Məhkəmə qərarları › İş №2(102)-2902/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2902/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2902/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi, sağlamlığa vurulmuş zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X9, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2270/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya sığorta şirkəti) ilə Cavabdeh2 arasında 02 fevral 2013-cü il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən, “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 02 fevral 2013 - 14 avqust 2013-cü il müddətində avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı verilmişdir. Cavabdeh1 21 aprel 2013-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, atası Cavabdeh2 məxsus “Opel Vectra” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Aşağı Tala kəndindən Zaqatala şəhər istiqamətində hərəkətdə olarkən Aşağı Tala kənd 2 saylı uşaq bağçasının qarşısında idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə yolun sol çiynindən sağ çiyni istiqamətində keçən piyadalar X4, X7 və X13 vurmuş, ehtiyatsızlıqdan XXXnın sağlamlığına az ağır xəsarət, XXXya yüngül xəsarət dəymişdir. Hadisə zamanı ağır xəsarət almış XXX yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən ölmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-073/2013 nömrəli iş üzrə 26 avqust 2013cü il tarixli hökmünə əsasən, Cavabdeh1, XXXnın sağ bud sü müyünün iç kandilusunun yerdəyişməyən sınığı, sağ diz oynağının hemartrozu ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmaqla, dərəcəsinə görə həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərərvurma ilə nəticələnən bədən xəsarətləri almasına, XXXnın hər iki yuxarı və aşağı ətraflarındakı qançırlar və sağ baldırında sıyrılmış yara xəsarətləri almaqla sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, başının təpə nahiyəsində əzilmiş-cırılmış yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, döş qəfəsində sağda İ-İİ qabırğaların sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran, kəllə sümüklərinin kəllə əsasına ke çən sınığı, baş beyində və beyin kötüyündə ağır dərəcəli əzilmə, ödəm ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla XXXnın ölümünə səbəb olan cinayət hadisəsini törətməkdə təqsirli bilinib, məhkum olunmuşdur. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya X1 məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə 143 nömrəli ekspert rəyinə əsasən, sonuncuda müəyyən edilmiş xəsarətlər - burnunda və sağ əlində sıyrıqlar, sol bud və baldırı əhatə edən əzik - bərk küt əşyanın və ya əşyaya dəyməsi təsirindən əmələ gəlib, 21.04.2013-cü il tarixdə onun piyada olduğu zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində yetirilmiş, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 21 iyun 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığına əsasən, sığorta şirkəti tərəfindən “xxxx” ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019 nömrəli Sığorta Aktına əsasən X11 vərəsələri olan X15 və X8 nümayəndəsi X12 5000 manat ödənilmişdir. 21 iyun 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığına əsasən, sığorta şirkəti tərəfindən “xxxx” ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019-2 nömrəli Sığorta Aktına əsasən X3 nümayəndəsi X12 1500 manat ödənilmişdir. 21 iyun 2019-cu il tarixli 005 XOH********** nömrəli ödəniş tapşırığına əsasən, sığorta şirkəti tərəfindən “xxxx” ASC vasitəsi ilə 1515/FQ/CML-1070/2013-2019-1 nömrəli Sığorta Aktına əsasən X6 nümayəndəsi X12 750 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkən X11 hüquqi varisinin bank hesabına 5000 manat məbləğində, zərərçəkən X3 bank hesabına sağlamlığa vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i 1500 manat məbləğində, zərərçəkən X6 bank hesabına sağlamlığa vurulan yüngül xəsarətə görə sığorta məbləğinin 15%-i 750 manat məbləğində, ödənilmiş cəmi 7250 manat sığorta ödənişinin və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin qəsdən törətdikləri əmələ görə, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan sığorta olunan avtomobil idarə olunaraq hadisə baş verdiyi üçün, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcbari sığortalar haqqında” Qanun) 25.1-ci maddəsinə əsasən iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında ziyanın ödənilməsi hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, hadisə zamanı zərərçəkmişlərə dəymiş bütün zərər onun tərəfindən ödənilmişdir. Yenidən sığorta şirkəti tərəfindən zərərçəkənlərə verilən pul vəsaitinin ondan tələb edilməsi qanuni deyil. Çünki zərərçəkmişlərə bütün xərcləri onlar ödəmişlər. Bu səbəbdən, iddianın rədd olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-672/ 2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 7250 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 7280 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığorta şirkəti zərərçəkənlərə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində ona keçmişdir və ona görə də, iddia dəymiş zərər həddində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxslərə ödənilən 7250 manat sığorta ödənişi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 8 83.1, 922.1, 936.1, 936.2, 936.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü, “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 6.8, 13.1, 13.2, 13.3, 14.1.1, 14.2, 14.2.1, 14.2.4, 14.2.5, 19.2, 25.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2270/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 883.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü, “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 6.8, 13.1, 13.2, 13.3, 14.1.1, 14.2, 14.2.1, 14.2.4, 14.2.5, 19.2, 25.1.3, 63.1, 63.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birtərəfli, yarımçıq məhkəmə araşdırması nəticəsində qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehlərə öz fikirlərini bildirmək üçün şərait yaratmamışdır. Cavabdehlər şifahi olaraq məhkəmədən zərərçəkmişlərin şahid qismində dindirilməsini xahiş etsələr də, məhkəm ə onların xahişinə əhəmiyyət verməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, hadisə 21.04.2013-cü il tarixdə baş versə də, sığorta ödənişləri 20 iyun 2019-cu il tarixdə tərtib edilmiş aktlar əsasında zərərçəkmişlərin nümayəndəsinə ödənilmişdir. Zərərçəkmişlərin deməsinə görə, həmin məbləğlər onlara ödənilməmişdir. Lakin məhkəmə həmin faktı araşdırmamışdır. Bundan başqa, məhkəmə ödənişin hansı səbəbdən hadisədən 6 il sonra edildiyini də araşdırmamışdır. Kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, zərəçəkmişlərə dəyən ziyan tam şəkildə cavabdehlər tərəfindən ödənilmişdir. Cavabdehlər zərərçəkmişlərə dəyən bütün ziyanı ödədiklərinə görə, sonuncular onlara qarşı məhkəməyə qədər istintaq dövründə və məhkəmə istintaqı zamanı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Sığorta şirkət i qanunla müəyyən olunmuş vaxt ərzində öz üzərinə düşən öhdəlikləri həyata keçirməmiş və cavabdehləri əlavə maddi məsuliyyət qarşısında qoymuşdur. Sığortaçının sığorta hadisəsi baş verdikdən 6 il sonra faydalanan şəxslərə sığorta ödənişlərinin edilməsi tamamilə qanunsuzdur və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu, cavabdehləri ikiqat maddi məsuliyyət qarşısında qoymuş və lazımsız yerə onların vəziyyətini daha da ağırlaşdırmışdır. Bundan başqa, zərərçəkmiş şəxslərin nümayəndəsi kimi çıxış edən və ödənişləri qəbul edən şəxs X10 onlarla hər hansı qohumluq əlaqəsi yoxdur. Belə olan halda zərərçəkmiş şəxsləri aldatma və iddiaçının subroqasiya hüququndan sui-istifadə etməsi faktı vardır. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 127-ci, Mül ki Məcəllənin 16.1, 560.1, 560.2, 560.3, 923.4, 936.4, MPM-in 9.1, 9.2, 9.3, 14.1, 88-ci, “İcbari sığortalar haqqında” Qanunun 13.5, 18.1, 23-cü maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorların vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüq uqu pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığor taçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin ic bari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir (maddələr 6.1-6.2). Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir (maddə 6.8). İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır (maddə 13.1). Şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza s ığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir (maddə 14.1.1). Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz (maddələr 14.2 və 14.2.1). Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz (maddələr 14.2 və 14.2.4). Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsi n sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin yüngül xəsarət alması– 15 faiz nisbətlərində ödənilir (maddələr. 14.2 və 14.2.5). Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir (maddə18.1). Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir (maddə 19.1). Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir (maddə 19.2). İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığort alının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3). Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər (maddə 25.2). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 19-cu maddəsinə müvafiq olaraq, sığortaçı üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan, habelə sığorta hadisəs inin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq bu Qanunda nəzərdə tutulmuş qaydada ödəməlidir. Bu baxımdan qanunun tələbinə görə şəxsin sağlamlığına zərər vurulmasına dair sığorta ödənişləri zamanı zərərvuran şəxs tərəfindən edilmiş ödənişlər nəzərə alına bilməz. “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə görə tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçının sığorta ödənişini vermək öhdəliyi yaranır. Eyni zamanda icbari sığorta qanunvericiliyində sığortaçı tərəfindən sığorta ödənişinin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi təqsirli şəxslərə qarşı subroqasiya hüququndan istifadə etməyə mane olan hal kimi müəyyən edilməmiş və subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı kəsici müddət və ya qısaldılmış iddia müddəti müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassator şikayətində şahidlərin dindirilməsi barədə vəsatətinin təmin olunmadığını bildirsə də iş materiallarında cavabdeh tərəfin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şahidin dindirilməsi barədə vəsatət verdiyi barədə məlumat (sübut) yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2270/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar