Məhkəmə qərarları › İş №2(102)-2640/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2640/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2640/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-445/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaç ı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən XXX və XXX ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binanın B girişi yerdən 9-cu mərtəbəsində 41 №-li 3 otaqlı sahəsi 128 kv.m. olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş (1 kv. metrin dəyəri 1.070 manat olmaqla) mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışda ünvan ev 124, 41 nömrəli (yeni qaydalarla AZ1096 ünvan 124, M9, m5) mənzilin sahəsi 106,40 kv.m. təşkil edir. Mənzil üzərində xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

3. Birinci instansiya məhkəməsində işə baxılarkə n keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli XXX nömrəli rəyində mübahisə predmeti mənzilın Azərbaycan Respublikası Şəhərsalma və Tikintı Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 103,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

4. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli XXX nömrəli rəyində göstərilir ki, mənzilin faktiki ümumi sahəsi 106,05 kv.m, həmçinin, yaşayış otaqlarının sahəsi 55,2 kv.m (22+15.6+17.6 ), yardımçı otaqlarının sahəsi 47,6 kv.m (21.9+19+4.3+2.4), balkonun sahəsi 3,25 kv.m təşkil edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən, mənzilin ümumi sahəsinin 103,8 kv.m. təşkil etdiyi müəyyən olunur. Mənzil Məcəlləsinin 12-ci maddəsində göstərilənlərə əsasən, mənzilin yaşayış sahəsinin ümumi sahəsinin 102,8 kv.m (106,053,25) təşkil etdiyi müəyyən olunur.

5. Əlavə məhkəmə tikinti texniki ekspertizanın xx.xx.2023-cü il tarixli XXX nömrəli, rəyi ilə müəyyən edildi ki,

1. Mənzilin içdən-içə, daxilində olan və layihədə nəzərdə tutulan və tutulmayan arakəsmələrin, divarların, sü tunların, şaxta sahələrinin və sair altı nəzərə alınmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 117,1 kv.m. (106,05+11,05=117,1) təşkil edir.

2. Mənzilin layihədə qeyd olunan, lakin faktiki mövcud olmayan arakəsmə divarlarının sahəsinin 0,85 kv.m. olmasını, layihədə qeyd olunmayan faktiki mövcud olan divarların altında qalan sahənin 0,70 kv.m. olmasını nəzərə alaraq, həmin mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və sair altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divarların, sütunların və sair altı nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 105,9 kv.m. (106,05-0,1) təşkil etdiyi müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən 25.894 manat maddi və 10.000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, 128 kvadrata uyğun hesablanan mənzilin dəyərini tam olaraq ödəyib. Lakin mənzil istismara qəbul edikdən və ona təhvil verildikdən sonra verilən çıxarışda həmin mənzilin sahəsi 106 kv.m. göstərilib. Mütəxəssislərin apardıqları ölçünün nəticəsi ilə cavabdehin iddiaçıya müqavilədə qeyd etdiyi sahə ölçüsü arasında 22 kv.m. fərq yaranır. Bu isə o deməkdir ki, 22 kv.m. sahənin pulu artıq ödənilib. Həmin məbləğ isə 23.540 manat təşkil edir. Artıq ödədiyi 23.540 manat geri qaytarılmalıdır. 128 kv.m. mənzilin dəyərinə görə artıq ödədiyi pulun mənzilin faktiki mövcud olan sahəsinə, yəni çıxarışda göstərilən kvadrata uyğun yenidən hesablayıb, artıq ödədiyi 23.540 manat geri qaytarılması üçün cavabdehə göndərdikləri pretenziyaya heç bir münasibət bildirilməyib. Bu qeyd edilən hal isə mülki qanunvericiliyə əsasən əsassız varlanma hesab edilir. İddianın dəqiqləşdirilməsi barədə ərizədə mənzilin sahəsinin 103,8 kv.metr olduğu göstərilmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyana görə 23.540 manatın iddiaçının xeyrinə tutulması; qalan hissədə iddianın təmin olunmaması; ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh MMC-dən alınaraq Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ilə cavabdehdən vurulmuş maddi ziyana görə əlavə 2.354 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), R.Həsənov və İ.Şirinov) 2(103)-445/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi və 26 iyul 2022-ci il tarixli əlavə qətnaməsi ləğv edilm iş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən ünvan 124 nömrəli evin 41 nömrəli (yeni qaydalarla AZ1096 ünvan 124, M9, m5) mənzilin az olan 22 kv.m. sahəsinin əvəzinə 23.540 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 07 mart 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, ancaq müqavilənin məzmunundakı şərtlər daha çox podrat münasibətlərinin elementlərini ö zündə əks etdirir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini qüsurla icra etmiş, buna baxmayaraq nə bu qüsuru aradan qaldırır, nədə onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini iddiaçıya ödəmir, bundan yayınmağa çalışdığı üçün də iddiaçı hazırki iddianı irəli sürmüşdür.... Şikayətin birinci dəlili ilə bağlı qeyd olunur ki, iddiaçının iradəsinə uyğun müqavilə bağlaması və öhdəliklərini müqavilə şərtlərinə uyğun tam icra etməsi işin mübahisələndirilməyən halıdır. Elə şikayətin bu dəlili ilə cavabdeh də bunu təsdiq edir. O başqa məsələ ki, cavabdeh müq avilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib yoxsa yox, əlbətdə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşürdü, ancaq sübut edə bilmir. Şikayətin ikinci dəlili ilə bağlı qeyd olunur ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa həmin şərtlərin müqaviləyə daxil edilməsində cavabdehə hər hansı bir maneə yox idi. Çünki, tərəflər arasında onsuzda mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Layihədə nəzərdə tutulan divaraltı sahələrin ümumi sahəyə daxil edilməsi barədə şərt isə müqavilədə əksini tapmamışdır. Əksinə mənzil qeydiyyata alınarkən sanuzel, eyvan(balkon azalma əmsalı tətbiq edilməklə) nəzərə alınmışdır. Layihədə nəzərdə tutulan divaraltı sahələrin ümumi sahəyə daxil edilməli olması isə qanunvericilikdə də nəzərdə tutulmadığından nəzərə alına bilməzdi. Cavabdeh öz xeyrinə hansısa şərti müqaviləyə daxil edilməsini istəyirdisə bunu iddiaçı ona deyil, o, iddiaçıya təklif etməli idi. Şikayətin üçüncü dəlili ilə bağlı qeyd olunur ki, müvafiq vergi orqanları ilə hesablaşmalar aparan zaman divaraltı sahələr də daxil olmaqla ümumi sahənin ölçülərinə uyğun qiymətlər hesablanması, vergi orqanı tərəfindən divaraltı sahələrin vergiyə cəlb olunaraq müvafiq vergi ödənişləri tələb etməsi və cavabdehin həmin vergi öhdəliklərini yerinə yetirməsi həqiqi olsa belə bu hal iddianın əsassızlığına dəlalət etmir. Çünki, cavabdeh özünün vergi öhdəlikl ərini iddiaçının hesabına yaxud müqavilədən irəli gələn öhdəliklərini qüsurla icra etməsi nəticəsində ona zərər vurmaqla yerinə yetirməməlidir. Şikayətin dördüncü dəlili ilə bağlı qeyd olunur ki, hazırki iddia müqavilənin ləğv edilməsinə yaxud etibarsız hesab olunduğuna görə irəli sürülməmişdir. Cavabdeh tərəf müqavilənin özü tərəfindən icra olunduğunu düşünə bilər. Ancaq iddiaçıdan fərqli olaraq cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, yəni işi qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür. Ona görə də iddiaçı cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb edir. Qüsurla icra olunmuş müqavilə üzrə müəyyən miqdarda pulun qaytarılmasının qanuni hesab olunması üçün müqavilənin hansısa bir hissəsinin qanuni quvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmasına yaxud ləğv edilməsinə, eləcə də cavabdehə qarşı bu cür tələblər irəli sürülməsinə isə ehtiyac və zərurət yoxdur. Hazırki tələbin Mülki Məcəllənin 424.4-cü maddəsi ilə bağlılığı olmadığından qeyd olunan norma da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şikayətin növbəti dəlilində Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinə istinad edilsə də həmi n normaların tələbləri əslində cavabdehin şikayətinin açıq-aşkar əsassız olduğunu təsdiq etmiş olur. Çünki, həmin qaydalarda tikinti obyektinin(mənzilin) sahəsinin və həcminin hesablanması qaydasının tələbləri tam nəzərə alınsaydı cavabdeh qüsura görə iddiaçıya daha artıq vəsait ödəməli olardı. Ancaq hazırkı işdə ekspertiza qarşısında qoyulan sual da məhz qeyd ounan qanunvericilik aktlarının tələblərinə uyğun qoyulmuş və həmin hesablanma qaydasına uyğun da ekspert tərəfindən mənzilin sahəsi hesablanmış, eləcə də bu hesablanma qaydası müqavilə şərtlərinə də tam uyğun olmuşdur. Şikayətin növbəti dəlilində Ali Məhkəmənin icraatında olmuş digər bu tipli işlərdə məhkəmənin mövqeyini cavabdeh tərəf təhrif etmişdir. Çünki, hazırki iş üzrə gəlinən nəticə də Ali Məhkəmənin icraatında olmuş mübahisə lər üzrə mövcud məhkəmə praktikasına uyğun olmuşdur.”

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 397, 399, 425, 442, 443, 762, 764, 765, 766-cı maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin 23.540 manat tutularaq iddiaçıya ödənilməsi hissəsində azaldılaraq, 11.663 manat hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayətinin d əlillərinə görə, sahələrin fərqli olması mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır ki, məhkəmə qətnamə qəbul edərkən Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 17. “İnsan h üquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 2 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onu n iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə 59.2. Yaşayış binalarında m ənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

20. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

21. Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməy ə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. K assasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə həmin hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, eyni dəlillərə apellyasiya instansiyası məh kəməsinin qətnaməsində (§28) hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-445/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar