Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2606/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təmsilçilik, etibarnaməyə xitam verilməsinin nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu, (məruzəçi) X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1700/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2019-cu il tarixdə atası Cavabdeh2 (bundan sonra – cavabdeh) 25 sentyabr 2029-cu il tarixədək bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, bank orqanlarında olan bütün növ hesablar üzərində sərəncam verməyi, hesablarla bağlı bütün bank əməliyyatlarını aparmağı və s. səlahiyyətləri nəzərdə tutan etibarnamə vermiş, həmin etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etmişdir.
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cəmi 257.000 manat pul əmanətini xx.x x.2022-ci il tarixədək Bankda yerləşdirmiş, Bank isə bu müqavilələrdə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilələrin 4.2-ci maddəsinə əsasən, əmanətçi müqavilənin müddəti bitənədək istənilən vaxt əmanəti hesabdan geri götürə bilər. Bu halda, o cümlədən əmanət müqavilənin müddətinin bitməsinədək qanunvericilikdə və yaxud müqavilədə nəzərdə tutulmuş əsaslarla əmanətçinin hesabından silindikdə, əmanət faizi hesablanmır və artıq əmanətçiyə ödənilmiş faizlər əmanətçidən tutulur. 4. xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında Banka müraciət edərək, yuxarıda qeyd edilən vəsaiti hesabdan çıxarmışdır.
5. İddiaçı 22 iyun 2022-ci il tarixdə Banka ərizə ilə müraciət edərək, həmin məbləğin g eri qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə və Banka qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 255.938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bankın verdiyi xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixinə ona məxsus bank əmanətində 242.938 manat pul olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixində qeyd olunan pul vəsaiti bank əmanəti hesabından çıxarılmış və həmçinin buna görə də aylıq hesablanmalı olan əlavə 13.000 manat məbləğ pul da bank əmanəti hesabında görünməmişdi r. Yəni, hazırda 255.938 manat pul onun bank əmanətindən əsassız olaraq silinmişdir. Qeyd olunan halın səbəbləri barədə məlumat verməsi üçün Banka müraciət etdikdə ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında atasına ödənilmişdir. Lakin, nəzərə alınmalıdır ki, o, atasına müvafiq etibarnamə versə də, pul vəsaiti bank əmanətindən silindiyi zaman qeyd olunan etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Bu isə Bankın qanunsuz əməllərinin və pul vəsaitlərini qanunsuz olaraq bank əmanəti hesabından silmələrinin göstəricisidir. Göründüyü kimi, Bank əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi və səhlənkarlığı nəticəsində onun hüquqları pozulmuş, bank əmanətindən vəsaitlər əsassız olaraq silinmişdir.
8. Bank iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tamamilə əsas sızdır və təmin edilməməlidir. Bank müvafiq əməliyyatı (depozit məbləğinin məxaric edilməsi) icra edərkən özünə aid olan hissədə bütün aidiyyəti qanunvericilik normalarına riayət etmişdir. Bankın və onun əməkdaşlarının hərəkətləri tamamilə əsaslı olmuşdur. İddiaçı özü qanunda nəzərdə tutulmuş imperativ normaların tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı üçün Bank ona əmanətini yerləşdirdiyi məlum üçüncü şəxs olmuşdur. Yəni, iddiaçı 257.000 manat vəsaiti yerləşdirdiyi Bankı etibarnaməni ləğv etdiyi barədə xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs Bankda 257.000 manata münasibətdə əməliyyatlar apara bilər. Etibarnamənin ləğv barədə məlumat vəsait məxaric edildikdən sonra iddiaçı tərəfindən Banka bildirilib. Digər tərəfd ən iddiaçının Bankdan ümumiyyətlə müvafiq vəsaitin bərpa olunmasını tələb etmək hüququ yoxdur və bu tələb tamamilə əsassızdır. İddiaçının Bankdan tələb etdiyi vəsait da əsassızdır. Belə ki, iddiaçı Banka 3 müqavilə əsasında cəmi 257.000 manat vəsait yerləşdirmişdir. İddiaçının etibarnamə verdiyi cavabdeh xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric edərək, əmanət müqavilələrinə vaxtından əvvəl verib. İddiaçı ilə Bank arasında bağlanılmış əmanət müqavilələrinin 4.2-ci maddəsinə əsasən vaxtından əvvəl məxaric edildiyi üçün, Bank müştəriyə ödənilmiş cəmi 14.092,16 manat faizi əmanətçidən (257.000 manat vəsaitdən) tutmuşdur. Nəticədə, müştəriyə qaytarılan əsas depozit məbləği 242.907,84 manat olmuşdur. Həmin anda iddiaçının hesabında 31.10 manat vəsait olduğuna görə cəmi 242.93 8,94 manat cavabdehə verilmişdir. Həmçinin iddiaçı ilə Bank arasında bağlanılmış kredit müqavilələrinə əsasən, ona xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2022-ci il tarixində isə əlavə olaraq 4.500 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric etdikdən sonra bu müqavilələri bağlamaq üçün 6.530,97 manat vəsait ödəmişdir. Beləliklə, bu fakt onu təsdiqləyir ki, iddiaçının Bankdan 255.938 manat vəsait tələb etməsi əsassızdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3746/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus 255.938 manat məbləğində pul vəsaitli bank əmanətinin Bank tərəfindən depozit hesab ında bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, Bank tərəfindən iddiaçıya məxsus olan əmanətlər xx.xx.2022-ci il tarixdə həmin vaxtda səlahiyyətli şəxs olmayan cavabdehə qaytarılmışdır. Əmanətlər məxaric olunan zaman bankın əməkdaşları tərəfindən əmanəti qəbul edən şəxsin səlahiyyətləri yoxlanılmamış və nəticədə əmanət müqavilələri ixtiyarsız şəxsin xeyrinə icra olunmuşdur. Əmanətin bankdan ixtiyarsız şəxs tərəfindən məxaric edilməsinə iddiaçının razılıq verməsi və ya bu icradan fayda götürməsi iş materialları ilə sübut olunmur. Bununla da Bank tərəfindən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd hərəkətə yol verilmişdir.
11. Məhkəmə etibarnamənin ləğv edildiyi barədə Banka məlumat verilməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Hazırkı halda isə verilən etibarnamə ümumi etibarnamə olduğu və xüsusilə Bank qarşısında təmsil olunmaq üçün verilmədiyi üçün iddiaçının Bankı xəbərdar etmək öhdəliyi yaranmamışdır.
12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçıya məxsus olan əmanətlər bankın əməkdaşları tərəfindən səlahiyyətləri yoxlanılmadan cavabdehə qaytarıldığı üçün həmin əmanətlər iddiaçının depozit hesabına Bank tərəfindən bərpa olunmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 362.1, 366.1, 385.1, 385.2, 425.1, 433.2, 456, 459.1, 1096.1, 1096.2, 1097.1, 1099.1-ci, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.
15. Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, Banka qarşı iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1700/2023 nömrəli mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), R.Eyvazov və G.Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissədə də təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halları əsasında belə qənaətə gəlmişdir ki, Bank iddiaçıya münasibətdə Mülki Məcəllənin 366.1-ci maddəsində qeyd olunduğu kimi üçüncü şəxs olmuşdur. Yəni, iddiaçı 257.000 manat vəsaiti yerləşdirdiyi Bankı etibarnaməni ləğv etdiyi barədə xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs Bankda 257.000 manata münasibətdə əməliyyatlar apara bilər. Lakin iddiaçı tərəfindən Banka xəbərdar etmək barədə heç bir sübut iş materiallarında mövcud deyildir.
18. Məhkəmə Bankın əməkdaşları tərəfindən etibarnamənin yoxlanılması barədə iddianın dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bankın əməkdaşlarının belə bir öhdəliklərinin olması nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır.
19. Məhkəmə cavabdehin də hüquqdan sui-istifadə edərək, iddiaçıya ziyan vurması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, eynilə digər cavabdeh kimi bu cavabdehə də, etibarnamənin ləğv edilməsi barədə məlumat verilməmişdir. Cavabdeh lə ğv olunduğunu bilmədiyi etibarnamə əsasında pulu bankdan götürərkən vicdanlı hərəkət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə verdiyi sənəd ümumi etibarnamə olduğundan, iddiaçını xüsusi olaraq Bank qarşısında təmsil etmək üçün verilmədiyindən iddiaçının Bankı xəbərdar etmək öhdəliyi yaranmamışdır. Bununla bağlı məhkəmənin mövqeyi tamamilə əsassız və birtərəflidir. Mülki Məcəllənin 366.1-ci maddəsində nəzərdə tutulmuş “ona məlum 3-cü şəxslərə məlumat verməyə borcludur” ifadəsi etibar edənin mülki dövriyyədə hüquqlarının və qanunla qorunan mənafelərinin qorunmasına yönəlmişdir. Şəxsin bir neçə daşınar və ya daşınmaz əmlakı, banklarda əmanətləri və digər əmlakı ola bilər. Şəxsin verdiyi ümumi etibarnaməni ləğv etdikdən sonra ona bütün orqanlara məlumat vermək öhdəliyinin qoyulması və bu hərəkəti etmədiyi üçün əmlakından məhrum edilməsi mülki hüquq prinsiplərinə ziddir. Digər halda etibarnamə ləğv edilmişsə və bu hadisədən sonra şəxsin əmanəti etibar edilən tərəfindən Bankdan çıxarılmışsa, burada bir hal mümkündür: tərəflər arasında mübahisə mövcud olmuşdur. Çünki iddiaçının bank əmanətinin etibar edilmiş şəxs tərəfindən çıxarılması zamanı onlar arasında razılıq olsaydı, etibarnamə ləğv edilməzdi və etibar edilən əmanəti çıxarardı. Buradan aydın olur ki, tərəflər arasında mübah isə olmuş, iddiaçı etibarnaməni ləğv etmişdir və bundan sonra cavabdeh ona zərər vurmaq üçün onun bank əmanətini çıxarmaqla hüquqazidd əməl törətmişdir. Məhkəmə Mülki Məcəllənin bu normasına iddiaçının əleyhinə şərh etməklə onun əmlakından məhrum olunmasına şərait yaratmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəflərin əsl iradə ifadəsinə fikir verməmiş, qanunun normasını formal şəkildə şərh edərək, iddiaçının hüquq və mənafelərinin pozulmasına, ona maddi zərər vurulmasına şərait yaradan qərar qəbul etmişdir. Digər məsələ bundan ibarətdir Bank hazırkı işin başlamasından cavabdehə (Cavabdeh2) qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bu da bir daha sübut edir ki, məhkəmə iddiaçının hüquqlarını pozduğunu bildiyi üçün həmin əmanətin digər cavabdehdə n alınaraq iddiaçının depozit hesabına yerləşdirilməsinə çalışmışdır.
22. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin lehinə təfsir edilmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirməmiş və əsaslandırılmamış qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Bank kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şə xsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
27. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.
28. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varislər i üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
31. Maddə
456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər ö hdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
32. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni v ə əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 4
1. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin hüquqi dəlilləri əsasən iddianın dəlilləri ilə eynidir, həmin məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1700/2023 nömrəli, 29 mart 2023-cü il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.