Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2856/2023 21.06.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6973/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakı qərardadı qəbul etdi. a) İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(008)3778/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı 2000 manat maddi, 5000 manat mənəvi zərərin tutulması barədə iddiası təmin edilməmişdir.
2. İddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(1 03)-6973/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
3. İddiaçı kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)6973/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin 5000 manatdan az olması əsası ilə qeyri-mümkün hesab edilmiş və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
5. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra barəsində kassasiya şikayəti verilən qətnaməni qəbul etmiş məhkəmə tərkibində sədrlik edən hakim tərəfindən arayışla kassasiya şikayəti yenidən Ali Məhkəməyə göndərilmişdir.
6. Arayışda qeyd edilib ki, iddia ərizəsində maddi zərərin əvəzi kimi 2000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat tələb edilib, iddia rədd olunub. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Mübahisələndirilən hissədə iddianın qiyməti 7000 manat olduğuna görə kassasiya şikayəti verilə bilər. b)Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiyanın mümkünlüyünü yoxlayaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edir.
8. İşdən görünür ki, iddiaçının kassasiya şikayəti Ali Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə MPM-nin 402.1-ci maddəsinə əsasən qaytarılmışdır.
9. MPM-nin 408.1.1-ci maddəsinə əsasən, k assasiya şikayəti bu Məcəllənin 402-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
10. Hətta kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı halda bu qərardaddan şikayət verilməsi imkanı Mülki Prosessual Məcəllənin 402.2.2-ci maddəsində istisna edilmişdir.
11. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Ali Məhkəmənin kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardadı qətidir və burada əks etdirilmiş göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən birmənalı şəkildə icra edilməlidir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin qeyrimümkünlüyü nə dair Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında şikayətin geri qaytarılması barədə birbaşa və açıq göstəriş verildiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin şikayəti müvafiq tərəfə qaytarmağa borclu olmuşdur.
13. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayəti kassatora qaytarmaq əvəzinə, Ali Məhkəmənin məcburi göstərişini icra etməkdən imtina edərək, heç bir prosessual-hüquqi hüquqi əhəmiyyət daşımayan arayışla kassasiya şikayətini təkrarən Ali Məhkəməyə geri qaytarmaqla Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinin tələbini pozmuşdur.
14. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2357/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadının icra edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 408.1.1 və 404-1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2357/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərardadının icra edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.