Məhkəmə qərarları › İş №2(102)-2723/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2723/2024

12.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2723/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1-ə qarşı “torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması, həmçinin nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 v ə Cavabdeh1 qarşı “torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-155/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 12 iyul 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429 N saylı torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli evdən (mübahisəli torpaq sahəsi və tikili ) məcburi qaydada çıxarılmalarına, torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 manat olmaqla, mart 2021-ci il tarixindən sentyabr 2021-ci il tarixinədək 7 ay üçün cəmi 3.500 manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-169/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi təmin edilərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli evdən (tikilidən) çıxarılmaları qət edilmişdir. Apelly asiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-155/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pul vəsaitinin cavabdehlərdən tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza va sitələrindən istifadə edilir.

8. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

9. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

10. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınm ası ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

12. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

13. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

14. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

16. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407- ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin M PM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

19. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalansa da, Cavabdeh2 özü tərəfindən elektron qaydada imzalanmamış, habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.

20. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

22. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabde h2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-155/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar