Məhkəmə qərarları › İş №2(102)-2520/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2520/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2520/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X4 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10392/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 19 mart 2021-ci ildə X1 ilə İddiaçı arasında nəqliyyat vasitəsinə dair beh müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X1 mülkiyyətində olan “X3” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsi məqsədi ilə İddiaçı 2500 manat beh almışdır. Avtomobilin satış qiyməti isə 45000 manat müəyyən edilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 iyul 2014-cü il tarixli, 2(007)2940/2014 nömrəli məhkəmə əmrinə əsasən İddiaçı kreditor “X4 Azərbaycan” QSC-nin xeyrinə cəmi 659,46 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. İddiaçı borcunu tam ödədiyindən Nizami rayon İcr a Şöbəsi tərəfindən iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz hərəkətləri nəticəsində maddi zərərin əvəzi olaraq 2597 manat, mənəvi zərərə görə 300000 manat, cəmi 302597 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o yeni avtomobilin alınması üçün avtomobili satan şəxslə avtomobilin dəyərini tam şəkildə ödəyə bilmədiyi üçün, həmçinin Novruz bayramı ərəfəsi olduğundan, qeyri-iş günlərindən sonra kredit götürərək avtomobilin dəyərin in tam şəkildə ödəyəcəyinə dair qarşılıqlı razılığa gələrək 19 mart 2021-ci ildə notarial qaydada təsdiq edilmiş beh müqaviləsi bağlamışdır. Beh müqaviləsi bağlanmazdan öncə 2018-2019-cu illərdə müştərisi olduğu "xxxx" ASC ilə şifahi danışıqlar aparmış və yalnız bundan sonra beh müqaviləsini imzalamışlar. 29 mart 2021-ci il tarixdə o, "xxxx"a rəsmi müraciət etdikdə ona bildirilmişdir ki, 13 noyabr 2012-ci il tarixində rəsmiləşdirilmiş 700 manat limitli kredit xətti müqaviləsinə əsasən MKR tarixçəsi üzrə cari günə 2635 gün faiz borcu gecikməsi olduğu üçün kreditin rəsmiləşdirilməsi mümkünsüzdür. Sözügedən gecikmənin hansı bank tərəfindən MKR tarixçəsinə əlavə edildiyini soruşduqda bu barədə ona məlumat verilməmişdir. Bundan sonra qeyd edilən məsələnin araşdırılması məqsədi ilə o, Azərbaycan Kredit Bürosuna müraciət etmiş və müəyyən olunmuşdur ki, “X4 Azərbaycan” QSC 29 oktyabr 2012-ci il tarixdə ona vermiş olduğu 700 manat kredit üzrə 91,92 manat məbləğində faiz borcu guya 2666 gün müddətində gecikdirilmişdir. Faiz gecikdirilməsi haqqında əsassız məlumatlar MKR tarixçəsinə 2020-ci ilin fevral ayında əlavə edilmişdir. Onunla cavabdeh təşkilat arasında 29 oktyabr 2012-ci il tarixdə qarışıq müqaviləsi bağlanaraq ona 700 manat məbləğində kredit verilmişdir. Kreditin bir hissəsini qaytarsa da, digər hissəsinin ödənişində çətinlikləri olmuş və vaxtında ödəniş edə bilmədiyi üçün cavabdeh təşkilat barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 3 iyul 2014-cü il tarixli əmri ilə kredit borcuna görə ondan cəmi 659,46 manat pulun tutulması q ərara alınmışdır. Məhkəmə əmrinə əsasən tutulması qət edilmiş məbləğ tərəfindən 16 dekabr 2014-cü ildə tam şəkildə ödənilmişdir. Cavabdehin 18 dekabr 2014-cü il tarixli məktubu ilə kredit borcunun tam ödənildiyi Nizami rayon İcra Şöbəsinə bildirilmişdir. O, 2018, 2019 və 2020-ci illərdə ayrı-ayrı banklardan kreditlər götürmüş və vaxtında ödənişlərini həyata keçirmişdir. Hal-hazırda belə bir aktiv krediti vardır. O, kredit tarixçəsinin müsbət olduğundan əmin olduğu üçün beh müqaviləsi bağlayaraq icrası 11 aprel 2021-ci il tarixədək olmalı olan öhdəlik götürmüşdür. Lakin cavabdeh bankın əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi üçün öhdəliyi 2500 manat məbləğində beh geri qaytarılmamışdır. Göründüyü kimi o, cavabdeh təşkilatdan götürdüyü kredit məbləğini 2014-cü ildə tam şəkildə ödəmiş, lakin buna baxmayaraq tam ödənişdən 6 ilə yaxın müddət keçdikdən sonra cavabdeh heç bir hüquqi əsası olmadan 91,92 manat məbləğində faiz gecikmələrinin olması haqqında məlumatları MKB-ya daxil etmişr və onun müsbət kredit tarixçəsini korlamışdır. Yuxarıda qeyd etdikləri ilə bağlı tərəfindən 06 aprel 2021-ci il tarixdə cavabdeh banka rəsmi müraciət edilmiş və qanunsuzluqun ən qısa zamanda aradan qaldırılması və AKB-də müvafiq düzəlişlər aparılaraq faiz gecikməsi kimi əks olunan məlumatların silinməsi xahiş edilmiş, əks təqdirdə onun maddi ziyana uğrayacağı bildirilmişdir. 2021-ci ilin aprel ayının sonunda cavabdehin nümayəndəsi onunla telefon əlaqəsi saxlayaraq ilk öncə gecikdirilmiş faiz borcunun həqiqətdə 13 manat olduğunu bildirmiş və həmin məbləği ödədiyi təqdirdə AKBdə müvafiq düzəlişlərin aparılacağı bildirmişdir. Cavab olaraq o, nümayəndəyə cavabdeh təşkilatın hərəkətlərinin tamamilə qanunsuz olduğunu və buna gödə də onun artıq maddi ziyana uğradığını demişdir. Bir neçə dəqiqəlik danışıqlardan sonra cavabdehin nümayəndəsi onunla razılaşaraq bildirmişdir ki, bir neçə günə AKB-də müvafiq düzəlişlər ediləcəkdir. 2021-ci ilin may ayında cavabdeh tərəfindən AKB-də müvafiq düzəşlilər aparılmış və faiz gecikmələri haqqınsa əsassız qeydlər silinmişdir. Bu da öz növbəsində cavabdeh tərəfindən öz hərəkətlərinin qanunsuz hesab etməsinin etirafıdır. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində ona beh kimi ödədiyi 2500 manat, müqavilənin bağlanmasına görə ödədiyi 92 manat, xidmət haqqına görə ödədiyi 5 manat, cəmi 2597 manat məbləğində maddi ziyan dəymişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində “xahiş etdim” hissəsində cavabdeh tərəfindən heç bir hüququ normalarına əsaslanmamış və uydurma bir məbləğ maddi ziyan və mənəvi ziyan tələb edir. Cavabdeh şəxs olaraq iddiaçının iddia ərizəsində tam aydın deyil. İş üzrə iddiaçı cavabdeh olan “X4 Azərbaycan” QSC-yə pretenziya göndərməmişdir. İddiaçı iddia edir ki, gecikmə günlərindən xəbəri olmamış və bu barədə məlumatı yalnız kreditdən imtina olandan sonra "xxxx" MMC 06 aprel 2021-ci il tarixdə çıxarışını əldə etdikdən tam məlumatı əldə edləmişdir. İddiaçının bu iddiası ilə elektron məhkəməsində olan sənədləri nəzərdə keçirdikdə tam yanlış olmasını sübut edir və məhkəməyə yanlış məlumat verir. Belə ki, "xxxx" MMC 06 aprel 2021-ci il tarixli çıxarışından məlum olur ki, “nəqliyyat vasitəsinə dair beh müqaviləsi”nin bağlanmasından 9 gün öncə, yəni 10 mart 2021-ci il tarixdə "xxxx" MMC şəxsən sorğu edərək çıxarış əldə etmişdir. Yəni beh müqaviləsinə qədər iddiaçıya məlum idir ki, onun gecikməsi var. Heç bir sübut yoxdur ki, vətəndaşa kredit verilmədiyindən mənəvi zərər dəymiş, mənəvi zərərin dəyməsi hansı meyarlarla ölçülür, kim tərəfdən müəyyən olunub ki, mənəvi zərər var. Bu suaların hamısı cavabsız olaraq qalması onu sübut edir ki, iddia əsassızdır. "xxxx" ASC “Bakıxanov” filialı tərəfindən 29 mart 2021-ci ildə verilən arayış çox şübhə yaradır belə ki, bu arayışa imza atan şəxsin hansı vəzifədə çalışması müəyyən etmək olmur, bəlli deyil ki, imza atan D.V.Mirzəyev səlahiyyətli şə xsdir, yoxsa yox. İddiaçı öz ərizəsində yazaraq qeyd edir ki, "xxxx" ASC tərəfindən şifahi razılıq əldə etdikdən sonra “beh” müqaviləsini imzlayıb, yəni əvvəlcədən riskləri qəbul edib və beh müqaviləsini imza atıb, bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi fikirlərə hazır ki, iş üzrə cavabdeh olan “X4 Azərbaycan” QSC-yə aidiyyəti yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4217/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia ərizsi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı cavabdeh tərəfindən ona qanunsuz hərəkətləri nəticəsində maddi zərərin əvəzi olaraq 2597 manat, mənəvi zərərə görə 300000 manat, cəmi 302597 manat zərər vurulduğunu iddia edir, lakin buna dair məhkəməyə heç bir sübut təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPMnin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür.

8. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılma sını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10392/2021 nömrəli mülki iş üzrə 5 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və İlham Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı beh müqaviləsi bağlanan zaman kredit tarixçəsindən məlumatlı olmadığını bildirsə də, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş (iş v. 23) “Kredit reyestrində” əsasən iddiaçı, kredit məlumatlarının əldə olunması üçün xx.xx.2021ci il tarixdə, yəni müqavilənin bağlanması tarixindən 9 gün əvvəl şəxsi sorğu ilə Kredit Bürosuna müraciət etmiş və kredit tarixçəsi barədə məlumat almışdır. Başqa sözlə müəyyən edilmişdir ki, iddiaçı beh müqaviləsi bağlanan zaman kredit tarixçəsindən məlumatlı olmuş, buna görə də ona gələcəkdə kredit verilməsindən imtina olunacağı ehtimalını nəzərə almamışdır. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının bu dəlili əsassızdır. Rayon məhkəməsi iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməkdə haqlı olmuşdur.

12. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, işə baxmış rayon məhkəməsi iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini də rədd etməkdə haqlı olmuşdur. Çünki hazırki işin hallarına görə cavabdeh Bank tərəfindən iddiaçıya mənəvi zərərin vurulması sübuta ye tmir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 21, 1096 və 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında əvəllər mövcud olmuş kredit müqaviləsi üzrə öhdəlikləri Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq vicdanlı tərzdə yerinə yetirməmiş, əsassız olaraq Kredit Bürosuna kredit borcunun olmasına dair məlumat daxil etmişdir. İddianın əsasl ı olub olmamasına qiymət verən zaman həmin normanın tələbləri baxımından qiymət verməli idi. Məhkəmələr isə bunu etməyərək maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

16. Cavabdeh tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında qaydaların 2.1, 2.3, 2.5, 5 və 6-cı bəndləri və Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydasının 3.5 və 3.9-cu maddəsinin tələblərini pozmuşdur. Onlar arasında artıq borc münasibətləri mövcud deyildir və buna dair mübahisə yoxdur. Cavabdehin kredit borcunun icra edilməsi ilə bağlı məlumatların lazımı qaydada və vaxtında aidiyyəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürməməsi onun şəxsi ehtiyaclarının ödənilməsi üçün lazım olan kredit almaq hüququndan məhrum etmişdir. İşə baxmış məh kəmələr onun bu barədə məlumatlı olmasına istinad etsə də, bu faktın cavabdehın hərəkətsizliyi ucbatından qaynaqlandığına diqqət yetirməmişlərdir. Cavabdeh məhz bu hərəkətsizliyin ondan qaynaqlanmasına etiraz etməmiş, etirazını yalnız iddiaçının bu barədə məlumatlı olması ilə bağlı ifadə etmişdir ki, bu hal məhz cavabdeh tərəfindən pozuntuya yol verilməsi faktını təsdiq edir. Qeyd edilən hallar iddiaçının cavabdeh qarşısında mövcud olan öhdəliklərinin lazımı qaydada icra edilməməsində və həmin öhdəliklərin pozulması ilə xarakterizə olunduğundan iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavabdehdən vəsaitin tutulması həyata keçirilməli və iddia tələbi təmin edilməlidir.

17. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 442, 443 və 445-ci, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 77 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstə rilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-nin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

38. Yux arıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10392/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar