Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1036/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və X3rşı “mənzildən çıxarılma, mənzildən istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 okty abr 2022-ci il tarixli, 2(103)-5945/2022 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şuşa Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli, 2(077)-352/2014 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və X3rşı “kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 19 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 190.000 manat əsas borcun, 49.361,22 manat faiz borcunun, 1.000 manat cərimə borcunun - cəmi 240.361,22 manat kredit borcunun, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulub iddiaçıya ödənil məsi, tutmanın M.Z.İsmayılovun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində istifadədə olan 0,0877 ha torpaq sahəsində yerləşən 1 saylı binanın, 2 otaqlı, yaşayış sahəsi 38,0 kv.metr olan 12-ci mənzilinə və İ.M.Sısoyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində istifadədə olan 0,08116 ha torpaq sahəsində yerləşən 20 saylı evin, 3 otaqlı, ümumi sahəsi 70,51 kv.metr olan 16-cı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.
2. Həmin iş üzrə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1497/2015 saylı və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-281/2016 saylı qərarı ilə təmin edilməmişdir.
3. Şuşa Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli, 2(077)-352/2014 saylı qətnaməsi icraya yönəldilərək X8 məxsus ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzil satılması üçün açıq hərraca çıxarılmış, "xxxx" MMC-nin keçirdiyi hərracın yekunları barədə 52/05 nömrəli, xx.xx.2019-cu il tarixli protokoluna və həmin alğı-satqısı müqaviləsinə əsasən tələbkar İddiaçı ASC, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanda yerləşən 16 nömrəli mənzili 54.187,50 manat qiymətə əldə etmişdir. Həmin mənzilin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. X11 şəhərində doğulmuşdur və hazırda ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər X2 və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzildən çıxarılmaları, mənzilin tamamilə boşaldılması, adıçəkilən mənzilə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırıb ki, cavabdehlər adı çəkilən mənzildə yaşamaqla ASC-nin həmin mənzilə olan mülkiyyət hüququnu pozur, mənzilə dair sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər iştirak et məmiş və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişlər.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)5571/2021 saylı qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia tələbi təmin edilərək, istifadə hüququ itirilməklə X7 və X1 ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzildən çıxarılmaları, mənzilin tamamilə boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
10. Məhkəmə öz mövqeyini, Azərbay can Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəlləsinin 152.1-ci və 148.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən mülki mühakimə icraatının əsas prinsiplərindən olan çəkişmə prinsipini pozaraq onun məhkəmə iclasında iştirakını təmin etməmiş, mübahisəyə iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında baxmış və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin prosessual hüquq normasına əməl etməməsi onunla nəticələnmişdir ki, onun mənzil hüququnu pozan qətnamə qəbul edi lmişdir. 000 adlı şəxs əvvəllər sözügedən mənzilin sahibi olmuşdur. O, 30 il bundan əvvəl Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərinə pənah gətirmiş və adı çəkilən mənzili həmin şəxsdən əldə etmişdir. Hazırda himayəsində olan azyaşlı uşaqla mübahisə predmeti olan mənzildə yaşayır. Məlum olur ki, hazırda yaşadığı mənzil digər şəxsin cavabdehdən götürdüyü kredit müqabilində ipoteka ilə yüklü edilmişdir. Lakin onun həmin kredit müqaviləsindən, verilmiş kredit məbləğindən xəbəri olmamış, ipoteka müqaviləsi bağlanan zaman onun razılığı alınmamışdır. Məhkəmə qətnaməsində istinad olunan digər məhkəmə aktlarından aydın olur ki, həmin məhkəmə işləri üzrə o, cavabdeh olmamışdır. Nə qədər ki, vaxtı ilə mənzilin mülkiyyətçisi olmuş 000 adı çəkilən mənzildə 30 ilə qədər müddət ərzində yaşamır və ümumiyyətlə bu şəxsin harada yaşaması, həyatda olub-olmaması bəlli deyil, o zaman 000in faktiki istifadə hüququ ona məxsus olan evi hansı qaydada və necə ipoteka ilə yüklü etməsi ona aydın deyil və bu hal məhkəmə tərəfindən araşdırılmayıb. Bu mənzili 30 il əvvəl Bakı şəhərinə məcburi köçkün kimi gəldiyi zaman, 000dən əldə etmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə istinad etmişdir. Adı çəkilən maddi hüquq normasına əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik ve rdiyi hal istisna təşkil edir. Hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, şikayət olunan məhkəmə qətnaməsində istinad olunan məhkəmə aktlarında qeyd olunan kredit müqaviləsi üzrə verilmiş kreditə görə yaşadığı mənzilin ipoteka ilə yüklü edilməsinə o, razılıq verməmişdir. Həmin məhkəmə aktlarına görə verilmiş kreditə görə cavabdeh şəxslər 000 və YYY olmuşdur. Yaşadığı mənzilin ipoteka ilə yüklü edilməsi və bununla bağlı adıçəkilən mənzilə ödəmə yönələcəyi təqdirdə həmin mənzili tərk etməyi barədə heç bir öhdəlik götürməmişdir. 000in və YYYun cavabdeh olduqları digər məhkəmə işlərindən onun xəbəri olması, yaşadığı və istifadə hüququ olan mənzilə ödəmə yönəldilməsi, onun açıq hərracdan satılması barədə xəbərinin olmasına dair iş materiallarında hər hansı sübut yoxdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5945/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdeh LLLnın mübahisəli mənzili 30 il bundan qabaq əldə etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh LLLnın 000 adlı şəxsdən (mənzilin əvvəllki mülkiyyətçisi) sözügedən mənzili 30 il bundan əvvəl Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhərinə gələrkən əldə etməsinə dair apelyasiya məhkəməsinə sübutlar təqdim olunmamışdır.
15. Halbuki, bir tərəfin daşınmaz əşyaya mülkiyyət və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 394-cü maddəsi).
16. Məhkəmə Kollegiyası LLLnın və qızlarının məcburi köçkün olaraq mübahisəli ünvanda məskunlaşmalarına münasibətdə isə qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəll ənin 152, 148, 394-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh X4 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilib, iddia tələblərinin ona münasibətdə təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin əsası kimi qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmiş, şikayət üzrə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə pozmuş və bu pozuntu düzgün olmayan məhkəmə qətnaməsinin qəbulu ilə yekunlaşmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq etməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə qiymət verməmişdir. Belə ki, apellyasiya şikayətində məhkəmənin diqqətinə çatdırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilən zaman Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinə istinad edilmişdir. Adıçəkilən maddi hüquq normasına əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyy ət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4cü maddəsinə istinad etməsi düzgün olsa da, həmin normanı hazırkı mübahisənin hallarına düzgün tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsi maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1 və 394-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” qərarına istinad etmişdir. Məhkəmənin qeyd olunan maddi hüquq normaları na, habelə Konstitusiya Məhkəməsinin adı çəkilən Plenum qərarında ifadə olunmuş hüquqi mövqeyinə istinad etməsi düzgün deyil. Belə ki, apellyasiya şikayətində diqqətə çatdırılmışdır ki, cavabdeh LLL mübahisəli mənzildə 30 illik bir müddət ərzində yaşayır. Qətnamədə qeyd olunanlardan fərqli olaraq, həmin mənzilə cavabdeh LLLnın pasport qeydiyyatı ilə yanaşı həmin mənzildən istifadə və həmin mənzilə sahiblik hüququ var. Həmin hüququ cavabdeh LLL hazırda qüvvədə olan xx.xx.2009-ci il tarixli Mənzil Məcəlləsi qəbul olunmamışdan xeyli əvvəl, 1985-ci il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən 1992-ci ildə, Şuşa şəhərindən məcburi köçkün kimi Bakıya gələndə əldə etmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli plenum qərarında ifadə olunmuş hüquqi mövqeyi, həmin qərarın qəbulu ndan 23 il əvvəl yaranan hüquq münasibətlərinə tətbiq etmək düzgün deyil və bu qanunaziddir. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinadı ilə də razılaşmaq mümkün deyil. Çünki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüquqlarını nəzərdə tutan Mülki Məcəllənin digər normaları da mövcuddur. İddiaçı ASC mülkiyyətçi olsa da, qanunda eyni əmlaka sahiblik və istifadə hüquqları da nəzərdə tutulmuşdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi həmin hüquqları mütləq qaydada gözləməlidir. Məhkəmə sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normasını, habelə maddi hüquq normasını düzgün tətbiq etməməklə və pozuntuya yol vermiş və bu pozuntu düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13, İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərin in əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 416.1 Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırki kassasiya şikayət inə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddia tələbi İddiaçı ASC-nin mənzil üzərində mülkiyyət hüququndan irəli gəlir. Mülkiyyət hüququ, mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi).
37. Bu baxımdan cavabdehin mənzilə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər ar asında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
38. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də cavabdehin iddia tələbinə etirazın dəlillərini bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, Cavabdeh2 000 adlı şəxsdən mənzilin 30 il bundan əvvəl əldə etməsinə dair sübutlar təqdim olunmamışdır.
39. Kassator digər cavabdeh İvan Sısoyevin ailə üzvü deyildir, onunla ümumi təsərrüfat aparması barədə hər hansı sübut təqdim etməmişdir.
40. Məhkəmə kollegiyası kassatorun mənzildə daimi qeydiyyatda olması barədə dəlilini də qətnamənin ləğvi üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa ş əxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış y eri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
42. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.
43. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka fakti ki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
44. Baxılan işdə iddianın təmin olunması üçün qanunda müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5945/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.