Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2646/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (S.R.Mustafayeva, iş № 2(006)-5220/2019) İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı iddiası tə min edilmiş, iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi: X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev, iş № 2(103)-1024/2019) ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, l əğv prosesində olan Cavabdeh1 ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin Cavabdeh1 ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmamış, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, həmin müqavilələr üzrə ekspertiza aparılmaqla, ümumiyyətlə, araşdırma aparılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. xx xxxxxxx 2011-ci il tarixdə Cavabdeh1 ASC tərəfindən İddiaçı 5.000 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanılmışdı r. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə həmin müqavilə üzrə xx xxxxxxx 2011-ci il tarixli xəzinə məxaric orderində alanın imzası qrafasındakı və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. İddiaçı hazırda həmin hökmə əsaslanaraq göstərilən müqavilə üzrə borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərək, iddianın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh qarşısında hər hansı borc öhdəliyinin olmaması faktı iş materiallarında ol an sübutlarla öz təsdiqini tapsa da, həmin borc iddiaçının adına qalmaqda davam etdiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin nümayəndəsi həmin qətnamədən veridyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsindən məlumatı olmamasını bildirsə də, sonuncuya 2011-ci ildən hökm çıxarılana qədər olan müddət ərzində dəfələrlə müqavilə öhdəliklərinin yerinə yetirməsi ilə bağlı yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin o öhdəliklərinin icrasından yayınmışdır. Apellyasiya şikayətini təmin etməməklə qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsini imzalanmaması və bankdan kredit almaması qanuni qüvvəyə minmiş hökmlə təsdiqləndiyindən birinci insta nsiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün olaraq, iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC-də borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin ləğv prosesində olan "Cavabdeh1" ASC-yə həvalə edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı borcunun olmaması barədə məlumatın müvafiq quruma verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbini onunla əsaslandırır ki, onun adından, lakin onun xəbəri və icazəsi olmadan xx xxxxxxx 2011-ci il tarixdə krediti müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə ödəniş cədvəlinin, eyni zamanda xəzinə məxaric orderinin onun tərəfindən imzalanmaması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Mül ki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsa sən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı mübahisə üzrə borcunun olmaması barədə məlumatınAzərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi qeyd edilən normada nəzərdə tutulmuş məqsədləri əhatə etmir. Digər tərəfdən, mülki qanunvericilikdə belə bir məzmunda iddianın irəli sürülməsi ümumiyyətlə müəyyən olunmamışdır. Mülki və mülki prosessual qanunvericilikdə iddia icraatı qaydasında baxılması mümkün olan tələblər müəyyən edilmişdir və həmin tələblər xarakter etibarı ilə konkret və dəqiq olmalıdır. Borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələb müstəqil tələb olmamaqla yanaşı, konkretlik və dəqiqlik şərtlərinə cavab vermir, həm də mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Bununla bərabər, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsas hesab edilə bilən hallar olmaqla, iddiaçı həmin əqdin etibarsızlığını ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh iddiaçıya qarşı hər hansı borc tələbi irəli sürməmişdir. Bu halda, iddiaçının onun adına rəsmiləşdirilmiş və etibarlılığı mübahisələndirilməyən müqavilə üzrə borc mövcud olduğu halda, həmin borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbinin mü stəqil iddia kimi məhkəmə araşdırmasının predmeti olması yolverilməzdir. Lakin, apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasının düzgün müəyyən etməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessu al hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2646/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2646/2020
06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver