Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-116/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı “nikah zamanı əldə olunmuş daşınmaz əmlakda payların müəyyən edilməsi və mənzildə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(105)-1177/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İddiaçı1 09 fevral 1995-ci ildə nikaha daxil olmuşlar. 2. 28 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh X2 ünvan 1 ünvanında yerləşən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzili 36000 manat müqabilində almış və həmin mənzil üzərində hüquqları 11 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nikah zamanı əldə olunmuş ünvan 1 ün vanında yerləşən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzildə iddiaçının ½ hissə və cavabdehin ½ hissə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 11 oktyabr 2019-cu ildən mübahisəli mənzilə köçərək yaşayırlar. Lakin, cavabdeh iddiaçını və oğlunu həmin mənzilə qeydiyyatda saldırmır, müxtəlif bəhanələrlə yayınır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin 4 saylı mənzilinə Cavabdeh ½ və İddiaçı1 ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 178.1, 178.2-ci, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdehin məhkəmə bildirişlərini və iddia ərizəsinin surətini almağına baxmayaraq məhkəmə baxışı iclaslarında iştirak etməməsi və iddiaya yazılı etiraz ərizəsi təqdim etməməsi onun əmlak bölgüsü ilə bağlı tələbi mübahisələndirməməsi kimi qiymətləndirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriya və ******* nömrəli çıxarışına ə sasən cavabdehin anası Şahid məxsus olmuş, 27 sentyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə, eyni zamanda 25 sentyabr 2019-cu il tarixli ödəniş qəbzinə əsasən 55.000 manat müqabilinə X1. ünvan 1 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 36,3 kv.m olan mənzil cavabdehin anasına məxsus olan qeyd olunan mənzilin satışından əldə olunan gəlir hesabına alınmışdır. Satış və alış qiymətləri arasında yaranan 1.000 manat məbləği birgə nikah dövründə əldə olunan gəlir hesab olunur. İddiaçı cavabdehin gözlərinin görməməsi və ayağının olmamasından istifadə edilərək, xəbər vermədən pay bölgüsünə dair məhkəməyə əsassız müraciət etmiş, məhkəmə sənədləri araşdırmadan qərar qət etmişdir. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzil tərəflərin birgə nikahı dövrün də əldə olunsa da, birgə gəlirləri hesabına alınmamışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(105)-1177/2024 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudov və A.S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işin hallarına əsasən cavabdehin anası Şahid özünə məxsus mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsi olan 41.000 manatı cavabdehə bağışlamasına dair onlar arasında yazılı əqdin mövcud olması istisna olunmaqdadır. Buna görə də pulun cavabdehin ev alması üçün ailəyə bağışlanması ilə əmlakın ümumiliyi prezumpsiyası qüvvədə olur.
11. Bund an başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid pulu bəzən yalnız oğluna, bəzən isə onun ailəsinin olmasını nəzərə alaraq ev alınması üçün bağışlamasına dair ifadə vermişdir ki, onun ifadəsinin ümumi məzmunu belə qənaətə gəlməyə əsas vermişdir ki, o, həmin pulu oğlunun öz ailəsi ilə birlikdə yaşaması üçün evin alınması məqsədi ilə ailə qismində iddiaçı və cavabdehə bağışlamışdır. Pul vəsaitinin cavabdehin bank hesabına köçürülməsi və ya nağd şəkildə özünə verilməsinin isə iş üzrə hər hansı bir əhəmiyyəti olmamışdır.
12. Bundan başqa, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şahid hazırkı iş üzrə tərəflərə qarşı iddia qaldıraraq, cavabdehlərə 15000 manat kompensas iya verilməklə ünvan 3 ünvanına dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmasını tələb etmiş, lakin iddiası təmin edilməmişdir. Həmin məhkəmə iclasında cavabdehlər (hazırkı iş üzrə iddiaçı və cavabdeh) təklif olunan 15000 kompensasiya məbləğinin az olmasını, 25000 manat onlar tərəfindən evin təmirinə xərc çəkmələrini qeyd etməklə, evin dəyəri olan 85000 manat məbləğin yarısını tələb etmişlər. Qeyd olunan qətnamə ilə iddia Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2011-ci il tarixli qətnaməsinə istinad edilməklə, Cavabdeh mənzil üzərində paylı mülkiyyətinin olması əsası ilə rədd edilmiş olsa da, iş materiallarında olan MA seriyalı, ******* nömrəli Çıxarışdan göründüyü kimi qeyd olunan mənzil 24 aprel 2012-ci il tarixdən etibarən Şahid tam mülkiyyətində olmuş və 27 sentyabr 2019-cu il tarixdə öz əmlakı kimi satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsindən də göründüyü kimi, hazırkı iş üzrə tərəflərin Şahid ilə bağlı mübahisəsi də evlə bağlı olmuş, buna görə də Şahid öz əmlakını sataraq evin satışından əldə edilmiş vəsaitin bir hissəsini oğlu və onun ailəsinin ayrıca yaşaması üçün evin alınması məqsədilə vermişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 34.1, 36.1, 37.1-ci maddələrinə, “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğun un yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(105)-1177/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Ailə Məcəlləsinin 32.1-ci, Mülki Prosessual Məcəllənin 88, 385-ci maddələrinin tələbləri pozulmuşdur.
16. Belə ki, mübahisə predmeti olan mənzili 28 sentyabr 2019-cu il tarixdə kassatorun anası Şahid məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 18 s aylı evin 45 saylı mənzili 27 sentyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi vasitəsilə satışından əldə olunan gəlir vəsaiti ilə alınmışdır. Bu da onu göstərir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə olunsa da, birgə gəlirləri hesabına alınmamışdır. Bundan əlavə, apelyasiya məhkəməsinin prosesi zamanı müəyyən olunmuşdur ki, cavabdehin anası pulu oğlunun, yəni cavabdehin bank hesabına köçürmə etmişdir. Məhkəməyə həmin bankdan çıxarışı əldə etmək şəraitində olmadığına görə aidiyyəti banka sorğu verilməsinə dair vəsatətlə müraciət etmişdir. Məhkəmə həmin məsələni aydınlaşdırmaq məqsədi ilə pulun həqiqətən də cavabdehin bank hesabına köçürülməsinə dair hər hansı şübhənin olubolması ilə bağlı iddiaçıya s orğu sual etmişdir. İddiaçı da bunu təsdiq edərək bildirmişdir ki, keçmiş qaynanası tərəfindən keçmiş ərinin bank hesabına ev almaq üçün pul köçürülmüşdür. Buna baxmayaraq məhkəmə düzgün qərar verməmiş, işə ədalətsiz yanaşmışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsi nə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, ə gər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlak ın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, mübahisələndirilən daşınmaz əmlakın birgə nikah dövründə alındığı üçün tərəflərin ümumi mülkiyyətində olması nəticəsinə gəlmişdir.
27. K assasiya şikayətinin dəlilləri ona yönəldilib ki, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə, lakin cavabdehin anasının mülkiyyətində olmuş başqa mənzilin satışından əldə olunmuş vəsait hesabına alındığından, birgə əmlak hesab olunmamalıdır.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.
29. Belə ki, kassatorun qeyd etdiyi faktiki hallar qəbul edilsə də belə, mənzilin tərəflərin birgə əmlakları kimi qiymətləndirilməməsi üçün əsaslar yoxdur. 30. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əld ə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.... Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.... Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.... Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışla ma, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir.
31. Həmin qərarda Ali Məhkəmənin Plenumu kassasiya şikayətinin dəlilində qeyd olunan hüquqi vəziyyət üzrə qeyd etmişdir ki, məhkəmə təcrübə sində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını` satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.... Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və meh riban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
32. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında be lə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
33. Göründüyü kimi, cavabdeh mübahisəli əmlaka dair mülkiyyətin ümumilik prezumpsiyasının əksini iddia etməklə, bununla bağlı müvafiq sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür. Lakin, cavabdeh anasının mülkiyyətində olan mənzilin satılmasına dair sübutları təqdim etsə də, əldə olunan vəsaitin mübahisəli mənzilin alınması üçün hazırkı iş üzrə tərəflərə birgə ailə kimi deyil, məhz oğlu olan cavabdehə bağışlamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə verməmişdir.
34. Bu səbəbdən, apellyasiya məhkəməsi əsaslı olaraq pulun cavabdehin anası tərəfindən ev alması üçün ailəyə bağışlanmasını qeyd e tməklə, əmlakın ümumiliyi prezumpsiyasının qüvvədə olması qənaətinə gəlmişdir.
35. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2(105)-1177/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.