Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-862/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Rafael oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) ##.##.2010-cu il tarixdə nikah bağlamış, həmin nikahlarından 2008-ci il təvəllüdlü Gülnarə, 2011-ci il təvəllüdlü Ramal və 2016-cı il təvəllüdlü Raul adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, onlar nikahın pozulması və nikah dövründə əldə edilmiş əmlakda payaların müəyyən edilməsi barədə iddialar vermişlər.
2. Tərəflərin arasında ##.##.2023-cü il tarixdə “protokol” adlandırılan sadə yazılı formalı müqavilə bağlanmışdır (iş v. 30). Müqaviləyə görə, iddiaçı sərmayə məqsədilə daşınmaz əmlak almaq üçün cavabdehə 300.000 ABŞ dolları verib, cavabdeh isə həmin pulun 70 faizini, yəni 210.000 ABŞ dollarını ##.##.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Bundan başqa, müqavilədə qeyd olunmuşdur ki, boşanma halında həmin pul və əmlak, əmlak rejimi iddiasına məruz qoyulmayacaq.
3. Hazırkı mübahisə həmin müqavilədən əmələ gələn 210.000 ABŞ dolları məbləğində pul öhdəliyi barədədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 210.000 ABŞ dolları əsas vəsaitin, iddianın verilməsi üçün ödənilmiş 674 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödənilmiş 520 manat alınaraq iddiaçıya ödənilməsi (iddia tələbinin həcmi azaldılmışdır) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh ##.##.2010-cu il tarixdə nikaha daxil olublar və bu nikahdan onların 3 uşaqları dünyaya gəlib. Iddiaçı cavabdehin Türkiyə Respublikasının Istanbul şəhərində əmlak alğı-satqısı ilə məşğul olaraq birgə gəlir əldə etmək barədə ona və valideynlərinə təklifləri üzrə valideynlərinin razılığı ilə faktiki valideynlərinə məxsus (ilkin olaraq MTK-dan bacısı Nərmin Rəhmanovun adına alınmış, daha sonra onun adına keçirilmiş), lakin onun adına dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektini 210000 ABŞ dollarına sataraq cavabdehə vermişdir. Belə ki, iddiaçının anası X1 ## ###### 2006-cı il tarixdə “xxxx” MTK ilə qızı X3 adına müqavilə bağlanması yolu ilə, dəyəri tam ödənilməklə ünvan 1 (sonrakı ünvan Məhəmməd Hadi küçəsi, ev 39D) ünvanında yerləşən qeyri-yaşayış obyektini satın almışdır. Daha sonra bu daşınmaz əmlakın icarəyə verilməsi, özgəninkiləşdirilməsi ilə bağlı çoxlu sayda prosessual hərəkətlərin edilməsində qızı bu işlərdə get-gələ düşməsin deyə qızının adından oğlu İddiaçı adına keçirilməsi qənaətinə gəlmişlər və İddiaçı razılığı ilə həmin əmlakı MTK-da bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirmişlər. Daha sonra cavabdeh Cavabdeh 2021-ci ilin əvvəllərində İddiaçı inandıraraq Türkiyə Respublikasının Istanbul şəhərinə yerləşib yaşamağa başlamışlar. Cavabdeh 2021-ci ilin ortalarında İddiaçı və onun valideynləri Rəhmanova Gülnarə və Rəhmanov Rəfaeli inandırmışdır ki, Istanbul şəhərində əmlak biznesi ilə məşğul olarsa, çox gəlir əldə edə bilərlər. Cavabdehin ailədən biri olması onları inandırmış və onlar razılaşmışlar. Iddiaçının valideynləri onlara məxsus, lakin iddiaçının adına olan Məhəmməd Hadi küçəsi 41 (sonrakı ünvan Məhəmməd Hadi küçəsi, ev 39D) ünvanında yerləşən qeyri-yaşayış obyektinin satılması və satışdan əldə edilən bütün gəlirlərin əmlak alqı-satqı biznesinə yatırılmasına razılıq verdiyindən həmin əmlakı 520.000 manata sataraq pul vəsaitini 290.000 ABŞ dollarına çevirməklə cavabdehə vermişlər. Qısa zaman içərisində əlavə X1 10.000 ABŞ dollarını da cavabdehə verilməsi üçün oğlu İddiaçı vermiş və İddiaçı da həmin pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh qeyd edilən vəsaitlə 2021-ci ilin dekabr ayında Istanbul şəhərinin Əsənyurd rayonunda 400.000 tl-yə 2 otaqlı mənzil almış, 2022-ci ilin mart ayında 450.000 tl-yə satmış, 2021-ci ilin dekabr ayında Istanbul şəhəri, Sparta qülləsi rayonunda 2.204.000 tl-yə 4 otaqlı mənzil almış, 2022-ci ilin avqust ayında 3.000.000 tl-yə satmışdır. Lakin satışlar barədə iddiaçı və onun valideynlərinə məlumat verməmişdir. Bir müddət sonra cavabdehin instagram səhifəsində paylaşdığı Dubay səyahəti və Dubayda aparılan tikintilər barədəki məlumatlar iddiaçının valideynlərini çox narahat etmiş və onların razılığı olmadan vəsaiti Dubayda tikintiyə yatırmasını qəbul etməmişlər və iddiaçı İddiaçı pullarını tələb etmişlər. İddiaçı 2023-cü ilin may ayında Cavabdeh ilə razılığa gəlmişlər ki, ona verilən 300.000 ABŞ dollarından 210000 ABŞ dollarını qaytarsın, qalan pulu İddiaçı torpağı satıb valideynlərinə qaytarsın. Hətta 210.000 ABŞ dollarının qaytarılması və boşanmaları halında bu pulu və daşınmaz əmlakları mübahisə mövzusu etməyəcəkləri barədə ##.##.2023-cü il tarixdə Protokol (Saziş) imzalamışlar. İddiaçı 2023-cü ilin sentyabr ayında Cavabdeh məlumat alarkən cavabdeh bildirmişdir ki, Türkiyə Respublikasında yaşamaq icazəsi almalıdır, buna görə onun adında 200000 ABŞ dolları dəyərində mənzil olmalıdır ki, yaşamaq icazəsini alsın, 2023-ci ilin oktyabr ayında isə pulu qaytaracaqdır. Iddiaçı 2023-cü ilin oktyabr ayında Cavabdeh zəng vurub pulu tələb etmişdir. Bundan sonra Cavabdeh onun zənglərinə cavab verməmiş və onun zənglərini blok etmişdir. İddiaçı bu barədə valideynlərini məlumatlandırmışdır. Gülnarə Rəhmanova cavabdehin bu hərəkətlərindən Səbail rayon Polis Idarəsinə şikayət etmiş və 01.022024-cü il tarixdə cinayət işi açılmışdır. Cinayət işinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli qərarında cavabdeh Cavabdeh yuxarıda qeyd edilənləri təsdiq etdiyi və həyat yoldaşı İddiaçıla razılığa gələrək “Protokol” imzalandığını əsas götürərək, işin mülki mübahisə olduğu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırı ki, 2023-cü ilin noyabr ayında onlara məlum olmuşdur ki, Cavabdeh 2022-ci ilin avqust ayının sonu, yəni o və atası X2 Rəhmanova ilə görüşə çağırılan gündən əvvəl mənzili satıblarmış. Bundan sonra onlar aldandıqlarını başa düşmüşlər və # ###### 2023-cü il tarixdə anası Gülnarə Cavabdeh Rəhmanova barəsində polisə şikayət etmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evini 110000 manata satmış və vəsaiti valideynlərinə vermişdir. Cavabdeh ##.##.2023-cü il tarixədək 210.000 ABŞ dollarını İddiaçı geri qaytarmağı qəbul etmişdir. Lakin protokolun üzərindən təxmini 1 il 6 ay keçməsinə baxmayaraq cavabdeh hələ də 210000 ABŞ dollarını geri qaytarmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son bir il ərzində ödənişləri etmədiyinə görə illik beş faiz olmaqla dəymiş zərər, vəkilə ödənilən 520 manat xidmət haqqı və 674 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilə şərtləri 1 il 6 aydır ki, icra edilmir. 21000 ABŞ dolları x 5%=10500 ABŞ dolları: 12 ay=875 ABŞ dolları x 18 ay=15750 ABŞ dolları.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Oruclu) 2025-ci il # #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 210.000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 520 manat və dövlət rüsumu olaraq ödənilmiş 647 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında ## ### 2023-cü il tarixli protokol tərtib edilsə də, həmin protokolun məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərinə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər.
9. Məhkəmə hesab edib ki, tərəflər arasında ## ### 2023-cü il tarixində tərtib olunmuş protokol üzrə borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə əsasən cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (protokol üzrə) öhdəliyi yerinə yetirməmişdir.
10. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə qeyd etmişdir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 520 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 647 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 406.1, 425.1, 442, 445.2.1, 445.2.2, 739.1, 739.2, 740.1, 740.2, 882.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 106.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da iddiaya etiraz vermək, sübutlar təqdim etmək və digər prosessual hüquqlardan istifadə imkanını məhdudlaşdırmışdır. Halbuki iş materiallarından cavabdehin uzun müddətdir Istanbul şəhərində yaşadığı və istifadə etdiyi mobil telefon nömrəsinin məlum olduğu görünsə də, həmin nömrəyə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilməmişdir. Nəticədə iş cavabdehin iştirakı olmadan araşdırılmış və AR MPM-nin 14, 77 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, məhkəmə ##.##.2023-cü il tarixli protokolu borc öhdəliyinin yaranmasını təsdiq edən əsas sübut kimi qəbul etsə də, həmin sənədin hansı şəraitdə imzalanmasını araşdırmamışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli istintaq qərarı, tərəflərin izahatları və təqdim edilmiş yazışmalar protokolun azyaşlı uşaqların mənafeyindən istifadə edilməklə təzyiq və təsir altında imzalandığını göstərdiyi halda, həmin sübutlara hüquqi qiymət verilməmişdir. Qətnamə həmçinin ona görə qanunsuzdur ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasının Bakırköy 7-ci Ticarət Məhkəməsinin ##.##.2023-cü il tarixli, ****/*** nömrəli qərarı ilə eyni tərəflər arasında, eyni predmet üzrə mübahisəyə artıq baxılmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə xarici dövlət məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda iş üzrə icraata xitam verilməlidir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmiş, 210.000 dollar məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 520 manat, dövlət rüsumunun əvəzi kimi 647 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin “protokol” adlandırdığı müqavilə birinci instansiya məhkəməsi tərəfindən “borc müqaviləsi” kimi qiymətləndirilsə də, həmin müqavilə borc müqaviləsi deyil. Bu müqavilə Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilədir. Müqavilə azadlığı tərəflərə bu cür müqavilə bağlamaq hüququ verir. Belə ki, MM-in 390.1-ci maddəsinin ikinci cümləsinə görə, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Odur ki, cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi - 210.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılması barədə öhdəliyi icra etməlidir. Müqavilədə öhdəliyin ##.##.2023-cü il tarixdə icra edilməli olduğu müəyyən edilib, həmin müddət çatıb, lakin cavabdeh öhdəliyi icra etməyib. Ona görə də məhkəmə MM-in 425, 427 və 448-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 210.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
16. Müqavilənin şantaj, təzyiq və təsir nəticəsində imzaladığı barədə cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edib ki, MM-in 339.4-cü maddəsindən göründüyü kimi əqd bağlamağa məcburetmə əqdi mübahisələndirmək hüququ verir. Cavabdehin əqd bağalamağa məcbur edildiyini təsdiq edən sübut olmadığına görə, həmin müqavilə etibarsız sayıla bilməz.
17. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı Istanbul şəhərində cavabdehə qarşı 210.000 ABŞ dolları pul tələbi barədə iddia qaldırıb, Türkiyə Respublikası Bakırköy 7-ci Ticarət Məhkəməsinin ##.##.2023-cü il tarixli ****/*** nömrəli qərarı ilə iddia təmin edilib, qərar qanuni qüvvəyə minərək icra edilməsi üçün göndərilib, lakin icra zamanı iddiaçı (tələbkar) icradan imtina etdiyinə görə icraya xitam verilib. Ona görə də hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu dəlillə bağlı da qeyd etmişdir ki, Türkiyə Respublikasının məhkəmə qətnaməsi MPM-in 462-465-ci maddələrində müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tanınmadığına görə, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas sayılmır. Həmin Məcəllənin 261.0.3-cü maddəsində qeyd olunub ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə, iş üzrə icraata xitam verilir.
18. Cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Ona görə də, MPM-in 387.2.2-ci maddəsinin göstərişinə əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 339.4, 390.1, 425, 427 və 448-ci, MPMin 261.0.3, 387.2.2, 462-465-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddianın əsası olaraq məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nizami RPI-nin IŞ-nin müstəntiqi ##.##.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2023-cü il tarixli protokolu ona yetkinlik yaşına çatmamış 3 övladının mənafelərindən sui-istifadə edərək, onları iradəsinə zidd olaraq Bakı şəhərində girov saxlamaqla onu şantaj etməsi, təzyiq və təsir göstərməsi nəticəsində imzalamağa məcbur etməsi müəyyən edilmiş, lakin məhkəmə kollegiyası həmin sübutlara əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Bununla da iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.
22. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş, onun da rəsmi razılığı ilə satılaraq əldə edilmiş vəsait hesabına Istanbul şəhərində adına alınmış mənzilin dəyərinin iddiaçıya heç bir təsir altında qalmadan 3 ay müddətində geri qaytaracağına dair protokolu imzalamağının inandırıcı olmaması, həmin protokolu aldatma yolu ilə Bakıya gətirilmiş və 10 gün girov saxlanılmış 3 övladının ona geri qaytarılması müqabilində şantaj edilmə nəticəsində imzaladığını təsdiq edən sübutların müəyyən edilməsinə diqqət yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin mülki prosessual qanunvericiliyə riayət olunmadan verlməsini qeyd etmiş və onun geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: ... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; ... 6.1.5. müqavilələr azadlığı; ...
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
38. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.