Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1357/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın cavabdeh "xxxx" MMMC-yə qarşı “təsis yığıncağının qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təsis yığıncağının qərarının etibarsızlığı, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X6 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)7527/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı MTK tərəfindən inşa edilmişdir.
2. Həmin binada 72 ədəd mənzil, 2 qeyri-yaşayış sahəsi mövcuddur.
3. Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin 45 mülkiyyətçilərinin təsis yığıncağının 14 sentyabr 2020-ci il tarixli qərarı ilə 40 nəfər lehinə, 2 nəfər əleyhinə, 3 nəfər bitərəf olmaqla "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmışdır.
4. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti "xxxx" MMMC kimi 09 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MTK cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası iddiaçı tərəfindən inşa edilmişdir. 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunmuşdur ki, həmin müştərək cəmiyyəti Kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış, qalan 13 nəfərin isə mənzillərə aid olan hüquqları qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmurlar. Bundan başqa qərarda adları q eyd olunan şəxslərlə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, bəzi şəxslər həmin qərara ümumiyyətlə imza etməyiblər. Belə ki, X3 və X8 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirmişlər ki, "xxxx" MMC-nin 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağında iştirak etməyiblər, həmin qərarı imzalamayıblar, həmin yığıncağın qərarı ilə tanış olaraq qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyil. Həmçinin, X5, X10, X12 və X4 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq var. Bundan başqa, X5 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və bu qərarı ölkədə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bütün bunlar ona dəlalət edir ki, X11 və X1 yol verərək dövlə t qurumuna yanlış məlumatlar təqdim etmişlər. MTK tərəfindən təsdiq olunmuş arayış əslində Ədliyyə Nazirliyinə təqdim etmək üçün yox, ərazinin polis sahə müvəkkilinin xahişi ilə rayon icra hakimiyyətinə bina barədə ətraflı məlumatı olması üçün verilmişdir. Sonradan təsis sənədləri arasında onların arayışını görəndə iddiaçı polis sahə müvəkkili barəsində şikayət ərizəsi vermişdir. Bundan sonra, iddiaçı Ədliyyə Nazirliyinə müraciət edərək MMMC-nin qeydiyyatını ləğv etməyi xahiş etmiş, Ədliyyə Nazirliyi 12 avqust 2021-ci il tarixli məktubda qeyd etmişdir ki, Mülki Məcəllənin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(004)1082/2022 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də, qeyd edilən qərarın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə, iddiaçının qərarın etibarsız hesab olunmasına dair istinad etdiyi sübutlar əsassızdır və qərarın etibarsız hesab olunmasına səbəb deyildir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1, 44.3, 45.1, 45.5, 45.6, 119.1, 121.1, 121.1.3, 125.1, 125.2.4, 140.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı MTK ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(004)-1082/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-7527/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və İ.Ə.Kərimlinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e2(004)-1082/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, sahə mülkiyyətçilərinə aid çoxmənzilli bina 72 mənzildən və 2 qeyri-yaşayış sahəsindən ibarətdir. Bunu tərəflər mübahisələndirmir. İddiaçı bəyan edir ki, təsis yığıncağında 40 nəfər iştirak etsə də, onlardan 27 şəxsin mülkiyyət hüququ qeydə alınmış, 13 nəfərin isə bu hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ancaq iddiaçı buna, yəni 13 şəxsin sahə mülkiyyətçisinin mülkiyyət hüquqlarının qeydə alınmadığına dair məhkəməyə heç bir sübut təqdim etməyib. Qeyd olunan 13 şəxsin sahə mülkiyyətçisi olmadığını iddiaçı da mübahisələndirmir. Mübahisələndirdiyi hal yalnız onların mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın almamaları ilə bağlıdır. Bu hal isə həmin şəxslərin sahə mülkiyyətçiləri olmalarını istisna etmir.
13. Bundan əlavə, Mənzil Məcəlləsinin 120.3-cü maddəsinin imperativ tələbinə görə, bir çoxmənzilli binada sahə mülkiyyətçiləri ikinci mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilməzlər. İddiaçının mübahisələndirdiyi qərardan aydın olur ki, həmin tarixli təsis yığıncağında 45 sahə mülkiyyətçisi iştirak etmiş, onlardan 40 nəfəri qərarın lehinə səs vermiş, bunun nəticəsində də cavabdeh cəmiyyət 09 mart 2021-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin şəxslərin bir neçəsinin imzalarının şəxsiyyət vəsiqələrindəki və müqavilələrdəki imzalardan fərqləndiyini göstərsə də, bu hallar həqiqi olsa belə, onları Mülki Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi qanunla müəyyən edilmiş müddətdə məhkəmə qaydasında m übahisələndirə bilər. Başqa sözlə, qeyd olunan halların həqiqiliyi belə iddianın əsaslı olmasına dəlalət etmir.
14. Digər tərəfdən, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərkən subyektiv hüququnun nədən ibarət olması barədə də heç bir arqument irəli sürmür. Mülki Məcəllənin 109.5-ci maddəsinin imperativ göstərişlərinin əksinə MTK-nın nə ləğv edilməsi, nə də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə MTK-nın cavabdehin qeyd olunan qərarını mübahisələndirməkdə hüquqi marağının nədən ibarət olması başa düşülən deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İddiaçı MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-75 27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5, 119.1, 141.1, 141.2, 141.3-cü, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının mülkiyyət hüququ pozulmuş, həmin əmlak qanunsuz olaraq bankın mülkiyyətinə verilmiş, bununla bağlı hərracın keçirilməsi qaydaları pozulmuşdur.
17. Belə ki, cəmiyyətin təsis yığıncağının qərarında 13 mənzil mülkiyyətçisi kimi qeyd olunanların mülkiyyət hüquqların olmaması açıq aydın qeyd olunmasına baxmayaraq, apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı his səsində həmin məlumatların sübut olmadığını vurğulamışdır. Həmçinin bina artıq sakinləri kənardan cəlb olunmuş idarəedici təşkilatı seçmişlər və həmin təşkilat binanın idarə edilməsini həyata keçirirdi. İddiaçı binanın inşa etmişdir və binanın taleyi onu maraqlandırmamaya bilməz.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 45.6-cı maddəsinə əsasən çoxmənzi lli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunl arı ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.3-cü maddəsinə əsasən bir çoxmənz illi binanın sahə mülkiyyətçiləri yalnız bir mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə b axan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiy ar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququnun olması müəyyən edilmir.
29. Mənzil Məcəlləsinin 45.6-cı maddəsində binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarının mübahisələndirmək səlahiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçisinə (həmin maddədə göstərilən şərtlər və müddətlər çərçivəsində) verilmişdir.
30. Həmçinin, Məcəllənin 109.5-ci maddəsinə görə kooperativ binanın tikintisi tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin ləğv olunması və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi qanunun məcburi göstərişidir.
31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, binaya başqa idarəedici təşkilatı tərəfindən xidmət göstərilməsi (halbuki bununla bağlı sübutlar da işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir) hazırki iddiaçıya tələb irəli sürməyə hüquq vermir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfl i və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(103)-7527/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.