Məhkəmə qərarları › İş №2(102)-2570/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2570/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2570/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 3, ev 3, 2 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir.

2. Həmin evin yerləşdiyi torpaq sahəsində X6 və onun qızı X2 faktiki istifadəsində olmuş tikili yerləşir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin edilərək, cavabdehlər X6 və X2 iddiaçının həyətyanı sahə kimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayət i təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçı X3 cavabdehlər X7 və X1rşı Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2013-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələrin aradan qaldırılması, həmin ünvanda yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı müqavilə üzrə hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində xidmət haqqının, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X10 2003-cü ildə qohumları X5 ünvan 3 ünvanında 350 kv.metr ərazidə olan torpaq sahəsində 150 kv.metr ayrılaraq ev tikməsi ba rədə şifahi razılığa gəlmiş və həmin sahədə fərdi yaşayış evi tikmişdir. 2013-cü ildə X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X9 və X2 həmin evdən və torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmış, son nəticədə məhkəmə iddianı rədd edərək, həmin işdə iddiaçının torpaq və ev üzərində mülkiyyət hüquqlarının olmadığını göstərmişdir. 2013-cü ilin dekabr ayında iddiaçının anası dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində iddiaçı tək yaşamağa başlamışdır. Lakin cavabdeh və onun ailəsi həyətin ümumi olmasından və eyni darvazadan həyətə daxil olmalarından, iddiaçının həmin mənzildə tək yaşamağından istifadə edərək, onun normal yaşamasına hər cür maneçiliklər yaratmağa, ona fiziki və psixoloji təsirlər etməyə başlamışlar. Ümumi həyətə daxil olmaq üçün o, qonşu lardan divardan aşaraq qapını açmağı xahiş etmiş, bir dəfə isə divarın üzərindən çıxıb qapını açmaq istərkən düşüb ayaqlarını əzmişdir. Bundan başqa, cavabdehlər evinə gələn qonaqları qovub, iddiaçını təhqiramiz formada alçaltmış, qış aylarında qazını, yay aylarında isə suyunu kəsərək evini tərk etməyə məcbur etmişlər. Nəhayət cavabdehlər həyət qapısının qıfılını dəyişib, onu evinə buraxmamağa başlamışlar. Dəfələrlə polisə şikayət etsə də, ona məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. İddiaçı məcbur olub rəfiqələrinin evində, sonra isə kirayə tutub orada qalmalı olmuşdur.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)7715/2021 qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən torp aq sahəsinə və tikiliyə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İrəli sürülən tələb isə faktiki olaraq iddiaçıya məxsusluğu təsdiq olunmayan torpaq sahəsinə sərəncam verilməsi ilə bağlıdır. Hərçənd ki, iddiaçı tələbini “sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” kimi adlandırmışdır. Lakin iddiaçının tələbinin faktiki əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə, torpaq sahəsinin orada yerləşən tikililərə uyğun proporsional qaydada bölünməsindən ibarətdir. Yəni iddiaçı əslində mübahisə edilən torpaq sahəsinə ayrıca qapı (hasar, darvaza) qoyulmasını və faktiki olaraq torpaq sahəsinin bölünməsini tələb edir ki, bununla da, həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qalxmış olsun.

8. Məhkəmə hesab etmişdir ki, rəsmi reyestrdə qeyd ə alınmamış daşınmaz əmlaka dair hər hansı hüquq müəyyən edilə bilməz. İddiaçının iddia tələbinin digər hissələri isə törəmə tələblər olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, işin halları ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir. Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 146.3, 152.2, 152.3, 152.5, 157.4, 157.8-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)-7715/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüququnu təsdiq edən kifayət qədər mötəbər sübutları vardır. Belə ki, kommunal xidmətlərlə bağlı bütün müqavilələr iddiaçı ilə bağlanmış, həmin müqavilələr üzrə ödəniş qəbzləri işə əlavə edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci i l tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)-7715/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir.

14. İşdən görünür ki, iddiaçının cavabdehlərə qarşı olan tələbi üç hissədən ibarətdir. İddiaçı tələbinin birinci hissəsində qeyd edir ki, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələr aradan qaldırılsın. Mübahisəli ünvandakı tikiliyə iddiaçının hər hansı bir hüququnun olub-olmamasından asılı olmayaraq iddiaçı həmin ünvanda yeni tikinti işləri aparmaq istəyir və məhkəmədən də istəyi ondan ibarətdir ki, bu tikintini aparması ilə bağlı cavabdehlər ona maneə yaratmasın. Ancaq tikinti işlərinin aparılması üçün iddiaçı ilk növbədə buna aidiyyəti orqanlardan lazımi icazələr almalıdır. Çünki tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikintiyə lazımi icazələr aldıqdan sonra, başqa sözlə tikintinin aparılması qanunsuz olmadıqda cavabdehlərin buna yaratdığı maneələr onlara qadağan edilə bilər. Lakin iddiaçı tərəf tikinti aparılması üçün hansısa orqandan lazımi icazələr almasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin aparılması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikilidə əlavə özbaşına tikinti işlərinin davam etdirilməsinə əsas vermir. Buna görə də, iddiaçının birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 157.4 və 157.8-ci maddələrinin tələblərini pozmasını bəyan etməsi hələ həm in normaların həqiqi pozulması demək deyil. Çünki, iddiaçı mülkiyyətçi olmayıb əmlaka sahiblik edən şəxs olsa da, bu hal ona icazəsiz özbaşına tikinti aparması üçün hüquq vermir.

15. Tələbin ikinci hissəsi üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, həmin tələb ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi ilə bağlıdır. Lakin iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi yoxdur, məhkəmə iclaslarında iştirak etmir. Cavabdeh3 apellyasiya baxışı zamanı təqdim etdiyi fotoşəkillərdən və izahatlarından bəlli oldu ki, əslində hazırki iddianı qaldırmaqda iddiaçı deyil, üçüncü şəxslər maraqlıdır, iddiaçının isə Azərbaycan Respublikasına gəlmək niyyəti yoxdur. Məhz həmin üçüncü şəxslərin istəyi ilə tələbin bu hissəsinin təmin ediləcəyi təqdirdə istənilən şəxsin cavabdehlərin yaşadığı evin həyətinə daxil olmaq üçün şərait yaratmaq istəyirlər. Bununla yanaşı, cavabdehlərin iddiaçının razılığı ilə həmin evə gələn şəxslərə qarşı özbaşınalığın edilməsinə dair məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Bir də ki, cavabdehlər hər dəfə iddiaçının evinə gələnlərin sonuncunun razılığı ilə olub-olmamasını necə yoxlamalıdırlar. Əlbəttə ki, bu cür tələb irəli sürülməzdən əvvəl bunun nə dərəcədə keçərli olmasının mümkünlüyünü də iddiaçı özü üçün müəyyənləşdirməli idi.

16. Tələbin üçüncü hissəsi evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın tutulmasıdır. Bu tələb üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır və onun daimi yaxud müvəqqəti mübahisəli evdə yaşaması təsdiq olunmur. Eyni zamanda, iddiaçı evə buraxılmadığı müddət ərzində üç aylıq yaxud başqa məbləğdə hansısa şəxsə kirayə haqqı ödəmişdirsə, ilk növbədə buna dair məhkəməyə sübut təqdim etməli idi. Belə bir halın mövcudluğu isə sübuta yetirilməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8 və 158.4-cü maddələrinə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

18. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)2501/2022 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barə də qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 43, 69, 127-ci, Mülki Məcəllənin 157.4, 157.8, 180.1-ci, mülki Prosessual Məcəllənin 9.1, 9.3, 78.1, 380-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki iş üzrə qərarları ilə iddiaçının mübahisəli mənzildə yaşamaq hüququ təsdiq edilmişdir. Lakin cavabdehlər zora əl atmağa, qapını bağlayaraq iddiaçını içəri buraxmamağa, onun yanına gələn həkim, tibb işçisi və digər tanışlarına hücum edib çölə çıxarmağa çalışmış və apellyasiya məhkəməsi şəxsin mənzildən qanunsuz məhru m edilməsinə nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçının Gürcüstan Respublikasının vətəndaşı olduğuna və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olmamasına görə mülki hüquqlarının təmin etməsindən imtina etməsi qanunsuz olmuşdur. Onun daimi yaşama icazəsinin olmaması mənzildən istifadə hüququnun təmin edilməməsinə birbaşa müdaxilədir. Məhkəmə işin hallarını, iddiaçının mübahisəli evdə yaşadığını, 2012-2013-cü illər ərzində tərəflər arasında olan məhkəmənin qərarı ilə iddiaçının istifadə və sahiblik hüququnun olmasını nəzərə almamışdır. Həmçinin tikinti işlərinin aparılması üçün icazələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəsli ilə müəyyən olunmuşdur. Həmin müddəalara görə şəxsin özü üçün qapı yerinin açmasına heç bir məhdudiyyət yoxdur. Məhkəm ə iddiaçının Azərbaycan Respublikasına gəlmək niyyətinin olmamasını göstərsə də, bu niyyətin nə ilə müəyyən edildiyi anlaşılmır. İddiaçı özü şəxsən nümayəndəsinə etibarnamə vermiş və məhkəmədə təmsil etmək üçün müqavilə bağlamışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4297/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər – X15 (sədrlik edən və məruzəçi), X13 və X14) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi qismən, iddianın “mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı özbaşınalığın qadağan edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırki iddia üç tələbdən ibarətdir.

22. Məhkəmə kollegiyası birinci və üçüncü tələblər üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin tələblərin qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

23. Belə ki, birinci tələb iddiaçının istifadəsində olan yaşayış evinə qapı açılması ilə bağlıdır. Lakin iddiaçının mübahisəli evə mülkiyyət hüququ mövcud deyil, həmin tikili faktiki olaraq özbaşına inşa olunmuşdur. Özbaşına tikilidə isə hər hansı dəyişikliklərin edilməsi, o cümlədən qapının açılma sı üçün məhkəmə qərarının verilməsinə dair tələb əsaslı ola bilməz. Bu tələblə bağlı iddiaçının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəslinə istinadı da əsaslı hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin 79-cu maddəsində qeyd olunan tikinti üçün icazə tələb olunmayan hallar yalnız mülkiyyətdə, icarədə və ya qanuni istifadədə olan torpaq sahələrinə aiddir.

24. İddiada irəli sürülən üçüncü tələblə də bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən kirayə haqqının tutulmasını tələb etsə də, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir.

25. Lakin iddianın ikinci tələbi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən bu hissədə qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, mübahisəli ev iddiaçının və onun anasının faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdehlərin ailə başçısı olmuş X8 məhz onların hər ikisini cavabdeh kimi göstərməklə, tikilidən çıxarılmasını məhkəmə qaydasında tələb etmiş, həmin tələb tikilinin ona məxsus olmasının sübut edilməməsi və belə tələb irəli sürməyə subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilmişdir. Beləliklə, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının və onun anasının sahibl iyində və istifadəsində olmuşdur. Həmin qətnamə hal-hazırki iş üzrə cavabdehlər üçün də MPM-in 233.3-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malikdir.

26. Mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda isə, cavabdehlər ona həmin hüquqları həyata keçirməyə mane ola bilməzlər. Bu zaman məhkəmə kollegiyası iddiaçı Gürcüstan Respublikası vətəndaşı olması, onun Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin olmamasına dair apellyasiya məhkəməsinin qeyd etdiyi dəlilləri ilə razılaşmır. Belə ki, hər hansı şəxsin xarici vətəndaş olması onun sahibliyinə müdaxilənin əsas olması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ miqrasiya qanunvericiliyi ilə müəyyən olunur və hazırda belə hüququn rəsmiləşdirilməm əsi iddiaçının öz əmlakına sahib olmaq hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz.

27. Həmçinin iddianın üçüncü şəxslərin xeyrinə qaldırılmasına dair dəlili əsaslı ola bilməz. Əmlakın sahibi öz əmlakından başqa şəxslərin istifadəsinə razılıq verə bilər.

28. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə hazırki tələbə Mülki Məcəllənin 157.8 və 165.1-ci maddələrinin tələblərini baxımından hüquqi qiymət verilməli idi ki, apelyasiya məhkəməsi tərəfindən həmin maddələrin tətbiqi nəzərdən keçirilməmişdir.

29. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 157.8, 165.1 və 180.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005ci il tarixli 4 saylı Qərarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi) M.Məmmədov və C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçı X2 razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın edilməsin in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev iddiaçı X2 faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdehlərin ailə başçısı olmuş X8 məhz onların hər ikisini cavabdeh kimi göstərməklə, tikilidən çıxarılmasını məhkəmə qaydasında tələb etmiş, həmin tələb Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2103/2013 saylı, 15 aprel 2013-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə aktı ilə iddia rədd olunarkən iddiaçının tikilinin ona məxsus olmasını sübuta yetirməməsinə və belə tələb irəli sürməyə subyektiv hüquqa malik olmamasına istinad olunmuşdur. Sözügedən qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikili olsa da, fa ktiki olaraq X2 və onun anasının sahibliyində və istifadəsində olmuşdur.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli tikiliyə iddiaçının sahiblik hüququnun tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

33. İddiaçı iddia etmişdir ki, sahibliyində olan tikiliyə daxil olan şəxslərə, o cümlədən ona yardım göstərməyə gələn tibb bacısına cavabdehlər tərəfindən maneələr yaradılır və onlar həyətə buraxılmır, cavabdehlər həmin şəxsləri təhqir edərək qovurlar. Cavabdehlər isə 2021-ci ilədək iddiaçıya qonaq gələn istənilən şəxsin sərbəst daxil olmasına mane olmadıqlarını, sadəcə bir həyətdə yaşadıqlarından iddiaçının yanına gələn tanımadıqları kişilərin həyətə daxil olmağına icazə vermədiklərini, tibb bacısının və iddiaçının rəfiqələrinin gəlişinə isə mane olmadıqlarını bildirmişlər. Göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus evə gəlib-gedən şəxslərin ora maneəsiz daxil olmasına mane olduqlarını etiraf edirlər. Kollegiya bununla bağlı qeyd etmişdir ki, mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda, cavabdehlər mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı maneə yarada bilməz, həmin hüquqları həyata keçirməyə mane ola bilməzlər.

34. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.6, 157.8, 165.1, 166.3, 180.1, 560.1-ci, Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddəl ərinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin 2013-cü ilə aid mülki iş üzrə məhkəmə qərarlarına əsaslanmaqla hazırda Cavabdeh1 məxsus mənzilin həyətində yerləşən mübahisəli tikilinin faktiki sahibliyində olması və onun həmin sahibliyinin cavabdehlər tərəfindən pozulmasını müəyyən etməsi düzgün olmamışdır. Belə ki, 2013-cü ilə aid məhkəmə qərarları əsasında iddiaçının hələ də həmin tikili üzərində sahibliyinin olduğu və ya davam etdiyi qənaətinə gəlmək də mümkün deyildir. Məhkəmə pozuntunun hansı tarixdə baş verdiyini ümumiyyətlə araşdırmamışdır. Halbuki, yuxarıdakı norm aların mənasından da göründüyü kimi, iddiaçı bu qəsd ona məlum olan tarixdən 1 il ərzində pozuntunun aradan qaldırılmasına dair iddia qaldıra bilərdi. Sahibliyə qəsdin (pozuntunun) aradan qaldırılması (və ya sahibliyin bərpası) üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs (faktik sahib və ya onun hüquq sələfi) qəsd və təqsirkar (qəsdi törədən şəxs) ona məlum olan andan bir il ərzində həmin qəsdin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Buna görə də, bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zə rurət də yoxdur. Həmin müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi, qeyd edilən kəsici müddətin keçib-keçmədiyini araşdırmaq bilavasitə məhkəmənin vəzifəsi olmuşdur. Bununla belə, qeyd edilən xüsusatlar (əmlakın hələ də iddiaçının sahibliyində olması, sahibliyin pozuntu nəticəsində hansı tarixdən kəsilməsi, iddiaçının pozuntu anından etibarən bir il ərzində hazırkı iddianı qaldırıbqaldırmaması) məhkəmə tərəfindən ümumiyyətlə araşdırımamışdır. Qeyd edilməlidir ki, mübahisəli tikili bütün kommunal xidmətlər ilə təchiz edilmişdir. Aydındır ki, əgər iddiaçı hələ də mübahisəli tikilidə yaşamışdırsa (tikili onun faktik sahibliyində olmuşdursa), o, həmin xidmətlərdən yararlanmalı idi. Həmin xidmətləri almadan tikilidə yaş amaq mümkün deyildir. Bu hal həyatın normal axarına (gedişatına) da ziddir və bu baxımdan belə bir şeyin qəbul edilməsi mümkün deyil. Mübahisəli ünvan üzrə kommunal xidmətlərə dair çıxarışlardan görünür ki, həmin ünvanda kommunal xidmətlərin alındığı artıq uzun müddətdir müşahidə edilmir. Məsələn: Azərqazın abonent saldosundan görünür ki, tikili Zenner G4T Smart tipli sayğacla təchiz edilmişdir. Bununla belə 2019-cu ilin fevral ayından bəri sayğacın göstəricisi “0”-dır. Eyni vəziyyət elektrik enerjindən və sudan istifadəyə dair çıxarışlarda da müşahidə olunur. Digər tərəfdən işdən iddiaçının həmin tikiliyə gəldiyi, ora daxil olmağa cəhd etdiyi ümumiyyətlə müəyyən edilmir. Binəqədi RPİnin İŞ-nin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından da g örünür ki, tikiliyə faktik sahibliyi həyata keçirməyə çalışan şəxs X12 adlı şəxs olmuşdur. Bundan başqa, X11 Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırmamışdır ki, onun ümumiyyətlə Azərbaycan Respublikasında yaşamaq icazəsi var ya yox. Varsa, o, daimi yaşayış üzrə harada qeydiyyatdadır. O, Azərbaycan Respublikasında hansı müddətlərdə olmuşdur və sair. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

41. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tiki nti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı

45. Ppreyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı

46. Məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3 Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kass asiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Cavabdehlər Cavabdeh1, Cavab deh2 və Cavabdeh3 iddiaçının evinə gələn şəxslərə mane olurlar.

59. Məhkəmə kollegiyası haqlı olaraq iddianın həllinə Mülki Məcəllənin 157.8-ci maddəsini tətbiq etmiş və iddianı təmin etmişdir. Çünki həmin normanın tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

60. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (Mülki Məcəllənin 165.1-ci maddəsi.

61. Məhkəmə tərəfindən sahibliyin müdafiəsi üzrə iddia müddətlərinə əməl olunmasının araşdırılmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil işin faktiki hallarının araşdırılması ilə bağlıdır və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılarkən cavabdeh tərəf bu cür dəlil və etiraz irəli sürülməmişdir.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şik ayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar