Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-982/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Sabirabad rayon Prokurorluğuna müraciət edərək, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh 2024-cü ili yanvar ayının sonunda onunla zorla cinsi əlaqədə olduğunu bildirmiş və Sabirabad rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə Cavabdeh əməlində AR Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir.
2. AR DİN-nin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə baxılmış, R Cavabdeh “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduğuna görə DİNnn müvafiq əmri ilə ciddi intizam məsuliyyətinə cəlb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 30.000 manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ildə polis əməkdaşı Cavabdeh ona qarşı törətdiyi əməllərlə bağlı müraciət etmişdir. 2024-cü ilin yanvar ayında özünəməxsus “Samsung Galaxy A 20” markalı mobil telefonu itmiş, bundan sonra o, DİN-nin 102 xidməti mərkəzinə zəng edərək telefonunun oğurlanması barədə şikayət etmişdir. Şikayətdən sonra onun tanımadığı polis əməkdaşı zəng edərək izahat verməsi üçün rayon polis şöbəsinə dəvət etmişdir. O, bundan sonra şöbəyə getmişdir və həmin vaxt rayon polis şöbəsində sahə müvəkkili işləyən Cavabdeh onu qəbul etmişdir. Ondan ərizə və izahat almışdır. Daha sonra Həmid nömrəsini ona vermiş və bildirmişdir ki, evə gedəndə onunla əlaqə saxlasın. O, nömrəni götürüb evə getmişdir. Evə çatdıqdan sonra anasının nömrəsindən Həmidə zəng etmiş və telefon tapılsa bu nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Bir gün sonra kənd uşaqları telefonu küçədən tapıb ona vermişlər. O, Həmidə zəng edərək telefonun tapıldığını bildirmişdir. Bu zaman Həmid ona yaxşı ki, onu tanıdığını bildirmişdir. Həmid ona yazacağını bildirdi. Həmid ona vatsap vasitəsi ilə yazmış və onu bəyəndiyini bildirmişdir. Bundan sonra onların münasibəti yaranmış və danışmağa başlamışlar. 2024-cü il ## ###### tarixdə Həmid ona zəng edərək onlara gəldiyini və telefonun tapılması ilə əlaqədar ondan ərizə almasını bildirmişdir. Saat təxminən 10 radələrində Həmid onların Yolçubəyli kəndində yerləşən evlərinə gəlmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Həmid polis formasında gələrək onun evinə daxil olmuşdur. Həmidin əlində sənədlər olmuşdur. Ərizə yazmağa başlamış və ondan çay istəmişdir. Həmin vaxt onlar qonaq otağında əyləşirdilər. Həmid birdən ayağa qalxıb onun yanındakı stula yaxınlaşmış və onu zorlamışdır. Həmid ona sakit olmasını, heç kimə bu barədə danışmasını, onunla evlənəcəyini bildirmişdir. O, da Həmidə inanmış və Həmidin onunla evlənəcəyini düşünmüşdür. Həmid bundan sonra çıxıb getmiş, o, da bu barədə heç kimə məlumat verməmişdir. Həmin gündən sonra Həmidin psixoloji təsirləri nəticəsində hansı ki, “biz evlənəcik narahat olma heç nə olmaz mən sözümü tutan adamam, məndə yalan olmaz” deyərək yalan vədləri verərək və “mənimlə birlikdə olmasan məni itirəcəksən” kimi psixoloji təsirləri sayəsində dəfələrlə cinsi əlaqədə olmuşdur. O, 2024-cü ilin ## ###### tarixdə Həmidin evli olduğunu öyrənmiş və Həmidə hər şeyi anasına deyəcəyini bildirmişdir. O, Həmidə onunla münasibətləri ciddiləşdirək “gəl məni anamdan istə” dedikdən sonra Həmid birdəfəlik onunla əlaqəni kəsmişdir. Daha sonra hər şeyi anasına danışmış və Həmid barəsində şikayət etmişdir. Onlar Həmidlə birgə avtomobildə olarkən Həmidə qarşı küsgünlüyü olduğundan və ona əsəbindən nəlayiq ifadələr işlətmiş, o, da həmin anı video çəkərək videonu yaymaqla onu şantaj etmişdir. Həmid ondan çılpaq şəkillərini ona atmasını hər dəfəsində israrla istəyirdi və bildirirdi ki, “atmadığın halda səndən ayrılacam və səni bütün hər kəsə biyabır edəcəm”. Bu da onda psixoloji sarsıntı yaratmışdır. Onun psixologiyasını Cavabdeh bu şantaj niyyətli əməlləri ilə pozmuşdur. Sonradan onun şikayəti əsasında Cavabdeh 2025-ci ilin mart ayının 18-i tarixdə Daxili İşlər Nazirinin müvafiq əmri ilə sərəncama alınmışdır. Sabirabad rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən R X2 tərəfindən ##.##.2025-ci il tarixli, **-C-** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, hadisə zamanı qorxu və çaşqınlıq vəziyyətində olmuşdur, iradəsini sərbəst ifadə edə bilməmişdir. Həmid onun xəbəri və razılığı olmadan səs yazısını qeydiyyata almış və sonra bu səs yazısını Prokurorluğa təqdim etmişdir. Bu, Azərbaycan Respublikası CM-nin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə cinayət tərkibi daşıyır və onun şəxsi hüquqlarının kobud şəkildə pozulmasıdır. Bundan əlavə, Cavabdeh bu barədə cəmiyyətə birbaşa məlumat yaymasa da, Cavabdeh onun evinə gələn zaman görən qonşular və tanışlar bu hadisəni başqalarına danışaraq onun haqqında “əxlaqsızdır”, “polis əməkdaşı ilə gəzirdi” kimi yalan, böhtan xarakterli şayiələrin yayılmasına səbəb olmuşlar. Bu hallar ona qarşı ictimai təzyiqin və aqressiyanın artmasına gətirib çıxarmış, şəxsi və ictimai həyatını iflic vəziyyətə salmışdır. Sosial çevrəsi tərəfindən təcrid edilmiş, ciddi psixoloji sarsıntılar yaşamışdır və artıq cəmiyyət içində normal şəkildə yaşamağa çətinlik çəkir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, həmçinin hüquq-müafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının şikayətində göstərilən dəlillərin əsassız olması müəyyən edildiyindən, 20.000 manat mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2-ci, habelə MPM-nin 14.2, 77.1, 80, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq işə baxılmış, formal mülahizəyə əsaslanan qətnamə qəbul edilmişdir. Belə ki, ümumiyyətlə iş materialları araşdırılmadan yalnız cavabdehin təqdim etdiyi natamam sənədlər əsasında qətnamə çıxarılmışdır. İddiaçı keçirilmiş məhkəmə iclasında iştirak etmiş və tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar olmasına rəğmən məhkəmə onun təqdim etdiyi sübutları əsassız sayaraq qətnamə qət etmişdir. İşin heç bir halları araşdırılmamışdır və cavabdeh tərəfindən gəlib sadə izahat verilmişdir, bu da məhkəmənin fikrinin tamamilə cavabdeh tərəfində olduğunu göstərmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər: Rəşid Səmədov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının şikayəti əsasında cavabdeh barəsində qaldırılmış cinayət işinin nəticəsindən məlum olur ki, onun əməlində AR Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, cavabdehin hüquqazidd hərəkətləri sübut olunmadığından, cavabdehdən həmin hərəkətlər nəticəsində vurulmuş maddi ziyanın tələb edilməsi yolverilməzdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
13. Bundan əlavə, mənəvi zərərin ödənilməsi barədə iddiaçının tələbinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd etmişdir ki, onun bu tələbi də əsassızdır. Belə ki, iddiaçı cavabdehin təqsiri ucbatından mənəvi zərərə məruz qaldığını bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırmaları zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir.
14. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, habelə MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 1097.1-ci maddəsini tətbiq edərkən zərərin əvəzinin ödənilməsi üçün zərərvuranın təqsiri və zərər ilə hərəkət arasında səbəbli əlaqənin qiymətləndirilməsini deliktin ümumi modelinə uyğun aparmamış, əsaslandırmanı yalnız prokurorluğun cinayət işi başlamaması mövqeyi ilə məhdudlaşdırmışdır. Halbuki iş materiallarında cavabdehin DİN tərəfindən “etik davranış kodeksi”ni pozduğuna görə ciddi intizam məsuliyyətinə cəlb edilərək polis orqanlarından xaric olunması faktı göstərilir. Bu fakt, azı, cavabdehin xidməti statusundan istifadə etməklə qanunla qorunan şəxsi qeyri-əmlak dəyərlərinə toxunan davranışına dair rəsmi qiymətləndirmədir və delikt məsuliyyəti üçün hüquqaziddlik və təqsirin mülki qaydada qiymətləndirilməsini zəruri edir. 1097.1-ci maddənin düzgün tətbiqi, bu faktların mülki məsuliyyət baxımından nəticəsini araşdırmağı tələb etdiyi halda, məhkəmə həmin qiymətləndirməni aparmadan iddianı rədd etmişdir. Bu isə zərərin əvəzinin ödənilməsi institutunun məqsədinə zidd nəticə doğurmuşdur. İddiaçı cavabdeh tərəfindən cinsi zorzkılığa məruz qalsa da məhkəmə kollegiyası nəzərə almamışdır. İddiaçı tərəfindən maddi zərər kimi tələb edilən xərclər (hüquqi yardım və nəqliyyat xərcləri) pozulmuş hüquqların müdafiəsi və bərpası üçün çəkilən real zərər kimi qiymətləndirilə bilən xərclərdir. Məhkəmə isə bu zərərin hüquqi təbiətini və delikt hadisəsi ilə səbəbli əlaqəsini ayrıca təhlil etmədən, ümumi şəkildə “sübut yoxdur” qənaəti ilə tələbi rədd etmişdir. Əgər məhkəmə tələb olunan məbləği həddindən artıq hesab edirdisə, onda hüquqi mövqeyini Mülki Məcəllənin 21-ci maddəsinin məntiqinə uyğun quraraq, real və ağlabatan həddə müəyyən etməli, yaxud ən azından hansı hissənin sübuta yetirilmədiyini konkret göstərməli idi. Bu edilmədiyindən maddi zərər tələbi maddi hüququn düzgün tətbiqi olmadan rədd edilmiş və nəticədə iddiaçının pozulmuş hüququnu müdafiə etmək üçün çəkdiyi zəruri xərclər kompensasiya imkanından kənarda qalmışdır. Məhkəmə mənəvi zərər tələbini qiymətləndirərkən şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatına və psixoloji vəziyyətinə vurulan zərərin kompensasiya mexanizmini formal yanaşma ilə məhdudlaşdırmışdır. İş üzrə cavabdehin xidməti statusundan istifadə etməsi, iddiaçının iradəsinə təsir edən davranışlar, davam edən psixoloji təzyiq və sosial mühitdə yaranan mənfi nəticələr barədə hallar iş materiallarında təsvir olunmasına baxmayaraq, məhkəmə həmin halların mənəvi zərərin yaranması və ağırlığı baxımından hüquqi qiymətləndirilməsini aparmadan “mötəbər sübut yoxdur” yanaşması ilə tələbi rədd etmişdir. Belə yanaşma mənəvi zərərin subyektiv xarakterini və mülki hüquqla qorunan şəxsi qeyri-əmlak dəyərlərinin mahiyyətini nəzərə almadan maddi hüququn məqsədinə zidd nəticə doğurmuşdur. Maddi hüquq normalarının bu şəkildə yanlış tətbiqi nəticəsində məhkəmə delikt məsuliyyətinin əsas elementi olan “hüquqazidd əməl”i dar mənada şərh etmiş, bununla da həm maddi, həm də mənəvi zərərin əvəzinin ödənilməsi tələblərini mahiyyət üzrə araşdırmadan rədd etmişdir. Bu isə qətnamənin maddi hüquq baxımından qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi delikt məsuliyyətinin yaranması üçün tələb olunan “hüquqazidd əməl” elementini faktiki olaraq “cinayət tərkibinin mövcudluğu” ilə eyniləşdirmiş, Sabirabad Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarını əsas götürərək cavabdehin hüquqazidd hərəkətlərinin sübut olunmadığı qənaətinə gəlmişdir. Halbuki Mülki Məcəllənin 1096.1-ci maddəsinin mahiyyətinə görə delikt məsuliyyəti üçün hərəkətin cinayət tərkibi yaratması tələb olunmur, hüquqla qorunan şəxsi qeyri-əmlak hüquqlarının (şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı və s.) pozulmasına səbəb olan təqsirli hüquqazidd davranışın mövcudluğu kifayətdir. Cinayət təqibinin başlanmaması barədə qərar mülki hüquq münasibətlərində hüquqaziddliyin və təqsirin qiymətləndirilməsini avtomatik aradan qaldırmır. Bu maddənin yanlış tətbiqi nəticəsində məhkəmə hüquqazidd əməl elementini sübut olunmamış sayaraq iddianı bütövlükdə rədd etmişdir ki, bu da işin mahiyyəti üzrə səhv nəticəyə gətirib çıxarmışdır. Tərəflərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda, iddiaçının izahatları prokurorluğun rədd qərarı fonunda faktiki olaraq “sübutsuz” hesab edilmiş, izahatların daxili ardıcıllığı və digər sübutlarla uyğunluğu ayrıca yoxlanılmamışdır. Bu, izahatların sübut kimi qiymətləndirilməsi mexanizmini formal səviyyədə saxlamış, işin faktiki bazasını natamam etmişdir. Apellyasiya instansiyası şikayətin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarına riayət olunmasını yoxlamalı olduğu halda, delikt məsuliyyətinin hüquqi kvalifikasiyasını cinayət təqibinin nəticəsinə tabe etmiş, bu yanlış hüquqi yanaşmanı aradan qaldırmadan qətnaməni dəyişdirilmədən saxlamışdır. Nəticədə hüququn düzgün tətbiqinə nəzarət funksiyası formal icra edilmişdir. Məhkəmə kollegiyası Sabirabad Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli cinayət işinin rədd edilməsi qərarını sübut kimi iş materialarına əlavə edərək və apellyasiya şikayətinin təmin edilməməsi əsası kimi həmin qərara əsaslanmışdır. Lakin məhkəmə kollegiyası həmin qərarın Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı əsasında ləğv edilərək öz predusiyallığını itirməsini nəzərə almayaraq mülki prosessual qanunvericiliyi kobud surət pozmuşdur. Bu isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirməmişdir. Qətnamədə bir tərəfdən cavabdehin etik davranış qaydalarını pozmasına görə DİN tərəfindən ciddi intizam məsuliyyətinə cəlb edilməsi qeyd olunur, digər tərəfdən isə “hüquqazidd hərəkət sübut olunmayıb” nəticəsinə gəlinir. Bu ziddiyyətin necə aradan qaldırıldığı, intizam məsuliyyəti faktının mülki hüquq baxımından nə üçün hüquqazidd davranış kimi qiymətləndirilmədiyi izah olunmur. Nəticə etibarilə sübutların məcmusundan çıxmalı olan qənaət formalaşmayıb. Məhkəmə sübutetmə yükünü formal şəkildə yalnız iddiaçının üzərinə yönəltmiş, iddiaçının təqdim etdiyi faktlar və izahatlar əsasında cavabdehin davranışının hüquqi qiymətləndirilməsinə keçməmişdir. Delikt işlərində iddiaçının təqdim etdiyi ilkin sübutlar və rəsmi reaksiya faktları(məsələn, DİN-in intizam tədbiri) mövcud olduqda, məhkəmə həmin faktların mahiyyətini araşdırmalı, ziddiyyətləri aradan qaldırmalı və sübutların məcmusundan nəticə çıxarmalı idi. Bu edilmədiyindən “sübut olunmayıb” nəticəsi əsaslandırılmadan verilmişdir. Apellyasiya instansiyası işə yalnız prokurorluğun ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” qərarını əsas götürərək yanaşmış, iş materiallarında mövcud olan digər sübutları və onların məcmusunu (o cümlədən DİN tərəfindən intizam tədbiri görülməsi faktını, tərəflərin izahatlarını və təqdim edilən yazışmaları) işin həlli üçün həlledici dəlil kimi qiymətləndirməmiş, faktiki olaraq bir sənədə “qabaqcadan müəyyən edilmiş” üstün qüvvə vermişdir. Bu yanaşma sübutların araşdırılması və onlardan istifadə edilməsinin qanuni qaydasını pozmaqla nəticədə işin mahiyyəti üzrə səhv qənaətə gətirib çıxarmışdır. İclas zamanı məhkəmə kollegiyasına Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarını məhkəməyə təqdim etsək də məhkəmə qərarı götürməmişdir. Bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, apellyasiya şikayəti verilərkən qərar qəbul edilməmişdi. Qərar iddiaçıya ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Şikayət edilən apellyasiya qətnaməsində həmin Plenum qərarına istinad edilsə də, qərarda nəzərdə tutulan meyarlar (zərərin vurulma xarakteri və ağırlığı, zərərçəkənin fərdi xüsusiyyətləri, davranışın sosial nəticələri, şəxsi həyatın toxunulmazlığına müdaxilə, ictimai nüfuz və psixoloji sarsıntı kimi halların qiymətləndirilməsi) konkret işin faktiki halları ilə əlaqələndirilməmiş, yalnız formal istinadla kifayətlənilmişdir. Bu yanaşma Plenum qərarının məqsədinə zidd olub, vahid məhkəmə təcrübəsində formalaşmış prinsiplərin tətbiq edilməməsi nəticəsini doğurmuşdur. Nəticədə mənəvi zərər tələbi “mötəbər sübut yoxdur” kimi ümumi ifadə ilə rədd edilmiş, lakin Plenum qərarının tələb etdiyi qiymətləndirmə aparılmamışdır. Kassasiya şikayətində istinad edilən ##.##.2025-ci il tarixli Plenum qərarının məzmununa uyğun olaraq, mənəvi zərərin müəyyən edilməsi zamanı təkcə “sənədli sübut” deyil, həmçinin hadisənin xarakteri, zərərçəkənin sosial-psixoloji vəziyyətinə təsir, davranışın ictimai nəticələri və insan ləyaqətinə müdaxilənin ağırlığı nəzərə alınmalı, məhkəmə bu meyarlarımotiv hissəsində əsaslandırmalıdır. Apellyasiya qətnaməsi bu aktual təcrübə xəttini nəzərə almadan, köhnə və formal yanaşma ilə mənəvi zərəri faktiki olaraq “kağız üzərində” sübut standartına bağlamışdır. Bu isə vahid məhkəmə təcrübəsinin yeni Plenum qərarı ilə formalaşan istiqamətinə uyğun gəlmir və təcrübə vahidliyinin pozulmasına səbəb olur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehin kassasiya şikayətinə qarşı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 27.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 28.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 29.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
34. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının şikayəti əsasında cavabdeh barəsində qaldırılmış cinayət işinin nəticəsindən məlum olur ki, onun əməlində AR Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, cavabdehin hüquqazidd hərəkətləri sübut olunmadığından, cavabdehdən həmin hərəkətlər nəticəsində vurulmuş maddi ziyanın tələb edilməsi yolverilməzdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
35. Bundan əlavə, mənəvi zərərin ödənilməsi barədə iddiaçının tələbinə hüquqi qiymət verərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, onun bu tələbi də əsassızdır. Belə ki, iddiaçı cavabdehin təqsiri ucbatından mənəvi zərərə məruz qaldığını bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırmaları zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir.
36. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.