Məhkəmə qərarları › İş №2(102)-1023/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1023/2019

28.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2091/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(03 7)-416/2018) iddia tələbi təmin edilmiş, İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən “***” adına kolxoza məxsus olan kolxozun ərazilərinin istifadəsi aktının və kolxozun ərazilərinin xəritəsinin cavabdeh Dubrovin Cavabdeh tərəfindən kolxoza geri qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ə.T.Məcidov, hakimlər M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)2091/2018) cаvаbdeh Dubrovin Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(037)-416/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh Dubrovin Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhvil-təslim aktı ilə qəbul edilməyən, “***” adına kolxozun ərazilərinin istifadəsi aktı və kolxozun ərazilərinin xəritəsinin cavabdeh Cavabdeh tərəfindən kolxoza geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən “***” adına Kolxozun sədridir. 04 may 2015-ci il tarixdə “***” adına kolxozun keçmiş sədrinin vəzifələrini müvəqqəti icra edən cavabdehin və kolxozun hazırkı sədrinin, həmçinin kolxozun idarə heyətinin üzvlərinin iştirakı ilə - kolxoza məxsus olan daşınar və daşınmaz əmlakların təhvil - təslimi keçirilmiş və təhvil-təslim zamanı yekun olaraq akt tərtib edilmişdir. Kolxozun idarə heyətinin üzvləri və iddiaçı aktı i mzalasalar da cavabdeh həmin aktı imzalamamışdır. Təhvil - təslim zamanı kolxoza aid olan kolxozun ərazilərinin istifadəsi aktı və kolxozun ərazilərinin xəritəsi cavabdeh tərəfindən kolxoza təqdim edilməmişdir. Həmin sənədlərin təhvil-təslimi zamanı təqdim edilməməsi barədə iddiaçı tərəfindən arayış tərtib olunmuşdur. İddiaçı təhvil-təslim zamanı təqdim olunmayan sənədləri kolxoza təqdim etməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də, sonuncu həmin sənədləri kolxoza təqdim etməmişdir. Ona görə də iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Abbasov Nəvaid Novruz oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin icraatına xitam verilməsi və ərizənin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 43.1, 69.1, 69.2, 69.3, 70, 149.1, 152.1.2-ci, MPM-nin 9.1, 9.3, 14.1, 77.1-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili X1 oğlu kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı nəticəyə gəldiyini bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və onun vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olm adan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətl əndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşağıdakı əsaslara görə ləğv edilməlidir. Birinci və apellyasiya instansiya məhkəmələri müəyyən etmişlər ki, iddiaçı İsmayıllı rayonu İvanovka kəndində yerləşən “***” adına Kolxozun sədridir. 04 may 2015-ci il tarixdə “***” adına Kolxozun keçmiş sədrinin vəzifələrini müvəqqəti icra edən Dubrovin Cavabdeh, kolxozun hazırkı sədri Novaseltsev İddiaçı və kolxozun idarə heyətinin üzvlərinin iştirakı ilə - kolxoza məxsus olan daş ınar və daşınmaz əmlakların təhvil - təslimi həyata keçirilmiş və təhvil-təslim zamanı yekun olaraq akt tərtib edilmişdir. Təhvil - təslim zamanı “***” adına kolxoza aid olan kolxozun ərazilərinin istifadəsi aktı və ərazilərinin xəritəsi cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmin sənədlərin təhvil-təslim zamanı təqdim edilməməsi barədə iddiaçı tərəfindən arayış tərtib olunmuşdur. İddiaçı təhvil-təslim zamanı təqdim olunmayan sənədləri kolxoza təqdim edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də, sonuncu həmin sənədlərin onda olmadığını bildirərək həmin sənədləri kolxoza təqdim etməmişdir. İddiaçı təhvil-təslim aktı ilə qəbul edilməyən, lakin kolxoz üçün əhəmiyyətli dərəcədə vacib olan kolxozun ərazilərinin istifadəsi aktı və ərazilərinin xəritəsinin cavabdeh tərəfindən kolxoza g eri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh təhvil-təslim aktı ilə qəbul edilməyən kolxozun ərazilərinin istifadəsi aktının və ərazilərinin xəritəsinin onda olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmələr belə qənaətə gəlmişlər ki, cavabdeh maddi məsul şəxs kimi xüsusi əhəmiyyət kəsb edən sənədləri təhvil-təslim aktı ilə təhvil verməli olduğu halda bunu etməmişdir. Ona görə də İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən “***” adına kolxoza məxsus olan kolxozun ərazilərinin istifadəsi aktı və kolxozun ərazilərinin xəritəsinin cavabdeh Dubrovin Cavabdeh tərəfindən kolxoza geri qaytarılması barədə qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tələb olunan sənədlərin cavabdeh “***” adına Kolxozun keçmiş sədri vəzifələrini müvəqqəti icra etdyi 04 may 2015-ci il tarixədək onun iş otağında olan seyfin üzərində olması cavabdehin özünün izahatları və mülki işin materialları ilə təsdiq edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraicət etməkdə, İsmayıllı Rayon Məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəni, işin hallarına dair hüquqi mövqeyini əks etdirir. Bununla əlaqədar olaraq Ali Məhkəmənin Plenumu “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.1-ci b əndində qeyd etmişdir ki, qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun verdiyi izahdan belə nəticə çıxır ki, məhkəmə qətnaməsi vahid prosessual sənəddir. Qətnamənin əsasını məhkəmə araşdırılması zamanı yoxlanılmış, tədqiq və müəyyən olunmuş bütün faktlardan məntiqi olaraq irəli gələn nəticə təşkil etməlidir. Deməli qətnamənin nəticə hissəsindəki mövqe əsaslandırıcı hissəsindəki dəlillərə uyğun olmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “xx-ın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Barəsində şikayət verilmiş qətnamə məhkəmə aktına dair tələblərə cavab vermir. Qətnamənin nəticə hissəsindəki mövqe o nun əsaslandırıcı hissəsinə, qətnamədə əks olunmuş dəlillərə və faktiki hallara uyğun deyildir. Birinci və apellyasiya instansiya məhkəmələri özləri müəyyən etmişlər ki, “***” adına kolxoza məxsus olan kolxozun ərazilərinin istifadəsi aktı və kolxozun ərazilərinin xəritəsi mövcud deyil. Belə ki, qətnamədə qeyd olunur ki, iş materiallarında olan 20 aprel 2018-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, İsmayıllı rayon İvanovka kəndi ərazisində yerləşən “***” adına kolxozun torpaq sahələrinə aid 592629 nömrəli və yaxud başqa nömrə altında dövlət aktı və həmin kolxozun yerquruluşu xəritəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsində aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan 23 aprel 2018-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, İsmayıllı rayon İvanovka kəndi ərazisində yerləşən “***” adına kolxozun torpaq sahələrinə aid akt və həmin kolxozun yerquruluşu xəritəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində aşkar edilməmişdir. Beləliklə, bir tərəfdən həmin sənədlərin mövcud olmadığını müəyyən edən məhkəmələr digər tərəfdən həmin sənədlərin cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlmişlər. Bu isə, öz növbəsində, ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla qəbul olunmuş qətnamənin əsassız və qanunsuz olmasına işarə edir. Apellyasiya instansiyası məhkəməsi tələb olunan sənədlərin cavabdehin “***” adına Kolxozun keçmiş sədri vəzifələrini müvəqqəti icra etdyi 04 may 2015-ci il tarixədək onun iş otağında olan seyfin üzərində olmasının cavabdehin özünün izahatları və mülki işin materialları ilə təsdiq edildiyini qeyd etsə də mülki işin hansı materialları ilə bu halın təsdiq edildiyi iş materiallarından görünmür. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunun bu müddəası ona işarə edir ki, cavabdehin yaranmış mübahisənin hallarına dair izahatı irəli sürülmüş tələbin qanuniliyi və əsaslılığı barədə qənaətə gəlmək üçün yetərli deyildir və mütləq qaydada sübutetmə vasitələrinin aid olması və mümkünlüyü qaydalarına uyğun olan digər sübutlarla təsdiq olunmalıdır. Hazırki halda kolxoza məxsus olan kolx ozun ərazilərinin istifadəsi aktı və kolxozun ərazilərinin xəritəsinin mövcudluğu yalnız cavabdehin gördüyünü bildirməsi ilə sübut oluna bilməz. Həmin sənədlərin mövcudluğu onun əslinin olduğu müvafiq orqandan və ya arxivdən alınmaqla təsdiq oluna bilər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə kolxozda müvəqqəti olaraq sədrin vəzifələrini icrasına başlayarkən cavabdehin sözügedən sənədləri rəsmi qaydada təhvil alıbalmadığına aydınlıq gətirməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddianı fiziki şəxs kimi öz adından qaldırsa da iddia ərizəsini sədr kimi imzalamış, imzasını kolxozun möhürü ilə təsdiqləmişdir. Buna baxmayaraq məhkəmələr iddia ərizəsinin fiziki yoxsa hüquqi şəxsin adından verildiyini aydınlaşdırmadan, kolxozun təşkil ati-hüquqi formasını müəyyən etmədən işə baxmış, iddiaçını fiziki şəxs kimi qəbul etməklə hazırki tələbi əslində hüquqi şəxsin verməli olduğuna əhəmiyyət verməmişlər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən ziddiyətli, ədalətsiz, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Konstitusiyanın 60 və 71-ci maddələrinin tələblərinə cavab verməyən qətnamə qəbul olunmuşdur. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə iddiaçının hüquqi statusu ilə bağlı halları lazımi qaydada araşdırmalı, iddiaçının öz adından göstərilən tələblə müraciət etməyə subyektiv hüququnun olub-olmamasını, hazırki tələbin fiziki yoxsa hüquqi şəxsin adından qaldırıldığını, hüquqi şəxsin təşkilati-hüquqi formasını aydınlaşdırmalı, əldə olunmuş sübutlara müvafiq hüq uqi qiymət verməklə tələb edilən sənədlərin mövcud olub-olmadığını, cavabdeh tərəfindən təhvil alınıbalınmadığını mötəbər sübutlar əsasında müəyyən etdikdən sonra qanunun tələblərinə əsaslanan qənaətə gəlməlidir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2091/2018 saylı 19 sentyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar