Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2845/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-798/2025 nömrəli iş üzrə 07 avqust 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) 2(050)-94/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evində olan otağa vurulmuş qıfıl açılması, həmin evdən Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalar çıxarılması, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin Masallı Rayon Məhkəməsinin 2(050)-94/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Aytən Novruzova (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Mirlətif Sadıqov) 2(106)-798/2025 nömrəli, 21 may 2025ci il tarixli qətnaməsi ilə Cavab deh apellyasiya şikayəti təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)-94/2025 nömrəli, 28 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması və cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılması” tələbinə dair iddianın təmin olunmaması, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti həmin məhkəmənin 07 avqust 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2025-ci il tarixli qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 27 may 2025-ci il tarixdə yerləşdirilməklə ona təqdim olunmuş hesab olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili isə kassasiya şikayətini 06 avqust 2025-ci il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir.
7. Həmçinin qeyd edilmişdir ki, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, həmin müddət ötürülərək elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda, kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2025-ci il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərini pozmuşdur.Belə ki, mübahisələndirilən qətnamənin surəti rabitə orqanı vasitəsi ilə iddiaçıya təqdim olunmuş, sonuncunun elektron kabineti olmamış və heç vaxt istifadə etməmişdir. Məhkəmə kollegiyası tərəfindən 27 may 2025-ci il tarixdə mübahisələndirilən qətnamənin iddiaçının vəkili və nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilməsi qeyd edilsə də, lak in nəzərə alınmamışdır ki, apelyasiya məhkəmə iclasında iddiaçının nə özü, nə də vəkili iştirak etməmişlər, onun iddiaçının yalnız birinci instansiya məhkəməsində vəkili olmuş, apellyasiya məhkəməsində iddiaçı ilə müqavilə bağlamamışdır. Belə olan halda, onun elektron kabinetinə qətnamənin yerləşdirilməsi ilə müddətin axımına başlana bilməz, müddətin axımı poçt vasitəsi ilə çatdırılma anından hesablanmalıdır. Həmçinin apellyasiya instansiya məhkəməsində vəkil qismində iştirak etmədiyi halda mübahisələndirilən qətnamənin ona təqdim olunması qanuni deyildir. Qeyd edilənlərə əsasən prosessual müddət ötürülməmiş və bu səbəbdən müddətin bərpası barədə ərizə verilməsinə zərurət yoxdur.
10. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10, 130, 407-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşa ğıdakı müddətlərdə verilə bilər:
16. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
22. Azərbaycan Respublikası Konstitusiyasına əsasə n insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalə t mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.
23. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən m üvafiq olaraq 2 ay müddətində verilməsi müəyyən olunur.
24. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə qətnamə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.
25. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini d üşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.
26. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və bildirir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 21 may 2025-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili olan elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 27 may 2024-cü il tarixdə yerləşdirildiyi andan ona rəsmi qaydada təqdim edilmiş sayılır. Kassasiya şikayəti isə xx.xx.2025-ci ildə verildiyi üçün müddət ötürülməklə verilmiş hesab olunur.
27. İddiaçı kassasiya şikayətində göstərir ki, etibarnamə vermiş olduğu nümayəndəsi vəkili olan şəxs apellyasiya icraatında iştirak etməmiş, ona görə həmin şəxsin kabinetinə yerləşdirilmiş qətnamə ona çatdırılmış qətnamə hesab oluna bilməz. Lakin qeyd edilməlidir ki, həmin vəkil, nümayəndə eyni zamanda kassasiya şikayətini imzalayan şəxs olmaqla etibarnamənin ləğv edilməsinə dair işdə hər hansı məlumat yoxdur. Belə olan halda qətnamənin surətinin iddiaçıya çatdırılması tarixini müddətin axımının başlanma anı kimi qəbul olunması yolverilməzdir.
28. Odur ki, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir. Bu hallar da prosessual müddətin iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.
29. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-798/2025 nömrəli iş üzrə 07 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.