhs olunmaqdadır. Göründüyü kimi, qapalı avtoparklanma ərazisi Mülki Məcəllə və Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi əmlakına aid deyildir.
26. Lift ümumi paylı mülkiyyətə aid sahədir. Sakinlərin liftlərdən istifadəsinə isə MTK tərəfindən hər hansı müdaxilə edilməmişdir. Belə ki, iş materiallarına da əlavə edilmiş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın idarəetməsi MTK-dan alınaraq müstəqil MMC-yə həvalə edilmişdir. Lakin qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, işin faktiki hallarına uyğun maddi hüquq normaları tətbiq edilməmişdir.
27. Qaraj ümumi paylı mülkiyyətə aid deyildir və yalnız ödənişli əsaslarla istifadə və ya mülkiyyət hüququnun yaranması nəzərdə tutulmuşdur. Ümumilikdə isə nə qaraj, nə də liftlərin idarə edilməsinə MTK cavabdeh deyildir.
28. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə yalnız tərəflər arasında mübahisə olduqda məhkəmə işinə başlamağa haqlıdır. Lakin hal-hazırkı məhkəmə işində bir neçə əsaslar səbəbindən tərəflər arasında real mübahisə olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvə qiymət verilməmiş, eyni səhv yenidən təkrarlanmışdır.
29. Yaşayış kompleksinin tikintisi başa çatdıqdan və mənzillər mülkiyyətçilərinə təhvil verildikdən sonra Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarı ilə kompleksin idarə edilməsi və kommunal xidmətlərin göstərilməsi “xxxx” MMC-yə tapşırılmışdır. Bununla da, “İB.İN.M-İnşaat” Mənzil-Tikinti Kooperativinin kompleksin idarə edilməsi və kommunal xidmətlərin göstərilməsində heç bir aktiv fəaliyyəti qalmamışdır. Aktiv fəailiyyəti olmamaqla ümumiyyətlə kompleksin idarə edilməsində iştirak etməməkdədir. Bu səbəbdən də, iddiaçıya qarşı hər hansı maneələr yaratması mümkün deyildir.
30. Ümumiyyətlə nəzərə alınmalıdır ki, nəinki MTK-nın, heç “xxxx” MMC-nin belə iddiaçının su, işıq və qaz kimi kommunal xidmətlərdən istifadəsini məhdudlaşdırmaq səlahiyyəti olmamışdır.
31. Apellyasiya Məhkəməsi tərəfindən əsaslandırmasında qeyd etdiyi “müdaxilənin mümkünlüyü” ifadəsinin mənası izah edilməmişdir. Bu cür “mümkünlüyün” müdaxilənin artıq baş vermiş kimi qiymətləndirilməsi tamamilə qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. İddiaçının nümayəndəsi və vəkili vəkil3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, kommunal ödənişlərin edilməməsi liftdən istifadənin məhdudlaşdırılması üçün hüquqi əsas yarada bilməz. Bu cür hərəkət qanunsuzdur. Bu hərəkətin qanunsuzluğunu təsdiq edən geniş məhkəmə təcrübəsi də mövcuddur. Digər tərəfdən, elektrik enerjisi və su sayğaclarına müdaxilənin məhdudlaşdırılması ilə bağlı bildirirməlidir ki, birinci instansiya məhkəməsində bu məsələ ətraflı araşdırılmış və belə müdaxilə imkanının mövcud olduğu müəyyən edilmişdir. Bu baxımdan, mümkün qəsdin qarşısının alınmasına yönəlmiş məhkəmənin preventiv qərarı həm qanuni hesab edilməli, həm də məhkəmənin balanslı yanaşmasının təzahürü kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
33. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29 (İ və IV hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
41. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
42. Maddə 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir:
43. 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri;
44. 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular.
45. 231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. Azərbayan Respublikasının Mənzil Məcəlləsi.
46. Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
47. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.
48. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
49. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
50. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
51. Maddə 43.2.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər aiddir.
52. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.
53. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər.
54. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir.
55. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.
56. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
57. Maddəö 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:
58. 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;
59. 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;
60. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;
61. 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
62. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.
63. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
64. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
65. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
66. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.
67. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.
68. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.
69. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
70. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.
71. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
72. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.
80. Maddə 393-1.4. Çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görəödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
73. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
74. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
77. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri:
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MTK tərəfindən iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
90. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
91. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur.
92. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binalarda yerləşən mənzilin sahibidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə iddiaçı mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə, binanın yerləşdiyi torpaq sahəsinə ümumi paylı mülkiyyət hüququna malikdir.
93. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
94. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
95. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər.
96. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur.
97. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb.
98. Həmçinin müəyyən edilib ki, iddiaçının ümumi paylı mülkiyyətində olan liftdən və binanın yerləşdiyi torpaq sahəsindən (avtoparklanma yerindən) istifadəsinə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MTK arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilədə şərtləşdirilməyib. Həmçinin iddiaçının cavabdeh MTK ilə xidmət müqaviləsi bağlaması müəyyən edilməyib. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib.
99. Belə olan halda, cavabdeh MTKnın iddiaçının liftdən və binanın yerləşdiyi torpaq sahəsindən (avtoparklanma yerindən) istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onun mülkiyyət hüququna müdaxilədir və iddiaçının bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüquqları vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
100. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
101. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
102. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
103. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
104. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
105. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
106. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
107. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
108. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
109. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.