Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-883/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X4 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı övladı X1 və cavabdeh2 2018-ci ilin sentyabr ayında toyu olmuşdur.
2. Toydan sonra X4 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl evdə təmir işləri aparılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər cavabdeh2 və X4 (bundan sonra – cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7.430 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı, qızı Məkanə Əsgərova və cavabdeh cavabdeh2 toydan sonra yaşadıqları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 19E, ** nömrəli mənzili toydan əvvəl öz vəsaiti hesabına təmir etdirmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən cavabdeh bu xərcləri 2021-ci ilin avqust ayınadək qaytarmalı idi. Iddiaçı tərəfindən təmir işlərinə ümumilikdə 7.430 manat vəsait sərf edilmişdir. Sonradan tərəflər arasında ailə münasibətləri pozularaq nikah faktiki olaraq pozulmuşdur. Iddiaçının dəfələrlə tələbinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınaraq, vəsaiti yalnız mənzil satıldıqdan sonra qaytaracaqlarını bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq öhdəliyini icra etməmişdirlər.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbi ilə razılaşmadığını və onu əsassız hesab etdiyini bildirmiş, habelə qeyd etmişdir ki, 2018-ci ilin sentyabr ayında Məkanə Əsgərova ilə ailə quraraq göstərilən ünvanda yaşamışdır. Həmin mənzil hərbçilər üçün inşa olunmuş və təmirli vəziyyətdə təhvil verilmişdir. Iddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçı öz zövqünə uyğun olaraq otaqların qapısını dəyişmiş, mətbəxdə kafelləri dəyişmişdir. Lakin həmin işləri o özü görmüşdür. Ümumilikdə isə həmin mənzillərin təmirə ehtiyacı olmamışdır. Iddiaçı ilə onun arasında whatsapp yazışmaları olmuş, həmin yazışmalardan da görünür ki, iddiaçı tələbin yalan olduğunu etiraf etmişdir. Həmçinin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia vermişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Digər cavabdeh Tükəzban Qurbanova da məhkəmə iclasında cavabdeh cavabdeh2 mövqeyi ilə razılaşdığını bildirərək eyni məzmunlu izahat vermiş və iddia tələbinin rədd olunmaını xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahid şahid3 bildirmişdir ki, o, malyar kimi göstərilən ünvanda aparılan təmir işlərində iştirak etmiş, materialların alınması ilə bağlı əsasən iddiaçı ilə əlaqə saxlamışdır. Təmir işlərinin 2 usta və 1 fəhlə tərəfindən görüldüyünü, iddiaçı tərəfindən 1.750 manat əmək haqqı və 300 manat yemək xərclərin iddiaçı tərəfindən ödənildiyini qeyd etmişdir.
8. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş digər şahid şahid2 ifadəsində göstərmişdir ki, o, həmin evdə santexnik kimi çalışmış, 500 manat əmək haqqı və 100 manat yemək ödənişi barədə razılaşmanı iddiaçı ilə etmişdir. O, cavabdeh2 tanımadığını, təmir işlərinin təşkilinin və materialların alınmasının iddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir.
9. Cavabdehin vəsatəti ilə dindirilmiş şahid şahid1 bildirmişdir ki, cavabdeh cavabdeh2 müştəri kimi tanıyır və onun mağazadan təmir materialları alaraq ödənişi şəxsən etdiyini qeyd etmişdir.
10. Digər şahid X2 ifadəsində göstərmişdir ki, o, tikinti materiallarının satışı ilə məşğuldur və cavabdeh cavabdeh2 2019-cu ildə evinin təmiri üçün lazım olan materialları onların mağazasından aldığını bildirmişdir.
11. Məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il # #### tarixli, */*** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proqramm arxivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində hər hansı bir müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər.
12. Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məlumatından müəyyən edilmişdir ki, ekspertizanın aparılması və rəy verilməsi üçün tədqiqat obyektinə baxış keçirilməsi barədə ##.##.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi ##.##.2023-cü il tarixinə təyin edilmişdir. Tədqiq olunan mənzilin qapısı bağlı olduğundan tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
13. Gəncə Şəhər Məhkəməsinin (hakim M.Ə.Mustafayev) 2023-cü il # ####### tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 7.430 manat pulun və 94,30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə toydan əvvəl təmir işlərinin aparılması cavabdehlər tərəfindən qismən etiraf edilmişdir. Təmirin həcmi və dəyərinin müəyyən edilməsi üçün təyin olunmuş ekspertiza cavabdehin maneçiliyi səbəbindən keçirilməmişdir. Mülki prosessual qanunverciliyə əsasən, belə halda məhkəmə müvafiq faktı təsdiq olunmuş hesab edə bilər. Bu səbəbdən məhkəmə təmir xərclərinin 7.430 manat olmasını sübuta yetirilmiş hesab etmişdir. Araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin məbləğ cavabdeh cavabdeh2 xeyrinə xərclənmişdir.
15. Məhkəmə cavabdeh cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə vurğulamışdır ki, Mülki Prosessual Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyən edilməmiş öhdəliklər üzrə iddia müddəti kreditorun tələb irəli sürmək hüququ yarandığı andan hesablanır. Iş materiallarından isə müəyyən edilmişdir ki, tərəflər arasında təmir xərclərinin 2021-ci ildə qaytarılması barədə razılıq olmuşdur. Cavabdehlər isə bu müddəti təsdiq edən sübut təqdim etməmişdir.
16. Məhkəmə mübahisəli mənzildə toydan əvvəl təmir işlərinin aparılması ilə bağlı qeyd etmişdir ki, təmir işlərinin aparılması cavabdehlər tərəfindən qismən etiraf edilmişdir. Məhkəmə tərəfindən aparılmış təmir işlərinin həcminin və məbləğinin müəyyən edilməsi üçün kompleks məhkəmə mühəndis texniki və məhkəmə əmtəşünaslıq ekspertizasının keçirilməsi və rəyin alınması isə cavabdehin ekspertizanın keçirilməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır.
17. Məhkəmə iddiaçının 7430 manat pulun müştərək qaydada digər cavabdeh X4 tutulması hissəsində qeyd etmişdir ki, cavabdeh X4 həmin razılaşmada iştirakı öz təsdiqini tapmamışdır. Cavabdeh cavabdeh2 mübahisəli mənzildə aparılmış təmir işlərinin onun vəsaiti əsasında həyata keçirildiyini qeyd etsə də, bu hal iş materiallarında dindirilmiş şahid ifadələri ilə təkzib edilmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı iki əsasla təmin etmişdir: guya cavabdehin iddianı qismən etiraf etməsi və ekspertizanın keçirilməsinə maneə yaratması. Cavabdeh bildirmişdir ki, o, iddianı heç bir formada etiraf etməmiş, əksinə, təqdim etdiyi ərizədə tələbi qəbul etmədiyini və iddia müddətinin tətbiqini xahiş etmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iclasında söylədiyi ehtimala əsaslanan fikirlər əsassız olaraq etiraf kimi qiymətləndirilmişdir. Həmin ifadələr yalnız fərziyyə xarakterli olub, iddianın qəbul edilməsi kimi başa düşülə bilməz. Bundan əlavə, cavabdeh ekspertizanın keçirilməsinə maneə yaratmadığını, sadəcə ekspert tərəfindən hesablamanın düzgün aparılmayacağı qənaətinə gəldiyi üçün mənzilə baxışa icazə vermədiyini və bu barədə narazılığını bildirdiyini göstərmişdir. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almadan qətnamə qəbul etmişdir. 21.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.Isgəndərova) 2025-ci il # ###### tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək, cavabdeh cavabdeh2 5.665 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qızı ilə cavabdehin 2018-ci ilin sentyabr ayında toyu olmuş, toydan sonra ünvan 1 nömrəli mənzilə köçmüşlər. Toydan əvvəl iddiaçı öz vəsaiti hesabına mənzildə təmir işləri apartdırmışdır. Iddiaçı evin təmiri üçün öz şəxsi vəsaitindən ümumilikdə 7430 manat məbləğində pul xərclədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
24. Işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilir ki, cavabdeh cavabdeh2 mənzildə müəyyən təmir işlərinin aparılmasını iddiaçı İddiaçı həvalə etmiş, bunun müqabilində isə təmir işlərinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir. Lakin cavabdehin bu xüsusatla etirazının dəlilləri iş materialları ilə təkzib edilir.
25. Çünki birinci instansiya məhkəməsindəki icraat zamanı həm iddiaçı, həm də cavabdeh tərəfin vəsatəti əsasında dındirilmiş şahidlərin ifadələri əsasında mənzildə sonradan müəyyən təmir işlərinin aparılması müəyyən edilir. Həmçinin məhkəmə kollegiyasına təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** saylı ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan məlumatlarla mənzilin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman mənzilə əlavə təmir işlərinin aparıldığı, mənzilin divarlarına vurulmuş divar kağızının sökülərək yenisi ilə əvəz olunduğu, mənzilin otaqlararası keçid qapılarının dəyişdirildiyi, mətbəx tikintisində quraşdırılmış mebelin arasına metlaq vurulduğu, mənzilin dəhliz, 3 (üç) ədəd yaşayış otağı və mətbəx tikilisinin tavanına boya vurulduğu müəyyən edilmişdir.
26. Həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzildə standart təmirdən əlavə təmir işləri görülmüş və bu təmir işləri iddiaçının vəsaiti hesabına aparılmışdır. Həmçinin cavabdeh özü də birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatında iddiaçının öz vəsaiti hesabına mənzildə müəyyən təmir işlərini aparmasını təkzib etməmişdir. Cavabdeh görülmüş təmir işlərinin dəyərini sonradan iddiaçıya ödəməli olduğu halda, bunu etməmişdir.
27. Məhkəmə kollegiyası tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin ümumi dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə mənzildə əlavə təmir işlərinin görüldüyü, görülmüş əlavə təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5665 (beş min altı yüz altmış beş) manat məbləğində olduğu müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası mövqeyini MM-in 324.1, 385.1, 389.1, 390.1, 399.1, 405.1, 406.1, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 777.1, 777.2, 778.1, 779.1, 783.1-ci və MPM-in 14.1, 77.1, 78.1, 80, 88, 106.1, 217.3, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Z.Ə.Əliyev (məruzəçi), Z.B.Babayev və V.Ə.Baxışova) 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
30. Kassasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzilə çəkdiyi məsrəflərin geri ödənilmədiyini bildirərək, əsassız varlanma normalarına istinadən hazırkı tələbi irəli sürmüşdür. Cavabdeh isə iddiaçı ilə müqavilə bağladığını etiraf etməmiş, bəzi təmir işlərinin iddiaçının öz iradəsi və zövqü ilə aparıldığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
31. Belə olan halda cavabdehdən pul tutulması üçün onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması, əgər varsa, bu öhdəliyin qanundan, yoxsa müqavildən irəli gəldiyi aydın şəkildə müəyyən edilməlidir. Əgər öhdəlik qanun əsasında meydana gəlmişsə, onun konkret əsası, məsələn, mülki hüquq pozuntusu, əsassız varlanma olduğu dəqiqləşdirilməlidir. Öhdəlik müqavilədən qaynaqlandıqda isə, tərəflərin iddia olunan müqaviləni bağladıqları, bu əqddən irəli gələn, vaxtı çatmış, lakin cavabdeh tərəfindən icra edilməmiş öhdəlik təsbit olunmalıdır.
32. MM-in 777.1-ci maddəsində əks olunan tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
33. Belə olan halda mənzilin iddiaçı tərəfindən təmir olunacağı, bunun əvəzinin də cavabdeh cavabdeh2 tərəfindən ödəniləcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı sübuta yetirilməlidir.
34. Iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsinin məzmununda cavabdehlə tapşırıq müqaviləsi bağladığını açıqca qeyd etməmişdir. Üstəlik tələb müqavilədən irəli gələn öhdəliklə deyil, əsassız varlanmaya dair normalarla əsaslandırılmışdır. Cavabdeh cavabdeh2 də müqavilə münasibətini təkzib edir. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı nəticəsinə hansı mötəbər və kifayətedici sübutlar əsasında gəldiyini göstərməmişdir.
35. Bundan əlavə, apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirməmiş, istinad etdiyi öhdəliyin icra vaxtının, dolayısı ilə iddia müddətinin əvvəlinin hansı andan başladığını və hansı tarixdə bitdiyini, ümumiyyətlə həmin ərizəni hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır.
36. Mülki Məcəllənin 1091-ci maddəsi baxımından əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
37. Odur ki, baxılan işdə ilk növbədə cavabdehin iddiaçının hesabına varlandığı, yəni bir iqtisadi dəyər əldə edərək əmlakının aktivini artırdığı müəyyən edilməlidir. Bu xüsusat üzrə o da diqqətdə saxlanılmalıdır ki, mənzilin təmiri üçün xərclənən vəsaitin cavabdehin etiraf etdiyi məbləğdən artıq olan hissəsini iddiaçının verdiyini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür.
38. Cavabdehin əldə etdiyi əmlakın (və ya onun bir hissəsinin) iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsinə kifayət etmir. Bunun üçün növbəti dispozisya şərti əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.
39. Diqqətdə saxlanılmalıdır ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi qanuni əmlak artışıdır və bu qaydada varlanmış olan əmlakı ona vermiş şəxs qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.
40. Belə olan halda tərəflərin faktiki münasibətləri fonunda aparılmış təmir işlərinə sərf olunan vəsaitin bağışlama mahiyyətində olub-olmadığının araşdırılması da işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
41. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.
42. Odur ki, iddiaçı, sözügedən pul vəsaitini cavabdehə və ya qızına bağışlama düşüncəsi ilə vermədiyinə, yaxud bu vəsaiti cavabdehlə bağladığı müqavilə çərçivəsində xərclədiyinə istinad edirsə, həmin halları sübut etmək yükünü daşıyır.
43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, MM-in 385.1, 386.1, 405.1, 405.2, 666.1, 666.2, 777.1, 1091.1, 1091.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və T.N.Məmmədov) 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmişdir.
45. Apellyasiya məhkəməsi iddianın təmin edilməməsini onunla əsaslandırmışdır ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlər tərəfindən təmir işləri aparılmasını qismən etiraf edilməsini əsas gətirərək iddia tələbini qismən təmin etməsi ilə razılaşmayaraq qeyd edib ki, cavabdeh tərəf evin təmirli olmasını, təmirə ehtiyac olmamasını, iddiaçının evi öz zövqünə uyğun təmir etdirməsini, iddiaçı isə qızının xoşbəxtliyi üçün evi könüllü olaraq təmir etdirməsini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında hər hansı bir tapşırıq müqaviləsi olmamışdır. Baxılan iş üzrə əsassız varlanma da mövcud deyildir. Belə ki, iddiaçı izahatında - toydan əvvəl 2018-ci ilin sentyabr ayında qızının gəlin getdiyi evi, qızının xoşbəxtliyi üçün könüllü olaraq öz pulu hesabına tam təmir etdirmişdir – deməsi özündə təmir üçün xərclənmiş pulun qızına bağışlaması anlamına gətirib çıxarır. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan iş üzrə iddiaçı, sözügedən pul vəsaitini qızına bağışlama düşüncəsi ilə vermədiyinə, və yaxud bu vəsaiti cavabdehlə bağladığı müqavilə çərçivəsində xərclədiyinə dair hər hansı sübutu nə birinci instansiya məhkəməsinə nə də ki, məhkəmə kollegiyasına təqdim etməmişdir.
47. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 666.1, 666.2-ci, MPM-in 4.1, 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 218.3, 384.0.2, 385.1.2, 385.1.4, 388, 420-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il ## ###### tarixli * saylı Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
48. Iddiaçı (vəkil vəkil1 Inqilab oğlu) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təmir xərclərini sübuta yetirilmiş hesab etdiyindən bu hissə üzrə sübutların təkrar araşdırılmasına ehtiyac yoxdur. Bununla belə, məhkəmə iddiaçının vəsait xərclədiyini qəbul etsə də, həmin xərclərin qızına hədiyyə edilməsi nəticəsinə gəlmişdir. Lakin bu nəticə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, tərəflər arasında razılaşma ondan ibarət olmuşdur ki, təmir xərcləri sonradan cavabdeh tərəfindən qaytarılacaqdır. Bu hal bağışlama münasibətinin mövcudluğunu istisna edir. Məhkəmə nəzərə almamışdır ki, mənzil cavabdehin mülkiyyətində olmuş və nikah dövründə əldə edilməmişdir. Bu şəraitdə iddiaçının həmin əmlaka qarşılıqsız vəsait qoyması məntiqli hesab edilə bilməz.
50. Eyni zamanda, iş materialları göstərmişdir ki, cavabdeh ailə münasibətlərini davam etdirmək niyyətində olmamış, rəsmi nikah bağlamamış və qısa müddət sonra iddiaçının qızını mənzildən uzaqlaşdırmışdır. Şikayətdə görstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən, valideynlər tərəfindən verilmiş cehiz əşyaları münasibətlər pozulduqda geri qaytarılır. Hazırkı halda təmir işlərinin ayrılması mümkün olmadığından, iddiaçı çəkdiyi xərclərin əvəzini tələb etmişdir.
51. Nəticə etibarilə, cavabdeh təmir işlərinin aparılmasına etiraz etməməklə iddiaçının hesabına əmlak vəziyyətini yaxşılaşdırmış və əsassız varlanmışdır. Bu səbəbdən mübahisəyə MM-in əsassız varlanma ilə bağlı müddəalarının tətbiqi zəruri hesab olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 52.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 53.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 54.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 55.Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia tələbinin, habelə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.