Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-794/2026 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının cavabdehlərə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2025-ci il tarixli, 2(105)- 1530/2025 nömrəli qətnaməsindən iddiaçının adından verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçının cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2025-ci il tarixli, 2(105)-1530/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddiaçıya dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin MMC-nin Klinikasından tutulub iddiaçıya ödənilməsinə dair” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
4. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2025-ci il tarixli, 2(105)-1530/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi – “iddiaçının cavabdehə qarşı maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən iddiaçının adından vəkili kassasiya şikayəti verilmiş, həmin şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının adından kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə iş materiallarına əlavə olunmamışdır.
8. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə iddiaçının adından vəkil tərəfindən imzalanmışdır.
9. Lakin, kassasiya şikayətinə və iş materiallarına iddiaçı tərəfindən vəkilə Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərin, o cümlədən məhkəmə aktından şikayətin verilməsi səlahiyyətinin verilməsini təsdiq edən etibarnamə əlavə olunmamış, iddiaçı özü isə kassasiya şikayətini elektron imza ilə imzalamamışlar.
10. Kassasiya şikayətinə iddiaçının adından bir sıra hərəkətlərin edilməsi, o cümlədən məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətlərini A.İbrahimova ötürülməsinə dair etibarnamə əlavə olunsa da, kassasiya şikayəti həmin şəxs tərəfindən də mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada imzalanmamışdır.
11. Qeyd olunanlara əsasən, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2025-ci il tarixli, 2(105)-1530/2025 nömrəli qətnaməsindən iddiaçının adından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş həmin kassasiya şikayətinin geri qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.