Məhkəmə qərarları › İş №2(102)-2782/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2782/2022

29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2782/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikili, mülkiyyət hüququna qanuni gözlənti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-818/2022 nömrəli m ülki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ailə üzvləri ilə birlikdə daşınmaz əmlak kimi dövlət qeydiyyata alınmamış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 45 “b” saylı evdə (bundan sonra – mübahisəli ev) pasport qeydiyyatında olmaqla yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə mülkiyyət hüququ tanınaraq, adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildə mübahisəli evin inşasını başa çatdıraraq, həmin vaxtdan ailə üzvləri ilə birlikdə daimi pasport qeydiyyatında olmaqla orada yaşayır. Kommunal xərcləri vaxtı-vaxtında ödəməklə evdən açıq, fasiləsiz, vicdanla və etirazsız istifadə edir. Ev memarlıq baxımından da mümkündür və digər binalara, qurğulara, kommunikasiya xətlərinə heç bir maneçilik törətmir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2-435/2005 nömrəli iş üzrə 04 fevral 2005-ci il tarixli qətnaməsi ilə (hakim A.Əbilhəsənov) iddia təmin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi müəyyən etmışdir ki, iddiaçı 1994-cü ildə mübahisəli evi tikib başa çatdırmış, həmin vaxtdan ailə üzvləri ilə birlikdə köçüb orada yaşamağa başlamış, həmçinin pasport qeydiyyatına alınmışdır. Yaşadığı müddət ərzində evi əsaslı təmir etdirmiş, oradan açıq, fasiləsiz və vicdanla, etirazsız istifadə etmiş, kommunal xidmət haqqını vaxtı-vaxtında ödəmişdir. Odur ki, qeyd olunanlara əsasən, iddiaçının mübahisəli evə mülkiyyət hüququ tanınaraq, adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh (hüquq varisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi) apellyasiya şikayəti verərək, birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etməmiş və qətnaməni əsaslandırmamışdır. İddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmiş, eyni zamanda fərdi yaşayış evinin 7 mərtəbəli yaşayış binasından 5 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divarın hündürlüyünün 0,6 hissəsi, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divarın hündürlüyünün 0,3 hissəsi qəbul olunur.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-818/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

9. Apellyasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

10. Əvvəla, iddia tələbinin faktiki əsasının (faktiki halların) hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşması müəyyən edilmir, birinci instans iya məhkəməsi də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) hər hansı maddəsinə istinad etməmiş, yaxud hər hansı bir normanın iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməsinin mümkünlüyü barədə heç bir arqument göstərməmişdir.

11. İkincisi, iddiaçı iddia etdiyi ünvanda yerləşən torpaq sahəsinin onun icarəsində və ya istifadəsində olmasına, eləcə də həmin torpaq sahəsinin hansısa hüquqla ona məxsus olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu cür iddia irəli sürməmişdən əvvəl bu məsələləri aydınlaşdırmalı idi.

12. Üçüncüsü, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iddiaçı mübahisəli evin yerləşdiyi torpaq sahəsinin n əinki mülkiyyətində olmasına, hətta hansısa hüquqla ona məxsusluğuna dair heç bir sübut təqdim etməmişdir.

13. Dördüncüsü, iddiaçının mübahisəli ünvandakı torpaq sahəsinə və üzərində yerləşən evə fasiləsiz və etirazsız uzun müddət ərzində sahiblik etməsi, həmin ünvana kommunikasiya xətlərinin çəkilməsi, iddiaçının və ailə üzvlərinin evə qeydə alınması iddianın əsaslı olmasına dəlalət etmir və daşınmaz əmlak üzərində avtomatik olaraq mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Çünki bunun üçün qanunda nəzərdə tutulan şərtlər olmalıdır. Əks halda, hansısa şəxsə, yaxud orqana məxsus torpağı zəbt etmiş və üzərində özbaşına tikili inşa etmiş istənilən şəxs bu cür vəziyyətdə iddia ilə məhkəməyə müraciət edib, mülkiyyət hüququnun tanınmasına nail olmağa çalışardı ki, bu da açıq-aşkar arzu olunmaz vəziyyətin yaranmasına səbəb ola bilərdi.

14. Göstərilənlərdən əlavə, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda, qanuna riayət edilmədən yaranan münasibətlərin mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər.

15. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 55, 66.2, 67, 68-ci və Mülki Məcəllənin 180.1, 180.2, 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə hüquqi yanaşması qanunsuz olmuşdur. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin reyestrdən çıxarışı, plan və ölçü sənədi olmasa da, məcburi köçkün düşən zaman dövlətin razılığı ilə 1994-cü il də iddiaçıya ayrılmış və sonuncu həmin sahədə ev inşa edərək, ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamış, pasport qeydiyyatında alınmış, uzun müddət və mübahisəsiz sahiblik etmişdir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur

22. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Torpaq Məcəlləsi

23. Maddə

55. Hüquqi və fiziki şəxslərin t orpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

24. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

25. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestr ində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

26. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

35. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləyə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

36. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar.

37. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir.

38. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında Məhkəmə d ə Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140).

39. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinad la daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

40. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni g özləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103).

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-818/2022 nömrəli mü lki iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar