Məhkəmə qərarları › İş №2(102)-2342/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2342/2020

24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X9 və cavabdeh “Xəzər” Klinikasının nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12612/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-766/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirz əyev) İddiaçı cavabdeh “Xəzər” Klinikasına qarşı “keyfiyyətsiz tibbi xidmətin göstərilməsi ilə əlaqədar anası X1 ölməsinə görə 1.000.000 manat mənəvi, ödənilmiş dəfn xərclərinə görə 30.000 manat, tibbi xidmətə görə 850 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 800 manat maddi zərərin əvəzinin ödənilməsi, həmçinin baş həkim Nümayəndə2 və tibb bacısı Şahid2 barəsində xüsusi qərardad çıxarılmaqla prokorura məlumat verilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12612/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, “keyfiyyətsiz tibbi xidmətin göstərilməsi ilə əlaqədar anası X1 ölməsinə görə 1.000.000 manat mənəvi, ödənilmiş dəfn xərclərinə görə 30.000 manat, tibbi xidmətə görə 850 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 800 manat maddi zərərin əvəzinin ödənilməsi, həmçinin baş həkim Nümayəndə2 və tibb bacısı Şahid2 barəsində xüsusi qərardad çıxarılmaqla prokorura məlumat verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Aqil Layıc kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “Xəzər” Klinikasının nümayəndəsi İlqar Yusibov məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh, tibbi əməliyyatdan sonra Şərqiyyə Əhmədovanın ölməsi ilə əlaqədar iddiaçıya dəymiş maddi, mənəvi zərər in onun təqsiri üzündən baş vermədiyini sübuta yetirdiyi üçün məsuliyyət daşımır. Çünki cavabdehin hərəkəti və ya hərəkətsizliyinin hüquqazidd (qeyri-hüquqi) olması, nəticədə Şərqiyyə Hüseynovanın ölməsi ilə əlaqədar iddiaçıya maddi, mənəvi zərər dəyməsi, həmçinin cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə iddiaçiya dəymiş maddi, mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə sübuta yetmir. Ümumiyyətlə qeyd edilən ünsürlərdən hər hansı birinin olmaması mülki hüquq pozuntusu (delikt) öhdəliyinin yaranmasını istisna edir. Bundan başqa, tibb bacısının müvafiq sertifikasiyadan keçməməsi faktı özü-özlüyündə, göstərilmiş tibbi xidmətin keyfiyyətsiz və ölümün səbəbi olması nəticəsinə gəlmək üçün əsas vermir və bu fakt tibb müəssisəsi ilə aidiyyəti dövlət orqanları arasında inzibati münasibətlər baxımından əhəmiyyət kəsb edir. Cavabdeh tərəfindən Şərqiyyə Əhmədovaya göstərilmiş tibbi xidmətlər zamanı hər hansı qüsur aşkar edilməyib və bu fakt iş üzrə keçirilmiş məhkəmə tibbi ekspert rəyləri ilə də təsdiq olunmadığı üçün iddia əsaslı sayıla bilməz. Eyni zamanda, iddiaçı anası Şərqiyyə Əhmədovanın ölümünün baş verməsində cavabdehin təqsirli olmasının əsası kimi istinad etdiyi, X3 xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyini birinci instansiya məhkəməsinə təqdim etmədiyi və həmin rəy digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmadığına görə iddianın təmin edilməsi üçün mümkün və mötəbər sübut kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1, 1112-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, iddiaçının anası Şərqiyyə Əhmədova xx xxxxxx 1967-ci ildə doğulub və onun adına tərtib edilmiş tibbi sənədlərə görə o, xx xxxxxx 2018-ci ildə “Uşaqlığın endometriumunu sıxan fibromioması; Uşaqlıq qanaxması” diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapıb və diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya. Uşaqlığın artı mlarla birgə ekstripasiyası. Qarın boşluğunun və çanağın drenləməsi” cərrahi əməliyyatı icra edilib. Şərqiyyə Əhmədovanın əməliyyatdan sonrakı dinamik müşahidəsində hər hansı cərrahi ağırlaşma qeyd edilməyib, lakin xx xxxxxx 2018-ci ildə aktivləşmə zamanı onun vəziyyətinin qəfildən ağırlaşması və hemodinamik göstəricilərin pozulması baş verib. Bununla əlaqədar göstərilən reanimasiyon tibbi yardımlara baxmayaraq müsbət dinomika əldə edilməyib və xəstə Şərqiyyə Əhmədovada bioloji ölüm faktı qeydə alınıb. Hazırda iddiaçı, iddia edir ki, sözügedən tibb müəssisəsində anası Şərqiyyə Əhmədovaya göstərilmiş tibbi xidmət lazımi keyfiyyətdə olmayıb və sonuncu xx xxxxxx 2018-ci ildə tibb müəssisəsinə daxil olmasına baxmayaraq, lüzumsüz olaraq əməliyyat növbəti günə, yəni xx xxxxxx 2018-ci il tarixə, saat 11:00-a təyin edilib. Halbuki, əməliyyatadək olan dövrdə Şərqiyyə Əhmədovanın səhhəti lazımi qaydada müayinə edilməyib və ümumiyyətlə onda varikoz genişlənməsi xəstəliyinin olub-olmaması yoxlanılmayıb. Bu məqsədlə tromba qarşı qabaqlayıcı tədbirlər görülməyib. Eyni zamanda, əməliyyatdan sonrakı dövrdə Şərqiyyə Əhmədovaya lazımi tibbi diqqət göstərilməyib və bu sidik katetinin çıxmasında da ifadə olunub. Şərqiyyə Əhmədovaya əməliyyatdan sonra yataq rejimi müalicə həkimi tərəfindən təyin edilməyib və yataq rejimi, həmçinin göstərilmiş tibbi xidmətlər kliniki protokollar pozulmaqla həyata keçirilib. Yataq rejiminə nəzarət edilməsi Səhiyyə Nazirliyinin sertifikasiyasından keçməmiş tibb bacısı Şahid2 həvalə edilib. Ayağında elastik bint olmadan əməliyyatdan dərhal sonra Şərqiyyə Əhmədova ayağı qaldırılıb və sair. Beləliklə də, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci il tarixədək göstərilmiş tibbi xidmətin lazımi keyfiyyətdə olmaması, həmçinin tibb personalının səhlənkarlığı və onların qeyripeşəkarlığı nəticəsində anası Şərqiyyə Əhmədova ölüb. Əvvəla, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni yalnız sözügedən tibb müəssisəsi tərəfindən Şərqiyyə Əhmədovanın adına tərtib edilmiş tibbi sənədlərə əsasən verilən Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin xx xxx 2019-cu il tarixli rəyi, eləcə də Şərqiyyə Əhmədovanın ölməsi faktı üzrə Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı verilən xx xxxxxx 2018-ci il, xx xxxxxxx 2018-ci il, xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2018ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyləri ilə əsaslandırma ğa çalışsa da, həmin rəylərin məhz hazırki işin nəticəsində maraqlı olan tibb müəssisəsində Şərqiyyə Əhmədovanın adına tərtib edilmiş tibbi sənədlərə əsasən verilməsini nəzərə almamış, həmin rəylərin mötəbərliliyini MPM-nin 88, 102.1, 102.2, 103.1-ci maddələrinin tələbləri baxımında kifayət qədər araşdırmamış və bunun üçün Şərqiyyə Əhmədovanın tibb müəssisəsinə müraciət edənədək uçotda olduğu və ya müraciət etdiyi digər tibb müəssisələrini müəyyən edib onun hər hansı xəstəliklərdən, o cümlədən “aşağı ətrafın venalarının varikoz genişlənməsi və venoz klapanların çatışmazlığı və sair) xəstəliyindən əziyyət çəkib-çəkməməsini aydınlaşdırmamış, zərurət yarandığı halda həmin tibb müəssisələrindən Şərqiyyə Əhmədovaya aid tibbi sənədləri tələb edib onları işə əlavə edilmiş sözügedən rəylərlə müqay isəli şəkildə yoxlamamış, bir sözlə hazırki mübahisənin obyektiv həlli üçün üzərində cərrahiyyə əməliyyatı aparılanadək Şərqiyyə Əhmədovanın adına tərtib edilmiş digər tibbi sənədlərə, sübutlara obyektiv hüquqi qiymət verməmiş və yalnız tibb müəssisəsi tərəfindən təqdim edilmiş tibbi sənədlərə əsasən verilmiş rəylərlə kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə- məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə ə həmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Eksperti n rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən digər tibb müəssisələrində mərhum Şərqiyyə Əhmədovanın adına tərtib edilmiş tibbi sənədlər də tələb edilərək öyrənilməli və zərurət yarandığı halda Şərqiyyə Əhmədovaya aid bü tün tibbi sənədlər təqdim edilməklə, iş üzrə təkrar ekspertiza təyin edilməli və bu barədə əsaslandırılmış rəy alındıqdan sonra iddianın əsaslığına düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, işə əlavə edilmiş çoxsaylı sübutlardan, ekspert rəylərindən görünür ki, Şərqiyyə Əhmədovanın olümünə səbəb sağ baldırın dərin venalarının trombozu ilə əlaqədar inkişaf edən ağciyər arteriyasının trombemboliyası nəticəsində baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur və o, uzun müddət qeyd olunan xəstəlikdən əziyyət çəkmişdir. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnov və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sü buta yetirərsə, məsuliyyətdən azad edilir. Maddənin mənasına görə, zərurvuran məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Göründüyü kimi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi iddiasına dair mülki iş üzrə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək yükü iddia edənin deyil, zərərvuranın, yəni tibb müəssisəsinin üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi bu hala da qiqqət yetirməmiş və Şərqiyyə Əhmədovaya tibbi xidmət göstərmiş tibbi personalın peşəkarlığı və onların müvafiq tibbi sertifikasiyadan keçibkeçməmələri ilə bağlı heç bir araşdırma aparmamışdır. Daha sonra işdən, iddiaçının nümayəndəsinin çoxsaylı vəsatətlərindən görünür ki, o, birinci instansiya məhkəməsində işə baxılarkə n, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığı üçün iş üzrə təkrar ekspertizanın keçirilməsini və əlavə sübutların təqdim edilməsi üçün işə baxılmasının təxirə salınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə heç bir səbəb göstərmədən vəsatəti rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsində göstərilir ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının apelyasiya şikayətinə əl avə etdiyi xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyini kecikmiş sübut kimi qəbul etməkdən imtina edərkən, həmin rəyin birinci instansiya məhkəməsinə iddiaçıdan asılı olmayan səbəblərə, yəni qətnamə çıxarıldıqdan sonra əldə etməsinə diqqət yetirməmiş və ən əsası həmin rəyin işə əlavə edilmiş digər rəylərlə açıq-aşkar ziddiyyət təşkil etməsini nəzərə almamışdır. Belə ki, həmin rəylə təsdiq olunur ki, sözügedən tibb müəssisəsinə müraciət edənədək Şərqiyyə Əhmədova bir sıra xəstəliklərdən, o cümlədən “uşaqlıq fibromiomaları; İV dərəcəli piylənmə; hipertontiya (yüksək təzyiq) ürəyin sol mədəciyinin hipertrofiyası, ürəyin işemik xəstəliyi; ateroskleroz; varikoz xəstəliyindən (aşağı ətrafların venalarının varikoz genişlənməsi, venoz klapanların çatışmazlığı) əziyyət çəkmişdir. Bu xəstəlikl ərin vaxtında yoxlanılması Şərqiyyə Əhmədovanın icra olunmuş əməliyyata hazırlanası, əməliyyatın gedişatı və əməliyyatdan sonrakı dövr üçün əhəmiyyət kəsb etmişdir. Əməliyyatdan əvvəl xəstə Şərqiyyə Əhmədovanın diaqnozunun dəqiqləşdərilməsi üçün müəyyən instrumental və laborator müayinələr aparılsa da, lakin tam həcmdə aparılmamışdır. Çünki bu kimi yanaşı xəstəlikləri olan xəstələrin kardioloq və damar cərrahının müayinəsindən də keçirilməsi lazımdır, lakin onlar edilməmişdir və sair. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin maddələrin tələbləri baxımından sözügedən tibb müəssisəsinin təqsirini, iddiaçıya dəymiş maddi, mənəvi zərərlə, həmin müəssisənin hüquqa zidd əməli arasında səbəbli əlaqənin olub-olmamasını tam, hərtərəfli və obyektiv qədər araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12612/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar