Məhkəmə qərarları › İş №2(102)-2191/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2191/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2191/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərər üçün məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1988/2024 n ömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı İran İslam Respublikasında bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək ittihamı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı İstintaq Təcridxanasında saxlanılmışdır;

3. Qanuni qüvvəyə minmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-288/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Az ərbaycan Respublikası CPM-in 42.1.4cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal azad edilməsi hökm edilmişdir;

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli bildirişinə əsasən “Tractor” markalı, 27A45510 dövlət qeydiyyat nişanlı və “Mammut CHS5/22” markalı, 27A45610 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələrinin İran İslam Respublikasına buraxılışı üçün İddiaçı tərəfindən 4250 ABŞ dolları məbləğində yol vergisi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Res publikası Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh və ya Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 55875 manat, mənəvi ziyana görə 80000 manat, cəmi 135875 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 31 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 2 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 12 iyul 2021ci il tarixdə bəraət alaraq həbsdən azad edilənə kimi 10 ay 12 gün müddətində onun azadlıq hüququ məhdudlaşdırılmış, həbsdə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə idd iaçıya bəraət verilib, azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş apellyasiya və kassasiya protestlərinə baxılanadək keçən müddət ərzində də gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpa olunmaz maddi və mənəvi ziyan vurulmuşdur.

7. Cavabdeh yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Nazirliyi cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Nazirlik tərəf indən vurulması ilə bağlı heç bir sübut təqdim etməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-754/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə 11000 manat məbləğində pul, 4250 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və 1050 manat vəkilə ödənilmiş xərc olan maddi ziyanın Nazirliyin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya həm mənəvi, həmçinin maddi ziyan vurulmuşdur. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 11 ay müddətində həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halı olmuşdur.

10. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərxis olunduqdan sonra hüquqlarının müdafiəsi üçün ümumilikdə 1050 manat hüquqi yardım üçün ödəmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yük maşınlarının İran İslam Respublikasına buraxılışı üçün 4250 ABŞ dolları yol vergisi ödəyərək maddi ziyana düşmüşdür.

11. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olmuşdur ki, iddia çının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir.

12. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilməmişdir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57, 58-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ha qqında» Azərbaycan Respublikası Qanununun 4-7, 12-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almamışdır, ümumi ifadələrə əsaslanaraq ona mənəvi və maddi ziyanın ödənilməli olması nəticəsinə gəlmiş, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət verm əmiş, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etməmişdir. Qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğu heç bir qanunvericilik aktında göstərilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1988/2024 nömrəli mülki iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instan siya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya dəymiş mənəvi zərəri 11000 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuş və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır. Çünki, həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

18. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmişdir. Belə ki, onun avtomobili 2020-ci ilin sentyabr ayından xx.xx.2021-ci il tarixinə qədər barəsində başlanılan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasında saxlanılmış və o, yük avtomobilinin mülkiyyətçisi (sahibi) olaraq avtomobilinin Azərbaycan Respublikasında qalma müddətinə görə 4250 ABŞ dolları yol vergisini ödəmək məcburiy yətində qalmışdır.

19. Məhkəmə kollegiyası vəkilə ödənilmiş xərc ilə bağlı qeyd etmişdir ki, cinayət işinin icraatı zamanı iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna ümumilikdə 1050 manat ödənilmişdir - prosessual qanunvericilik isə vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit etmişdir. “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrdən dördü bilavasitə iddiaçının özü tərəfindən imzalanmasa da, hər bir halda onun mənafeyi üçün bağlanmışdır və bu səbəblə kollegiya hesab etmişdir ki, müvafiq müqavilələr üzrə pul vəsaitlərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.

20. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, cavabde hin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.

21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28, 68ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 209-211-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5, 12-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərər in əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əml akına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

30. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara v ə cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının qanunsuz həbsdə qalmaqla mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən cavabdeh təşkilatdan qismən tutmuşlar.

41. Həmin maddəyə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (§ 29-30).

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin l əğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1988/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar