Məhkəmə qərarları › İş №2(102)-2057/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2057/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2057/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarə müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1545/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2 025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi 87.2 kv.m yaşayış sahəsi 203.3 kv.m ümumi sahədən ibarət 5 (beş) otaqlı 45 saylı fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur.

2. İddiaçı 02 oktyabr 2021-ci il tarixdə Zərinə Sultanova ilə icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.3 kv.m. yaşayış sahəsi 87.2 kv. m. olan 5 otaqlı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha bi r il müddətinə uzadılmış hesab edilməsi müəyyən edilmişdir. İcarə haqqının məbləği 400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən “İcarəçi”lər icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

3. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən icarəyə götürülmüş sahə təmir edilmişdir.

4. Zərinə Sultanova 2021-ci ilin noyabr ayında vəfat etmiş, cavabdehlər Cavabdeh1 onun (əri) və Cavabdeh2 isə (oğlu) hüquqi varisləridir.

5. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 89, 45 saylı 203.30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci insta nsiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 87.203 manat məbləğində maddi, eyni zamanda 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, cavabdehlər müqavilənin şərtlərinə əməl etməmiş, 1 ay qabaqcadan yazılı xəbərdarlıq etmədən qanunsuz şəkildə obyektdən onu çıxartmışlar. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ciddi əsəb gərginliyi və sarsıntı keçirmiş, bununla da ona həm də mənəvi ziyan vurulmuşdur.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1, onun nümayəndəsi idd iaya etiraz etmişlər. Cavabdeh1 bildirmişdir ki, iddiaçıya qeyri-yaşayış sahəsini tərk etməməsini, bu və ya digər formada razılaşa biləcəklərini bildirsə də, sonuncu razılaşmamış, İddiaçı qeyriyaşayış sahəsindən çıxdıqdan sonra qeyri-yaşayış sahəsi 4 ay müddətinə boş qalmış, bununla da onun özünə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh1 iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində təmir işlərinin onun razılığı və məlumatı ilə aparılmasını təsdiq etsə də, təmir xərclərinin istər iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğdə, istərsə də, ekspert rəyində qeyd edilən məbləğdə olmadığını, həmin məbləğlərin ondan tutulmasına etiraz etdiyini bildirmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3882 nömrəli ek spert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768 manat məbləğində olduğu müəyyən olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768 manat məbləğində olduğu müəyyən olunmuşdur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)91/2024 nömrəli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia qismən təmin olunmuş və Cavabd eh1 maddi zərərə görə 10768 (on min yeddi yüz altmış səkkiz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 397.20 manat dövlət rüsumunun 50%-i, yəni 198.5 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-in, yəni 198.5 manatın iddiaçıya aid edilməsi qət edilmiş, iddia tələbi digər Cavabdeh2 qarşı hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər verdikləri izahatlarında icarə müqaviləsinin şərtlərinin pozulmasında bir-birlərini günahlandırsalar da, məhkəmə iddiaçı tərəfindən verilmiş izahatları ağlabatan və inandırıcı hesab etmişdir. Həmin qənaətə gələrkən məhkəmə məhz tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərin in pozulması kimi icarə haqqı məbləğinin Cavabdeh1 tərəfindən artırılmasını, daha yüksək məbləğdə icarə haqqının tələb edilməsini, digər tərəfdən tərəflər arasında olan şifahi razılaşmanın, yəni qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması məqsədilə aparılmış təmir-tikinti işlərinin qarşılığı nəticəsində icarə haqqında endirimlərin edilməli olmasını və həmin məbləğin əvəzləşdirilməsi barədə razılaşmaya cavabdeh tərəfindən əməl edilməməsini nəzərə almışdır. Bununla yanaşı, xüsusilə qeyd edilməlidir ki, məhkəmə iddiaçının icarəyə götürən tərəfindən icarəyə verənə məxsus qeyri-yaşayış sahəsinə kifayət qədər yüksək məbləğdə vəsait qoyulduqdan, təmir işləri yekunlaşdıqdan, həmin qeyri-yaşayış sahəsinə avadanlıqlar alındıqdan sonra qısa müddət ərzində həmin qeyri-yaşayış sahəsini könüllü surətdə iş lərinin yaxşı getməməsi səbəbindən tərk etməsini ağlabatan hesab etmir. İddiaçı təmir xərcinin əvəzi olaraq 27203 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/3882 nömrəli və xx.xx.2024-cü il tarixli, 316-16/2-10/705 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə təsdiq edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin ümumi dəyəri 10768 manat məbləğində müəyyən edilmişdir.

13. Birinci instansiya məhkəməsi belə olduğu təqdirdə hesab etmişdir ki, iddia tələbi təmir-tikinti xərclərinin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 1076 8 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğinin iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, iddia tələbi digər Cavabdeh2 qarşı hissədə, həmçinin 60000 manat məbləğində avadanlıqların dəyərinin ödənilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, avadanlıqların məhz iddiaçı tərəfindən götürülməsi və başqa şəxsə satılması məhz iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də bir daha təsdiq edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 157.7, 385.1, 386.1, 442, 700.1, 700.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını işin iddiaçının xeyrinə həll olunması məqsədilə təhrif olunmuş şəkildə qeyd etmiş, cavabdehin məhkəmə iclasında işlətmədiyi, xüsusilə “təmir-tikinti işlərinin onun razılığı və məlumatı ilə aparılmasını təsdiq etsə də” kimi sözlərini qeyd etməklə işin iddiaçının xeyrinə müsbət həll olunmasına nail olmuşdur. Digər tərəfdən məhkəmə nəzərə almayıb ki, cavabdeh təmir-tikinti işlərinin aparılmasına razılıq versəydi də belə, onun həmin vaxtı buna hüququ yox idi. Çünki iş materiallarında olan çıxarışdan görünmüşdür ki, təmir gedən müddətdə əmlakın mülkiyyətçisi X6 olmuşdur. İddiaçı da öz izahatında etirafedici sözləri ilə qeyd etmişdir ki, “obyektin icarəyə verilməsi ilə bağlı bütün danış ıqlar və razılaşmalar Zərinə Sultanovanın əri X1 ilə onun arasında olmuşdur. Çünki Cavabdeh1 özünü obyekt sahibi kimi ona təqdim etmişdir. Yalnız icarə müqaviləsi bağlanan gün o, obyektin rəsmi sahibinin Zərinə Sultanova olduğunu bilmişdir.” Göründüyü kimi iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi olmadan aparılmışdır. Halbuki icarə müqaviləsinin 8-ci bəndinə əsasən “icarəçi”lər icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İddiaçı icarə haqqı məbləğinin artırılmasını qeyd etsə də, bu faktı nə sübuta yetirə bilmiş, nə də ki, cavabdeh təsdiqləməmişdir. Həmçinin, cavabdeh icarə münasibətlərinin dəfərlərlə davam etdirilməsi ilə bağlı təkliflər verdiyini məhkəmədə bildirmişdir. Lak in məhkəmə nədənsə iddiaçının heç bir sübutlara söykənməyən sözlərini daha üstün tutmuş və əsassız yerə ağlabatan hesab etmişdir.

18. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, iddiaçıdan sonra həmin qeyri-yaşayış sahəsini o, icarəyə götürmüş və bu günədək oranı mərasim zalı kimi işlədir. Obyekti icarəyə götürərkən divarların rəngi mərasim zalının təyinatına uyğun olmadığından o, divarları yenidən ağ rəngdə boya ilə boyamışdır. O, obyekti təhvil alarkən orada havalandırma ventilyatorları olmamış, yerləri boş olmuşdur. Ona görə də, o, həmin boş yerləri bağlamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1545/2025 nömrəli mülki iş üzrə 11 mart 2025-ci il tarixli qə tnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 İddiaçı xeyrinə 10768 manat pul tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləğinin 5928 (beş min doqquz yüz iyirmi səkkiz) manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, tutulmalı məbləğin miqdarı barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmişdir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, divar kağızları və boyalar köhnə və yar arsız olduğundan, təmirə ehtiyac duyulduğundan bütün divarları özü boya almaqla trenajor zalının təyinatına uyğun şəkildə yenidən boyamışdır. Lambirinlər istifadəyə yararlı olmadığından dəyişdirilmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. Cavabdeh1 isə izahatında lambirini təzə vurdurduğunu, onlar gələndə lambirinin rəngini bəyənmədiklərini, vurduğu lambirini söküb apardığını, yerinə başqa lambirin vurduğunu bildirmişdir. O, həmçinin göstərmişdir ki, obyekt icarəyə verilərkən təmirli olmuş, divarlarda divar kağızı və boya olmuşdur. İddiaçı həmin boyanı və divar kağızını bəyənməyərək yenisi ilə əvəz etmişdir. Eləcə də, iddiaçı obyekti tərk edərkən havalandırma ventilyatorlarını da söküb aparmış və o köçüb getdikdən sonra ventilyatorların yeri boş qalmışdır.

21. Tərəflərin izahatından mü əyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilərkən əsaslı təmir edilmiş vəziyyətdə olub. İddiaçı qeyri-yaşayış sahəsində öz gördüyü işin təyinatına uyğun şəkildə (trenajor zalı üçün istifadəyə uyğun) təmir işləri aparmışdır ki, bu da aparılan bütün təmir işlərinin heç də zəruri yaxşılaşdırma olduğu anlamına gəlmir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilə.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə əmlakın yaxşılaşdır ılması dedikdə, hər cür yaxşılaşdırmalar deyil, yalnız obyektin mövcud olması və fəaliyyət göstərməsi üçün zəruri olan təmir-bərpa işləri nəzərdə tutulur.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. 31.Ekspert rəyindən həmçinin görünür ki, bazar qiymətlərinə uyğun olaraq divarın və tavanın boyanmasına 3228 manat, boyaya 1212 manat, havalandırma ventilyatorlarının quraşdırılmasına isə (materialla birlikdə) 400 manat xərc çəkilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi həmin işlərin görülməsinin yalnız həyat a keçirdiyi fəaliyyətlə bağlı iddiaçının özünə lazım olduğunu, sonradan yeni icarəçi tərəfindən boya işlərinin yenidən görüldüyünü, havalandırma ventilyatorlarının isə iddiaçının özü tərəfindən sökülüb aparıldığını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının gördüyü həmin işlərdən faydalanmamışdır. Kollegiya bu baxımdan həmin işləri zəruri yaxşılaşdırma kimi qiymətləndirməyərək hesab etmişdir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 10768 manat pul tutulması hissəsində dəyişdirilməli, boya və havalandırma ilə bağlı görülən işlərin ümumi dəyərini təşkil edən 4840 manat pul ekspert rəyi ilə müəyyən edilmiş 10768 manatdan çıxılmaqla cavabdehdən cəmi 5928 manat pul vəsaiti tutulub iddiaçıya verilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 4.1, 21, 157.7, 385.1, 386.1, 442, 70 0.1, 700.3, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarlarına, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinə, MPM-in 88-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş materiallarından, iddiaçının izahatından da görünür ki, iddiaçı obyektin icarəyə verilməsi ilə bağlı bütün danışıqları və razılaşmaları Zərinə Sultanovanın əri X1 etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi və xəbəri olmadan aparılmışdır. Halbuki icarə müqaviləsinin 8-ci bəndinə əsasən “icarəçi”lər icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh təmir-tikinti işlərinin aparılmasına razılıq versəydi də belə, onun həmin vaxtı buna hüququ yox idi. Çünki iş materiallarında olan çıxarışdan görünür ki, təmir gedən mü ddətdə əmlakın mülkiyyətçisi X6 olmuşdur. İddiaçı da öz izahatında etiraf edici sözləri ilə qeyd edir ki, “obyektin icarəyə verilməsi ilə bağlı bütün danışıqlar və razılaşmalar Zərinə Sultanovanın əri X1 ilə onun arasında olmuşdur. Çünki Cavabdeh1 özünü obyekt sahibi kimi ona təqdim etmişdir. Yalnız icarə müqaviləsi bağlanan gün o, obyektin rəsmi sahibinin Zərinə Sultanova olduğunu bilmişdir.” Göründüyü kimi iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi olmadan aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, iş materiallarından görsənmişdir ki, iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi olmadan aparıl mışdır. Göründüyü kimi iddiaçı müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh1 isə müqavilə üzrə tərəf və əmlak mülkiyyətçisi (icarəyə verən) olmadığından təmir işlərinin aparılmasına razılıq verə bilməzdi, buna hüququ yox idi. Məhkəmə kollegiyası isə buna heç bir hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin ərizəsinin təmin edildiyi hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hərtərəfli və obyektiv araşdırılması əsasında qəbul edilmiş, maddi və prosessual hüqu q normalarına düzgün tətbiq edilmişdir. Cavabdehin kassasiya şikayəti işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəlləyə ziddir, çünki kassasiya instansiyası məhkəməsi yalnız məhkəmə qərarlarının qanuniliyini və əsaslılığını yoxlayır, işin faktiki tərəfini təkrar araşdırmır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

31. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

32. Maddə 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır.

33. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə

2. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

35. Maddə 9. 5-ci hissə. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müq avilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

42. Apellyasiya baxışının predmeti olan hissə iddianın təmin edildiyi hissə olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdıraraq həmin dəlillərə hüquqi qiymət vermiş, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdi r.

43. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçıya icarəyə verilmiş sahədə əsaslı təmir işlərinin aparılmasına icarəyə verən Zərinə Sultanovanın razılığı olmamış, apellyasiya instansiyası məhkəməsi bu dəlilə hüquqi qiymət verməmişdir.

44. Kollegiya kassasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, MPM-nin 154.1 və 154.2.4-cü maddələrinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində hazırlıq mərhələsində iddiaya etirazını irəli sürməli və iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və halları etirazda qeyd etməlidir. Hazırkı halda cavabdehin işə birinci instansiya qaydasında baxılarkən iddiaya etirazında icarəyə verilmiş sahənin təmir edilməsinə icarəverən tərəfindən razılıq verilmədiyinə dair dəlil irəli sürülmədiyindən MPM-nin 3 72.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində irəli sürülməmiş hər hansı dəlil qanunda nəzərdə tutulmuş hal olmadan (işdə iştirak edən şəxslərin həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması) apellyasiya mərhələsində araşdırma predmeti ola bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə natamam araşdırma aparıldığı müəyyən edilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiirlən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1545/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar