Məhkəmə qərarları › İş №2(102)-2106/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2106/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2106/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayəti imzalanmadıqda) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon Polis İd arəsinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2023/2024 nömrəli, 02 aprel 2024cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 10 may 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində qanunsuz olaraq cinayət təqibi aparıldığından, qanunsuz həbsə alınmağına görə, ona dəymiş maddi ziyan qismində 60.000 manat, fiziki zərər 50.000 manat, sağlamlığına dəymiş ziyana görə 10.000 manat, mənəvi ziyanına görə isə 48.000 manat, cəmi 168.000 manat kompensasiyanın Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-4356/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın qismən təmin edilməsi, iddiaçıya vurulmuş mənəvi zərərə görə 12.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnаmədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2023/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən isti fadə edilir.

8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

11. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407- ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu

12. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməkl ə göndərilir.

13. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikay ətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

16. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti cavabdehin vəkili Vəkil tərəfindən elektron qaydada imzalansa da, kassasiya şikayətində onu imzalayan, şikayət verən şəxs kimi cavabdehin nümayəndəsi X1 da qeyd olunduğu halda, şikayət sonuncu tərəfindən elektron qaydada imzalanmamış, vəkil ə isə cavabdehin adından kassasiya şikayəti vermək səlahiyyəti barədə etibarnamə verilməmişdir.

17. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayəti Abşeron Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərən Vəkil tərəfindən elektron qaydada imzalansa da, elektron məhkəmə informasiya sistemində o, vəkil kimi deyil “GREEN CLEANİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi göstərilmişdir.

18. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfin dən qaytarılır.

19. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

20. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətinin nümayəndə tərəfindən imzalanmaması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

23. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən v ə MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2023/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar