Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2523/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 XXX oğlunun, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı “məzarlıqda dəyişdirilən başdaşının, dini tarixi əşyaların, tikilinin bərpa olunması, maddi və mənəvi ziyanın ödənilməsi, qanunsuz fəaliyyətə son qoyularaq dini icmanın öz hüquqi ünvanında fəaliyyət göstərməsi, cavabdehin qanunsuz əməllərinə görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və vəkilləri XXXzadə XXX oğlunun, Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)2158/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 sakinlərinin 14 iyul 2007-ci il tarixli ümumi yığıncağında dini icmanın yaradılması qərara alınmış, 03 dekabr 2007-ci il tarixdə həmin dini icma Azərbaycan Respublikası X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş və icmanın Nizamnaməsi təsdiq edilməklə, r əsmi şəkildə fəaliyyətə başlamışdır. Cavabdeh ünvan 1 məscidi dini icmasının sədridir. Cavabdeh tərəfindən XXX kənd qəbiristanlığında ziyarətgah kimi tanınan məzarın üzərindəki başdaşı dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 qəbiristanlığındakı ziyarətgahda cavabdehin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, ulu babaları X5 XXXnin məzarının üzərindən oğurlanmış başdaşının tapılıb yerinə bərpa olunması, onlara dəymiş 40000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin ödənilməsi, habelə cavabdehin 2007-2020-ci illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılaraq məsuliyyə tinin müəyyən edilməsi və dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırmışdır ki, Oğuz rayon XXX kənd qəbristanlığında iddiaçıların XİX əsrdə yaşamış ulu babaları X7 XXXyə məxsus məzar vardır. Onun oğlu X3 və nəvəsi X1 məzarları da, habelə onların nəslinin digər mərhumlarının məzarları da bu müqəddəs qəbrin ətrafındadır. Dini-tarixi şəxsiyyət olan X7 XXXnin məzarı el arasında ziyarətgah kimi tanınır. Ziyarətgahın bütün tarixi ərzində himayədarı və xidmətçisi onların nəslinin nümayəndələri olmuşlar. Məzarın üstü nəvəsi XXX oğlu tərəfindən 1954-cü ildə düzəldilmiş, qəbrin X7 XXXyə məxsus olduğunu təsdiqləyən yazıların həkk olunduğu başdaşı da həmin şəxs tərəfindən məzarın üzərinə qo yulmuşdur. X7 XXXnin müqəddəs məzarı 2007-ci ilin iyul ayında XXX kənd sakini Cavabdeh başçılığı ilə bir qrup kənd sakini tərəfindən tamah məqsədi ilə qeyri-qanuni zəbt edilmiş, onların nəslinin həmin vaxtadək ziyarətgaha himayədarlıq edən nümayəndələri zorakı yolla oradan uzaqlaşdırılmışlar. Cavabdeh hüquqi ünvanı XXX kənd məscidi olan qondarma “dini icma” təşkil etmişdir. 2007-ci ilin iyul ayında hələ dini icma qeydiyyata alınmamış cavabdeh ziyarətgahın qarşısına böyük bir nəzir qutusu yerləşdirmiş, toplanan vəsaiti heç bir ictimai və dövlət nəzarəti olmadan öz yaxın adamları ilə müxtəlif yollarla mənimsəmiş, ziyarətgahdakı namaz və tutya daşlarını qırıb məhv etmiş, sığınacaq kimi istifadə edilən tikilini qanunsuz olaraq sökmüş, köhnə məzarların üstündə heç bir icazə olmadan özünə ofis binası inşa etdirmişdir. Cavabdeh 2019-cu ilin may ayının 17-də gecə vaxtı X7 XXXnin məzarı üstündəki başdaşını oğurlamış, qabaqcadan hazırlatdığı, üzərində ərəb əlifbası ilə özünün də oxuyub anlamadığı yazıların yazıldığı saxta başdaşını günbəzin önünə bərkitmişdir. Əsl niyyəti məzarın tarixini saxtalaşdırmaq və ziyarətgahı birdəfəlik şəxsi qazanc mənbəyinə çevirmək olan cavabdehin bu özbaşınalığı onların nəslinin heysiyyətinə toxunmuş, kənd sakinlərinin hiddət və qəzəbinə səbəb olmuşdur. El arasında “XXX” ziyarətgahı kimi tanınan ziyarətgah onların ulu babası X7 XXXyə aiddir, ancaq hazırki vəziyyətdə onların özulu babalarının müqəddəs məzarına himayədarlıq etmək hüquqları pozulmuşdur. Oğuz Rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(054)-180/2020 nömrəli qətnaməsi ilə (hakim K.Ş. Süleymanov) iddia tələbi qismən təmin edilmiş, ünvan 1ində yerləşən məzarlıqda Cavabdeh XXX oğlu tərəfindən dəyişdirilən, X5 XXXyə aid olduğu qeyd edilən məzarın üzərində olmuş başdaşının öz əvvəlki yerinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh XXX oğlundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 hər birinin xeyrinə 1000 manat olmaqla, cəmi 5000 manat mənəvi zərər məbləğinin tutulması, iddia tələbinin cavabdehdən 40000 manat maddi zərər məbləğinin tutulması, ünvan 1 qəbiristanlığındakı ziyarətgahda cavabdehin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, cavabdehin 2007-2020-ci illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılaraq məsuliyyətinin müəyyən edilməsi və dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsinə dair hissələrinin rədd edilməsi və iddiaçıların məhkəməyə müraciət edərkən ödədikləri 30 manat dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh hazırki iddianın predmetinə aid olan məzarın üzərindəki başdaşının dəyişdirilməsi barədə dini icmanın ümumi yığıncağında qərar qəbul edildiyini, dini icmanın üzvlərinin razılığına əsasən daşı dəyişdirdiyini, bu barədə rayon rəhbərliyinin, həmçinin X6 üzrə Dövlət Komitəsinin də məlumatı olduğunu və ona əvvəlki daşı öz yerinə bərpa etmək barədə tapşırıq verildiyini iddia etsə də, özü də etiraf etdi ki, bununla bağlı ona hər hansı yazılı rəsmi sənəd təqdim edilməmişdir. XXX kənd məscidi dini icmasının Nizamnaməsində dini icmanın ziyarətgahlara himayə darlıq etdiyi nəzərdə tutulmuşdur. Cavabdeh ziyarətgahın dini icmanın himayəsinə verildiyini iddia etsə də, məhz hansı ziyarətgahın, hansı səlahiyyətli orqan tərəfindən, nə vaxt və hansı qərarla və ya digər rəsmi sənədlə verildiyi barədə məhkəməyə hər hansı rəsmi sənəd və ya digər sübut təqdim etməmişdir. Cavabdeh həmin məzarın üzərindəki başdaşının dəyişdirilməsinə icazəsinin və ya hüququnun olması barədə digər hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmiş, cavabdehin belə bir səlahiyyətə malik olması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı iş üzrə şahid qismində dindirilmiş icma üzvlərinin ifadələri ilə müəyyən edilmişdir ki, başdaşının dəyişdirilməsinə razılıq verilməsi barədə dini icmanın ümumi yığıncağında iştirak edən şəxsl ər həmin yığıncağın hansı məsələ ilə əlaqədar keçirildiyini, hansı mövzunun müzakirə olunduğu dərk etməmiş, tərtib edilmiş protokola oxumadan və məzmunu ilə tanış olmadan imza etmişlər. Ümumiyyətlə, belə bir yığıncağın və ya iclasın, həqiqətən də, keçirilmiş olması və başdaşının dəyişdirilməsinə razılıq verilməsi barədə mövzunun müzakirə olunması faktları öz təsdiqini tapmamış, iclas keçirildiyi halda belə, hər hansı şəxsə məxsus olan məzarın üzərində dəyişiklik edilməsi ilə bağlı məsələ üzrə dini icmanın qərar qəbul etmək səlahiyyətinə malik olduğu nə həmin icmanın Nizamnaməsi, nə də digər sənədlə müəyyən edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh hazırki iddianın predmetinə aid olan məzarın üzərindəki başdaşını heç bir hüququ və ya səlahiyyəti olmadan, özbaşına və qanu nsuz olaraq dəyişmişdir. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdən məlum olan və hazırda mübahisə edilməyən, məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmış fakt ondan ibarətdir ki, cavabdeh mübahisə predmetinə aid olan və iddiaçıların babası tərəfindən qoyulduğu mübahisə edilməyən məzarın üzərində uzun illərdən bəri mövcud olan başdaşını buna heç bir hüququ və ya səlahiyyəti olmadan, özbaşına və qanunsuz olaraq, həm də uzun illərdən bəri həmin məzara nəzarət və himayədarlıq etmiş şəxslərin, yəni hazırki iş üzrə iddiaçıların məlumatı və razılığı olmadan dəyişdirmişdir. Məhkəmə iddia tələbinin başdaşının tapılıb yerinə bərpa olunması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin mübahisə predmetinə aid olan məzarın üzərində uzun illərdən bər i mövcud olan başdaşını neçənci ildə və hansı şəraitdə dəyişdirmiş olmasından asılı olmayaraq onun həmin başdaşını buna heç bir hüququ və ya səlahiyyəti olmadan, özbaşına və qanunsuz olaraq dəyişdirmiş olması faktı sübuta yetirilmişdir. Cavabdeh iddianın predmetinə aid olan məzarın üzərindəki daşı dəyişməklə iddiaçıların sələfi olmuş XXX oğlu adlı şəxs tərəfindən qoyulan, qoyulduğu vaxtdan etibarən həmin nəslin nümayəndələri tərəfindən qorunaraq mühafizə edilən, həmin ərazidə hər kəs tərəfindən məhz iddiaçıların nəslindən olan şəxsə aid məzar kimi qəbul edilən, el arasında müqəddəs şəxsiyyət kimi tanınıb-tanınmamasından asılı olmayaraq öz nəslinin davamçıları üçün əziz və müqəddəs olmaqla mənəvi dəyərə malik olan məzara münasibətdə, əsrlər boyu adət-ənənədən irəli gələn və cəmiyyətdə bərqə rar olan qaydalara əsasən kənar şəxslər tərəfindən icazəsiz olaraq toxunulması, dəyişdirilməsi, başqa hala gətirilməsi qətiyyən qəbul edilməyən bir hərəkətə yol vermişdir. Cavabdeh məzarın özünəməxsus əlamətlərini qəsdən və bilərəkdən təhrif etməklə onun zahiri görünüşünü dəyişməklə yanaşı məzarın içərisindəki şəxsin kimliyini şübhə altında qoymuş, həmin şəxsin xələflərinin nəsil şəcərəsinin izini itirməyə çalışmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da etiraf etdi ki, sonradan tapılmış daşı məzarın üzərinə qoyarkən həmin daş əvvəlki daşdan fərqlənməsin deyə, yəni iddiaçılar və məzarı ziyarət etməyə gələn digər şəxslər daşın dəyişdirildiyini hiss etməsin deyə, sonradan tapılmış daşı əvvəlki daşa bənzətməyə çalışmış, taxtadan həmin ölçüdə qəlib düzəldərək daşı qəlibə qoyub kən arlarına beton qarışığı tökməklə onu eyni ölçüyə və düzbucaqlı formaya tamamlamış, beton qarışığını tökərkən üzərindəki sünbülvari naxışları və digər təsvirləri də əvvəlki daşda olan təsvirlərə bənzətmişdir. Bununla da, cavabdeh həmin daşı dəyişdirməkdə haqlı olmadığını, daşı dəyişdirməklə iddiaçıların mənafeyinə toxunan, onlardan və digər şəxslərdən gizlətməyə çalışdığı, yəni kimsənin xəbər tutacağı təqdirdə, qəbahət hesab ediləcək, qınağa səbəb olacaq təqsirli və yanlış hərəkətə yol verdiyini dolayısı ilə etiraf etmişdir. Həmin hərəkəti ilə cavabdeh bilavasitə iddiaçıların mənafeyinə, heysiyyətinə və qüruruna toxunan hərəkətlərə yol vermiş, bununla da onlara mənəvi zərər vurmuşdur. Məhkəmə iddia tələbinin iddiaçılara dəymiş maddi zərərə görə cavabdehdən 40000 manat miqdarında pul tələbi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçılar iddia tələbində və ya məhkəmə iclasında verdikləri izahatlarında cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi zərər dəydiyini qeyd etsələr də, həmin faktları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Oğuz Rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(054)-180/2020 nömrəli qətnaməsinin ləğv edilərək və iddianı rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2158/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərk ibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon məhkəməsinin 19 avqust 2020ci il tarixli, 2(054)-180/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla göstərilən əsaslar heç bir sübutla əsaslandırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2158/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, mülki işin ap ellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə araşdırma aparmamış, iddianın ona qarşı deyil, onun sədri olduğu Oğuz rayon XXX kənd məscidi dini icmasına qarşı qaldırılmalı olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıların vəkili XXXzadə XXX oğlu kassasiya şikayətinə etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2158/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və vəkilləri XXXzadə XXX oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə qətnaməni iddianın təmin olunmuş hissəsini ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni dəlillərlə mübahisələndiril diyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutu lmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borc ludur.... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə pri nsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin iza hatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqə dar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, ta m və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixl i 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə gös tərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənəvi ziyanın ödənilməsi hissəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh hazırki iddianın ona qarşı deyil, onun sədri olduğu Oğuz rayon XXX kənd məscidi dini icmasına qarşı qaldırılmalı olduğunu, həmin hərəkətlərin Oğuz rayon XXX kənd məscidi dini icmasının fəaliyyəti ilə əlaqədar olduğunu bildirsə də, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, XXX kənd məscidi dini icmasının Nizamnaməsində dini icmanın ziyarətgahlara himayədarlıq etdiyi nəzərdə tutulmuşdur. Lakin məhz hansı ziyarətgahın, hansı səlahiyyətli orqan tərəfindən, nə vaxt və hansı qərarla və ya digər rəsmi sənədlə verildiyi barədə məhkəməyə hər hansı rəsmi sənəd və ya digər sübut təqdim edilməmişdir. Cavabdeh həmin məzarın üzərindəki başdaşının dəyişdirilməsinə icazəsinin və ya hüququnun olması barədə digər hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmiş, cav abdehin belə bir səlahiyyətə malik olması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bu səbəbdən cavabdehin məzarın üzərindəki başdaşının dəyişdirilməsinə dini icmanın üzvlərinin razılığının alınması, bu barədə müvafiq orqanların da məlumatlı olması barədə dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş icma üzvlərinin ifadələri ilə müəyyən olunur ki, başdaşının dəyişdirilməsinə razılıq verilməsi barədə dini icmanın ümumi yığıncağında iştirak edən şəxslər həmin yığıncağın hansı məsələ ilə əlaqədar keçirildiyini, hansı mövzunun müzakirə olunduğu dərk etməmiş, tərtib edilmiş protokola oxumadan və məzmunu ilə tanış olmadan imza etmişlər. Ümumiyyətlə, belə bir yığıncağın və ya iclasın, həqiqətən də, keçirilmiş olma sı və başdaşının dəyişdirilməsinə razılıq verilməsi barədə mövzunun müzakirə olunması faktları öz təsdiqini tapmamış, iclas keçirildiyi halda belə, hər hansı şəxsə məxsus olan məzarın üzərində dəyişiklik edilməsi ilə bağlı məsələ üzrə dini icmanın qərar qəbul etmək səlahiyyətinə malik olduğu nə həmin icmanın Nizamnaməsi, nə də digər sənədlə müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehin hazırki iddianın predmetinə aid olan məzarın üzərindəki başdaşını heç bir hüququ və ya səlahiyyəti olmadan, özbaşına və qanunsuz olaraq dəyişməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi ziyanın tutulması hissəsində qismən təmin etməklə, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni h əmin hissədə dəyişdirilmədən saxlamaqla maddi hüquq normalarını pozmuşlar. Belə ki, Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Həmçinin Avropa Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, işdə pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş kompensasiyanı təşkil edir. Buna görə də məhkəmə mənəvi ziyana görə kompensasiya ödənilməməsini qət edir (“Zeynalov Azərbaycana qarşı” 30 may 2013-cü il tarixli iş). Məhkəmə kollegiyası nəzərə alır ki, işin müəyyən olunmuş hallarına görə mübahisə olunan başdaşı qoyulan məzar iddiaçıların ulu babalarına aid olsa da, iddiaçılar onun yaxın qohumu hesab olunmurlar. Həmçinin iddiaya görə həmin məzar yalnız iddiaçılar üçün deyil, kənddə və ətraf ərazidə yaşayan şəxslər üçün müəyyən mənəvi əhəmiyyət kəsb edən yerdir (ziyarətgahdır). Mərhum 19-cu əsrdə ölmüş, məzar daşı isə 20-ci əsrin ortalarında (dəqiq tarix mübahisəlidir) qoyulmuşdur. Eyni zamanda məzar daşı cavabdeh tərəfin dən iddia verilən tarixdən xeyli əvvəl dəyişdirilmişdir (bunun tarixi də qeyrimüəyyəndir). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məzar daşının dəyişdirilməsi ilə iddiaçılara müəyyən mənəvi zərər yetirilməsi mümkün olsa da, həmin zərər iddianın ünvan 1ində yerləşən məzarlıqda Cavabdeh XXX oğlu tərəfindən dəyişdirilən, X5 XXXyə aid olduğu qeyd edilən məzarın üzərində olmuş başdaşının öz əvvəlki yerinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi ilə ödənilmiş və əlavə olaraq mənəvi zərərə görə pulun tutulmasına dair iddia əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2158/2020 nömrəli qətnaməsi qismən, yəni iddianın “Cavabdeh XXX oğlundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 hər birinin xeyrinə 1000 manat olmaqla, cəmi 5000 manat mənəvi zərər məbləğinin tutulması” hissəsində ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia həmin hissədə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2158/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2523/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2523/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver