Məhkəmə qərarları › İş №2(1-8)-724/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-724/2026

13.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-724/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh İskəndər oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İskəndər oğluna qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh İskəndər oğlu # ####### 2004-cü il tarixində rəsmi nikaha daxil olmuşlar.

2. X4 ilə Cavabdeh İskəndər oğlu arasında ##.##.2021-ci il tarixində mediasiya qaydasında barışıq sazişi bağlanmışdır. Sazişin şərtləri aşağıdakılardan ibarət olmuşdur: ##.##.2005-ci il təvəllüdlü X1, ##.##.2008-ci il təvəllüdlü Nağızadə İbrahim Vaqif oğlu və ##.##.2015-ci il təvəllüdlü Nağızadə İsgəndər Vaqif oğlunun anaları Lətifə Nağıyeva ilə qalması. Cavabdeh uşaqlarla istənilən zaman və məkanda (xarici səyahətlər də daxil olmaqla) görüşməsi. Cavabdeh uşaqların maddi-mənəvi bütün tələbatını qarşılaması. Tərəflərin birbirindən aliment tələbinin olmaması. ünvan 2 ünvanında yerləşən mənzilin Lətifə Nağıyevanın mülkiyyətində qalması. Lətifə Nağıyevanın Cavabdeh adına olan ünvan 1 ünvanında Cavabdeh da istənilən zaman həmin ünvanda qalması şərti ilə yaşaması və əgər istəsə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşməsi. Lətifə Nağıyeva “Crazy” Uşaq Klubunu öz adına və ya istədiyi adamın adına sənədləşdirilə bilər. Cavabdeh təsisçisi olduğu “xxxx” MMCnin təsisçisi olaraq qalmaqda davam etməsi. Lətifə Nağıyevanın həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə olan borcun bağışlanması. Cavabdeh Şəki şəhəri 104-cü kvartalda yerləşən torpaq payından imtina etməsi. Lətifə Nağıyevanın və uşaqların Pirşağıdakı 550 T saylı bağ evindən istifadə etməsi. “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin Lətifə Nağıyevanın mülkiyyətinə verilməsi.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İskəndər oğlu ilə İddiaçı aralarında olan # ####### 2004-cü il tarixli nikah pozulmuşdur.

4. Satıcı Cavabdeh İskəndər oğlu ilə alıcı X2 arasında bağlanmış ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil satıcı tərəfindən alıcıya 25.800 manata satılmışdır.

5. Satıcı X2 ilə alıcı İbrahimov Sahib Sayad oğlu ilə arasında bağlanmış ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən “Hyundai IX 35”markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil satıcı tərəfindən alıcıya 25.000 manata satılmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il qətnaməsinə əsasən, ərizə qismən təmin edilmiş, X4 ilə Cavabdeh İskəndər oğlu arasında bağlanmış ## ###### 2021-ci il tarixli barışıq sazişinin “Cavabdeh təsisçisi olduğu “xxxx” MMCnin təsisçisi olaraq qalmaqda davam etməsi, Lətifə Nağıyevanın həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanmasını tərəflər öz üzərinə öhdəlik olaraq götürürlər, “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin Lətifə Nağıyevanın mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər və Lətifə Nağıyevanın və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi” hissələri istisna olmaqla digər hissədə təsdiq edilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil 3 il öncə özgəninkiləşdirildiyindən artıq başqa şəxsin mülkiyyətindədir. Barışıq sazişinin həmin hissədə təsdiq edilməsi 3-cü şəxslərin hüquqlarına zidd olduğundan saziş bu hissədə təsdiq edilə bilməz. Məhkəmə eyni zamanda ərizəçiyə izah etmişdir ki, avtomobillə bağlı sazişin şərtinin maraqlı şəxs tərəfindən yerinə yetirilməməsinə görə ərizəçi maraqlı şəxsə qarşı zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh İskəndər oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərin əvəzi kimi “Hyundai IX 35” markalı buraxılış ili 2012 (mühərrik 2.4, “ful komplektasiya”, yürüş 120.000 km.) avtomobilin bazar qiyməti 25.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə # ####### 2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Həmin nikahdan üç övladı ##.##.2005-ci il təvəllüdlü X1, ##.##.2008-ci il təvəllüdlü Nağızadə İbrahim Vaqif oğlu və ##.##.2015-ci il təvəllüdlü Nağızadə İskəndər Vaqif oğlu anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan # ####### 2004-cü il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Mediasiya Təşkilatında olarkən hər ikisinin razılığı ilə mediasiya reyestrdən keçmiş M-***** nömrəli barışıq sazişi imzalanmışdır. Saziş ilə tərəflərin üzərinə götürdüyü öhdəliklər bunlardır: 1. ##.##.2005-ci il təvəllüdlü X1, ##.##.2008ci il təvəllüdlü Nağızadə İbrahim Vaqif oğlu və ##.##.2015-ci il təvəllüdlü Nağızadə İsgəndər Vaqif oğlunun anaları Lətifə Nağıyeva ilə qalması; Cavabdeh uşaqlarla istənilən zaman və məkanda (xarici səyahətlər də daxil olmaqla) görüşməsi; Cavabdeh uşaqların maddi-mənəvi bütün tələbatını qarşılaması. Tərəflərin bir-birindən aliment tələbi olmaması. ünvan 2 ünvanında yerləşən mənzilin Lətifə Nağıyevanın mülkiyyətində qalması. Lətifə Nağıyevanın Cavabdeh adına olan ünvan 1 ünvanında Cavabdeh da istənilən zaman həmin ünvanda qalması şərti ilə yaşaması və əgər istəsə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşməsi. Lətifə Nağıyeva “Crazy” Uşaq Klubunu öz adına sənədləşdirilə bilər. Cavabdeh təsisçisi olduğu “xxxx” MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. Lətifə Nağıyevanın həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanması. Cavabdeh Şəki şəhəri 104-cü kvartalda yerləşən torpaq payından imtina etməsi. Lətifə Nağıyevanın və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi. “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin Lətifə Nağıyevanın mülkiyyətinə verilməsi. Barışıq sazişi üzrə cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəliyi qəsdən və bilərəkdən icra etməmiş, barışıq sazişindən irəli gələn öhdəliklərə vicdanla yanaşma nümayiş etdirməmişdir. Cavabdeh “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə verilməsi əvəzinə dələduzluq edib sözügedən avtomobili satır. ##.##.2025-il tarixli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən arayış əsasında bunu bilmişdir. Ailə Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil şifahi vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını, sonda isə iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # ######## 2025-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbi təmin edilərək, cavabdehdən 25.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər ailə münasibətləri mövcud olmuş və həmin nikah məhkəmə qaydasında ##.##.2021-ci il tarixli qətnamə ilə pozulmuşdur. Nikahın xitamından sonra tərəflər arasında uşaqların, əmlakın və digər öhdəliklərin tənzimlənməsi məqsədilə könüllü qaydada ##.##.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Bu saziş tərəflərin iradəsini ifadə etmiş, qarşılıqlı razılıqları əsasında bağlanmış və hər iki tərəf üçün məcburi qüvvəyə malik olmuşdur.

12. Tərəflər sazişdə “Hyundai IX 35” markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi barədə aydın razılığa gəlmişlər. Bu şərt ümumi balansı qorumaq məqsədi daşıyırdı və tərəflərin qarşılıqlı güzəştlərinin ayrılmaz tərkib hissəsi idi. Beləliklə, avtomobil üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus olması şərti qəti və icrası məcburi xarakter daşıyırdı. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh barışıq sazişinin şərtlərinə zidd olaraq avtomobili üçüncü şəxsə satmışdır. Bu davranışla cavabdeh üzərinə götürdüyü öhdəliyi qəsdən icra etməmiş, iddiaçının əmlak hüquqlarını pozmuş və onu razılaşdırılmış əmlakdan məhrum etmişdir. Bu cür hərəkətlər öhdəlikdən yayınma kimi qiymətləndirilir.

13. Barışıq sazişi tərəflərin gələcək münasibətlərində sabitliyi və əminliyi təmin etməyə xidmət edir. Sazişin şərtlərinin pozulması yalnız iddiaçının deyil, həmçinin mediasiya institutunun məqsədlərinin pozulmasına səbəb olur. İş materiallarına əlavə edilmiş sübutlarla təsdiqlənir ki, avtomobil bazar qiyməti ilə satılmış və sonradan digər şəxslərə də təkrarən alğısatqı predmetinə çevrilmişdir. Bu hal avtomobilin real dəyərə malik olduğunu və cavabdehin davranışlarının təsadüfi deyil, məqsədli xarakter daşıdığını göstərir. Cavabdehin əldə etdiyi fayda əslində iddiaçının mənafeyi hesabına təmin edilmişdir ki, bu da açıq şəkildə hüquq pozuntusudur.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin gəldiyi nəticə ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsaslanır. Hansıki həmin alğı-satqı müqaviləsinin mötəbərliyi ciddi hüquqi əsaslarla tərəfindən məhkəmədə mübahisələndirilmiş və məhkəmədən cavabdehə məxsus olduğu iddia edilən, lakin cavabdeh tərəfindən icra olunmayan imzanın cavabdehə aid olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatət verilmişdir. Məhkəmədə imza nümunələri arasında fərqlilik vizual olaraq müşahidə edildiyi halda, məhkəmə tərəfindən vəsatət hər hansı əsas göstərilmədən təmin edilməməmişdir. Nəticə etibarı ilə, məhkəmə qeyri-mötəbər və ziddiyyətli sübuta əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilən ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmamış və cavabdeh tərəfindən mübahisə predmeti olan avtomobilin dəyəri olaraq göstərilən 25.000 manat əldə edilməmişdir. Satıcı qismində cavabdehin ad, soyadı göstərilməklə qeyd edilən ## ###### 2022-ci il tarixli müqavilədə satıcının imzası hissəsində icra olunmuş imza cavabdehə məxsus deyil və cavabdeh tərəfindən icra olunmamışdır. Vizual olaraq da cavabdehə məxsus, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən rəsmi sənədlərdə olan imzalarla ## ###### 2022ci il tarixli cavabdeh tərəfindən imzalandığı iddia edilən satıcı qrafasında icra edilən imzalar arasında ciddi fərqi müşahidə etmək mümkündür. Habelə, cavabdeh müqavilə ilə tanış olarkən tərəfindən əldə edilmiş sübutlarla müəyyən edildi ki, müqavilədə adı qeyd edilən X2 avtomobil alğı-satqısı ilə məşğul olan şəxsdir. O, atası Raqif Qurbanov ilə birlikdə avtomobili usta yoxlanışından keçirdikdən sonra, yuxarıda qeyd edilən texniki problemlərinə görə avtomobili 15.700 manata etibarnamə əsasında əldə edib. Daha sonra, təmir etdirdikdən sonra hansı qiymətə, nə zaman və kimə satdığı barədə cavabdeh məlumatsız olub. Adı çəkilən şəxslərlə cavabdeh alğı-satqı müqaviləsi imzalamayıb, cavabdehin sürücüsü vasitəçi X2 ilə cavabdeh arasında vasitəçilik edib, adı çəkilən şəxsə cavabdeh tərəfindən etibarnamə mobil notariat tətbiqi ilə verilib. Avtomobilin razılaşdırılmış dəyəri olan 15.700 manatı sürücü vasitəsi ilə əldə edib. Yuxarıda qeyd edilən əsaslarla məhkəmədən xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmiş və məhkəmə ekspertiza keçirilməsindən imtina etmişdir.

17. İddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi məhkəmə tərəfindən rəsmi qaydada əldə edilmiş və iş materiallarına əlavə olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə cavab verir. Cavabdeh birinci instansiya məhkəməsində imzanın saxtalaşdırılması barədə etiraz və ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Həmin müqavilə cavabdehin qanuni nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarına təsdiqedici sənəd – etibarnamə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi xətşünaslıq ekspertizasının keçirilməsindən əsaslı surətdə imtina etmişdir, çünki təqdim olunmuş sənədlər müqavilənin həqiqiliyini müəyyən etmək üçün kifayət etmişdir. Cavabdeh avtomobilin 15.700 manata satıldığını təsdiq edən heç bir rəsmi sənəd (müqavilə, qəbz və ya ödəniş sənədi) təqdim etməmişdir. Beləliklə, bu iddia hüquqi əsasa malik deyildir. Bu hal cavabdehin iddialarının yalnız qərarın icrasından yayınmaq məqsədi daşıdığını göstərir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Azad İmanov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli barışıq sazişinə əsasən, “Hyundai IX 35” markalı **- VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı razılıq əldə edilsə də, sonuncunun iradə ifadəsi olmadan cavabdeh X2 ilə bağladığı ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, avtomobili alıcıya 25.800 manata satmışdır. Bundan sonra, həmin nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə X2 tərəfindən İbrahimov Sahib Sayad oğluna 25.000 manata satılmışdır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının barışıq sazişinə əsasən mülkiyyətinə verilən nəqliyyat vasitəsinin onun razılığı olmadan cavabdeh tərəfindən satılması məlum olduqdan sonra o, cavabdehə qarşı vurulmuş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir.

20. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulması qət edilmiş nəqliyyat vasitəsinin dəyəri ilə bağlı hissədə mübahisələndirir. Göründüyü kimi, hazırkı işdə iddianın predmetini iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ təşkil edir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, mülki qanunvericilik zərər vurulmuş şəxsə zərərin əvəzinin hansı üsulla ödənilməsini (naturada və ya vurulmuş zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə) işin hallarına uyğun olaraq müəyyənləşdirmək səlahiyyətini məhkəməyə aid etmiş, eyni zamanda, MM-nin 459.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçıya vurulan ziyanın məbləğini müəyyən etmək üçün iş üzrə hər hansı bir ekspertiza tədqiqatının aparılmasına zərurət yoxdur. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, nəqliyyat vasitəsi 2022-ci ildə 25.800 manata, 2023-cü ildə isə 25.000 manata özgəninkiləşdirilmişdir. İddiaçı isə cavabdehin öz iradə ifadəsi ilə müəyyən etdiyi qiymətdən daha ucuz qiymətlə razılaşaraq cavabdehdən vurulmuş ziyana görə 25.000 manat tələb edir.

22. İstinad olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq sonda qeyd etmişdir ki, nəqliyyat vasitəsi üzərində sərəncam verdikdən sonra həmin əqdi mübahisələndirməyən cavabdehin hazırkı icraatda əqdəki imzanı, nəqliyyat vasitəsinin faktiki qiymətini mübahisələndirməsi ilə bağlı davranışı onun iddiaçının hesabına hüquqi əsası olmadan qazanc əldə etmək niyyətinin olmasını təsdiq edir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29, 60-cı, Ailə Məcəlləsinin 36.1, 36.2-ci, Mülki Məcəllənin 152.1, 337.1, 337.2, 337.4, 337.5, 459.1, 459.5, 1096.1, 1096.2, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tələbinin qismən, cavabdehin etiraf etdiyi həddə təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin real bazar dəyərinin 25.000 manat olmasını təsdiq edən heç bir obyektiv qiymətləndirmə rəyi yoxdur. Məhkəmə yalnız cavabdeh tərəfindən imzalanmamış alğı-satqı müqaviləsindəki rəqəmə əsaslanmışdır. Tərəfindən bildirilmişdir ki, avtomobilin mühərrikində ciddi problemlər olduğu üçün 15.700 manata satılmışdır. Məhkəmə bu halı araşdırmadan, əmtəəşünaslıq ekspertizası keçirmədən qərar qəbul etməklə, iddiaçının əsassız varlanmasına (real zərərdən artıq məbləğ almasına) şərait yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərir ki, “iddiaçı cavabdehin müəyyən etdiyi qiymətdən daha ucuz qiymətlə (25.000) razılaşaraq” tələb irəli sürmüşdür. Bu əsas hüquqa ziddir. Ziyanın məbləği iddiaçının “razılaşması” ilə deyil, əmlakın faktiki bazar dəyəri ilə müəyyən edilməlidir. Məhkəmə qətnaməsini əsaslandırarkən həlledici sübut kimi ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə istinad etmişdir. İddiaçı tərəf iddia edir ki, avtomobil həmin müqavilə ilə 25.800 manata satılmışdır və ziyanın məbləği məhz bu rəqəmə əsasən müəyyən edilməlidir. Lakin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində ardıcıl olaraq bəyan edilmişdir ki, həmin müqavilədəki imza Cavabdeh məxsus deyil. Avtomobilin real satış qiyməti texniki nasazlıqlar səbəbindən 15.700 manat olmuşdur. Xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırılsa da, məhkəmələr bunu əsassız olaraq rədd etmişdir. Hakim xətşünas mütəxəssisi deyildir. Məhkəmənin vizual baxış keçirməklə “imzalar uyğundur” və ya “bu faktın əhəmiyyəti yoxdur” nəticəsinə gəlməsi prosessual qanunvericiliyin kobud pozulmasıdır. Bu mövqe MPM-in 88-ci maddəsində təsbit olunmuş sübutların obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirilməsi prinsipini pozur. Çünki ziyanın məbləği birbaşa həmin sənəddəki rəqəmdən asılıdır. Əgər imza saxtadırsa, sənəddəki 25.800 manat rəqəmi də mötəbər sübut hesab edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

32. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

38. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

39. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

40. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

41. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir.

42. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

51. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, cavabdehin etiraf etdiyi həddə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

63. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

64. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar