Məhkəmə qərarları › İş №2(1-8)-804/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-804/2026

01.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-804/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, iddiaçı5 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma tələbi, yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. XXX rayonu, XXX kəndində yerləşən 110,8 kv.m. fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsi iddiaçı4, iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, X5 ümumi mülkiyyətlərindədir.

2. cavabdeh2 və ailəsi: arvadı cavabdeh1, qızları X1 və X2 ilə birgə qeyd olunan fərdi yaşayış evində yaşayırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçılar iddiaçı4, iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, iddiaçı5 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin XXX rayonu, XXX kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan, cavabdehlər tərəfindən zəbt edilmiş fərdi yaşayış evindən və 0,25 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaları, həmin evin və torpağın boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətlərində XXX rayonunun, XXX kəndi ərazisində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi mövcuddur. Göstərilən evə və həyətyanı torpaq sahəsinə ## ###### 2022-ci il tarixli çıxarış hazırlanmışdır. Həmin çıxarışda ev tam mülkiyyət hüququ ilə iddiaçılardan iddiaçı4 adına, 0,25 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi bütün iddiaçıların adına qeydiyyata alınmışdır. Bundan sonra ailə başçısı olan iddiaçı iddiaçı4 fərdi yaşayış evinin müvafiq hissələrini digər iddiaçılara hədiyyə vermişdir. Qeyd edilən ev və həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdehlər həmin evdə ailə başçıları olan iddiaçılar iddiaçı4 və iddiaçı3 rahat yaşamalarına və digər iddiaçıların həmin evə gəlmələrinə imkan vermirlər. Dəfələrlə cavabdehlərə evdən və torpaq sahəsindən çıxmalarını təklif etsələr də, onlar həmin evdən və torpaq sahəsindən çıxmırlar. Odur ki, həmin şəxslərin evdən və torpaq sahəsindən çıxarılmaları tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ailənin 2 qız və 2 oğlan övladı olmaqla, hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq cavabdeh2 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. Iddiaçıların dediklərinə görə cavabdeh2 və arvadı onları mülkiyyətlərində olan evə getməyə və ata-anasını görməyə, onlara qulluq etməyə icazə vermirlər. Cavabdehlər cavabdeh2 və cavabdeh1 valideynlərini təhqir edir və hədələyirlər. Xəstə anaya köməklik etmirlər. Hətta bir dəfə ana eyvandan yıxılaraq ayağı qırılmışdır. Həmin vaxt cavabdehlər nəinki ona yardım etməmişlər, əksinə onun fəryadını qonşuların eşitməməsi üçün televizorun səsini yüksəltmişlər. Cavabdehlərin həmin evdə yaşamalarına heç bir mənəvi, hüquqi və digər əsaslar mövcud deyildir.

5. Cavabdeh cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, ailənin iki qız və iki oğlan övladı olmaqla hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq, X7 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. Iddia ərizəsində qeyd edilənlərin hamısı cəfəngiyatlardır. Həmin sözügedən mübahisəli evdə doğulub boya-başa çatmış, hazırda da həmin evdə yaşayır. Həyat yoldaşı cavabdeh1 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuş və o, həmin mübahisəli evə gəlin gəlmişdir. cavabdeh1 ilə ## #### 2008-ci il tarixində XXX kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından ## #### 2008-ci il təvəllüdlü X3 və ## ###### 2010-cu il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. O, həyat yoldaşı və uşaqları həmin evdə qeydiyyatdadırlar. Valideyni onları evdən çıxarmaq istəməsi kənar təsirlərlə bağlıdır. Belə ki, o, özünə aid torpaq sahəsində dəfələrlə fərdi yaşayış evi tikdirmək istəmiş, hər dəfə də atası tərəfindən buna etiraz edilmişdir. Buna səbəb kimi də onun evin kiçik oğlu olmağı və buna ehtiyac olmadığını göstərmişdir. Birgə yaşadıqları dövrdə avtomobil, traktor, kotan, səpin aqreqatı almışlar. Xeyli sayda mal-qaraya baxmışlar. Hər il xeyli sayda mal-qara, qoyun-quzu yetişdirib satmış, ev tikintisi aparmış, bir sözlə birgə təsərrüfat aparmışlar. Bütün bunlarda onun və həyat yoldaşının zəhməti vardır. Lakin atası tərəfindən hazırkı iddianın qaldırılması kənar təsirlərin nəticəsidir. Hazırda isə onların ev tikmək üçün heç bir vəsaiti yoxdur. Iddia təmin olunarsa, o və ailəsi çöldə yaşamaq məcburiyyətində qalacaqlar. Göründüyü kimi onun çıxarılmağı tələb edilən həmin sözügedən evə istifadə hüququ vardır. Digər cavabdeh – həyat yoldaşı cavabdeh1 sözügedən həmin evdən çıxarılması hissəsində iddia tələbinin təmin edilməsi isə iki azyaşlı övladlarının analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu da yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Bundan başqa hələ 2023-cü ilin axırlarında iddiaçı iddiaçı4 ona və həyat yoldaşı cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda atası, anası, bacı və qardaşları birləşərək ona qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Iddiaçı iddiaçı4 qəsdən, qərəzli olaraq guya əvvəlki iddiadan fərqli tələb, tərəf və əsas üzrə iddia qaldırmaq məqsədilə torpaq sahəsinin və evin bir hissəsini digər bacı və qardaşlarına və anasına bağışlamışdır. Qanunun tələbindən də göründüyü kimi mülkiyyətçinin dəyişməsi istifadə hüququnun xitamına səbəb olmur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbinin iddiaçı iddiaçı4 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “XXX rayonu, XXX kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilmişdir.

7. Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddiaçılar iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, iddiaçı5 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh cavabdeh2 qeyd edilən fərdi yaşayış evinə istifadə hüququ var, ona kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, hazırda cavabdeh2 istifadə hüququna xitam verilməsi halı müəyyən edilməmişdir. Belə olan halda cavabdeh cavabdeh2 fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi də təmin edilə bilməz.

9. Digər cavabdeh cavabdeh1 evdən çıxarılmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən hissədə iddia tələbinin təmin edilməsi iddiaçıların arzuladığı məqsədə çatmağına nail olmağa imkan vermədiyi kimi, iki azyaşlı övladın analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu isə yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir.

10. Iddia tələbinin “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi torpaq sahəsi həmin fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin evdə yaşayan şəxslərin həyətyanı sahədən istifadə etmələri də qaçılmazdır. Evdən çıxarılma barədə iddia tələbi təmin edilmədiyi üçün “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2, 228.5-ci, Ailə Məcəlləsinin 49.1, 49.2, 49.3, 58.1, 58.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107. 119.1, 217.4-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 1, 9-cu maddəsinin 1-ci bəndinə, 18-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” ## ### 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Iddiaçılar apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2 və 228.5-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Iddiaçılar tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də onlar təqdim etdiyikləri dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırkı iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılmışdır.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2 və 228.5-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, XXX rayonu, XXX kəndində yerləşən 110,8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsi iddiaçı4, iddiaçı6, X6, iddiaçı3, iddiaçı7, iddiaçı1 və iddiaçı5 adına ümumi birgə mülkiyyət hüququ ilə ## ### 2024-cü il tarixdə 3024008031 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərdən X7 mübahisə predmeti olan evin və torpaq sahəsinin mülkiyyətçilərindən olan iddiaçı4 oğlu olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbi baxımından mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır.

16. Həmçinin, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi iddiaçı iddiaçı4 X7 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh X7 iddiaçı4 məxsus XXX rayonu, XXX kəndində yerləşən 110,8 kv.m fərdi yaşayış evindən istifadə hüququ vardır və bu hüquqa kompensasiya verilmədən xitam verilə bilməz.

17. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçilərinin dəyişməsi halı cavabdeh X7 istifadə hüququna xitam verilməsi anlamına gəlmir, bu hüquqa yalnız mülkiyyətçilər tərəfindən ədalətli kompensasiya verilməklə xitam verilə bilər.

18. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdeh X4 aid hissəsinə münasibətdə qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, XXX rayonu, XXX kəndində yerləşən 110,8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsi iddiaçı4, iddiaçı6, X6, iddiaçı3, iddiaçı7, iddiaçı1 və iddiaçı5 adına ümumi birgə mülkiyyət hüququ ilə ## ### 2024-cü il tarixdə 3024008031 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,25 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmaqla onların payları ayrılmamışdır. Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə birgə mülkiyyətçilərdən iddiaçı4 cavabdehlər X7 və X4 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş, eyni zamanda Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin iddiaçı iddiaçı4 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “XXX rayonu, XXX kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X4 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından mübahisəli fərdi yaşayış evinin mülkiyyətçiləri, hazırkı iş üzrə iddiaçılar iddiaçı6, X6, iddiaçı3, iddiaçı7, iddiaçı1 və iddiaçı5 ailə üzvü sırasına daxil olmadığından, mülkiyyətçilərlə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmasa da, iddiaçılar iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, iddiaçı5 mübahisəli fərdi yaşayış evində payları ümumi birgə mülkiyyət hüququ ilə mövcud olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada ayrılmamışdır. Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə birgə mülkiyyətin iştirakçısı iddiaçı4 cavabdeh X4 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda nə qədər ki, mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçılar iddiaçı3, X6, iddiaçı6, iddiaçı7, iddiaçı1, iddiaçı5 payları ayrılmamışdır, onların cavabdeh X4 mübahisəli evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasına dair iddia tələbləri əsaslı hesab oluna bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.2, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

21. Iddiaçı iddiaçı3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin tam və hərtərəfli araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 228.1, 228.5-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.1, 88-ci maddələrin tələbləri pozulmuşdur.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, iddiaçılar həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində öz dəlillərini və etirazlarını tam sübuta yetirmişdir. Cavabdehlər isə öz tələbini və etirazlarını əsaslandıra bilməmişlər və istinad etdikləri halları sübut edə bilməmişlər. Bundan başqa məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına getdikdən sonra qayıdaraq qətnaməni elan etməmiş, məhkəmə iclasını təxirə salaraq torpaq sahəsi barədə müvafiq araşdırma aparılacağını qeyd etmişdir. Lakin heç bir araşdırma aparılmadan qətnamə qüvvədə saxlanılmışdır.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.

Kassasiya baxışının hədləri

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Iddiaçı iddiaçı3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

30. Azərbaycan Respublikasının ## ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin II hissəsindən və 34-cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun mövcudluğu tərəflər arasında mübahisəli hüquq münasibətləri yarandığı dövrdə, ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin, habelə hazırda qüvvədə olan qanunvericiliyinin müvafiq müddəalarından irəli gəlir.

36. Onların bu hüququ həmçinin qanuni qüvvədə olan Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə təsbit olunmuşdur.

37. Odur ki, hazırda kassatorun cavabdehlərin bu yaşayış sahəsindən istifadə hüququna malik olmamasından ibarət dəlili əsassızdır.

38. Işin həqiqi hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilmədir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı iddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar