Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4877/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İŞİN HALLARİ
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İddiaçı AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Sözügedən qərar kassasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 80.000 (səksən min) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat, cəmi 180.000 (yüz səksən min) manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, onun 1 il 4 ay 6 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmış və o, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Ona bəraət verilib, azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxılanadək keçən müddət ərzində də gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. Məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, armatur və taxta satışı ilə məşğul olub yaxşı qazanc əldə etmişdir. Onun bildirdiyinə görə aylıq qazancı 5000 manat olmuş, həbsdə saxlanıldığı müddətdə qazancından məhrum olmuşdur. Bu faktı qeyd olunan dövrlərdə onunla eyni bazarda işləyən şəxslər təsdiq edə bilərlər və qeyd olunan şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmənin iclasında iştirakları təmin ediləcəkdir. Göstərilən müddət ərzində işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nə ticəsində həyatı dəmir barmaqlıqlar arasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuziunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrini itirilməsinə səbəb olmuş, bütün bunlar mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1655/2023 nömrəli iş üzrə 15.05. 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 13.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 13 ay qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Ona görə də, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 13000 manat məbləğində təmin olunması ağlabatandır.
7. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmiş dir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
8. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6.1, 7.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
10. İddiaçı qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin iddia ərizəsi ilə eynilik təşkil etməklə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunsuz və əsassızdır. Məhkəmə onun məhrum olduğu gəlirləri, habelə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə onun qanunsuz olaraq həbsdə saxlanılma müddətini düzgün hesablamamışdır. Onun qanunsuz həbsdə saxlanılma müddəti 13 ay deyi l, 10 avqust 2020-ci il tarixdən 30 sentyabr 2021-ci ilədək olmaqla 14 aydır. Bundan başqa məhkəmə onun 30 sentyabr 2021-ci ildən 16 dekabr 2021-ci ilədək həbsə bərabər tutulan ev dustaqlığında olmasını da nəzərə almamışdır. Belə olan halda onun qanunsuz həbsdə saxlanılma müddəti 15 ay 6 gün hesablanmalıdır.
12. Cavabdeh qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkə tə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Lakin, Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı hər hansı bir sübut tə dqiq olunmadan iddiaçıya 13000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(103)-4877/2023 nömrəli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə ödənilməli olan mənəvi zərərin məbləğinin 15000 manat müəyyən edilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi hissəsində qeyd etmişdir ki, iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli deyildir və iddiaçı nın 1 il 1 ay 21 gün həbsdə və 2 ay 16 gün ev dustaqlığında olması nəzərə alınmaqla, ona təyin olunan mənəvi ziyanın məbləği 15000 manat müəyyən olunmalıdır.
16. Məhkəmə kollegiyası maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibət bildirərək hesab etmişdir ki, iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
18. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6.1, 7.1, 7.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haq qında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2, 10-cu bəndlərinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, (vəkil Nümayəndə2) qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassator şikayətini apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ev dustaqlığı həbs qətimkan tədbirinə görə azadlığın məhdudlaşdırılması ilə eyni məbləğdə kompensasiya müəyyən olunması analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun deyildir.
21. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1096, 11 01.1, 1114.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 385, 387.2.8, 418-1.3, 418.6, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının qanunsuz həbsdə v ə ev dustaqlığında qalmaqla mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən cavabdeh təşkilatdan qismən tutmuşlar.
36. Həmin maddəyə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcm də ödəyir (§ 26).
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4877/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməs i mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.