Məhkəmə qərarları › İş №2(102)-1174/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1174/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1174/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4893/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. QSC-də “Müştəri xidmət mütəxəssisi” vəzifəsində işlədiyi dövrdə iddiaçının sağ əlində qıcolmalar yaranmışdır. Bununla əlaqədar o, 2011-ci ilin yanvar ayında həkim müayinəsində olmuş və "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 625 saylı arayışına əsasən ona “yazı spazmı” diaqnozu qoyularaq, yazı ilə əlaqəsi az olan işə keçirilməsi məsləhət görülmüşdür. Bundan sonra o, xx.xx.2011-ci il tarixdə QSC-d ə "xxxx" vəzifəsinə keçirilmiş və xx.xx.2017-ci il tarixədək QSC-də işləməyə davam etmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2017 ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı 2-ci qrup əlilliyə görə 1036.59 manat məbləğində pensiya alır. Hazırda iddiaçı işəgötürən– QSC tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)6053/2018 nömrəli qərardadına əsasən, İddiaçı Cavabdeh QSC-yə qarşı “işlədiyi müddətdə xəstələnməsinin, yəni yazı spazmı xəstəliyinə tutulması faktının müəyyən edilməsi və neçə faiz əmək qabiliyyətinin itirilməsi barədə” iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından mülki işin məhkəmə baxışına hazırlanmasına xitam verilməsi qərara alınmışdır. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(81)-661/2019 saylı qərarına əsasən, iddia təmin edilərək, İddiaçı qazandığı “yazı spazma” xəstəliyinin Cavabdeh QSC-də işlədiyi 2009-cu ilin may ayından 2011-ci ilin mart ayına kimi olan dövrdə işdə yaranmasını müəyyən etmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə Cavabdeh QSC-də araşdırma aparmasına icazə verməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(112)-1121/2022 saylı qərarına əsasən, iddia təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. 5. 15.12.2023-cü il tarixli mərkəzləşdirilmiş kredit reyestr çıxarışa əsasən, Cavabdeh QSC tərəfindən İddiaçı 35.000 ABŞ dolları valyutası ilə kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 150.000 manat, mənəvi zərərə görə 50.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmış dır ki, İddiaçı xx.xx.2009 cu il tarixindən xx.xx.2017-ci il tarixinədək Cavabdeh QSC-də müxtəlif vəzifələrdə işləmiş və işə qəbul olan zaman tam sağlam olmuşdur. 2010-cu ilin dekabr ayından başlayaraq sağ- işlək əlində qıcolmalar başlamışdır və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində ona “yazı spazmı” (peşə xəstəliyi) diaqnozu qoyulmuşdur. Həkim məsləhəti ilə Cavabdeh QSC də vəzifəsi dəyişdirilərək (2011-ci il) yazı əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmişdir və hal-hazırda da davam etməkdədir. Xəstəliyinin yaranmasına səbəb bank tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. Bu xəstə liyi bankda işlədiyi müddətdə qazanmışdır. Bildirmişdir ki, “yazı spazmı” diaqnozu AR Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na daxildir. 13 ildən artıq müddətdən indiyə kimi müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağ- işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Qeyd etmişdir ki, beynəlxalq tibb aləmində “yazı spazmı” xəstəliyinin konkret müalicəsi yoxdur. xx.xx.2017-ci il tarixində Cavabdeh QSC tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqavi ləsi ləğv edilmişdir. Hansı ki, həmin dövrdə “yazı spazmı” peşə xəstəsi idi. Bununla bağlı banka müraciət etsə də, faydası olmamışdır, bildirilmişdir ki, peşə xəstəliyi ilə bağlı rəsmi əlillik müəyyən edilməlidir. Qeyd etmişdir ki, peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması ilə bağlı tələb olunan “İşçinin əmək şəraitinin sanitariya gigiyenik xasiyyətnaməsi” sənədinin hazırlanması üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə araşdırılma aparılmasına şərait yaradılmasına işəgötürən- Cavabdeh QSC tərəfindən əngəllər törədilmiş və uzun sürən (2018-2019-cu illər) məhkəmə çəkişmələrindən sonra həmin sənəd hazırlanmışdır. 2020-ci ilin fevral ayında qanunvericiliyə uyğun sənədləri topladıqdan sonra peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyəti nin itirilmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmiş və göndərişlər əsasında 450 gündən (15 ay bülleten) artıq müddət stasionar və ambulator müalicələrdən sonra müxtəlif tibb müəssisələri tərəfindən “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu– F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya” (XBT kodu– F 48.0) xəstəsi olmağı təsdiq edilmiş və “nevrasteniya, yazı spazmı ilə” diaqnozlu xəstəliyimin peşə yönümlü olması barədə rəylər verilmiş və məlumatları AR Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. 2020-ci ilin oktyabr ayından etibarən peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 ötürülmüş göndərişlərə AR ƏƏSMN tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bir neçə dəfə əsassız imtina cavabları verilmişdir. Bundan sonra məhkəməyə müraciət etmiş və uzun çəkən (20212023-cü illər) proseslərdən sonra məhkəmə peşə xəstəliyi səbəbi ilə ona xx.xx.2021-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar vermişdir. “E sosial” internet portalındakı məlumatlara əsasən ona xx.xx.2023-cü il tarixində peşə xəstəliyi səbəbi ilə xx.xx.2021-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh QSC-də işlədiyi m son dövrdə orta əmək haqqı 1544,33 (bir min beş yüz qırx dörd manat, otuz üç qəpik) manat olmuşdur. Cavabdeh QSC-dəki işindən ixtisar olunduqdan sonra təqribən 18 ay işsiz qalmışdır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 220 manat əmək haqqı ilə fərdi sahibkar yanında işləmişdir. xx.xx.2019-cu il tarixindən 800 manat əmək haqqı ilə digər bankda mütəxəssis vəzifəsində işləməyə başlamış və indiyədək orada mütəxəssis kimi çalışır. Bildirmişdir ki, 2011-ci ilin əvvəlində həkim məsləhəti ilə Cavabdeh QSC-də vəzifəsi dəyişdirilərkən (həmin zaman əmək haqqı təqribən 1337 manat idi) AR Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü bəndinə də (İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir) əməl olunmamışdır. Onun peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlil olmağı, sağ – işlək əlində xroniki çatışmazlıq olduğunu, yazı yaza bilməməyi, işdəki attestasiyalarda iştirak imkanın olmamağını, karyera (vəzifə) irəliləyişinin olmamasını, nevrastenik olmağı, əmək fəaliyyəti bacarığının məhdudlaşmasını, uzun müddət (18 ay) işsiz qalmağı, gəlirinin kəskin azalmasını, kommunal xərcləri, əldən çıxmış faydanı, şəxsi nəqliyyat vasitəsini və digər əmlaklarını satmağı, ev şəraitinin əlverişs iz olmasını, himayəsində 2 azyaşlı uşağın və 2 ahıl və (anası onkoloji, atası insult) xəstə valideyninin olmasını, sağlamlığına xəsarət yetirilməsini, xəstəliyi ilə əlaqədar çəkdiyi xərcləri, səhhəti ilə və sadalananlarla əlaqədar mənəvi sarsıntı keçirməyi və peşə xəstəliyini Cavabdeh QSC-də işlədiyi müddətdə qazandığını nəzərə alaraq ona vurulmuş maddi və mənəvi zərərin qarşılığı olaraq Cavabdeh QSC-dən ümumi 200.000 (iki yüz min) manat məbləğində təzminat ödənilməsini tələb edir. Qeyd etmişdir ki, Cavabdeh QSC-də çalışdığı zamanlarda ona işçi krediti kimi Cavabdeh QSC-dən ABŞ dolları valyutası ilə (18.000 ABŞ dolları və 35.000 ABŞ dolları) kreditlər verilmişdir, hansı ki, manatın devalvasiyası zamanı dollarla olan kreditlərin ödənişlərində ona xeyli ziyan dəymişdir. Manatın devalvasiyası zamanı dollarla olan kredit ödənişlərinə görə xeyli borc almış və yeni aldığı şəxsi nəqliyyat vasitəsini (“Mazda CX 5” - hazırkı qiyməti 73.000 AZN) satmağa məcbur olmuşdur. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh ona vurulmuş həm maddi, həm də mənəvi zərərə görə məsuliyyət daşımalıdır.

8. Cavabdeh QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı tərəfindən cavabdeh "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə əsassız olaraq Banka qarşı maddi zərərə görə 150.000 (yüz əlli min) AZN, mənəvi zərərə görə 50.000 (əlli min) AZN məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 490 (dörd yüz doxsan) AZN məbləğində dövlət rüsumunun və 60 (altmış) AZN məbləğində mediasiya rüsumunun tutulması barədə qətnamə (qərar) qəbul edilməsi tələb edilmişdir. İlk olaraq qeyd etmişlər ki, iddia ərizəsində tələb konkret ifadə edilməmişdir. İddiaçı tərəfindən əvvəl işdən çıxarılması mübahisələndirilmiş, həmin dövrdə peşə xəstəliyi ilə bağlı rəsmi əlilik statusu müəyyən edilməməsinə baxmayaraq Bankın müvafiq əmrinin düzgün olmadığı iddia edilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı Cavabdeh QSC-də çalışdığı dövrdə ona əlillik dərəcəsi təyin edilməmişdir. Həmçinin iddia ərizəsinin 1-ci cümləsində iddia edilir ki, İddiaçı işə qəbul zamanı tam sağlam olmuşdur, lakin buna dair iş materiallarında hər hansı sübut mövcud olmamışdır. İddia ərizəsinin 13-cü və 14-cü abzasında göstərilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək fərdi sahibkar yanında, xx.xx.2019-cu il tarixindən isə digər bankda mütəxəssis vəzifəsində çalışmışdır. Burdan məlum olur ki, iddiaçı "xxxx" QSC-dən çıxdığı ildən, yəni 2017-ci ildən sonra 6 ilə yaxın başqa iş yerlərində çalışmışdır. Həmçinin iddiaçı əsassız olaraq peşə xəstəliyini "xxxx" QSC-də çalışdığı müddətdə mütəxəssis olaraq çalışan zaman əldə etdiyini iddia etsə də, işdən çıxdıqdan sonra yenə də digər bankda mütəxəssiz vəzifəsində işə başlamışdır. Əgər həmin vəzifə iddiaçıya peşə xəstəliyi qazandırmışdısa, necə ola bilir ki İddiaçı yenə də digər bir bankda gərgin rejimdə 5 ildir ki çalışır?? İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1121/2022 nömrəli qərarının 2-ci səhifəsində göstərilir ki, "Poliklinikanın göndərişi ilə id xx.xx.2020-ci il tarixdən xx.xx.2 020 ci il tarixədək V.Axundov adına X1 İnstitutunun Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və “yazı spazmı" (Xəstəliklərin beynəlxalq təsnifatı kodu- F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi "nevrasteniya" (XBT kodu- F 48.0) xəstəliyi təsdiq edilmişdir, "yazı spazmı" xəstəliyinin peşə yönümlü olması barədə rəy verilmişdir. xx.xx.2020-ci il tarixdən iddiaçı Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Poliklinikasının göndərişi ilə Psixi Sağlamlıq Mərkəzi tərəfindən müayinə olunaraq "nevrasteniya yazı spazmı ilə" diaqnozu barədə rəy almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı Abşeron rayon Poliklinikasının göndərişi ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən müayinə olunaraq "nevrasteniya yazı spazmı ilə" diaqnozu barədə rəy almışdır. Koronavirus pandemiyası ilə əlaqədar xəstəxanalara göndəriş verilməsi mümkün olmadığı üçün iddiaçı xx.xx.2020-ci il tarixədək Abşeron rayon Poliklinikasında ambulator müalicəni davam etdirmiş, Abşeron rayon Poliklinikasının göndərişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və yenidən peşə xəstəliyi təsdiqlənmiş, xx.xx.2020-ci il tarixədək ambulator müalicəni Abşeron rayon Poliklinikasında davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlilli k dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatlar Abşeron rayon Poliklinikası tərəfindən 0215003AABHZ nömrəli göndəriş (Forma 88) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 ötürülmüşdür, həmin gün imtina cavabı verilmişdir". Burdan məlum olur ki, Süleymanlı X2 göstərişi ilə ilk dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (digər Bankda işlədiyi dövrdə) müalicə almışdır. Həmçinin göstərilir ki, xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə peşə əmə k qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, uzun çəkən proseslər nəticəsində (2021-2023-cü illər) İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni "xxxx" QSC-dən çıxdığı vaxtdan təxminən 5 il sonra üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin dövrlərdə isə İddiaçı digər iş yerlərində çalışmış və 2019-cu ildən hazırkı vaxtadək işlədiyi yer məhz digər bir bank olmuşdur. Buna görə də hesab etmişdir ki, İddiaçı müalicə alması, həmçinin əlilliyin təyin olunması üçün keçdiyi proseslərin "xxxx" QSC-də işlədiyi dövrlə əlaqəsi olmamış və həmin dövrlərdə iddiaçı digər iş yerlərində çalışmışdır. Digər hissədə iddiaçı tərəfindən "xxxx" QSC-də çalışdığı dövrdə aldığı kreditlərə istinad edilməsinə münasibətdə isə bildirmişdir ki, bu hissən in ümumiyyətlə hazırkı mübahisəyə aidiyyəti yoxdur. Həmçinin iddiaçı zərərin məbləğinin ağlabatan və ədalətli olmasına dair plenum qərarına istinad etsə də, heç bir əsaslandırma və hesablama üsulu göstərmədən iddia tələbini ümumilikdə 20050 (iki yüz min beş yüz əlli) AZN məbləğində təyin etməklə, qeyri-ağlabatan və ədalətsiz məbləğ müəyyən etmişdir. İddiaçı ümumi məbləğdən 150 000 (bir yüz əlli min) AZN məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, maddi ziyanın nədən ibarət olmasına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Odur ki, iddiaçı tərəfindən irəli sürülən 200.550 (iki yüz min beş yüz əlli) AZN məbləğində iddia tələbinin əsassız və qeyri-müəyyən olduğunu nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1306/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh QSC-dən 3445,36 (üç min dörd yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində maddi ziyan, 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 6445,36 (altı min yüz qırx beş manat otuz altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi cavabdehin “iddia müddətinin tətbiqi” barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, əmək qanunvericiyilinə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmi r.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı peşə xəstəliyinə tutulduqdan sonra keçirildiyi vəzifə üzrə yeni əmək haqqı ilə əvvəlki əmək haqqı arasındakı (2010-2011-ci illər üzrə) fərq 3454,36 manat təşkil edir. Lakin 2012-2017-ci illər ərzində yeni əmək haqqı ilə gəliri daha yüksək olmuşdur. Odur ki, məhkəmə iddiaçının maddi ziyan hissəsində tələbini qismən əsaslı hesab edir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının peşə xəstəliyi ilə əlaqədar fiziki və mənəvi əzab çəkməsi iş materillarındakı sənədlərlə sübuta yetirilir. Mənəvi zərər bilavasitə z ərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

13. Məhkəmə, iddiaçının Cavabdeh QSC-də işlədiyi müddətdə peşə xəstəliyi qazanması və bununla əlaqədar fiziki və mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, h esab etmişdir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3.000 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci, 232-ci maddəsinin 3-cü, 239-cu maddəsinin 2, 3, 4, 5-ci hissələrinə, 296cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 384.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin 1.1, 1.4-cü bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianı n rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

18. Cavabdeh QSC də öz növbəsində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə iddianın təmin edilməsi hissəsində iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4893/2024 nömrəli mülki iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı rayon məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

22. Məhkəmə kollegiy ası cavabdeh QSC tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə qeyd etmişdir ki, əmək qanunvericiyilinə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçının cavabdeh QSC-də işlədiyi dövrdə peşə xəstəliyinə tutulması faktı öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2011-ci il tarixli tibbi arayışa əsasən iddiaçıya “yazı spazmı” diaqnozu qoyulmuşdur. “Yazı spazmı” diaqnozu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısına” daxildir.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı peşə xəstəliyinə tutulduqdan sonra keçirildiyi vəzifə üzrə yeni əmə k haqqı ilə əvvəlki əmək haqqı arasındakı (2010-2011-ci illər üzrə) fərq 3.454,36 manat təşkil etmişdir. Lakin 2012-2017-ci illər ərzində yeni əmək haqqı ilə gəliri daha yüksək olmuşdur. Odur ki, rayon məhkəməsi iddiaçının maddi ziyan hissəsində tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

24. Maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın qalan hissəsi iddiaçı xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübutlar təqdim etmədiyi üçün əsassızdır.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, iddiaçı qeyd edilən bu tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir.

26. Məhkəmə iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının peşə xəstəliyi ilə əlaqədar fiziki və mənəvi əzab çəkməsi iş materiallarındakı sənədlərlə sübuta yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkə n mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən, yəni yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə, 232-ci maddəsinin 3-cü hissəsinə, 239-cu maddəsinin 2, 3, 4, 5-ci hissələrinə, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 384.0.3, 1097-ci maddələrinə, “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4893/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti əsasən apelyasiya şikayəti ilə eyni məzmunda əsa slandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həmin işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də AR Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1, 78.2, 231, 232.3 və 239.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1118.1, 1118.2, 1119.2, 1119.3, 1124.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 218.1-c i maddələrinə istinad edilərək əsaslandırılmışdır.

32. Cavabdeh (Vəkil1) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-4893/2024 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

34. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 232.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdehin nümayəndəsi iddiaçının kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin dəlillərinin əsassız olduğunu b ildirmiş və təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 191 (hissə 1) Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

37. Maddə 232 (hissə 3) İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

38. Maddə 239 (hissə 2) İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

39. Maddə 239 (hissə 3) İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

40. Maddə 239 (hissə 4) İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ö dənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

41. Maddə 239 (hissə 5) Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

42. Maddə 290 (hissə 3). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik halları na və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

43. Maddə 296 (hissə 4) Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşka r etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Ma ddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir.

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 55. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməs i üçün əsasdır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə tərəflərin ayrı-ayrılıqda vermiş olduğu kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti isə qismən təmin olunmalı, qətnamə qismən - mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. İş üzrə qəbul edilmiş məhkəmə aktlarından məlum olur ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilərkən məhkəmələr Mülki Məcəllənin mənəvi zərərin tutulması ilə bağlı münasibətləri tənzimləyən normalarına istinad etmişlər.

60. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, hazırkı mübahisənin tərəfləri arasında əmək münasibətləri mövcud olmuş, iddia tələbi də cavabdehin məhz əmək qanunvericiliyindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi və bu səbəbdən iddiaçının əlil olması əsası ilə irəli sürülmüşdür.

61. Deməli, tərəflər arasında bu əsasla yaranmış mübahisə də əmək qanunvericiliyinin müddəaları əsasında tənzimlənməlidir.

62. Bu mənada qeyd edilməlidir ki, işəgötürənlə işçi arasında əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyana görə məsuliyyətlə bağlı məsələlər əmək qanunvericiliyi ilə tənzimləndiyindən, hazırkı tələb də xüsusi norma kimi çıxış edən əmək qanunvericiliyinin müvafiq müddəaları tətbiq edilməklə həll edilməli idi.

63. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır.

64. Bu maddənin qeyd hissəsində isə işçiyə mənəvi ziyan vuran əməl və hərəkətlərin dəqiq siyahısı müəyyən edilmişdir. Həmin siyahıya görə, yalnız işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər bu maddənin dispozisiya şərtləri baxımından mənəvi ziyan vurulması kimi qəbul edilir.

65. Göründüyü kimi, işçinin əmək münasibətləri prosesində sağlamlığına ziyan vurulması əmək qanunvericiliyinin tələbləri baxımından mənəvi ziyanın vurulması hesa b edilmir.

66. Əmək qanunvericiliyinin yuxarıda şərh edilən normasını hazırkı mübahisəyə tətbiq edərkən müəyyən olunur ki, iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması ilə bağlı hissəsi həmin münasibətləri tənzimləyən normanın dispozisiya şərtlərinə uyğun gəlmir. Bu isə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsasdır.

67. Lakin işə baxan birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, qətnaməni yoxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən isə bu səhv aradan qaldırılmamış, nəticədə həmin iddia tələbinin qismən təmin olunması ilə bağlı düzgün olmayan nəticəyə gəlinmişdir.

68. Bu səbədən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə cavabdeh "xxxx" QSC-dən 3000 manat mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməs i hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

69. Qeyd edilənlərlə yanaşı, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin digər hissələrinə münasibətdə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur, qətnamə həmin hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

70. Ona görə də tərəflərin ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətləri həmin hissələrə münasibətdə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi qətnamənin digər yoxlanılan hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4893/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi qismən – mənəvi ziyanın tutulmasının qismən təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə, iddia tələbi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar