Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-989/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölünməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından ## #### 2023-cü il təvəllüdlü X3 adlı övladları vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, tərəflərin arasında ##.##.2022-ci il tarixdə * saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1254 nömrə ilə qeydə alınmış nikahın pozulması, ##.##.2023-cü il təvəllüdlü X3 anası X6 yanında saxlanılması qət edilib.
2. “X1” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmış və ##.##.2023-cü ildə 15000 manata özgəninkiləşdirilmişdir.
3. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən pulun yarısının cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixli alğısatqı müqaviləsi ilə cavabdeh X4 adına özgəninkiləşdirilməsindən əldə olunan 15000 manat məbləğin ½ hissəsinə onun payı müəyyən edilərək, həmin məbləğin, yəni 7500 manat məbləğdə vəsaitin, həmçinin mediasiya prosesi üçün ödənilmiş 60 manat məbləğdə pul vəsaitinin cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə ## #### 2022ci il tarixdə * saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurub. Həmin nikahdan ##.##.2023-cü il təvəllüdlü X3 doğulub. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulub. Birgə nikah dövründə cavabdeh Cavabdeh adına “X1” minik markalı, 77-XZ462 dövlət qeydiyyat nömrə nişanlı avtomobil alıblar. Azərbaycan Respublikası DIN-nin BDYPI-nin ##.##.2024-cü il tarixli, *-**-**/*-******/**** nömrəli məktubundan və kompüter çıxarışından müəyyən olunub ki, “X1” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə cavabdeh X4 adına 15000 manat müqabilində özgəninkiləşdirilib. Lakin əldə olunan vəsaitə ½ hissədə onun payı olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğ ona ödənilməyib. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, * saylı Mediasiya təşkilatına müraciət olunub, mediator tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ### 2025-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edir.
6. Məhkəmə iclasında iddiaçı İddiaçı bildirmişdir ki, ## #### 2022-ci ildə cavabdehlə nikaha daxil olub. Avtomobil cavabdehlə küsülü olan vaxt satılıb. O, həmin vaxt atasının evində idi, amma nikahları pozulmamışdı. Nikahları ## ###### 2024-cü ildə rəsmi qaydada pozulub. Uşaqları ## #### 2023-cü ildə doğulub, o, həmin vaxt evdə idi. ## ###### 2023-cü ildə evi tərk edib. ## #### 2023-cü ildə cavabdehlə birlikdə yaşayırdı. ##.##.2023-cü ildə atasının evində olub, cavabdehlə küsülü olub. 2023-cü ilin iyul ayında oğlunun kiçik toyu olub. Uşağın yığıncağına avtomobillə gediblər, 2023-cü ilin yayında Bakı şəhərində zəlzələ olanda onlar dəniz kənarında həmin avtomobillə gəzirdilər. Cavabdehlə ayrıldıqları vaxta kimi avtomobil evin qapısının yanında olub.
7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ##.##.2023-cü ildə iddiaçı onunla olub. Iddiaçı atasının evinə gedib-gəlib. Iddiaçı ilə 2023-cü ilin avqust ayından ayrılıblar. Avtomobili torpağın satışından əldə edilən vəsait hesabına əldə ediblər, torpaq anasına məxsus əmlak olub. Həmin torpağı 2022-ci ilin mart ayında 20000 manata satıblar. Avtomobili isə 6000-7000 manata alınıb.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Q.Əliyeva).
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər faktiki olaraq 2023-cü ilin avqust ayından ayrılıblar, bundan sonra iddiaçı cavabdehə qarşı “nikahın pozulması, uşaq və aliment” tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Həmçinin, tərəflərin birgə nikahından olan ##.##.2023-cü il təvəllüdlü X3 toy məclisi 2023-cü ilin iyul ayında olub. Yəni tərəflər həmin ilin avqust ayında birdəfəlik ayrılıblar, buna qədər isə ailə təsərrüfatını birgə idarə ediblər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, “X1” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixdə satışından əldə edilən vəsait ailə təsərrüfatına sərf edilib. Belə ki, iddiaçı 2023-cü ilin may ayında küsülü olduqlarını qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, bununla yanaşı 2023-cü ilin avqust ayından birdəfəlik ayrıldıqlarını qəbul etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5 və 225.1-ci; Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3, 36.4 və 37.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024cü il, */**** №-li qərarının 7.7 və 7.18-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.3, 218.3, 107, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul tələbinin əsasını təşkil edən “X1” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahda olduğu dövrdə əldə edilmiş və birgə nikahda olduğu dövrdə üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, işdə də olan materiallardan da göründüyü kimi cavabdehlə iddiaçı ## #### 2022-ci il tarixində birgə nikaha daxil olmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin e-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qətnamasi ilə birgə nikaha xitam verilmişdir. Mübahisə predmeti olan avtomobilin özgəninkiləşdirilməsi tərəflərin birgə nikahda olan dövründə baş vermişdir. Mübahisənin də əsasını cavabdehin iddiaçının yazılı razılığını almadan birgə nikah dövründə əldə edilmiş və rəsmi reyestrdə qeydiyyatı aparılmış daşınar əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq özgəninkiləşdirilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi belə bir qənaətə gəlmişdir ki, tərəflər 2023-cü ilin avqust ayında ayrılmış, 2023-cü ilin iyul ayında birgə nikahdan anadan olmuş uşaq üçün keçirilmiş olan kiçik toy məclisə sərf olunan vəsait məhz avtomobilin özgəninkiləşdirilməsindən əldə olunan vəsaitlə olduğu üçün bu isə tərəflərin ailə təsərrüfatını birgə idarəetməsi ilə olmuşdur. Əvvəla işdə olan materiallardan da göründüyü kimi avtomobilin 15.000 manata özgəninkiləşdirildiyi (BDYPI-dən əldə edilən məlumatlar əsasında) qeyd edilməkdədir. Halbuki, qeyd edilən avtomobilin istehsal ili və həmin dövrə olan qiyməti avtomobilin orta bazar qiymətinin daha yuxarı olduğuna dəlalət edirdi. Sadəcə avtomobilin BDYPI-də rəsmiləşdirilməsi aparılan zaman avtomobilin qiyməti həmin dövrdə qəsdən aşağı salınmışdı. Bu da cavabdehin daha əvvəlcədən avtomobillə bağlı gələcəkdə yaranacaq olan mübahisənin həllindən bu şəkildə yayınmaq üçün addım atdığını təsdiq edir. Hər kəsə də məlumdur ki, qeyd edilən avtomobilin satışının həyata keçirildiyi 2023-cü ilin may ayında həmin avtomobilin qiyməti 15.000 manat deyil, daha yuxarı bir məbləğ təşkil edirdi. Bundan başqa hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırma aparılsaydı, tərəflərin faktiki olaraq 2023-cü ilin may ayından ayrı yaşadığı müəyyən ediləcəkdi. Yəni mübahisə predmeti olan avtomobil özgəninkiləşdirilən zaman tərəflər faktiki olaraq ayrı yaşamaqda idilər. Həmçinin təşkil edilən kiçik toy məclisi klassik mənada olan toy məclisindən böyük ölçüdə fərqləndiyi üçün qeyd edilən mübahisə predmeti olan vəsaitlə kiçik toy məclisinin təşkil edildiyini iddia etmək gülünc olardı. Belə ki, az sayda insanın iştirak etdiyi məclisə toy məclisi kimi yanaşmaq və avtomobilin satışından əldə edilmiş vəsaiti həmin məclisə, o cümlədən ailə təsərrüfatına xərcləndiyini, sərf olunduğunu bildirmək həqiqətdən çox uzaqdır. Hesab edir ki, ən azından birinci instansiya məhkəməsi bütün bunları araşdırmalı və qəbul etdiyi qətnamədə bunların lazımi qaydada araşdırdığını qeyd etməli idi. Belə ki, məhkəmə qətnaməsindən də göründüyü kimi birinci instansiya məhkəməsi sadəcə tarixləri nəzərə almış və bu tarixlərin işdə olan materiallarla üst-üstə düşməsini əsas kimi göstərməklə iddia tələbini rədd etmişdir. Həmçinin, mübahisəli hal avtomobilin ailə təsərrüfatına xərclənməsi deyil, birgə nikahda olan dövrdə alınmış olan avtomobilin özgəninkiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun aparılmamasıdır. Yəni, əqdin etibarsızlığı işin mübahisəsiz halı olduğu və bu hal mübahisələndirildiyi halda, məhkəmə avtomobilin satışından əldə edilmiş vəsaitin ailə təsərrüfatına xərcləndiyini qeyd etməklə iddia tələbi ilə əhatə olunmayan bir əsaslandırmaya getmişdir. Birinci instansiya məhkəməsi tərəflərin faktiki olaraq ayrıldıqları tarixi lazımi qaydada araşdırmamış, sadəcə cavabdehin 2023-cü ilin avqust ayından etibarən faktiki ayrıldıqlarına dair izahatını və avtomobilin 2023-cü ilin iyul ayında özgəninkiləşdirildiyini əsas kimi göstərməklə satışdan əldə olunan vəsaitin ailə təsərrüfatına xərcləndiyini qeyd etməklə sübutlara birtərəfli qiymət vermiş, işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə işdə olan sübutları tərəflərin verdikləri izahatlarla və işin faktiki halları ilə birlikdə araşdırsaydı, o zaman qeyd edilən qətnamənin əksini iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qətnamənin qəbul ediləcəkdi. Belə ki, etibarsız olan bir əqd işin mübahisəsiz halı olduğu halda, buna etibarlı əqd kimi yanaşmaqla bu əqdin nəticəsində əldə edilmiş vəsaitin ailə təsərrüfatına xərcləndiyi kimi əsassız bir qənaətə gəlmək birbaşa birinci instansiya məhkəməsinin qərəzli olmasından xəbər verir.
13. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazında göstərmişdir ki, mübahisə predmeti olan avtomobili ##.##.2023-cü il tarixdə almışdır. Həmin vaxtı avtomobili almaq üçün lazım olan məbləği anası X5 ödəmişdir. Belə ki, AN-İ 1036175 nörməli, 4Ə-544 nömrə ilə reyestrdə qeydə alınmış, alğı-satqı müqaviləsi əsasında anası X5 öz mülkiyyətində olan torpaq sahəsinin alğı-satqısını həyata keçirmişdir. Qeyd olunan avtomobilin alınması üçün ödənilən məbləğ də həmin torpağın alğı-satqısından əldə olunan vəsait hesabına ödənilmişdir. Buna görə də avtomobilin ar-arvadın birgə nikah dövründə əldə edilmiş əmlaka kimi ondan pay tələb etməsini əsassız hesab edir, çünki həmin avtomobil anası tərəfindən ona hədiyyə olunmuşdur. Rəsmi nikahlarından ##.##.2023-cü il tarixdə X3 doğulmuşdur. Həmin vaxta o, “X2”də işləyirdi və maaşı 400-500 manat civarında idi. Aldığı maaş evin və uşağın məsrəflərini ödəmirdi. Həmçinin, uşağın sünnət edilməsi məsələsi gündəmə gələndən sonra avtomobili satmaq qərarına gəlmişdir. Bu barədə yaxın dostu X4 dedikdə, ondan avtomobili ala biləcəyini bildirdi və avtomobili 15000 manata ona satdı. Avtomobil özgəninkiləşdirildikdə iddiaçı və o birlikdə yaşayır və ailə təsərrüfatını birgə idarə edirdilər. Yəni qeyd olunan avtomobil özgəninkiləşdirildikdə onun məlumatı var idi, əldə olunan məbləğ ilə birlikdə ailə təsərrüfatına sərf edilmişdir. Hətta həmin vaxt cavabdeh maşınsız olduğu üçün maşını yaxın dostu X4 xahiş edib götürdü və onlar iddiaçı ilə birlikdə kiçik toy tədbirinə getdilər. Nikahın pozulması barədə məhkəmə mübahisəsi dövründə qeyd olunan avtomobil mübahisələndirilməmiş, və bu barədə heç bir tələb irəli sürülməmişdir. Çünki iddiaçı həmin avtomobilin dəyərinin anası tərəfindən ödənildiyini bilirdi və özgəninkiləşdirilən zaman bundan məlumatı var idi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, cavabdeh Cavabdeh 7500 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, 95 manat mediasiya xərcinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi 47,5 manatın, cəmi 142,5 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakimlər G.Axundova (məruzəçi), M.Rüstəmli və F.Qasımov).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh nəqliyyat vasitəsini ## ### 2023-cü il tarixdə, faktiki ayrıldıqları dövrdən 2 ay yarım qabaq nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir. Nəqliyyat vasitəsi özgəninkiləşdirilsə də cavabdehin istifadəsində qalmışdır. Nəqliyyat vasitəsinin istifadəsinə dair birinci etibarnamə 2031-ci il tarixədək verilmişdir. Sonra həmin etibarnaməyə ##.##.2023-cü il tarixdə xitam verilmişdir. ##.##.2023-cü il tarixdə yenidən mübahisə predmeti olan nəqliyyat vasitəsinin istifadəsinə dair Cavabdeh ##.##.2024-ci il tarixədək etibarnamə verilmiş, həmin etibarnaməyə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. ##.##.2024-cü il tarixdə isə nəqliyyat vasitəsi başqa şəxsə satılmışdır. Məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğundan iddiaçının nəqliyyat vasitəsinə dair alğı-satqı müqaviləsinin bağlanmasından məlumatı olmaması barədə dəlili əsaslıdır.
16. Kollegiya, həmçinin qeyd etmişdir ki, cavabdehin 15000 manat vəsaitin 7000 manat hissəsinin yenicə doğulmuş körpənin kiçik toy məclisinə, qalan hissəsinin isə 2 ay yarım müddətə uşağın yeməyi, içməyi, ailə təsərrüfatı üçün xərclənməsi barədə dəlili isə inandırıcı olmamaqla heç bir mötəbər sübutla təsdiq edilmir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 32, 36, 37-ci, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə, anası X5 məxsus daşınmaz əmlakın ##.##.2022-ci il tarixdə alğı-satqı nəticəsində əldə edilmiş vəsait hesabına alınmışdır. Bu vəsait ümumi ailə gəliri deyil, üçüncü şəxsə məxsus əmlakın satışından əldə olunmuş və onun tərəfindən verilmiş vəsait olmuşdur. Bu halı iddiaçı özü də Bakı Apellyasiya Məhkəməsində etiraf etmişdir. Belə olan halda, mübahisələndirilən nəqliyyat vasitəsinin birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilməsi düzgün deyildir. Iddiaçının alğı-satqı müqaviləsinin formal xarakter daşıması və birgə mülkiyyətin formal olaraq özgəninkiləşdirilməsi barədə iddiaları hər hansı sübutla təsdiq olunmur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
23. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
24. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
25. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı
26. Bənd 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özüözlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.
27. Bənd 7.19. Iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır.
28. Bənd 7.20. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
40. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.