Məhkəmə qərarları › İş №2(105)-1177/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1177/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1177/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nikah müddətində əldə olunmuş daşınmaz əmlakda payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 Cavabdeh qarşı bir nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah zamanı əldə olunmuş ünvan 1 ünvanında yerləçən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzil üzərində ½ hissəd onun və ½ hissədə isə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 adlı övladları vardır və yetkinlik yaşına çatmışdır. ünvan 1 ünvanında yerləçən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzili 28 sentyabr 2019-cu ildə nikah dövründə əldə etmişlər və cavabddehin adına çıxarış almışlar.xx.xx.2019-cu ildən həmin mənzilə köçərək yaşayırlar. Lakin buna baxmayaraq cavabdeh onu və oğlunun həmin mənzilə qeydiyyatda saldırmır, müxtəlif bəhanələrlə yayınır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş edir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin 4 saylı mənzilinə Cavabdeh 1/2 və İddiaçı1 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan xx.xx.1997-ci il təvəllüdlü Ülvi adlı uşaq doğulmuşdur. ünvan 1 ünvanında yerləşən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzili 28 sentyabr 2019-cu ildə nikah dövründə əldə etmişlər və cavabddehin adına xx.xx.2019-cu ildə çıxarış almışlar.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225, 178.1, 178.2, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsinin ləğv olunması, iddianı rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Yusif Rafiq oğlu ünvan 1 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 36,3 kv.m olan mənzili 36.000 manat Cavabdeh satmışdır. ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriya və ******* nömrəli çıxarışına əsasən anası Şahid məxsus olmuş və 27 sentyabr 2019-cu il tarixl alqı-satqı və ipoteka müqaviləsinə, eyni zamanda xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 55.000 manat müqabilinə X1. Burdan da aydın görünür ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 36,3 kv.m olan mənzil cavabdehin anasına məxsus olan ünvan 2 ünvanında yerləşən 45 saylı mənzilin satışından əldə olunan gəlir hesabına alınmışdır. Lakin satış və alış qiymətləri arasında yaranan 1.000 manat məbləği birgə nikah dövründə əldə olunan gəlir hesab olunur. Sözügedən mənzilin pay bölgüsünə dair məhkəməyə müraciət olunmasından cavabdehin heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı1 vətəndaşın gözlərinin görməməsi və ayağının olmamasından istifadə edilərək, xəbər vermədən pay bölgüsünə dair məhkəməyə əsassız müraciət etmiş, məhkəmə sənədləri araşdırmadan qərar qət etmişdir. Cavabdeh 2024-cü il tarixdə oğlunun məhkəməyə mənzilə istifadə hüququna dair müraciət edərkən xəbər tutmuşdur ki, 2021-ci ildə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzili 1/2 pay nisbətində keçmiş həyat yoldaşı ilə bölünmüşdür. Həmçinin alqı-satqı müqaviləsi zamanı mənzil üzərində qeydiyyatda olan şəxslərin rəsmi ərizələri vardır, İddiaçı1 da bu şəxslərə daxildir. Bu da onu göstərir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 29 saylı evin 4 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə olunsa da birgə gəlirləri hesabına alınmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, anası evini sataraq ona özünə ev almağı üçün 41.000 manat məbləğində pul vermişdir. 36.500 manata ev almış, 4.000 manatı anası bacısına vermişdir. Qalan vəsaitlə isə anası özünə ayrı ev almışdır. 41.000 manat məbləğində pul vəsaitini anası vermişdir. Anasının adına olan evdə anası, qardaşı, o və ailəsi yaşamışdır. Qardaşı evli deyil. 2023-cü ilin noyabrında boşanmışdır. Lakin ailə münasibətləri 10-15 il bundan qabaq pozulmuşdu. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Təmsil etdiyi şəxsin ata evi 87.000 manata satılmış və 41.000 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclaslarında iştirak etməsi mümkün olmamış və hakim onun iştirakı olmadan əleyhinə qərar qəbul etmişdir. Burada ½ paydan söhbət gedə bilməz. Mülkiyyətçi ana evi sataraq pulu övladları arasında bölüşdürmüş, Cavabdeh da pul verərək bildirmişdir ki, gedib özünə ev alsın. Azərbaycan adət-ənənələrinə görə, ata evi satılıb övladlar arasında bölünəndə, pul övlada verilir. Başqa şəxsə verilmir. El adətinə görə belədir. Hüquqi tərəfinə gəldikdə isə Ofelya xanım bir ana olaraq, evi satmış və pulu öz övladları arasında bölmüşdür. Təmsil etdiyi şəxsin ata evi 87.000 manata satılmış və 41.000 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. Həmin vəsait Bayramın şəxsi bank hesabına köçürülmüşdür. Evi kənar şəxs almışdır. 41.000 manat “Unibank” da Bayramın şəxsi hesabına yüklənmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsinin ləğv olunması, iddianı rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 1995-ci ildə Bayramın atasının evinə gəlin gəlmiş, 30 il orada yaşamışdır. Kredit götürüb, həmin evi təmir etdirmişdir. Anası pulu evi təmir etdirməyi üçün vermişdi. Pulu verdi, dedi ki, əziyyət çəkmisən, qoy halallıq olsun. Rusiyadan gələndən sonra 3 il müddətində cavabdehə baxıb, qonşular da bunu təsdiq edər. Təcili yardım gəlib evdən cavabdehi xəstəxanaya apardı. Övladı ilə birlikdə bacısı, anası, qardaşının da dəstəyi ilə 3 il cavabdehə baxıblar. Bayram borclu olduğu bütün şəxslərə bildirir ki, evi satıb borcunu ödəyəcək. Aldıqları evi neçə illərdir kredit götürərək təmir etdirir. Bayramın ata evi 4 dəfə məhkəmədə mübahisə predmeti olmuşdur. Evi banka girov qoymuşdur. Ayda 300 manat ödəyərək evi geri qaytarıb. Qaynanası evi satıb pul verdi ki, iki qardaşın da öz evi olsun. 36.500 manat məbləğində pul vəsaitini bank vasitəsilə köçürmüşdür. 5000 manatı Bayram götürüb Rusiyaya qaçmışdır. Qaynanasının niyyəti övladlarının öz evi olması olmuşdur. Hətta Yaşıldərədə özünə həyət evi aldığını bildirərək oradan ev almağı təklif etdi. Amma işlədiyi məktəbə uzaq olduğu üçün oradan ev almamışlar. Pul Bayramın şəxsi hesabına köçürüldü. Bayram ona zəng etdi ki, evin alqı-satqısı üçün gəlib qol çəkmək lazımdır. O, da notariusa gedərək imza edib. Anası Bayrama inanmadığı üçün pulu bank vasitəsilə köçürmüşdür. Odurki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

13. Nikah haqqında şəhadatnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 119 nömrəsi ilə qeydiyyat aparılmışdır.

14. MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 18, 45 saylı mənzil 24 aprel 2012-ci il tarixdən etibarən Şahid tam mülkiyyətində olmuşdur.

15. 27 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsnin surətindən görünür ki, Şahid mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr., ev 18, 45 saylı mənzili X2.

16. 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsnin surətindən görünür ki, Məmmədov Yusif Rafiq oğlu ünvan 1 ünvanında yerləçən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzili 36000 manat Cavabdeh satmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının xx.xx.2018-ci il tarixli, 2(105)-3878/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şahid cavabdehlər Cavabdeh, X6 və İddiaçı2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6039/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərə 15000 manat kompensasiya verilməklə ünvan 3 ünvanına dair istfiadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 6039/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, gələcəkdə oğlanları arasında mübahisə yaranmasın deyə sağ olduğu müddətdə evi satıb pulu aralarında bölüşdürmək qərarına gəlmişdir. Evi 87.000 manata sataraq 41.000 manatı Bayramın adına köçürmüş, oradan 4.000 manat qızına, 41.000 digər oğluna, 1.000 manat alqı-satqı vasitəçisinə, 1.000 manat da kommunala vermişdir. Niyyəti hərəsinin öz evi olması idi. Bayramın adına 41.000 köçürüb. Bir ay keçmədi ki, digər oğlu ilə öz evinə köçüb. Oktyabrın 25-ində 5 il olacaq ki, onlar özlərinə ev alıb, orada yaşayıblar. Pulu verib ki, ehtiyacına xərcləsin. Düşünür ki, əsas ehtiyac da evə idi. Bayram böyük oğludur, ailə başçısı idi, pulu ona görə verib ki, özü ayrıca ailə olsun. Bir ailə olublar, Bayram da Rusiyadan pul göndərib təmirə yardımçı olurdu. Oğluna düşən payı ona verib. O nəyə xərcləmək istəyirsə özü bilər. Bayrama pulu verəndə niyyəti hərəsinin öz evi olması olmuşdur. Pulu verəndə bir yerdə yaşayırdılar. Ailə idilər, pulu verib ki, getsinlər ayrıca yaşasınlar. Pulu oğluna bağışlamışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə, yəni 28 sentyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən bir otaqlı, ümumi sahəsi 36,3 kv.m. olan mənzili əldə etmişlər və həmin əmlak üzərində yalnız cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

26. Cavabdeh mübahisəli mənzili anası Şahid özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzilin satılmasından əldə olunmuş 87000 manat məbləğində puldan 41.000 manatının ona bağışlaması hesabına alınması, bu səbəbdən də mübahisəli əmlakın tərəfinlərin birgə nikahları dövründə əldə edilmiş qazanc müqabilində alınmaması, ona bağışlanmış pul hesabına alınmaqla, onun öz əmlakı olmasını iddia etmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən apellyasiya şikayətinin dəlilini əsassız hesab ilk öncə edərək qeyd edir ki, “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il qərarında qeyd olunmuşdur ki, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Odur ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi əmlakı hesab edilməsi üçün belə əqdlərin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması Konstitusiyanın 29-cu maddəsinə zidd olmaqla yanaşı, ailənin dövlətin xüsusi himayəsində olduğunu bəyan edən Konstitusiyanın 17-ci maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir.

28. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il qərarında qeyd olunan hüquqi mövqe ondan ibarət olmuşdur ki, əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün tərəflər arasında əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir.

29. Hazırkı işin hallarına əsasən isə cavabdehin anası Şahid özünə məxsus mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsi olan 41.000 manatı cavabdehə bağışlamasına dair onlar arasında yazılı əqdin mövcud olması istisna olunmaqdadır. Buna görə də pulun cavabehin ev alması üçün ailəyə bağışlanması ilə əmlakın ümumiliyi prezumpsiyası qüvvədə olur.

30. Bundan başqa məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid pulu bəzən yalnız oğluna, bəzən isə onun ailəsinin olmasını nəzərə alaraq ev alınması üçün bağışlamasına dair ifadə vermişdir ki, onun ifadəsinin ümumi məzmunu belə qənaətə gəlməyə əsas vermişdir ki, o, həmin pulu oğlunun öz ailəsi ilə birlikdə yaşaması üçün evin alınması məqsədi ilə ailə qismində iddiaçı və cavabdehə bağışlamışdır. Pul vəsaitinin cavabdehin bank hesabına köçürülməsi və ya nəğd şəkildə özünə verilməsinin isə iş üzrə hər hansı bir əhəmiyyəti olmamışdır.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiysaının xx.xx.2018-ci il tarixli, 2(105)- 3878/2018 nömrəli qətnaməsindən görünür ki, Şahid hazırkı iş üzrə tərəflərə qarşı kompensasiya verilməklə mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia qaldıraraq, cavabdehlərə 15000 manat kompensasiya verilməklə ünvan 3 ünvanına dair istfiadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin məhkəmə iclasında cavabdehlər (hazırkı iş üzrə iddiaçı və cavabdeh) təklif olunan 15000 kompensasiya məbləğinin az olmasını, 25000 manat onlar tərəfindən evin təmirinə xərc çəkmələrini qeyd etməklə, evin dəyəri olan 85000 manat məbləğin yarısını tələb etmişlər. Qeyd olunan qətnamə ilə iddia Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2011-ci il tarixli qətnaməsinə istinad ediməklə, Cavabdeh mənzil üzərində paylı mülkiyyətinin olması əsası ilə rədd edilmiş olsa da iş materiallaında olan MA setiyalı, ******* nömrəli Çıxarışdan göründüyü kimi qeyd olunan mənzil 24 aprel 2012-ci il tarixdən etibarən Şahid tam mülkiyyətində olmuş və 27 sentyabr 2019-cu il tarixdə öz əmlakı kimi satmışdır.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiysının xx.xx.2018-ci il tarixli, 2(105)-3878/2018 nömrəli qətnaməsindən də göründüyü kimi hazırkı iş üzrə tərəflərin Şahid ilə bağlı mübahisəsi də evlə bağlı olmuş, buna görə də Şahid öz əmlakını sataraq evin satışından əldə edilmiş vəsaitin bir hissəsini oğlu və onun ailəsinin ayrıca yaşaması üçün evin alınması məqsədilə vermişdir.

33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(060)-2829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar