Məhkəmə qərarları › İş №2(102)-2085/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2085/2019

09.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2085/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-8552/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(004)-6262/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H. A.Səfərov) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MTK-nə (bundan sonra cavabdeh təşkilat) qarşı “mənzilin istifadəsinə və sahibliyinə verilməsi” barədə iddiası təmin edilərək, cavabdeh təşkilat tərəfindən Bakı şəhəri, xxx rayonu, Cavabdeh, xxxküçəsində inşa edilmiş iki girişli binanın, 11-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 66,0 kv.metr olan 198-ci mənzilinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Üçüncü şəxs Nicat Vəlizadənin nümayəndəsi Heydər Abuzərov qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-8552/2018 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və V.T.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdeh təşkilata qarşı “mənzilin istifadəsinə və sahibliyinə verilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “mənzilin istifadəsinə və sahibliyinə verilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 14 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, xxx rayonu, Cavabdeh, xxxküçəsində inşa edilmiş iki girişli binanın, 11-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 66,0 kv.metr olan 198-ci mənzilini cavabdeh təşkilata 32.000 manat pul ödəməklə satın almışdır. Mənzili satın almasına dair cavabdeh təşkilat tərəfindən onun adına mənzilin pay ha qqının tam ödənilməsi barədə 14 noyabr 2014-cü il tarixli maliyyə arayışı verilmişdir. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndiricinin 20 iyun 2017-ci il tarixli rəyinə görə mənzildə 24.600 manat dəyərində təmir işləri aparmışdır və 20 iyun 2017-ci il tarixə mənzilin bazar dəyəri 65.000 manat təşkil edir. Hazırda son üç ildir ki, əri Seymur Davudovla birlikdə mənzildə yaşayır və mənzilin bütün kommunal xərcləri (su, işıq və sair pulu) onun tərəfindən ödənilir. Son dövrlər ona məlum olmuşdur ki, sözügedən binada yerləşən digər mənzillər, o, cümlədən ona məxsus olan mənzil cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qanunsuz olaraq bir neçə şəxsə də saxta sənədlər əsasında satılmışdır. Hər dəqiqə mənzilin əlindən çıxması qorxusu vardır və qorxur ki, onun da mənzili onda olan müqavilədən qa baqkı tarixə satılar. Hazırda cavabdeh təşkilat inşa etdiyi binanı təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil ol mamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh MTK, üçüncü şəxs xxxməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıd akılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin hallarına uyğun olmamasına, artıq formalaşmış məhkəmə təcrübəsinə görə mənzil tikintisi ilə bağlı münasibətlərin podrat münasibəti hesab edilməsinə, bu səbəbdən də hazırkı mülki mübahisəyə Mülki Məcəllənin 752.2-ci maddəsinin tələblərinin tətbiq edilməli olmasına, mübahisəli mənzilə münasibətdə cavabdeh təşkilatın əvvəlcə üçüncü şəxslə, daha sonra iddiaçı ilə podrat müqavilələri bağlamasına, iddiaçı ilə bağlanmış podrat müqaviləsinin yalan əqd olduğu müqavilənin başlığından və məzmunundan aydın görünməsinə, həmin müqavilənin “mənzil tikintisi haqqında” müqavilə adlanmasına və müqavilənin məzmununda mənzilin iddiaçının sifarişi əsasında tikilib ona təhvil verilməsinin qeyd edilməsinə, mənzil üçüncü şəxsin sifarişi əsasında tikildiyinə görə iddiaçının həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verməsinin yolverilməz olmasına, üçüncü şəxsin sifarişi və maliyyəsi ilə onun üçün inşa edilən və iqtisadi mənada onun əmlakı sayılan mənzilin başqasına verilməsi ilə bağlı bu cür münasibətlərin Mülki Məcəllənin 452-ci maddəsi deyil, Cinayət Məcəlləsinin 178-ci maddəsi tənzimlənməsinə, iddiaçının üçüncü şəxsin əmlakını ona verərək aldatma yolu ilə pulunu ələ keçirən cavabdeh təşkilatın rəhbər vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi və ona vurulmuş zərərin əvəzinin ödənilməsinə tələb etmək hüququnun olmasına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 25 aprel 2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olmasının müəyyən edilməsinə və beləliklə də etibarsız müqaviləyə əsaslandığına görə iddiaçının tələblərinin təmin oluna bilməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 340.2, 452.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanan “yaşayış binasında mənzil tikintisi haqqında” 14 noyabr 2014-cü il tarixli müqaviləyə görə, cavabdeh təşkilat Bakı şəhəri, xxx rayonu, Cavabdeh, xxxküçəsində inşa edilmiş iki girişli binanın, 11-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 66,0 kv.metr olan 198-ci mənzilini iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini təşkil edən 32.000 manat pul vəsaitini cavabdeh təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilatın 14 noyabr 2014-cü il tarixli maliyyə arayışına görə mənzilin pay haqqını təşkil edən 32.000 manat pul vəsaiti iddiaçı tərəfindən tam məbləğdə cavabdeh təşkilata ödənilmişdir. Eləcə də iddia ərizəsindən, iddiaçının izahatından, kassasiya şikayətinin dəlillərindən, o cümlədən işə əlavə edilmiş “xxxxnin” 20 iyun 2017-ci il tarixli mütəxəssis rəyindən, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 14 avqust 2017-ci il tarixli “su təchizatı və tullantı sularının axıdılması haqqında” müqavilədən, iddiaçı ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli “telekommunikasiya xidmətinin göstərilməsi haqqında” müqavilədən, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 10 aprel 2018-ci il tarixli “elektrik enerjisinin alqı-satqısına dair” müqavilədən və kommunal xidmətlərin (su, işıq və sair) ödənilməsinə dair ço xsaylı kassa mədaxil qəbzlərindən görünür ki, 2015-ci ilin ortalarından mənzil faktiki olaraq iddiaçının sahibliyində, istifadəsindədir. Mənzildə iddiaçı tərəfindən 24.600 manat dəyərində təmir işləri aparılmışdır və hazırda mənzilin bazar dəyəri 65.000 manat təşkil edir. Qeyd olunan vaxtdan mənzildə ailə üzvləri ilə birlikdə fasiləsiz və etirazsız olaraq iddiaçı yaşayır, mənzilə göstərilən kommunal xidmətlərə dair müqavilələr iddiaçı ilə bağlanmışdır və mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Cavabdeh təşkilatın 02 noyabr 2017-ci il tarixli arayışı ilə də müəyyən olunur ki, sözügedən mənzildə ailə üzvləri ilə birlikdə iddiaçı yaşayır və arayış Bakı şəhəri, X2 təqdim etmək üçün verilir. Daha sonra işdən görünür ki, mənzilə dair iddiaçı ilə bağlınmış sözügedən müqavilə bu gün də qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Hazırda iddiaçının cavabdeh təşkilata qarşı tələbi isə mənzilə sahiblik, istifadə hüququnun tanınmasından ibarətdir. Mənzilə dair iddiaçı ilə bağlanmış müqavilənin etibarlı olub-olmaması məsələsi isə ümumiyyətlə birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddiaçı ilə bağlanmış müqaviləni yalan əqd hesab edib, etibarsız müqaviləyə əsaslandığına görə iddianı rədd edərək mənzilə dair iddiaçı ilə bağlınmış müqaviləni apellyasiya baxışının predmetinə çevirməklə, əslində birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmayan məsələyə münasibət bildirmişdir. Halbuki, prosessul qanunverciliyə görə, apellyasiya instansiya sı məhkəməsində işə baxılmasının hədlərindən kənara çıxılması bir qayda olaraq yolverilməzdir (MPM-nin 372-ci maddəsi). Digər tərəfdən Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı verilmişdir. Əqd- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər aşağıdakı əlamətləri ilə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, müqavilə üzrə tərəflərin hərəkətlərini özündə ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Nəzərə alınmalıdır ki, hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə ifadəsi adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan edilməsi lazımdır. Demək, əqd həm subyektiv elementiiradəni, həm də obyektiv elementi- iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. Əqdin əsasını hüquqi məqsəd, hüquqi nəticə təşkil edir. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Apellyasiya instan siyası məhkəməsi sözügedən mənzilə dair iddiaçı ilə bağlanmış müqavilənin sadalanan keyfiyyətlərə cavab verməsini, həmin müqavilənin hüquqi nəticələrə səbəb olmasını nəzərə almadan, müqavilə qüvvədə olduğu və müqaviləyə əsasən iddiaçı 2015-ci ilin ortalarından mənzildən fasiləsiz və etirazsız istifadə etdiyi və hətta mənzilə verilən su, işıq, mənzilə çəkilən telefon xəttinə görə ayrı-ayrı təşkilatlarla müqavilələr bağladığı, mənzilin kommunal xərclərini ödədiyi halda, həmin müqaviləni əhəmiyyətsiz əqd hesab edib başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına dair səhv nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi sözügedən müqaviləni yalan əqd hesab etsə də, həmin müqavilənin başqa hansı əqdi pərdələmək məqsədi ilə bağlanmasını qətnamədə əsaslandırmamış və yalan əqdə onun mahiyyətini nəzərə almaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməli olmasını nəzərə almamışdır (Mülki Məcəlləsinin 340.2-ci maddəsi). Daha sonra işdən, apellyasiya şikayətinin dəlillərindən görünür ki, üçüncü şəxs mənzilə dair onunla cavabdeh təşkilat arasında bağlanmış 12 fevral 2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləni, həmin mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair onun adına verilmiş 12 fevral 2008-ci il tarixli maliyyə arayışını əsas tutub, mənzilin əvvəl onu verilməsini, mənzilin dəyəri kimi cavabdeh təşkilata 28.050 manat pul ödəməsini göstərib iddia tələbinə etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin 12 fevral 2008-ci il tarixdən ötən 9 il müddət ərzin də mənzilə yiyələnməməsinin səbəbələrini aydınlaşdırmadan, eyni mənzilə dair onunla da bağlanmış müqavilənin, maliyyə arayışının həqiqiliyini yoxlamadan, həmin sənədlərdə olan imzaların cavabdeh təşkilatın sədri Cahangir Alışova məxsus olub-olmamasını, həmin sənədlərin sonradan tərtib edilibedilməməsini aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəylər almadan, bu növ müqavilələrin geri tarixlə bağlanması hallarının MTK-nin fəaliyyətlərində adi hala çevrilməsini, bu növ müqavilələrin reyestr xidmətində qeydiyyatının aparılmamasını nəzərə almadan, yalnız sözügedən mənzilə dair müqavilənin iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmasını əsas tutub, mənzilin məhz onun sifarişi əsasında tikilməsi, iddiaçının həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verməsinin isə yolverilm əz olması qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi onunla razılaşır ki, mənzil həqiqətən əvvəlcədən bir şəxsin sifarişi və maliyyəsi ilə inşa edilmişdirsə, həmin mənzil iqtisadi mənada onun əmlakı sayıldığından sonradan başqasına verilməsi ciddi qanun pozuntusu sayılmaqla yolverilməzdir. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mülki hüquq münasibətləri iddiaçı ilə kooperativ təşkilatı arasında 14 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən əmələ gəldiyindən, kooperativin üzvü, eləcə də pay yığımına hüququ olan şəxs kooperativin verdiyi mənzilə pay haqqını tam məbləğdə ödədikdə həmin mənzilə mülkiyyət hüququ əldə edir və bu münasibətlər Mülki Məcəllənin 752-ci maddəsi ilə deyil, həmin Məcəllənin 178.8-ci maddəsinin mübahisəli hüquq münasibəti yaranarkən q üvvədə olmuş köhnə redaksiyası ilə tənzimlənir. Həmin Məcəllənin 109-3-cü maddəsinə görə, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının, eləcə də üçüncü şəxsin sözügedən kooperativin üzvü, həmçinin pay yığımına hüququ olan şəxslərin dairəsinə aid olub-olmamalarını aydınlaşdırmadan, iddiaçının tələbinin, eləcə də üçüncü şəxsin etirazının əsaslılığına sadalanan maddələrin tələbləri baxımından hüquqi qiymət vermədən, eyni mənzili bir neçə şə xsə satmış Cavabdeh MTK-nin sədri Cahangir Alışovun hərəkətlərində Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərini aşkara çıxardığı halda, bu epizod üzrə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 aprel 2018-ci il və 15 sentyabr 2018-ci il tarixli məktublarından görünür ki, Cavabdeh MTK-nin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin bir neçə şəxslərə satılaraq pul vəsaitinin talanması və digər qanunsuz faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313, 320.2, 322.1-ci maddələri ilə cinayət işinin istintaqı aparılır. İstintaq zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil Cavabdeh MTK-nin rəhbəliyi tə rəfindən 12 fevral 2008-ci il tarixli müqaviləyə əsasən xxx 05 sentyabr 2010-cu il tarixli müqaviləyə əsasən xxx, 25 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən xxx, 14 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı, 14 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən Sona Məmmədovaya satılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair müqavilə bağlamış şəxslərdən kimlərin sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, həmin cinayət işi üzrə üçüncü şəxsin mülki iddia verib-verməməsini, onun tələbinin ödənilib-ödənilməməsini aydınlaşdırmadan, Cavabdeh MTK-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edib, eləcə də hazırda həbsdə olun kooperativin sədri xxxun mübahisəli məsələyə münasibətini öyrənmədən, iddiaçının mənzili müqaviləyə, maliyyə a rayışına əsasən əldə edib orada əsaslı təmir işləri apararaq son 4 ilə yazxın müddətdə ailə üzvləri ilə birlikdə orada yaşamasını nəzərə almadan, onunla bağlanmış müqavilə qüvvədə olduğu və məhkəmə qaydasında mübahisələndirilərək etibarsız saylımadığı halda, iddia ərizəsini rədd etməklə, əslində həmin mənzili üçüncü şəxsin xeyrinə güzəştə getmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mənzilə münasibətdə iddiaçının vicdanlı əldə edən olub-olmaması məsələsinə də münasibət bildirməmişdir. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “xxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızl ığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalqhüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İşdən, kassasiya şikayətlərinin dəlillərindən görünür ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasa da, o, həmin mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə sahiblik, istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin təl əbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)8552/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar