Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin inşasına sərf edilmiş pulun bölünməsi, qətnamənin icra qaydasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətlərə görə ödənilmiş pulun ½ hissəsinin və digər xərclərin tutulması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların dəyərinin ½ hissəsinin tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1629/2024 nömrəli, 2024-cü il 14 mart tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar, birgə nikahdan üç övladları var.
2. Birgə nikah dövründə hazırda mübahisələndirilən Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1- ci Mədən, korpus 28 ünvanda yerləşən 238 saylı fərdi yaşayış evi (mübahisəli ev) inşa edilmişdir.
3. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra bir sıra məhkəmə çəkişmələri olmuş, o cümlədən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-773/2020 nömrəli qətnaməsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) mübahisəli evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, icrası təmin edilərək 25 dekabr 2020-ci il tarixdə icra icraatına xitam verilmişdir.
4. Bundan sonra tərəflər mübahisəli evdə yaşamağa davam etmiş, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində cavabdeh mübahisəli ünvanda keçmiş həyat yoldaşı İddiaçı (bundan sonra – iddiaçı) sağlamlığına qəsdən yüngül xəsarətlər yetiməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 5. 24.12.2022- ci il tarixdə cavabdeh X1 ilə nikaha daxil olmuşdur. 6. 68 saylı MKİS-nin 768 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Yeni Günəşli, AB y/s 8 saylı evin 77 saylı mənzilində X3, X2 və X4 ilə birlikdə yaşayır.
7. Fərdi yaşayış evinə sərf olunan vəsaitin birinin digərinə ödəməsi şərtilə vəsait alacaq tərəfin yaşayış sahəsini tərk etməsi barədə tərəflər arasında razılıq əldə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli evdə yaşayış üçün komunal xidmətlərdən istifadəyə görə ödənilmiş cəmi 873 manatın ½ hissəsinin, yəni 436,50 manatın, mediasiya xərcinə görə 60 manatın, dövlət rüsumuna görə 100 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, mübahisəli fərdi yaşayış evinin ümumi dəyərinin ½ hissəsinin (hazırda real bazar qiyməti olan 91 700 manatın 45 850 manatının və evə çəkilmiş tikinti-təmir xərclərinin (51439 manatın (bu günki gündə real bazar qiyməti nəzərə alınmaqla)) aralarında bölünərək 25 719,50 manatın iddiaçıdan tutulub ona verilməsi, birgə nikah dövründə bankdan götürülmüş kredit borcunun (6500 manatın) aralarında bərabər bölünməsi, evə alınmış “Beko” markalı kondisionerin (1200 manat), şkaf, termo və dolabın (350 manat), qaz plitəsi, yuma (moyka), aspiratorun (320 manat), mətbəx mebelinin (1200 manat), iddia tələbi üzrə ödənilmiş 13 manat dövlət rüsumunun və 228,40 manat dövlət rüsumunun, mediasiya təşkilatına ödənilmiş 55 manatın aralarında bərabər qaydada bölünməsi, eləcə də vəkilə ödədiyi 200 manatın iddiaçıdan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin birgə nikahları dövründə mübahisəli ev inşa edilmiş, təmir olunaraq tərəflər orada yaşamağa başlamışlar. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı onun evdən çıxıb getməsi üçün bəhanələrlə dava-dalaş salmış, nəticədə o, öz evindən, mülkiyyətindən mərhum edilmişdir. Belə ki, onun iddiaçı ilə birgə yaşaması qeyri-mümkündür. İddiaçı hər dəfə onunla evdə sözsöhbət yaradaraq ondan hüquq mühafizə orqanlarına şikayət etməklə onu əsassız olaraq evindən mərhum etməyə çalışmış və sonda buna nail olmuşdur. Mübahisəli evi valideynlərinin dəstəyi ilə və öz halal əmək haqqı ilə inşa etmişdir. Valideynlərinin, eləcə də digər şəxslərin ona edilən köməyi nəticəsində bankdan kredit götürərək həmin evin tikilməsini və təmirini bitirmişdir. Həmin vaxt onun əmək haqqı 150 manat təşkil etmişdir. Bundan əlavə inşa edilmiş evin torpaq sahəsi valideynlərinə məxsus olmuş və ona evin tikintisi üçün ayrılmışdır. Əmək haqqı ilə birgə nikah dövründə alınan məişət əşyaları da bölünməlidir. Bu əşyalar bankdan götürülən kredit hesabına alınmış, hal-hazırda da evdə istifadə edilməkdədir. Evə alınmış əşyalara 1200 manata alınmış “Beko” markalı kondisioner, 350 manata alınmış şkaf, termo və dolab, qaz plitəsi, yuma (moyka), 350 manata alınmış aspirator, 1200 manata alınmış mətbəx mebeli daxildir. Onun birgə nikah dövründə bankdan götürdüyü kredit əsasında avtomobillər alınmış və satılmışdır. İkinci avtomobil alına rkən də bankdan götürülən kredit hesabına alınmışdır. Belə ki, "xxxx" KB ASC-dən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən aldığı 6000 manat kreditlə “Mercedes E240” minik markalı ** UU *** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı avtomobil 10 000 ABŞ dollarına alınmış, çatışmayan məbləği - 2800 manatı qardaşı K.Kazımovdan aldığı borc əsasında ödəmişdir. Avtomobil köhnə olduğundan, banklar köhnə avtomobilə görə kredit vermədiklərindən həmin avtomobil kredit kartı əsasında alınmışdır. Köhnə avtomobil çox xərc tələb etdiyi üçün satılaraq “Chevrolet Lacetti” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı avtomobili 7600 manata almışdır. xx.xx.2019-cu il tarixdə yenidən bankdan kredit götürməyə məcbur olmuş, ailə problemləri qonşularının, anasının və qardaşının evinə keçməsin deyə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən hər iki tərəfdən hasar çəkilməsi üçün 1000 manat kart krediti alaraq tikinti xərclərinə sərf etmişdir.
11. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz vermiş, etirazda göstərmişdir ki, əgər cavabdeh mübahisəli evə çəkilmiş təmir və tikinti xərclərinin qarşılanmasını istəyirsə bu həm qanunsuz, həm də tam məntiqsizdir. Belə ki, o həm evdə yaşamaqla evdən istifadə hüququnu əlində saxlamaq istəyir, həm də iddiaçı ona təmir, tikintiyə çəkilmiş pulun əvəzini ödəməlidir. Bu isə artıq Ailə Məcəlləsinin və Mülki Məcəllənin birgə nikah dövründə əldə olunmuş əmlakın birgə mülkiyyətdə olması tələbinə tam zidd bir anlayışdır və məntiqsiz olmaqla həm ədalətsiz, həm də qanunların tələblərinə cavab verməyən bir tələbdir. Belə bir tələbinin təmin edilməsi birgə nikah dövründə əldə olunmuş əmlakın bərabər bölgüsü hesab edilə bilməz. Bölgünün bərabərliyi onda ehtiva edilir ki, həmin əmlaka tərəflərin bərabər hüquqları təmin olunsun, yaxud cavabdeh tikilinin dəyərinin yarısının verilməsi ilə özünün evdən istifadə hüququndan imtina etməlidir. Cavabdehin evdən istifadə hüququnun saxlanması iddiaçının hüquqlarını pozur və bir tərəfin əldə etdiyi digər tərəfin əldə etdiyi ilə bərabər olmur. Bu isə cavabdehin də iddia ərizəsində istinad etdiyi Ailə Məcəlləsinin 37.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.
12. Məhkəmənin təyinatı əsasında təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli LP-011/2023 saylı mütəxəssis rəyinə görə mübahisəli evin (çıxarışı və digər sənədlərinin olmaması nəzərə alınaraq) real bazar dəyəri 45 000 manat təşkil edir.
13. Təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli rəyində göstərilmişdir ki, mübahisəli evdə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 21 503 manat məbləğində müəyyən olunur. Fərdi yaşayış evinin ümumi sahəsinin 107,9 kv.m. təşkil etdiyi nəzərə alınaraq, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 91 700 manat məbləğində müəyyən edilir.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, mübahisəli evin inşa edilməsinə və hazırki təmirinə (tələb olunan tikinti materiallarının və işçi qüvvəsinin dəyəri ayrı-ayrılıqda göstərilməklə) sərf edilmiş tikinti i şlərinin təqribi bazar qiymətlərinə uyğun olaraq 51 439 manat məbləğində müəyyən olunur. Eyni zamanda tədqiq olunan yaşayış evinin birinci mərtəbəsi yarımçıq təmirli, ikinci mərtəbəsi tam təmirli vəziyyətdə olduğu müəyyən edilir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq baxış zamanı aparılmış əlavə tikinti-təmir işlərinin müəyyən olunması ilə izah olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/276 saylı rəyi ilə bağlı tərtib olunan smetada göstərilən evin inşa edilməsində aparılmış tikinti-təmir ilə bağlı sərf olunan tikinti materiallarının dəyəri və görülmüş iş həcmlərinin dəyərinin bazar qiymətlərinə uyğun olduğu müəyyən olunur. Rəyin tədqiqat hissədində göstərilənlərə əsasən, Bakı şəhəri Binəqədi qəsəbəsi 1 -ci Mədən, korpus 28, 238 saylı evin hazırda real bazar dəyərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/276 saylı rəyi ilə müəyyən olunan dəyərə uyğun olduğu müəyyən edilir.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) ekspertiza keçirildikdən sonra izahat verərkən əlavə olaraq göstərmişdir ki, ekspertiza təyin edilməsinin heç bir mənasının olmaması öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, iddiaçı artıq 3 aydır mübahisəli ünvanda yaşamır. Evdə kommunal xidmətlərə görə borc yığıldığı üçün su kəsilmiş, qaza görə xeyli borc yığılmışdır. Ona görə orda yaşamaq qeyri-mümkündür. Qarşı tərəflə razılığa gəlmək mümkün olmamışdır, iki giriş qapısı olan evin birinci mərtəbə sində qarşı tərəfin yaşamasına ilk iddiaçı razıdır. Lakin qarşı tərəf özü evdə dava-dalaş yaradır, daha sonra evdə yaşamaq istəmədiyini bildirir. Cavabdehin anasının evi tərəflərin birgə yaşadıqları evlə qonşudur. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal xərclərin ödənilməsi ilə bağlı qəbzlər cavabdehin anasının evinin kommunal qəbzləridir. Tərəflərin arasında mübahisənin əsas səbəbi cavabdeh tərəfindən kommunal xidmətlər üzrə borcları ödənməməsidir. Cavabdeh əgər evin bölünməsini istəyirsə, evin naturada bölgüsü ilə bağlı məhkəməyə müraciət etsin, birinci mərtəbədə gəlib yaşasın. Bundan başqa ilk iddia üzrə cavabdehin həmin evdə yaşamaq hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ekspert rəyində evin dəyərinin 50 000 manat olması qeyd olunsa da, faktiki olaraq evin heç 2 0 000 manat belə dəyəri yoxdur. İddiaçı evdən daimi çıxmışdır, evdə heç vaxt yaşamayacaqdır. Cavabdehə həmin evdə yaşaması üçün heç kim maneə yaratmır. O, istədiyi vaxt gəlib evdə yaşaya bilər. İddiaçı da istədiyi vaxt evə gəlib-gedəcəkdir.
16. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəf əlavə olaraq göstərmişdir ki, birinci rəydə evin tikintisinə sərf olunan vəsaitin 20 000 manat olması ilə razı deyillər. Əlavə ekspertiza ilə evin inşasına çəkilmiş xərclərin hazırkı real bazar qiyməti 51 439 manat olması müəyyən olunmuşdur. Torpağın sənədi yoxdur, ev özbaşına tikilidir. Ekspert rəyində torpağın sotu 15 000 manat göstərilir. Orda isə hazırki vəziyyətdə 2,5 sot torpaq sahəsi vardır. Qarşı tərəf məhkəməni uzatmaq və iddiadan yayınmaq üçün məhkəməyə arayış təqdim etmişdir. Qarşı tərəf cavabdehə evin birinci mərtəbəsində yaşamasını təklif etsə də, ekspert rəyindən evin birinci mərtəbəsinin təmirsiz vəziyyətdə olması öz əksini tapmışdır. İkinci mərtəbədə isə yaşamaq qeyri-mümkündür. Tərəflərin birgə nikah dövründə bir yerdə necə yaşadıqları məlumdur, cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi qaldırılmış, o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra cavabdeh təkrar nikaha daxil olmuşdur. İddiaçı iyul ayından evi tərk etməsini iddia etsə də, "xxxx" ASC-nin arayışından müəyyən olunur ki, həmin evin su sərfiyyatında 8, 9, 10-cu aylarda dəyişiklik vardır. Ya o, iddiaçıya pul versin iddiaçı evi tərk etsin, ya da iddiaçı ona pulu versin o, evi tərk etsin. O, iddiaçıya evin və əşyların dəyərini ümumilikdə verməyə h azırdır. Avqust ayında ekspert evə baxış keçirərkən iddiaçı uşaqları ilə birlikdə evdə yaşayırdı. Onun anası evi satarkən iddiaçını evdən qeydiyyatdan çıxarmış, bundan sonra iddiaçı başqa ünvana qeydiyyata alınmışdır.
17. Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(001)-263/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçıdan 25 719,50 manatın cavabdehin xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamış, həmçinin iddiaçıdan ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın və cavabdehdən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət olunmuşdur. (hakim Səadət Səlimova)
18. Məhkəmə özbaşına tikilinin inşasına sərf edilmiş pulun bölünməsi ilə bağlı gəldiyi q ənaəti onunla əsaslandırmışdır ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması, tikili üzərində sərəncam verə bilmək imkanın olması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, özgəninkiləşdirilməsi mümkün olmayan belə tikilinin dəyərinin bölünməsi tələbi də əsassızdır, ona görə bu tələb də təmin edilmir.
19. Məhkəmə həmin tikiliyə çəkilən xərcin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı bu tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edilməsi, cavabdehin həmin tikiliyə köçürüldükdən sonra tərəflər arasında baş vermiş münaqişə nəticəsində sonuncunun törətdiyi cinayət əməlinə görə məhkum olunması, cavabdehi n təkrar nikaha daxil olması, tərəflərin inşa etdikləri fərdi yaşayış evinə sərf olunan vəsaitin digərinə ödənilmək şərti ilə yaşayış sahəsini tərk etməsi barədə razılıqlarının olmaması, məhkəmə araşdırması zamanı həmin tikilinin tikinti-təmirinə təxminən 51439 manat sərf olunması öz təsdiqini tapdığından qarşılıqlı iddia ərizəsi həmin tikiliyə sərf olunan vəsaitə ½ payının müəyyən edilməklə dəyərinin, yəni 25719,50 manatın iddiaçıdan alınaraq cavabdehə verilməsi hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, ər-arvadın birgə nikah dövründə inşa etdikləri tikiliyə sərf etdiklər pul vəsaiti ər-arvadın ümumi vəsaitinin daşınmaz əşyada maddiləşmiş formasıdır. Qarşılıqlı iddianın bu tələbi iqtisadi dəyər kəsb edən, əmlak kimi mövcud olan evin inşasına sərf olunan dəyərdən payın tələb olunmasına yönəlmişdir. Bu səbəbdən də cavabdehin iddiaçıddan birgə nikah müddətində birgə vəsait hesabına inşa olunmuş yaşayış evinə çəkilmiş xərclərdən öz payını tələb etmək hüququ vardır və bu hüquq iddiaçının hazırda həmin evdə müvəqqəti yaşamaması, həmin tikili ilə bağlı cavabdehlə aralarında olan mübahisəni qarşılıqlı razılıq əsasında həll etməyə cəhd etməməsi ilə məhdudlaşdırıla bilməz, cavabdeh isə qeyd olunan payın dəyərini iddiaçıdan aldıqdan sonra həmin evlə hər hansı hüquqi bağlılığı qalmadığından bu evdə yaşaya bilməz.
20. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13-cü, 29-cu, 60-cı, 71-ci və 129-cu, Mülki Məcəllənin 139.1-ci, 152.1- ci, 157.2-ci, 180.1-ci, 180.2-ci, 180.3-cü, 222.1-ci, 225.1-ci, Ailə Məcəlləsinin 29.1-ci, 32- ci, 36.1-ci, 36. 3-cü, 37.1-ci, 37.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, tətbiq edilməli maddi hüquq normasını tətbiq etmədiyini, cavabdehin evə köçürülməsi ilə bağlı qətnamənin mövcudluğunu nəzərə almadığını, ona pul ödəniləcəyi təqdirdə evdə yaşamaq hüququ nun qalıb-qalmadığı barədə qətnamədə qeyd aparmadığını irəli sürmüşdür.
22. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, tərəflər arasında barışıq əldə olunması üçün məhkəmə kollegiyasının etdiyi təkliflər nəticə verməmiş, cavabdehin xeyrinə tutulmasına qərar verilmiş pul məbləğini iddiaçıya verməsi şərtilə evin cavabdehdə qalması barədə təklifi isə iddiaçının vəkili tərəfindən evin dəyərinin yüksək olduğu və əgər 50000 manat verilərsə iddiaçının evdən imtina edə biləcəyi əsas göstərilməklə qəbul olunmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1629/2024 nömrəli iş üzrə 2024-cü il 14 mart tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı 25 719,50 manatın cavabdehin xeyrinə tutulması” hissəsində dəyişdirilmiş, iddiaç ıdan 25 719,50 manatın cavabdehin xeyrinə tutulmasının icra qaydası və müddətinin müəyyən edilməsi, hazırkı qətnamə üzrə veriləcək icra sənədinin, cavadehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasından imtina etməsi barədə icra məmuruna edəcəyi müraciət əsasında müvafiq icra sənədinin icraatına xitam olunması haqqında qərarın qüvvəyə minməsindən sonra icra edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, cavabdehin evə köçürülməsi barədə qüvvədə olan qətnamənin mövcudluğunu müəyyən etdiyi və məhz bu səbəblə qətnamənin əsaslandırıcı hissəsində “Cavabdeh qeyd olunan payın dəyərini İddiaçı aldıqdan sonra həmin evlə hər hansı hüquqi bağlılığı qalmadığından bu evdə yaşaya bilməz” qənaətini göstərdiyi halda, gələcəkdə qətnamənin icrasını asanlaşdırmaq məqsədilə icra qaydası və müddətini qətnamənin nəticə hissəsində göstərməməklə yanlışlığa yol vermişdir.
25. Belə ki, yuxarıda göstərildiyi kimi, cavabdehin mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2020-ci il tarixli qətnaməsi vardır və onun müvafiq pul vəsaitini İddiaçı alması, həmin qətnamənin icrasından imtina etməsini zəruri edir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 152.1, 217.2, 217.3, 225.1, 235.1, Ailə Məcəlləsi 32.1, 32.2, 37.1 və 37.2-ci maddələrinə, o cümlədən, Konstitus iya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi tam icra olunduğuna görə icraatına xitam verilib məhkəməyə geri qaytarıldığı üçün hazırda "İcra Haqqında" Azərbaycan Respublikası qanununun 20.3-cü maddəsinə əsasən xitam verilmiş icraat üzrə icra məmuru tərəfindən hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
29. İcra icraatına xitam verilməsi barədə qərardad qanuni qüvvəsini aldığından, 3 ildən çox müddət keçdiyindən və cavabdehin evdə yaşamasına iddiaçı və ya digər şəxslər tərəfindən maneçilik olmadığından, əksinə, iddiaçı məcburiyyət qarşısında artıq başqa ünvanda yaşadığından icra sənədinin yenidən icraya yönəlməsi mümkün deyil.
30. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olmuş və tam icra olunduğu üçün icraatına xitam verilmiş icra sənədinin icraatına bir daha xitam verilməsi üçün müraciət edə bilməz və bu işin hallarına uyğun deyil.
31. Cavabdehin barəsində hökm çıxarıldıqdan bir müddət sonra iddiaçı evə qayıtmış, lakin cavabdehin davranışlarından bezdiyi üçün üç azyaşlı övladı ilə yaxın qohumlarının Bakı şəhəri, Sura xanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evində köçmüşdür.
32. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıdan cavabdehin xeyrinə 25719.50 manatın alınması hissəsində qüvvədə saxlanılmışdır.
33. Mübahisələndirilən qətnamə "İcra Haqqında" Azərbaycan Respublikası qanununun icra sənədinin icraatına xitam verilməsinin əsasların müəyyən edən normalara ziddir və bu səbəbdən ləğv edilməlidir.
34. Sözügüdən qətnaməsinin məzmununa görə, cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-795/2020 saylı qətnaməsinə əsasən ona 25719.50 manat ödənilənədək Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 238 ünvanında istənilən vaxt gəlib yaşaya bilər. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etir az təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi
37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
38. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 39. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 40. 32.2.2. ər-arvadın ümu mi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı
41. Bənd 4.11.Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə mübahisəli tikili inşa edilmiş, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra cavabdeh həmin tikiliyə məhkəmə qətnaməsi əsasında köçürülmüşdür. Lakin bundan sonra da bir yerdə yaşamaq mümkün olmamış, hətta tərəflər arasında olan münaqişəli vəziyyət cinayət hadisəsinə gətirib çıxarmış, bir müddət sonra cavabdeh başqa ailə həyatı qurmuş, iddiaçı isə məhkəmə prosesi dövründə özbaşına tikilini tərk etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə mübahisəli tikilinin tikinti-təmirinə təxminən 51439 manat sərf olunması öz təsdiqini tapmışdır.
53. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti apa rmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. (“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı, bənd 4.11)
54. Apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında barışıq əldə olunması üçün etdiyi təkliflər nəticə verməmiş, cavabdehin xeyrinə tutulmasına qərar verilmiş pul məbləğini iddiaçıya verməsi şərtilə evin cavabdehdə qalması barədə təklifi isə iddiaçının vəkili tərəfindən evin dəyərinin yüksək olduğu və əgər 50000 manat verilərsə iddiaçının evdən imtina edə biləcəyi əsas göstərilməklə qəbul olunmamışdır.
55. Göründüyü kimi, mübahisəli tikilidə birgə yaşayış mümkün olmadığı üçün mübahisənin yeganə həlli yolu bir tərəfin öz payına düşən maddi dəyəri digər tərəfə verməsi olmuşdur. Lakin iddiaçı nə ona təklif edilən məbləği qəbul etmiş, nə də cavabdehin əmlakdakı pay ına hissəni ödəməklə əmlakın özündə qalmasına razı olmuşdur.
56. Kassasiya şikayətinin əsas dəlilləri iddiaçının mübahisəli mənzildə yaşamaması, cavabdehin isə mənzilə məhkəmə qətnaməsi əsasında köçürülmüş olması, icra icraatına xitam verilməsi, belə olan halda, cavabdehin payının ondan tutulmasının ədalətsiz olmasıdır. Bu dəlillərə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin yeganə həlli yolu olaraq cavabdehin əmlakdakı payını iddiaçıdan tutmaqda, həmin payın tutulmasını isə cavadehin mübahisəli mənzilə köçürülməsindən imtinası ilə şərtləndirməkdə düzgün nəticəyə gəlmişdir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qan unvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.
58. Kassasiya şikayətinin bir sıra dəlilləri isə işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəli llərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1629/2024 nömrəli, 2024-cü il 14 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.