Məhkəmə qərarları › İş №2(102)-1732/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1732/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1732/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət mühakimə icraatında məhkəmənin yekun qərarı ilə tutma yönəldilmiş əmlak üzərindəki həbsin mülki icraatda mübahisələndirilməsinin yolverilməzliyi, mülki işin icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 f evral 2024-cü il tarixli, 2(103)1083/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillər İddiaçı mülkiyyətində olmaqla, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X7 barəsində Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə həmin əmlak üzərinə həbs qoyulmuşdur.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-in 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri i lə təqsirli bilərək, CM-in 66.3-cü və 66.4-cü maddəsinə əsasən ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün dəyişdirilməsi, Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 №-li mənzillərinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsi, ziyanın ödənilməsinin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin sədrinin təqdimatının tam, məhkumun müdafiəçisinin kassasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarının X4 aid hissədə ziyanın ödənilməsinin İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə həmin əmlaklara yönəldilməsi hissədə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X4 aid mülki iddiaya dair - İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə qoyulmuş həbsin götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Ali Məhkəmənin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı X4 aid mülki iddiaya dair – İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

7. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X5 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzilləri üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarını təmin etmək məqsədi ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə qoyulması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsi və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməsi qərara alınmışd ır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə həmin qərarla bağlı hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri üzərin ə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri üzərinə qoyulmuş həbsin bərpa edilməsi və zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası 22 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia olunan əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökmün mülki iddiaya aid hissəsindən 26 iyul 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək m ənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir.ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) əmlaklara tələbin yönəldilməsinə yol verilmir. İddiaçı mülkiyyətində adı çəkilən mənzildən başqa digər hər hansı mənzili və ya evi yoxdur. Bu səbəbdən, mənzilə tələbin yönəldilməsi sözügedən Qanunun 49.2-ci və Nazirlər Kabinetinin adı çəkilən Qərarına əsasən yol verilmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, 03 mart 2020-ci il tarixində məhkəmə icra məmurunun hərəkət və hərəkətsizliyin verilən şikayətə baxmış və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarı ilə şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli mənzil 09 avqust 1997-ci ildə iddiaçının bacısı X2 əri X8 tərəfindən alqı-satqı yolu ilə alınmaqla və dəyəri Ə.Ə.Fərəcov tərəfindən ödənilməklə alınmış, lakin Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatları olmadığından, iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan mənzillərdə iddiaçının bacısı, ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayırlar. Bu mənzilin nə iddiaçıya, nə də ki, əri Şahin Əliyevə bir aidiyyəti yoxdur. Həmin mənzillərin uzun müddət iddiaçının adında qalması və X6 adına sonradan rəsmiləşdirməməsini onunla izah edilmişdir ki, Bayıl qəsəbəsindəki həmin ərazi söküntü zonasında olduğundan və tezliklə mənzillər söküləcəkdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(009)134/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlakın üzərində həbsin saxlanılması məsələsini həll edilərkən, həmin əmlakın mülkiyyətçisinin və ya qanuni sahibinin müəyyənləşdirilməsi vacibdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş mənzillər təqsirləndirilən şəxs Şahin Əliyevin həyat yoldaşı İddiaçı xüsusi mül kiyyətində olmuşdur. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmündə də qeyd edilmişdir ki, sözügedən əmlaklar əldə edilərkən Şahin Əliyev tərəfindən məlum dələduzluq əməlləri hələ törədilməmişdir. Bundan başqa, həmin əmlaklar İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilsə də, nə mülkiyyətçinin özü, nə də ki hər hansı bir ailə üzvü həmin mənzillərdə qeydiyyatda olmamışdırlar. Əvəzində isə, iddiaçının iddia ərizəsində faktiki mülkiyyətçi kimi qeyd etdiyi bacısı Arifə Əliyeva və onun ailə üzvləri həmin mənzillərdə qeydiyyatda olmuş və yaşamışlar.

15. Məhkəmə qeyd etmişdir ki, hazırda əsassız olaraq iddiaçıya məxsus əmlakların üzərində həbsin mövcudluğu iddiaçının konstitusion hüquqlarını pozmaqla eyni zamanda onun öz əmlakı barəsində sərbəst surətdə sə rəncam hüquqlarını da məhdudlaşdırır.

16. Məhkəmə hesab etmişdir ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Lakin, həbsdən azad edilməsi xahiş olunan mənzillərin məhz təqsirləndirilən şəxs Şahin Əliyevin törətdiyi dələduzluq cinayəti yolu ilə əldə etmiş olduğu əmlak hesabına əldə edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, sözügedən əmlaklar iddiaçı tərəfindən əldə edilərkən onun həyat yoldaşı Şahin Əliyev tərəfindən məlum dələduzluq əməli hələ törədilməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən mənzillər cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş mənzillər hesab edilməməli və bu səbəbdən bu mənzillər həbsdən azad edilməli dir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cu maddəsi, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləsinin 152.1-ci, CinayətProsessual Məcəlləsinin 248.1.1, 248.3 və 253-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İş də iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs1 və Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) qətnamə ilə maraqlarına toxunan şəxslərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(009)-134/2022 nömrəli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə isə verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilmiş, beləliklə, həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir.

21. Apellyasiya kollegiyası hesab etmişdir ki, tələb ci nayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən, hazırkı ərizənin icraata qəbulundan imtina edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən icraata götürülərək baxılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261 və 384.0.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1cu, Cinayət-Prosessual Məcəlləsinin 248, 253-cü, Mülki Prosessual Məcəllənin 15.1, 15.2, 15.3, 217.1, 217.2, 217.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli qərarlarının tələbləri pozulmuşdur.

25. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmuşdur.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraa t qaydasında baxılmışdır.

27. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs1 kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

28. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsinə səhv istinad etmişdir. Belə ki, həmin maddədə cinayət təqibinin davam etdiyi dövrdə səhvən qoyulmuş həbsin mübahisələndirilməsindən söhbət gedir. Hazırki halda isə cinayət təqibi başa çatmışdır. Həmçinin üzərinə həbs qoyulmuş əmlak təqsirləndirilən şəxsin həyat yoldaşının adınadır və onların ümumi birgə mülkiyyətindədir. Bu səbəbdən mülki iddianın ödənilməsi üçün q oyulmuş həbsin səhvindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hü ququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

32. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 248.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; 248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüquq una malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.18. cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı; 346.1.19. maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu.

33. Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, düzgün nəticəyə gəlinmişdir.

35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, CinayətProsessual Məcəlləsinin 248.1 və 253-cü maddələrinin qarşılıqlı təhlili göstərir ki, cinayət təqibində əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Hər hansı şəxs həbsin təqsirləndirilən şəxsə aidiyyəti olmayan, onun əmlakı üzərinə səhvən qoyulduğunu hesab etdiyi halda, cinayət prosesini həyata keçirən orqana əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək, həmin müraciətin təmin edilməsindən imtina edildikdə və ya müəyyən olunan müddət ərzində müraciətin nəticəsi barədə məlumat verilmədikdə, əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.

36. Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin müddəalarına görə əmlak üzərinə qoyulmuş həbsin mülki icraat qaydasında cinayət təqibi həyata keçirilən dövrdə mümkündür. Bu dövrdə mübahisələndirilmə olmadıqda, üzərinə həbs qoyulan əmlakın hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qiymətləndi rilmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirilməyə yol verilmir.

37. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir.

38. Hazırki işdən də müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakın üzərində qoyulmuş həbsin götürülməli olub-olmaması məsələsi cinayət mühakimə icraatı qaydasında apellyasiya və kassasiya instansiya məhkəmələrində bir neçə dəfə müzakirə olunmuş və son nəticədə Bakı Apel lyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə həbs bərpa edilməklə, zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi həmin qərarında qiymətləndirmə apararaq göstərmişdir ki, mübahisəli mənzillərin məhkum X3 arvadı İddiaçı adına olması və ya yaxud həmin mənzillərin üzərində mülkiyyət hüquqları qanunvericiliklə tələb olunan qaydada qeydiyyata alınmadan və rəsmiləşdirilmədən İddiaçı bacısının və sonuncunun ailəsinin yaşayıb-yaşamaması, zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) konstitusion hüquqlarının bərpası naminə onlara vurulmuş ziyanın ödənilməsinin X3 və İddiaçı birgə nikah dövründə əldə etdikləri həmin mənzillərə yönəldilməsini istisna etmir.

40. Ali Məhkəmənin Cinayət kollegiya sının 22 noyabr 2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

41. Göründüyü kimi, iddiaçının hazırki iddiada irəli sürdüyü dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Odur ki, onların təkrarən mülki mühakimə icraatında mübahisələndirməyə yol verilmir.

42. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, iddiaçının cinayət mühakimə icraatında qəbul edilən qərardan müvafiq olaraq şikayət vermək hüququ vardır.

43. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 aprel 2023-cü il tarixli qərarında izah olunmuşdur ki,... cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar