Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabadehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2/2022 Açar sözlər: ipotekaya xitam verilməsi əsasları, əsas öhdəliyə şamil olunan iddia müddəti keçdiyi halda ipoteka predmetinin yüklülüyündən azad edilməsinin mümkünlüyü Bakı şəhəri, 20 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabadehlər Cavabdeh ASC-yə və "xxxx" QSC BOKT-a qarşı “əmlakı n ipotekadan azad edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6980/2020 nömrəli mülki iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra – bank və ya birinci cavabdeh) arasında bağlanmış 14.08.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçıya avtomobil alınması məqsədilə 18 ay müddətinə, illik 23% dərəcəsilə qaytarmaq şərtilə 35.000 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu kimi həmin tarixli girov (ipoteka) müqaviləsinə əsasən, iddiaçıya məxsus “Toyota Lexus” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. Kredit müqaviləsinin müddəti 14.02.2009-cu il tarixdə başa çatmış, müqavilə üzrə sonuncu ödəniş 03.12.2014-cü il tarixdə həyata keçirilmişdir.
3. Sözügedən kredit müqaviləsi üzrə bankın tələb hüququ Cavabdeh ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" QSC-yə (bundan sonra – ikinci cavabdeh) ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 13.01.2020-ci ildə cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ipoteka predmeti olan avtomobilin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bankla arasında bağlanmış kredit müqaviləsi üzrə tərəfindən ödənişlər edilmiş, müqavilə müddəti başa çatmış, buna baxmayaraq, bank öhdəliyin tam icra edilməsini tələb etmişdir. Hesab edir ki, müqavilə müddətinin başa çatmasından 9 ildən çox vaxt keçdiyindən və cavabdeh tərəfindən borc tələbinə dair iddia üzrə qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürüldüyündən, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın məhkəmədə qaldırılıbqaldırılmamasından asılı olmayaraq, ipotekaya xitam verilməlidir. Mülkiyyətində olan əmlakın bu şəkildə yüklü qalması onun hüquqlarını pozur. İddiaçı, tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 427.1, 427.4-cü maddələrinə istinad etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 2(006)1791/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə münasibətlər mövcud olmuş və tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə son ödəniş 03.12.2014-cü il tarixdə həyata keçirilmiş, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş 3 illik iddia müddəti ərzində iddiaçıya qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qaldırılmamış dır. Belə olan halda, ipoteka predmeti olan avtomobilin ipoteka yüklülüyünə xitam verilməlidir.
8. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2 və 48.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İkinci cavabeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə son ödənişin 03.12.2014-cü ildə edilməsinə baxmayaraq, məhkəmə tərəfindən müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddətinə istinad etməklə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Nə qə dər ki, borclunun öhdəliyi yerinə yetirməməsində kreditor təqsirli deyil, bu halda sonuncu öhdəlik üzrə icra etdiklərini geri qaytarmağı tələb edə bilər.
11. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 552.1 və 556.2-ci maddələrinə istinad olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6980/2020 nömrəli iş üzrə 22 sentyabr 2020ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qa rşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İkinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən əsas öhdəliyə xitam verilmədiyi halda, əlavə öhdəlik üzrə avtomobilin ipoteka yüklülüyünə xitam verilməsi mülki qanunvericiliyin, eyni zamanda “İpoteka haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ipoteka müqaviləsinə xitam verilmədiyi üçün avtomobil üzərində ipoteka yüklülüyünə də xitam verilə bilməzdi. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən bu müqavilə, tərəfl ər üzərinə qoyulmuş vəzifələri tam yerinə yetirənədək qüvvədədir. İş materiallarından da görünüdüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə borc öhdəliyi tam yerinə yetirilməmişdir. Belə olan halda, əsas öhdəliyə xitam verilmədən əmlakın ipoteka yüklülüyünə xitam verilməsi qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
18. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının m əhdudlaşdırılmasıdır.
19. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
20. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.
21. Maddə 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.
22. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfind ən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
26. Maddə
383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
27. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
30. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.
31. Maddə 48.1.2. Əsas öhdəliyə xita m verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarı
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
39. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 14.08.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, avtomobil alınması məqsədilə iddiaçıya 35.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixli girov (ipoteka) müqaviləsinə əsasən, avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin müddəti 14.02.2009-cu il tarixdə başa çatmış, müqavilə üzrə sonuncu ödəniş 03.12.2014-cü il tarixdə h əyata keçirilmişdir.
43. Hazırda iddiaçı müqavilə müddətinin başa çatmasından 9 ildən çox vaxt keçməsinə və borc tələbinə dair qanunla müəyyən olunmuş üç illik iddia müddətinin cavabdeh tərəfindən ötürülməsinə istinad edərək, avtomobil üzrərində ipotekaya xitam verilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənilmədiyindən əsas öhdəliyə xitam verilməmişdir. Belə olan halda isə, ona bağlı olan əlavə öhdəliyə - ipotekaya da xitam verilə bilməz.
44. Kollegiya, ilk öncə iddia müddətinin mahiyyəti və onun tətbiqinin hüquqi nəticələrinə aydınlıq gətirərək, qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını i ntizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
45. Göründüyü kimi, iddia müddəti mahiyyəti və hüquqi təyinatı etibarı ilə h aqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Başqa sözlə, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmadığı üçün, onun ötürülməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Bu səbəbdəndir ki, iddia müddəti keçdikdən sonra borclunun kreditora etdiyi ödənişlər əsassız varlanma təşkil etmir, ona görə də geri qaytarılmır (§ 26).
46. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, baxılan işdə bankın iddiaçı ilə arasında bağlanmış 14.08.2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Yəni irəli sürülən iddia tələbinə qarşı borclu iddia müddətini tətbiq etdikdə məhkəmə iddianı bu səbəblə rədd edir.
47. İpoteka isə müstəqil deyil, kreditorun şəxsi hüququna bağlı əlavə bir (məhdud əşya) hüququ olduğundan, əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı aradan qalxırsa, bu halda ona bağlı olan ipoteka hüququnun reallaşdırılması müdafiə imkanı itirilmiş olur. Yəni əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipoteka predmetinə məcburi tutmanın yönəldilməsi mümkün olmur. Bununla belə, məhdud əşya hüququnun özünə xitam verilmir və əşya üzə rindəki ipoteka yüklülüyü hüquqi baxımdan qalmaqda davam edir.
48. Beləliklə, iddia müddətinin keçməsi, əsas öhdəliyin xitamına səbəb olmadığı üçün kreditorun şəxsi hüququna bağlı olan ipoteka da xətm olmur. Bu halda ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün də hüquqi əsas yaranmır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında vurğulamışdır ki, “iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. İdd ia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. İddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Əəsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olar aq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.”
50. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə, müqavilədən irəli gələn tələb üzrə iddia müddətinin keçməsinə istinad edərək, ipotekaya xitam verilməsi barədə yalnış qənaətinə gəlmişlər.
51. Odur ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını doğru tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, nəticədə düzgün olmayan qətnamə çıxarmışdır.
52. Ona görə də, qətnamə ləğv edilməli, göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
53. Gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6980/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.