Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2290/2022 Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11038/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 453/E saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) 36 ay müddətinə, illik 24% dərəcəsi ilə ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 100.525 manat məbləğində kredit verilmişdir.
2. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) ona məxsus 130.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, M.K.At atürk prospektində 0,11737 ha torpaq sahəsində 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54 m2 ümumi sahədən ibarət 4 otaqlı, 14 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti olan mənzil) ipoteka ilə yüklü edərək, bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.
3. Birinci cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmişdir.
4. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 453/E saylı kredit müqaviləsinə əsasən, birinci cavabdehdən onun xeyrinə 62.844 manat əsas, 22.947,96 manat faiz və 5.000 manat cərimə olmaqla, cəmi 90.791,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi; ilkin satış qiymətinin qarşılıqlı razılaşma əsasında 130.000 manat məbləğində qiymətləndirilməsi; mənzildə qeydiyyatda olan digər cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh kredit müqaviləsi ürzə öhdəlik lərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
7. İş üzrə keçirilmiş məkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli, 16663 saylı ekspert rəyinə əsasən, birinci cavabdehin xx.xx.2019-cu il tarixə (iddianın verildiyi tarix) banka olan borcu 61.688,06 manat əsas, 11.926,36 manat faiz olmaqla, cəmi 73.614,42 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən cərimə hesablanmamışdır.
8. İddiaçı qeyd olunan ekspert rəyinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, tədqiqat zamanı ekspert cavabdeh tərəfindən ümumilikdə 67.969 manat ödəniş edilməsini qeyd etmiş, daha sonra isə həm izahlı maliyyə arayışını, həm də kredit müqaviləsində qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən nəticəyə gəlmişdir. Göründüyü kimi, həm ekspert rəyində, həm də izahlı maliyyə arayışında cavabdeh tərəfindən ödənilmiş məbləğin eyni olmasına baxmayaraq, ekspert əsas və faiz borca silinən məbləğləri düzgün hesablamamışdır.
9. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2020-cu il tarixli, 9/484 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, birinci cavabdehin banka olan borcu xx.xx.2019-cu il tarixə (iddianın verildiyi tarix) 61.688,06 manat əsas, 11.926,36 manat faiz olmaqla, cəmi 73.614,42 manat; xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarix) isə 61.688,06 manat əsas, 22.947,96 manat faiz olmaqla, cəmi 84.636,02 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən cərimə hesablanmamışdır.
10. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 13 aprel 2021-ci il tarixli, 0696/21/AMRB saylı rəyinə əsasən mənzilin likvid qiyməti 135.000 manat məbləğində müəyyən edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-85/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 453/E saylı kredit müqaviləsinə əsasən birinci cavabdehdən 61.688,06 manat əsas, 22.947,96 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 85.136,02 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutmanın ikinci cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına ümumi borcun ödənilməsi, qalan məbləğin ikinci cavabdehə qaytarılması, satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borcun birinci cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılması, əmlakın boşaldılması, birinci cavabdehdən qiymətləndirmə xərci kimi 250 manat tutularaq "xxxx" MMC-nin, ekspertiza xərci kimi isə 300 manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsi rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri qalmışdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs inin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə bankla aralarında bağlanmış kredit müqaviləsinə əsasən ilik 22% dərəcəsilə 70.000 manat kredit götürmüş, əvvəlki kreditindən 25.000 manat borc qaldığından bank xərcləri çıxıldıqdan sonra cəmi 40.000 manat almışdır. Müqavilədə hansı səbəbdən 70.000 ABŞ dolları göstərildiyini soruşduqda isə, bank tərəfindən manatla kreditlərinin olmadığı, buna görə kredit məbləğinin dollarla göstərildiyi bildirilmişdir. Bir müddət ödəniş etdikdən sonra manat devalvasiyaya uğramış, bunun la bağlı müraciətinə cavab olaraq bank tərəfindən onunla yeni müqavilə bağlanılacağı, dollar kreditinin manatla əvəz ediləcəyi və kreditin illik 18 faizlə veriləcəyi bildirilmişdir. Bundan sonra, xx.xx.2016-cı il tarixdə bankla arasında 100.525 manat məbləğində yeni kredit müqaviləsi bağlanmış, bir müddət krediti vaxtıvaxtında ödəsə də, sonradan gecikmələri olmuş və bank bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmədə sənədlərlə tanış olarkən bank tərəfindən yenidən aldadıldığı məlum olmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixli müqaviləni bağlayarkən ona kreditin illik 18 faizlə verildiyi bildirisə də, müqavilədə kreditin illik 24 faizlə verildiyi göstərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11038/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, bocalanın maddi vəziyyətinin pisləşməsi onu iddiaçı qarşısında yaranmış ödəliklərindən azad etmir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən valyuta və kreditin illik faiz dərəcəsi ilə bağlı aldadıldığını bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Birinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin y erinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
24. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya dig ər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (li kvid) qiymətidir.
28. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
29. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
30. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
31. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikd ə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Kollegiya, həmçinin bildirir ki, sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Məhkəmə kollegiyası qeyd olu nanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11038/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov