Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1195/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12186/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-545/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.X.Nəbizadə) İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən qarajın götürülməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı qarşı “kadastr planına əsasən kordinatlarına aid olmayan və mübahisəli qarajın sol tərəfində yerləşən torpaq sahəsinə çəkilmiş hasarın öz vəsaiti hesabına sökülməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında qoyulmuş dəmir qarajın Cavabdeh öz vəsaiti hesabına götürülməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12186/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında qoyulmuş dəmir qarajın Cavabdeh öz vəsaiti hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvan üzrə Reyestr Xidməti tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli Çıxarışın kadastr planına əsasən koordinatlarına aid olmayan və mübahisəli qarajın sol tərəfində yerləşən torpaq sahəsinə çəkilmiş hasarın İddiaçı tərəfindən öz vəsaiti hesabına sökülm əsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi xx və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, Cavabdeh məxsus olan dəmir qarajın İddiaçı məxsus olan fərdi yaşayış evinin texniki pasportunda nəzərdə tutulmuş qapısının qarşısında yerləşməsinə, həmin dəmir qarajın fərdi yaşayış evinin sərbəst girişçıxışını məhdudlaşdırmasına, Cavabdeh məxsus olan dəmir qarajın həmin ərazidə qalmasının qanunsuz olmasına, qarajın həmin əraziyə qoyulmasına icazə verilməsi barədə heç bir hüquqmüəyyənedici sənədin (icra hakimiyyətinin və ya digər səlahiyyətli orqanın sərəncamı, qərarı və s.) mülki iş materiallarında mövcud olmamasına, qarajın heç bir razılıq alınmadan və özbaşına olaraq mübahisəli sahəyə qoyulmas ına, Cavabdeh təqdim etdiyi torpaq sahəsinin icarə verilməsinə dair müqavilənin qarajın qanuni əsaslarla qoyulmasını təsdiq edən sənəd kimi qəbul edilməsinin yoverilməz olmasına və beləliklə də ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.4, 180.1, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, xx xxx 2018 -ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa və eyni tarixli “fərdi yaşayış evinin texniki pasportu”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkrn, A.Məmmədov küçəsi, mülkiyyətdə olan 0,1158 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 121,7 kv.metr, yaşayış sahəsi 44,3 kv.metr, köməkçi sahəsi 15,5 kv.metr olan 62 “B” saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Eyni zamanda, xx xxx 2007-ci il tarixli, 407 saylı icarə müqaviləsinə və torpaq sahəsinin situasiya planına əsasən, Bakı şəhəri, 9 mkr-n M.Cəlal küçəsi, 119 saylı yaşayış binasının arxasında mövcud qarajın altındakı 21 kv.metr torpaq sahəsi Binəqədi bələdiyyəsi tərəfindən xx xxxxxx 2030-cu il tarixədək olan müddətə Cavabdeh icarəyə verilib. Hazırda, İddiaçı Cavabdeh məxsus olan qarajın onun mül kiyyətində olan evin girişinə və çıxışına mane olmasını əsas tutub, evinin qarşısına qoyulmuş həmin dəmir qarajın Cavabdeh öz vəsaiti hesabına götürülməsini iddia edir. Cavabdeh isə, İddiaçı adına verilmiş Çıxarışın kadastr planına əsasən koordinatlarına aid olmayan və mübahisəli qarajın sol tərəfində yerləşən torpaq sahəsinə hasarın qanunsuz çəkilməsini əsas tutub, həmin hasarın İddiaçı öz vəsaiti hesabına sökülməsini iddia edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyinə görə, Cavabdeh məxsus olan dəmir qaraj İddiaçı məxsus olan evin texniki pasportda nəzərdə tutulmuş qapının qarşısında yerləşir. İddiaçı məxsus evin qarşısında yerləşən Cavabdeh məxsus dəmir qarajın evə sərbəst giriş-çıxışını məhdudlaşdırdığı müəyyən edilir. Cavabdeh məxsus dəmir qaraj metaldan hazırl andığı və əsaslı bünövrə üzərində inşa edilmədiyindən və bununla da daşınar əmlak hesab edildiyindən qarajın yerinin dəyişdirilməsi mümkündür. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.4, 180.1, 180.4-cü maddələrinin tələblərinə istinad edib birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, mübahisəli gəmir qarajın yerləşdiyi 21 kv.metr torpaq sahəsinin Binəqədi bələdiyyəsinin mülkiyyətində olmaqla, xx xxx 2007-ci il tarixli, 407 saylı icarə müqaviləsinə əsasən xx xxxxxx 2030-cu il tarixədək Cavabdeh icarəsinə verilməsinə, İddiaçı isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun xx xxx 2018-ci il tarixli Çıxarışa və texniki pasporta əsasən sonradan əmələ gəlməsinə və həmin evin 2018-ci ildə inşa edilməsinə əhəmiyyət vermədən, eləcə də zərurət yarandığı halda İddiaçı mülkiyyətində olan 0,1158 ha, həmçinin Cavabdeh icarəsində olan 21 kv.metr torpaq sahələrinin sənəd üzrə və faktiki ölçülərini, sərhədlərini, kordinatlarını və sair texniki göstəricilərini yerində müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almadan, 21 kv.metr torpaq sahəsinin mülkiyyətçisi kimi Binəqədi bələdiyyəsini işə baxılmağa cəlb edib hazırki mübahisəli məsələyə onun nümayəndəsinin münasibətini öyrənmədən, mübahisəli dəmir qarajın həmin torpaq sahəsində quraşdırılmasına əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməyi Cavabdeh, həmçinin Binəqədi bələdiyyəsinə təklif etmədən, bir sözlə dəmir qarajın hüquqi statusuna aydınlıq gətirmədən, son 12 il müddət ərzində mövcud olmuş dəmir qarajı özbaşına tikinti hesab edərək, onun Cava bdeh öz vəsaiti hesabına götürülməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Əvvəla, Mülki Məcəllənin 180.1-ci maddəsində özbaşına tikintinin hüquqi əlamətləri müəyyən edilib göstərilib. Həmin maddəyə əsasən, o tikinti obyektləri özbaşına tikinti hesab edilir ki, onların inşası zamanı aşağıda göstərilən pozuntulardan hər hansı biri mövcud olur: 1) tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməsi; 2) tikilinin tikinti normaları və qaydalarının pozulması ilə inşa edilməsi; 3) tələb olunan hallarda tikintiyə razılığın alınmaması. Torpaq sahəsinin ayrılması, o cümlədən tikinti məqsədləri üçün ayrılması torpaq qanunverciliyi ilə tənzimlənir. Tikinti obyektləri ancaq bu məqsədlə ayrılmış sahədə inşa edilə bilər. Bununla bərabər, qanunvercilikdə nəzərdə tutulan hallarda digər məqsədlər üçün ayrılan torpaq sahəsində də tikinti obyekti inşa edilə bilər. Məsələn, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində icarəçiyə icarəyəverənin razılığı ilə icarəyə götürdüyü torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq hüququ verilib. Digər tərəfdən, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsində göstərilir ki, bu Məcəllənin 79-80-ci maddələrində göstərilən tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.metr olan bir mərtəbəli yardımçı tikililərin; kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının və sair tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli dəmir qarajın qanuni əsasla icarəyə götürülmüş 21 kv.metr torpaq sahəsində quraşdırılmasına əhəmiyyət vermədən, sadalanan maddələrin tələbləri baxımından həmin dəmir qarajın icarəyə götürülmüş torpaq sahəsində quraşdırılması üçün lazımi icazələrin tələb olunub-olunmamasını, İddiaçı qarajın özbaşına tikinti olmasını əsas tutub hazırki iddianı qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmamasını aydınlaşdırmadan və Mülki Məcəllənin 158.1.2, 158.4-cü maddələrinin tələblərinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə, icarə hüquqlarının da əmlak h üquqları sayılmasını nəzərə almadan, yalnız İddiaçı irəli sürdüyü arqumentlərə əsaslanaraq, son 12 il müddət ərzində mövcud olmuş qarajı özbaşına tikinti hesab etmişdir. Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və hesab edir ki, sözügedən qarajın saxlanılması həqiqətən İddiaçı sonradan əmələ gəlmiş hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsa da belə, bu hal, heç bir kompensasiya ödəmədən ilk iddia ərizəsinin təmin edilərək, dəmir qarajın Cavabdeh vəsaiti hesabına ərazidən götürülməsi üçün əsas ola bilməz. Çünki, qeyd olunan maddələrin mənasına görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəx s, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Digər tərəfdən, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı məhkəmə vasitəsi ilə o, vaxt tələb edə bilər ki, mübahisəli əmlak mülkiyyətçinin sahibliyində olsun; cavabdeh, mülkiyyətçiyə əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərini həyata keçirməsinə maneə olan hərəkətlər etsin; eyni zamanda onun hərəkətləri hüquqa zidd olsun. Hazırki halda, Cavabdeh hərəkətlərində qeyd olunan maddədə nəzərdə tutulan şərtlərin mövcud olması istisna olunur. Çünki, qarajın yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla Cavabdeh icarəsindədir və bu gün də həmin müqavil ə qüvvədədir, İddiaçı isə evə və torpaq sahəsinə mülkiyyət hüququ sonradan əmələ gəlib. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.4-cü maddəsinin tələblərini də hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. E yni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12186/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1195/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1195/2020
10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver