Məhkəmə qərarları › İş №2(102)-1761/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1761/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1761/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)215/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 50.000 manat dəymiş maddi və 20.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-18/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə 1.740 manat, mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və Cavabdeh1 140,22 man at dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)215/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-18/2024 nömrəli qətnaməsi - Cavabdeh1 maddi ziyana görə 1.740 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 maddi ziyana görə 500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Hə min qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1 və 112.1.2-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan a z olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəs inə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddia 50.000 manat maddi və 20.000 manat mənəvi ziyanın, cəmi 70.000 manat vəsaitin ödənilməsindən ibarət olmuşdur.

9. İddia apellyasiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir.

10. Cavabdeh kassasiya şikayəti verərkən 71 manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən iddia qiyməti 70.000 manat təşkil edən iddia ərizəsi üzrə kassasiya şikayətinin verilməsinə görə 150 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

12. Məhkəmə kollegiyası izah edir ki, h azırkı iş üzrə apellyasiya şikayəti verilərkən eyni məbləğdə dövlət rüsumu ödənilməsi, habelə apellyasiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, kassasiya şikayəti üzrə göstərilən məbləğdə rüsumun ödənilməsi üçün əsas ola bilməz.

13. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, qanunun bilavasitə mənasına görə kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği apellyasiya şikayətinə görə ödənilən dövlət rüsumunun məbləğinə bərabər olmaqla, iddianın təmin olunan hissəsindən asılı olmadan birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumuna münasibətdə hesablanmalıdır. 1

4. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, iddiaçı kassasiya şikayəti verərkən həmçinin 71 manat məbləğində dövlət rüsumu ödəsə də, bu hal onun kassasiya şikayətinə münasibətdə pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının hazırkı tələbi səhhətinə vurulan ziyanla bağlı olduğundan, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən o, ümumiyyətlə rüsum ödəməkdən azaddır.

15. Qeyd olunanlara əsasən, cavabdehin kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5- ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(103)215/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Həmin kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar