Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-944/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilə öhdəliyi üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh oğlunun kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Cavabdeh ilə İddiaçı arasında ## ### 2025-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı Cavabdeh sahibliyində olan BMW X-6 minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı İddiaçı satmışdır. Sözügedən nəqliyyat vasitəsi satıldıqdan sonra, yəni ##.##.2025-ci il tarixdə nəqliyyat vasitəsində baş vermiş nasazlıqla bağlı sonuncu tərəfindən nəqliyyat vasitəsi ustaya aparılmış və nəticədə nəqliyyat vasitəsinin nasaz olması və ehtiyyat hissələrinin dəyişdirilməsi zərurətinin yarandığı aşkar edilmişdir.
2. RI moros-in direktoru tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən, həqiqətən ban nömrəsi 5UXFG43518L221541 olan ** TX *** nömrəli BMW X6 markalı minik avtomaşınında mühərrik nasaz olduğundan ünvan 1 da yerləşən “RI motors”a məxsus BMW ehtiyat hissələri satış mərkəzindən nömrəsi “02987019” yaxud “N54B30A” olan mühərrik, hər iki tərəfin razılığı əsasında RI motorsun müdiri X2 tərəfindən İddiaçı ##.##.2025-ci il tarixində məbləği 3150 manata satılmışdır.
3. Bakı şəhər Baş Polis Idarəsi Sabunçu rayon Polis Idarəsinin 12-ci Polis şöbəsinin İddiaçı ünvanlanmış ## ### 2025-ci il tarixli, **-*/*-S-**** nömrəli məktubunda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə Sabunçu RPI 12-ci PŞ-nin rəhbərinə “Turbo.az” səhifəsində BMW X6 markalı avtomobili bəyəndiyi avtomobilin sahibi ##.##.1996-cı il təvəllüdlü Cavabdeh ilə danışan zaman avtomobildə hər hansı bir nasazlıq olarsa, xərcini qarşılayacağını bildirdiyi üçün razılaşaraq 18550 manat qarşılığında avtomobili alması, 1 gün keçməmiş avtomobilin matorunda nasazlıq yaranması və keçmiş sahibinin vədinə əməl etməməsi barədə etdiyi müraciət ilə tanış olmuşlar. Aparılan araşdırma zamanı, müraciətdə qeyd edilən şikayətin həlli səlahiyyətinin məhkəmə orqanlarında olduğu müəyyən edilmişdir. Buna görə də, ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir.
4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən, BMW X-6 minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün İddiaçı tərəfindən 137.16 manat sığorta haqqı ödənilmişdir.
5. ##.##.2025-ci il tarixdə 300 manat, ##.##.2025-ci il tarixdə 240 manat, ##.##.2025ci il tarixdə 61 manat, ##.##.2025-ci il tarixdə 40 manat, ##.##.2025-ci il tarixdə 28 manat, ##.##.2025-ci il tarixdə 40 manat, ##.##.2025-ci il tarixdə 28 manat, ##.##.2025-ci il tarixdə 35 manat, ##.##.2025-ci il tarixdə 40 manat, ##.##.2025-ci il tarixdə 170 manat, ümumilikdə 982 manat məbləğində pul avtomobil ehtiyat hissələrinin alınmasına ödənilmişdir.
6. X1 tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, BMW X-6 minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikin dəyişmiş və işinin qarşılığında 1000 manat pul almışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) ona vurduğu ziyana görə nəqliyyat vasitəsinin mühərrik dəyəri 3150 manat, usta xərcləri 1000 manat, ehtiyyat hissələri üçün 982 manat, icbari sığorta üçün 138 manat, evakuator xidmətinə 28 manat və taksi ilə hərəkət etdiyindən ümumilikdə 5500 manat maddi zərər, 5000 manat mənəvi ziyanın və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə sosial şəbəkə üzərindən “turbo.az” tətbiqindən **-CO-*** dövlət qeydiyyat nömrəli, BMW X-6 minik markalı nəqliyyat vasitəsinin 23000 manat dəyərində satılmasını görməklə bəyənib satıcı olan cavabdehə zəng vurmuş, qeyd edilən nəqliyyat vasitəsinin satıcısı adını Ixtiyar təqdim etməklə avtomobili təcili satılmasını bildirmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə axşam saatlarında nəqliyyat vasitəsini yaşadığı ünvana gətirmiş, nəqliyyat vasitəsinə vizual baxış keçirməklə 18500 manata razılaşmışlar. Səhəri gün nəqliyyat vasitəsinin yoxlanması üçün usta yanına getməsinə görə 100 manat beh verməklə razılaşmışlar. Səhəri gün, yəni ##.##.2025-ci il tarixdə səhər saatlarında cavabdeh yaşadığı ünvana gəlməklə torpaq almasını bildirmiş, təcili ödəniş etməli olduğunu və nəqliyyat vasitəsinin hər hansı bir nasazlıq olarsa, ödəyəcəyinə vəd vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsinə əlavə ödəniş tələb etdiyindən, iddiaçı razılaşmamışdır. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası DIN-nin BDYPI-nin QI Idarəsinə yaxınlaşmaqla nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alğı-satqı rəsmiləşdirildikdən sonra nəqliyyat vasitəsinin icbari sığortası olunmadığından cavabdehə dəfələrlə zəng vurmuş, cavabdeh telefonu açmadığından əlavə olaraq 138 manat ödəniş etmişdir. Qeyd edilən nəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsi **-TX-*** verildi. Nəqliyyat vasitəsinin evdə saxlamaqla ##.##.2025-ci il tarixdə Bakı şəhərinə gedərkən nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yaranmışdır. Dərhal cavabdehlə əlaqə saxlamış, cavabdeh ona Şirvan şəhərində olmasını, nəqliyyat vasitəsinin mühərrikinin nasaz olmasını bilməklə, təmirini özü etdirəcəyini bildirmişdir. Iddiaçı nəqliyyat vasitəsini evakuator vasitəsi ilə 28 manat ödənişin müqabilində usta yanına Babək prospekti, 58 ünvanında yerləşən təmir sexinə aparmışdır. Cavabdehə dəfələrlə zəng etməsinə baxmayaraq telefon zənglərini açmamışdır. Sonradan məcburiyyətdən DIN-nin 102 zəng mərkəzinə və Bakı şəhəri Baş Polis Idarəsinin Sabunçu rayon Polis Idarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis bölməsində cavabdeh izahat verərək, telefonu niyə açmaması sualına nəqliyyat vasitəsinin mühərrikində problemin olmasını bilməsini və qorxduğundan açmamasını bildirmişdir. Vurulmuş zərərin ödənilməsində əlində pulun olmamasını, xərcləməsini bildirmişdir. Cavabdehin əməllərində CM-nin 178-ci maddəsinin əsaslarının olmasına baxmayaraq, polis bölməsində barəsində cinayət işi başlanmamışdır. Daha sonra cavabdehin Elçin adlı qayınatası iddiaçıya zəng vurmaqla cavabdehlə birlikdə yanına gələrək 2500 manat vurulmuş ziyandan ödəniş edəcəyini bildirmişdir. Lakin sonradan Elçin adlı şəxs nömrəsinə edilən zəngləri açmamışdır. Qeyd edilən nəqliyyat vasitəsinin mühərrikinin təmir edilməsi daha çox xərc tələb etdiyindən, iddiaçı yeni mühərrik almalı olmuşdur. Mühərrikin əvəzləşdirilməsi üçün 3150 manat, usta xərcinı görə 1000 manat və zəruri ehtiyyat hissələrinin əldə edilməsi üçün 982 manat, ümumilikdə 5132 manat ödənilmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində nəqliyyat vasitəsinin təmirinə 15 gün vaxtını və əsəblərini xərcləmişdir. Icbari sığortaya 138 manat və evakuator xidmətinə 28 manat olmaqla 15 gün müddətində ümumilikdə taksi ilə hərəkət etdiyindən cavabdeh ümumilikdə iddiaçıya 5500 manat zərər vurmuşdur. Iddiaçı dəfələrlə pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdeh iddianı icbari sığortaya görə ödənilmiş 138 manat hissəsində qəbul edir, qalan hissədə iddianı qəbul etmir.
10. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçıya vurduğu ziyana görə nəqliyyat vasitəsinin mühərrik dəyəri 3150 manat, usta xərcləri 1000 manat, ehtiyat hissələri 732 manat, icbari sığortaya görə ödənilmiş 138 manat, evakuator xidmət haqqı 27 manat olmaqla, ümumilikdə 5047 manat pulun alınaraq iddiaçıya ödənilməsi, məhkəməyə ödənilmiş 146 manat dövlət rüsumunun 70.47 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Mustafayev)
11. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli əlavə qətnaməsi ilə cavabdehdən Cavabdeh ehtiyyat hissələrinə görə əlavə olaraq 250 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında ## ### 2025ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı (cavabdeh) sahibliyində olan BMW X-6 minik markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili alıcıya (iddiaçıya) satmışdır. Sözügedən nəqliyyat vasitəsi satıldıqdan sonra, yəni ##.##.2025-ci il tarixdə nəqliyyat vasitəsində baş vermiş nasazlıqla bağlı iddiaçı tərəfindən nəqliyyat vasitəsi ustaya aparılmış və nəticədə nəqliyyat vasitəsinin nasaz olması və ehtiyyat hissələrinin dəyişdirilməsi zərurətinin yarandığı aşkar edilmişdir. Həmçinin qeyd edilən qüsurlarla bağlı iddiaçı Sabunçu rayon Polis Idarəsinin 12-ci Polis şöbəsinə müraciət etmiş, müraciət əsasında araşdırma aparılmış və tərəflərə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına görə tərəflər arasında alğı satqı müqaviləsi bağlanmışdır və alğı-satqı müqaviləsinin predmeti olan əşyanın qüsurları ilə bağlı alıcıya maddi zərər dəymişdir. Tərəflər arasında yaranmış olan mülki hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik münasibətləridir və hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin alğı-satqı müqaviləsi ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir.
14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, alğı-satqı müqaviləsi mahiyyət etibarı ilə konsensual müqavilədir, yəni müqavilə üzrə əşyanın və ya digər hərəkətlərin edilməsi ilə müqavilə bağlanmış hesab edilir. Hazırkı hala münasibətdə alğı-satqı müqaviləsinin bağlanmış olması və müqavilə predmeti olan əşyanın satıcıya verilməsi ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmış olur. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi alğı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Işin faktiki hallarına görə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə nəzərdə tutulmuş olan pul alıcı tərəfindən satıcıya ödənilmişdir. Deməli, hazırkı mülki iş üzrə alıcı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olduğu öhdəlik icra edilmişdir. Sözügedən müqavilə üzrə satıcının vəzifəsi isə müqavilə üzrə müəyyən edilmiş əşyanın (hazırkı iddia tələbinə münasibətdə) alıcıya verilməsidir. Həmçinin satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur.
16. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, işin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış olan alğı-satqı müqaviləsi üzrə əşya satıcıya müəyyən olunmuş keyfiyyətdə verilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən iki gün sonra avtomobildə nasazlıq olması aşkar edilmiş və müayinə nəticəsində nəqliyyat vasitəsinin nasaz olması və mühərrikinin dəyişdirilməsi zərurəti aşkar edilmişdir. Bu da özü növbəsində göstərir ki, satıcı tərəfindən müqavilə predmeti olan əşya adətən istifadə edilməsi üçün nəzərədə tutulan əşya keyfiyyətlərinə cavab verməmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əşyanın keyfiyyəti ilə bağlı sübutetmə yüklülüyü hər iki tərəfin üzərinə düşür. Iddiaçı tərəfindən həmin halın sübutu olaraq alğı-satqı predmeti olan “BMW X-6” minik markalı, ** TX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından iki gün sonra, yəni ##.##.2025-ci il tarixdə nasazlığı ilə bağlı iddiaçının ustaya müraciət etmiş olması və nəticə etibarı ilə həmin nəqliyyat vasitəsinin yeni mühərriklə əvəz edilmiş olması iddiaçı tərəfin təqdim etmiş olduğu qəbz, arayış və fotoşəkillərlə tam olaraq sübuta yetirilmişdir. Eyni zamanda nəqliyyat vasitəsinin təmiri və ehtiyat hissələrinin alınmış olması təmiri həyata keçirən usta tərəfindən verilmiş olan iltizam və qəbzlərlə sübuta yetirilmişdir. Əksinin sübuta yetirilməsi cavabdeh tərəfin üzərinə düşsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən əşyanın qüsurlarının aradan qaldırılması üçün alıcı çəkdiyi xərclərin əvəzinin ödənilməsini satıcıdan tələb etmək hüququna malikdir. Belə olan halda, çəkilmiş xərclərin əvəzi olaraq cavabdehdən “BMW X-6” minik markalı, ** TX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mühərrikinin dəyişdirilməsi üçün ödənilmiş 3150 manat, usta xərci olaraq ödənilmiş 1000 manat və ehtiyat hissələrinin alınması üçün ödənilmiş 982 manat pulun tutulması hissəsində tələb əsaslıdır və təmin edilməlidir.
19. Birinci instansiya məhkəməsi cavabdehin iddianı qeyd edilən hissədə etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia icbari sığorta haqqı olaraq 138 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir.
20. Iddia tələbinin cavabdehdən evakuator xidmətinə görə 28 manat və taksi ilə hərəkət etməsinə görə pulun tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı evakuator xidmətinə görə 28 manat ödənilmiş olduğunu iddia etsə də, məhkəməyə təqdim edilmiş olan ## ### 2025-ci il tarixli ****** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, evakuator xidmətilə bağlı iddiaçı tərəfindən 27 manat ödəniş edilmişdir.
21. Iddiaçının iddia tələbinin taksi ilə hərəkət etməsi ilə bağlı pulun tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu hissədə tələb sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçının iddia tələbindən görünür ki, zərər əvəzi olaraq mühərrik dəyəri 3150 manat, usta xərcləri 1000 manat, ehtiyyat hissələri 982 manat, icbari sığortaya görə 138 manat, evakuator xidmətinə görə 28 manat olmaqla, ümumilikdə 5500 manat pul tələb edir. Çəkilmiş olan xərclər hesablandığı təqdirdə 5298 manat təşkil edir. Burdan da belə bir nəticəyə gəlmək olur ki, iddiaçının taksi xərci olaraq tələbi 202 manat təşkil edir (5500 5298=202). Lakin iddiaçı tərəfindən taksi xidməti olaraq istifadə ilə bağlı 202 manat ödənişin ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
22. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyan tələbi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim edilməmişdir.
23. Əlavə qətnamə belə əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli qətnamənin nəticə hissəsi elan edildikdən və əsaslandırılmış qətnamə tərtib edildikdən sonra müəyyən edilmişdir ki, iddia tələblərindən biri ilə bağlı sübutların təqdim edilməsinə və izahatların verilməsinə baxmayaraq qət edilmiş qətnamədə hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən avtomobilin ehtiyat hissələrinin alınması ilə bağlı çəkilmiş xərclərin sübutu kimi 982 manat dəyərində qəbz təqdim edilmiş olmasına baxmayaraq avtomobilin ehtiyat hissələrinə görə tutulacaq məbləğ 732 manat müəyyən edilmişdir. Iddiaçı tərəfin təqdim etmiş olduğu qəbzlərə əsasən qalan 250 manat pulun tutulmasına hüquqi qiymət verməmişdir.
24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, avtomobilin ehtiyat hissələrinə görə qalan 250 manat məbləğində pulun tutulması məsələsinin həll edilməsi məqsədi ilə əlavə qətnamə çıxarılmalıdır.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 567, 568, 581, 587, 589-cu, Mülki Prosessual Məcəllənin 77.1, 191.1, 191.3, 220.4-cü maddələri və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Iddiaçı oğlu apellyasiya şikayəti verərək, qismən ləğv, iddianın mənəvi zərərlə də bağlı hissədə təmin edilməsini xahiş etmişdir.
27. Iddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır.
28. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
29. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov, Pərviz Əhmədov)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış olan alğı-satqı müqaviləsi üzrə əşya satıcıya müəyyən olunmuş keyfiyyətdə verilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən iki gün sonra avtomobildə nasazlıq olması aşkar edilmiş və müayinə nəticəsində nəqliyyat vasitəsinin nasaz olması və mühərrikinin dəyişdirilməsi zərurəti aşkar edilmişdir. Bu da özü növbəsində göstərir ki, satıcı tərəfindən müqavilə predmeti olan əşya adətən istifadə edilməsi üçün nəzərədə tutulan əşya keyfiyyətlərinə cavab verməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərlə bağlı apellyasiya şikayətində cavabdehin hərəkətləri nəticəsində olduqca ağır psixoloji gərginlik keçirtməsini, bu vəziyyətin uzun müddət davam etməsini, hətta həkim məsləhəti ilə sakitləşdirici dərman peraparatları qəbul etdiyini, özünü təhqir olunmuş bildiyini, ailə üzvləri, yaxın qohumları, tanışları yanında baş vermiş problemlə bağlı danışa bilmədiyini göstərsə də, bu hallarla bağlı hər hansı bir sübut (sağlamlığı, psixoloji vəziyyəti ilə bağlı sənədlər, psixoloji vəziyyətində yaranan problemlərin cavabdehin hərəkətləri ilə bağlı olması, bununla bağlı müalicə alması) təqdim etməmişdir. Bundan başqa müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirilməlidir. Yəni öhdəliklərin pozulması faktı ilə yanaşı, bu pozuntu nəticəsində onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləni də sübuta yetirməlidir. Lakin iddiaçı bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2.1, 324.5, 389.1, 390.1, 394, 406.1, 567, 568.1, 569.1, 581, 587, 589, 595.1, 595.2, 595.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları ədalətli araşdırılmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar mötəbər deyil. Nəqliyyat vasitəsinin mühərrikinin nasaz olması səbəbindən avtomobil cavabdehə qaytarılmamış, ödədiyi pul geri tələb olunmuşdur. Mühərrikin dəyəri daha baha olmaqla qeyd edilmiş, ehtiyat hissələrinin dəyəri şişirdilmişdir. Bundan əlavə, mühərrikin əvəzləşdirilməsi üçün usta xərci barədə sübut mötəbər deyil. Qeyd edilən hallar məhkəmə tərəfindən qərəzli olaraq qiymətləndirilmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin satılarkən getdiyi yol (kilometraj) və nasaz vəziyyətdə olarkən getdiyi məsafə bir daha sübut edir ki, iddiaçı avtomobilə istirahət vermədən amansızcasına idarə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 581. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 587.1.3 Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün qətnamə tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayəti üzrə apellyasiya baxşının predmeti iddianın təmin edilən hissəsi olub. Bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, cavabdehin şikayəti üzrə apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. Iddia tələbi alqı-satqı müqaviləsi üzrə öhədliyin icrası ilə bağlıdır. Iddiaçı aldığı avtomobilin qüsurlu olmasına, bu qüsurlardan məlumatının olmamasına, avtomobili aldıqdan sonra həmin qüsurları öz vəsaiti ilə aradan qaldırmasına istinad etmişdir.
43. Məhkəmələr tərəfindən iddiaçının istinad etdiyi hallar təsdiqini tapmışdır.
44. Nəzərə alınsa ki, Mülki Məcəllənin 581.1-ci massəinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur və 587.1.3-cü maddəyə görə satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin, belə olan halda, işin halları baxımından gəlinən nəticə qanunu və əsaslı olumşdur.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.
46. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmış, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.
47. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırması yetərli hesab olunmalıdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, sübutlardan hansının qəbul edilən, hansının qəbul edilməyən olmasını düzgün müəyyən etmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.