Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2482/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi varisin müəyyən olunması, aylıq ödəncin alınıb verilməsi, sübutların mümkünlüyü, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “aylıq ödəncin alınıb verilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(108)-162/2021 nömrəli qətnaməsindən iddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 05 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İstehsalat qəzası nəticəsində həlak olmuş işçinin - X2 ailə üzvü olaraq X3 (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən, ölənin uşaqlarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən arvad olaraq) bədbəxt hadisənin araşdırılm ası barədə müvafiq akta əsasən təqsirkar müəssisədən dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq aylıq ödənc almaq hüququnun mövcudluğu və 2017-ci ilin mart ayına qədər həmin ödənci alması mülki işin mübahisə olunmayan və təsdiq olunmuş hallarıdır. Belə ki, X2 15 nömrəli DəmirBeton zavodunda işləyən zaman baş vermiş istehsalat qəzası nəticəsində həlak olmasına görə həmin müəssisə tərəfindən 1997-ci il tarixə qədər aylıq ödənclər verilmiş, 1997-ci ildə həmin müəssisənin bazasında Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan Sənaye Kombinatı yaradılmıış, həmin vaxtdan etibarən ödənci sözügedən müəssisə iddiaçıya ödəmiş, 24 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliy ində olan Sənaye Kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir.
2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan sənaye kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Cəmiyyətin əmək kollektivinin ümumi yığıncağının 09 oktyabr 2008-ci il tarixli, 01 nömrəli protokolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 oktyabr 2008-ci il tarixli sərəncamı ilə “X10” Açıq Səhmdar Cəmiyyətinin bazasında bölünmə balansı əsasında “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətləri təsis olunmuşdur. Ötən dövr ərzində “X1 0” Açıq Səhmdar Cəmiyyətinin səhmləri hərraclar vasitəsilə satışa çıxarılmış və 100 % özəlləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli sərəncamına əsasən “X10-1” Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsi keçirilmiş və müsabiqənin yekun protokoluna əsasən Babək rayonu Nehrəm kənd sakini X13 qalib elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2010-cu il tarixli sərəncamı ilə səhmlər üzərində mülkiyyət hüququ X8 adına rəsmiləşdirilmişdir. “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətlərinin səhmlərinin 100% özəlləşdirilməsinə dair yekun protokollar və alqı-satqı müqavilələri ümumi reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin Milli Depozit Mərkə zinin Naxçıvan Muxtar Respublikasındakı Filialına göndərilmişdir.
3. Babək Rayon Vergilər İdarəsi sorğuya cavab məktubunda bildirmişdir ki, Babək rayonu, Araz kəndində fəaliyyət göstərən X11 Kompleksi MMC 03 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, 13 mart 2006cı il tarixdə isə Babək rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir. 08 fevral 2008-ci il tarixdə təsisçilərinin ümumi yığıncağının qərarına əsasən müəssisənin adı dəyişdirilərək “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. 11 fevral 2008-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə Naxçıvan MR Vergilər Nazirliyin də dövlət qeydiyyatına alınmışdır.
4. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti sorğuya cavab olaraq bildirmişdir ki, “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 03 mart 2006-cı il tarixdə müstəqil hüquqi şəxs olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1206-N6-2824 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilmişdir ki, X10 ASC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından cəmiyyət barədə hər hansı bir məlumat təqdim edə bilməmişlər.
5. Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********13 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, xx.xx.2006cı il tarixdə 1206-N7-2851 nömrə ilə dövlət qeydiyyatına al ınmış X10 ASC xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Həmçinin məktuba əlavə olunmuş kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********30 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC-1 xx.xx.2011-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
6. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsi ilə X3 “X10” Açıq Səhmdar Cəmiyyətindən zərərə görə ödənc tələbinə dair iddiası təmin edilmiş, “X10” Açıq Səhmdar Cəmiyyətindən 01 fevral 2006-cı il tarixdə n avqust ayı da daxil olmaqla cəmi 234 manat 50 qəpik və hər ay üçün 33 manat 50 qəpik ödəncin alınıb X4 ödənilməsi qət olunmuşdur. Qətnamə ilə müəyyən olunmuşdur ki, zərərin dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyindən və təqsirkar müəssisənin hüquqi varisi “X10” Açıq Səhmdar Cəmiyyəti olduğundan ödənc də həmin cəmiyyət tərəfindən ödənilməlidir. 7. 08 fevral 2008-ci il tarixdə “X11 Kompleksi” MMC-nin yığıncaq protokolundan belə məlum olur ki, “X11 Kompleksi” MMC-nin adının dəyişdirilməsi məsələsi gündəliyə çıxarılmış, təsis yığıncağı “X11 Kompleksi” MMC-nin adının dəyişdirilərək “X16 Sənaye Kompleksi” MMC adlandırılmasını qərara almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X1 cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud M əsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş ölümə görə “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2017-ci ilin may ayından başlayaraq ödənilməmiş aylıq ödəncin və bundan sonra hər ay aylıq ödəncin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, son dövrlər ərzində kombinatin hüquqi varisi olan “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ödənc verilməsindən imtina edir. Lakin təqsirkar müəssisənin hüquqi varisi “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan zərərə görə ödənc cəmiyyət tərəfindən ödənilməlidir.
10. Cavabdehin nümayəndəsi X5 izahatında 2006-cı ildə Naxçıvan Şəhər Məhkəməsinin iddiaçının X10 ASC-yə qarşı aylıq ödəncin alınıb verilməsi ilə bağlı qətnaməsi çıxan zaman X10 ASC-nin hələ özəlləşdirilmədiyini, həmin kombinatın İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərdiyini, kombinatın 2008-ci ildə özəlləşdirildiyini və özəlləşdirmə ilə bağlı istehsalat qəzasında vəfat etmiş şəxslərin ailə üzvlərinə aylıq ödəncin alınıb verilməsi ilə bağlı sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyini, 2008-ci ildən 2013-cü ilədək ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etdiyini, 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ASC-nin özəlləşdirmə prosesi başa çatdığından ödəmələri dayandırdığını, bundan sonra bir müddət cavabdeh təşkilatın ödəmələri həyata keçirdiyini, lakin bunu öhdəliyi olduğu üçün deyil, Gəmiqaya Holdinqin sosial xeyriyyəçilik fəaliyyətinin bir hissəsi kimi ianə olaraq ödədiyini, X16 Sənaye Kompleksi MMC-nin həmin kombinatla heç bir hüquqi bağlılığının olmadığını, X6 yerində bölünmə balansı əsasında X10 ASC və X10 ASC – 1 adlı iki hüquqi şəxsi yaradıldığını, onların isə müvafiq olaraq 2009 və 2011-ci ildə ləğv edildiyini, X16 Sənaye Kompleksi MMC-nin 03 mart 2006-cı ildən Travertin adı ilə fəaliyyətə başladığını, daha sonra adını dəyişərək X16 Sənaye Kompleksi MMC adı ilə fəaliyyət göstərdiyini, nəticə etibarilə X16 Sənaye Kompleksi MMC-nin X10 ASC-dən əvvəl yaradıldığını və təqsirkar müəssisənin hüquqi varisi olmasının qeyri-mümkün olduğunu, X16 Sənaye Kompleksi MMC-nin sadəcə olaraq X10 ASC-dən müəyyən konstruksiyanı satın aldığın ı və dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyini, bunun iddiaçını yanıltdığını, həmçinin X10 ASC-nin yerində bölünmə balansı əsasında yaradılmış hər iki hüquqi şəxsin ləğv edildiyini, onlardan heç birinin yenidən təşkil edilmədiyini bildirmişdir.
11. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin (hakim: X9) 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X11 Kompleksi” MMC fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkil edilməsi yolu ilə deyil, yeni cəmiyyətin yaradılması yolu ilə yaranmışdır. İddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi “X16 Sənaye Kompleksi” MMC-nin təqsirkar müəssisənin hüquqi varisi olması ilə bağlı dəlilinin əsassız ol ması ilk öncə bununla öz təsdiqini tapır.
13. Həmçinin müəyyən olunmuşdur ki, istehsalat qəzasının baş verdiyi 15 nömrəli Dəmir Beton zavodunun bazasında yaradılmış Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan sənaye kombinatının bazasında yaradılmış “X10” Açıq Səhmdar Cəmiyyətinin bazasında bölünmə balansı əsasında “X10” xx.xx.2008-ci il tarixdə və “X101” Açıq Səhmdar Cəmiyyəti isə xx.xx.2011-ci tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. X10 Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 1-ci bəndində qeyd olunmuşdur ki, X10 Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində fəaliyyət göstərən X10 müəssisəsinin bazasında bölünmə balansı əsasında yaradılmış hüquqi varisidir.
14. Bununla yanaşı məhkəmə qey d etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların düzgünlüyünü təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbayan Respublikası Mülki Məcəlləsinin 44.1, 56.1, 59.1, 87.1, 61.12, 1126.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.1, 82.3, 217.3, 217.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 8 mart 2019-cu il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən istinad etdikləri dəlil və sübutlara hüquqi qiymət verilməmiş, hüquqi varisin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğu nəzərə alınmayaraq sonda düzgün olmayan qətnamənin qəbul edilməsinə yol verilmişdir. “X16 Sənaye Kompleksi” MMC-nin təsis edilməsində və yaradılmasında birbaşa Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi cavabdeh olduğu və hüquqi varis in təyin edilməsi məsələsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülməli olduğu halda bu edilməmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arayışlarına əsasən, “X16 Sənaye Kompleksi” MMC X10 Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Qətnamə çıxarılarkən bu arayışlara hüquqi qiymət verilməmiş, yalnız cavabdehin verdiyi sənədlərə istinad edilmişdir. 15 nömrəli X17 zavodunun hüquqi varisinin kim olduğunu və iddiaçıya çatacaq dəymiş zərərə görə ödəncin kim tərəfindən ödəniləcəyini yenə də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilməlidir. Digər tərəfdən, qətnamə çıxarılarkən heç bir müstəsna hal və ya müstəsna halın nədən ibarət olduğunu göstərilmədən iddianın p redmetindən kənara çıxılaraq qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İddia ərizəsində tələb edilən dəymiş zərərə görə ödəncin artırılması və 2017-ci ilin may ayından bu günə qədər iddiaçıya çatacaq ödəncin ödənilməsi tələbinə də hüquqi qiymət verilməmişdir.
18. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Əhliman Xıdırov) 2(108)162/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mülki işin mübahisə olunan halı kimi cavabdeh qismində qo yulmuş “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirkar müəssisənin hüquqi varisi olan “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olub-olmaması, “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkili əsasında yaranmaqla “X10” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinə görə hüquqi məsuliyyət daşıyıb-daşımamasının müəyyən olunmasıdır.
20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçı İsmayılova (Əbdülrəhman ova) Gülgəz Hüseyn qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, həmin məktubda müraciət edənə sadəcə olaraq aylıq ödəncin ödənilməsi ilə bağlı aidiyyəti üzrə “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisinə müraciət edilməsinin məqsədə müvafiqliyi vurğulanmış, məktubda hüquqi varisin kimliyinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iş üzrə iddiaçı İsmayılova (Əbdülrəhmanova) Gülgəz Hüseyn qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda isə təqsirkar müəssisənin hüquqi varisinin “X16 Sənaye Kompleksi” MMC olduğu və zərərə görə ödəncin həmin Cəmiyyət tərəfindən ödənilməli olduğu qeyd olunsa da, bu faktı təsdiq edəcək sübutlar məktuba əlavə olunmamışdır.
21. Apellyasiya instansiya sı məhkəməsi iddiaçı iddianın predmetindən kənara çıxılması ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı iddia tələbindən kənara çıxılması halına yol verilməmiş və mübahisəyə qaldırılmış tələb çərçivəsində baxılmışdır.
22. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 44.1, 45.2, 56.1-56.5, 59.1, 61.12, 87.1-87.3, 1126.1, 1126.2, AR MPM-nin 2.1, 82.3, 372.1, 372.6, 372.7, 376.2, 392.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaç ı X1 (Vəkil: Vəkil) kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Dövlət Arxiv İdarəsinə sorğu vermədən, ləğv prosesini tənzimləyən sənədləri tələb etmədən, onlara hüquqi qiymət vermədən bir-birini təkzib edən məktublara istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə bir-birini təkzib edən məktublar əsasında qətnamə qəbul etməklə maddi vəsaitə ehtiyacı olan iddiaçını aylıq vəsaitdən məhrum etmişdir. Əgər həqiqətən “X10” Açıq Səhmdar Cəmiyyəti ləğv edi lmişdirsə, müəssisənin yüz minlərlə dəyəri olan əmlakı halhazırda “X16 Sənaye Kompleksi” MMC-nin balansına keçə bilməzdi. Hazırda “X10” ASCnin iş yerində “X16 Sənaye Kompleksi” MMC fəaliyyət göstərir və həmin kompleksin hansı əsaslarla “X16 Sənaye Kompleksi” MMC-yə keçməsi isə məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin müəssisənin adı dəyişdirilərək “X18 Zavodu Mah” adlanır. Həmin zavod icra vərəqəsi əsasında 2311.50 manat ödəniş etmişdir. Zavod icra vərəqəsi əsasında ödənişi etsə də, aylıq ödənişi həyata keçirmir. Apellyasiya instansiyası məhkəməsi isə işi tam araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, müəssisəyə aid arxiv sənədləri iş materiallarında yoxdur və məhkəmə arxiv sənədlərinə deyil, bir-birini təkzib edən məktublara istinad etdiyindən gəldiyi nəticə ilə işin halları ilə uyğ unsuzluq təşkil edir. Müəssisəyə aid sənədlər kommersiya sirri hesab edildiyindən yalnız məhkəmə həmin sənədləri əldə edə bilir. Bu sənədlər işin halları üçün əsas sübutlar olmalıdır ki, iddiaçı onları əldə edə bilməmişdir.
25. Kassator şikayətinin hüquqi əsası kim Mülki Məcəllənin 59.1, 59.2-59.9, 1126.1, Azərbaycan Respublikası MPM-nin 133.1, 133.2, 133.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
28. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsi sçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
29. Maddə 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
30. Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
31. Maddə 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.
32. Maddə 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.
33. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
34. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
35. Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
36. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdiril miş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
37. Maddə 87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.
38. Maddə 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və y a cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir.
39. Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
40. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilm iş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı X1 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olub-olmaması, “X16-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkili əsasında yaranması, sonuncunun “X10” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinə görə hüquqi məsuliyyət d aşıyıb-daşımamasına dair məhkəməyə digər mötəbər sübutlar təqdim edilmədiyi və bu məsələdə sübutetmə yükünü yalnız iddiaçıya aid etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini pozub.
52. Halbuki, qeyd olunan maddədə sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları fakt ların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
53. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamas ında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
54. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 24 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan Sənaye Kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. iddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 2-311-2006 saylı, 23 avqust 2006-cı il tarixli qətnaməsi əsasında “X10” Açıq Səhmdar Cəmiyyətindən 01 fevral 2006-cı il tarixdən 2017-ci ilin may ayınadək aylıq ödəncləri almışdır.
55. Naxçıvan Muxtar Res publikası İqtisadi İnkişaf Nazirliyinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan sənaye kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Cəmiyyətin əmək kollektivinin ümumi yığıncağının 09 oktyabr 2008-ci il tarixli, 01 nömrəli protokolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 oktyabr 2008-ci il tarixli sərəncamı ilə “X10” Açıq Səhmdar Cəmiyyətinin bazasında bölünmə balansı əsasında “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətləri təsis olunmuşdur. Ötən dövr ərzində “X10” Açıq Səhmdar Cəmiyyətinin səhmləri hərraclar vasitəsilə satışa çıxarılmış və 100 % özəlləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixl i sərəncamına əsasən “X10-1” Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsi keçirilmiş və müsabiqənin yekun protokoluna əsasən Babək rayonu, Nehrəm kənd sakini X13 qalib elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2010-cu il tarixli sərəncamı ilə səhmlər üzərində mülkiyyət hüququ X8 adına rəsmiləşdirilmişdir. “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətlərinin səhmlərinin 100% özəlləşdirilməsinə dair yekun protokollar və alqı-satqı müqavilələri ümumi reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikasındakı Filialına göndərilmişdir.
56. İş materialları ilə “X10-1” ASC-nin X8 adına rəsmiləşdirildiyi, “X10” ASC-nin isə səhmlərinin hərraclar vasitəsilə satışa çıxarıldığı və 100 % özəlləşdirildiyi müəyyən edilsə də, Cəmiyyətin hüquqi varisinin müəyyən edilməsinə dair məhkəmələr tərəfindən hər hansı araşdırılma aparılmamışdır.
57. Halbuki, işdən görünür ki, “X10” ASC bölündükdən və özəlləşdirildikdən sonra da iddiaçıya aylıq ödənclərin verilməsi davam etdirilmiş, lakin qeyri-müəyyən səbəblərdən bu ödənclərin verilməsi dayandırılmışdır.
58. Apellyasiya məhkəməsi öz növbəsində işdə olan bu qeyri-müəyyənliklərə aydınlıq gətirməmiş, sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, sübutlar, sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayd a əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
60. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
61. Həmin Məcəllənin 106.1-ci maddəsində isə göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Buna uyğun olaraq, kassasiya instansiyası məhkəməsi, iddiaçın ın kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
63. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarında da işə baxan məhkəmələrə tövsiyyə olunub.
64. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Həmin normanın mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
66. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutl arı, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
67. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzg ün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kassasiya şikayəti təmin edilməli, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(108)-162/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
68. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(108)-162/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.