Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2911/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, əmlakda payların bərabər bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2464/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X3 ilə xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.1996-cı il tarixdə bağlanmış nikah pozulmuşdur.
2. Kooperativ Binada Mənzil Tikintisi haqqında 115 nömrəli, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5D-ə dair "xxxx" MTK ilə Cavabdeh arasında müqavilə bağlanmış, ümumi sahəsi 86,64 kv.m. olan mənzilin qiyməti kv.metrinin dəyəri 400 ABŞ dolları həcmində qiymətləndirilməklə, 34656 ABŞ dolları təşkil etmişdir. 3. “X17 və Ekspertiza Mərkə zi” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5D-də yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilin təmirinə çəkilmiş vəsait təqribən 31349 manat, mənzilin orta bazar dəyəri təqribən 130000 manat, mənzildə yerləşən və fotoşəkillərdə əks olunmuş mebellərin, məişət avadanlıqlarının və əşyalarının ümumi dəyəri təqribən 7455 manat, 2011-ci il buraxılışlı **-LP-*** dövlət nömrə nişanlı, (mühərrik 2.4 L/160 a.g./Benzin) “Mitsubishi Galant” markalı avtomobilin orta bazar dəyəri təqribən 17500 manat təşkil etmişdir.
4. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3xx-xx/257147/2023 nömrəli məktubuna əsasən “Mitsubishi Galant” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı (yeni qaydalarla: ünvan 2 ünvanındakı 2 saylı mənzilin) mənzilin (bundan sonra – mübahisəli mənzil) orta bazar dəyəri olan 130.000 manat olan əmlakın 1/2 hissəsinə payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, 2011-ci il buraxılışlı, **-LP-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Galant” markalı (bundan sonra – mübahisəli avtomobil) orta bazar dəyəri olan 17500 manat olan avtomobilə 1/2 hissəsinə payının müəyyən edilməsi, birgə nikah dövründə qazandıqları mübahisəli mənzilə köçürülməsi, mübahisəli mənzildə yerləşən, ümumi dəyəri olan 7455 manat olan, mətbəx mebeli - (4,0x0,70) - 1000 manat, televizor (“Samsung” markalı 54 diaqonal ölçülü) 1 ədəd - 200 manat, televizor (“Samsung” markalı 102 diaqonal ölçülü) 1 ədəd - 350 manat, soyuducu (“Samsung” markalı) 1 ədəd - 300 manat, soyuducu (“İndesit” markalı) 1 ədəd - 300 manat, stol-stul dəst (mətbəx mebelinin, 1 stol 4 stul) - 1 ədəd - 250 manat, çilçıraq (Türkiyə istehsalı) - 4 ədəd - 480 manat, xalça (3x2, 2x1.5, 4x3, 5 ədəd 1,2x1,0 ölçülü) 27 kv.m - 675 manat, uşaq üçün yataq mebeli (güzgülü termo) 1 ədəd - 150 manat, uşaq üçün yataq mebeli (şifoner) 1 ədəd - 200 manat, uşaq üçün yataq mebe li (pufik) 1 ədəd - 30 manat, uşaq üçün yataq mebeli (yazı stolu) 1 ədəd - 100 manat, uşaq üçün yataq mebeli (çarpayı) 2 ədəd - 240 manat, dolab (4x3 ölçüdə güzgülü) 1 ədəd - 200 manat, yataq otağı mebeli (taxt çarpayı) 1 ədəd - 250 manat, yataq otağı mebeli (güzgülü termo) 1 ədəd - 100 manat, yataq otağı mebeli (şifoner) 1 ədəd - 170 manat, yataq otağı mebeli (pufik) 1 ədəd - 30 manat, yataq otağı mebeli (pərdə) 1 ədəd - 150 manat, qonaq otağı mebel dəsti (divan) 1 ədəd - 250 manat, qonaq otağı mebel dəsti (kreslo) 3 ədəd - 210 manat, qonaq otağı mebel dəsti (jurnal stolu) 1 ədəd - 50 manat, qonaq otağı mebel dəsti (termo) 1 ədəd - 100 manat, qonaq otağı mebel dəsti (stol 6 ədəd stul ilə birlikdə) 1 ədəd - 400 manat, qonaq otağı mebel dəsti (televizor üçün divar rəfi) 1 ədəd - 90 manat, qonaq otağı mebel dəsti (servant) 1 ədəd - 180 manat, kondisioner (“Samsung”) 1 ədəd - 350 manat, qonaq otağı mebel dəsti (açılıb-yığılan divan) 1 ədəd - 250 manat, televizor (1997-ci il istehsalı) 1 ədəd - 50 manat, yemək dəsti (qab-qacaqlar) - 400 manat, ümumi dəyəri cəmi 7455 manat olan əmlakların (mebellər, məişət avadanlıqları və əşyalar) bölünməsi, mediasiya üçün ödənilmiş 50 manat, müvəqqəti təminat tədbiri üçün ödənilmiş cəmi 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi ümumilikdə 110 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birgə nikah dövründə cavabdehin adına alın mış mübahisəli mənzil cavabdeh tərəfindən özəlləşdirilmiş və bu barədə xx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. Bundan başqa, cavabdehlə birgə nikah dövründə mübahisəli avtomobili almışlar. Hazırda cavabdehlə birgə nikah dövründə əldə edilən daşınar və daşınmaz əmlakların, məişət avadanlıqların aralarında 1/2 hissədə paylara bölünməsi barədə iddia tələbi irəli sürmək qərarına gəlmişdir. Qeyd edilən əmlakları, məişət avadanlıqlarını qiymətləndirmək üçün "X17 və Ekspertiza Mərkəzi” MMC-yə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Cavabdeh hal-hazırda birgə nikah dövründə əldə etdikləri mənzilin qapısının qıfılını dəyişərək, ona həmin mənzilə gəlib yaşamağa maneələr törədmişdir. Ona məxsus bütün geyimlər, əşyalar və əmlaklar həmin mənzildə qalmışdır. Cavabdeh tanışlarına bildirmişdir ki, onu evə buraxmayacaq. İddiaçı ağır ürək xəstəsidir, hazırda açıq ürək əməliyyatı keçirmişdir və qalmağa başqa yaşayış yeri də olmamışdır. Eyni zamanda məhkəmədən mübahisəli mənzilə köçürülməyini də xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə ailə həyatı qurduqdan sonra iddiaçının digər ailə üzvlərinin də yaşadığı mənzilə gəlin köçmüşdür. Bir müddət iddiaçının ailə üzvləri ilə birgə yaşasalar da, sonradan ailə daxili məsələlərlə əlaqədar cavabdeh həmin mənzildən çıxmışdır. Həmin ərəfədə cavabdeh iddiaçı ilə nikah münasibətlərinə son qoymaq istəsə də, ailəsinin təkidi ilə fikrindən yayınmışdır. Bu səbəbdən də 2006-cı ildə hazırkı iş üzrə cavabdehə anası X4 maddi yardım göstərməklə e v almaq üçün pul vermişdir. Həmin pul ilə də cavabdeh hazırda mübahisələndirilən evi almışdır. Hətta cavabdeh həmin pulu anasından qəbul etməyini təsdiq edən tərəflər arasında yazılı əqd də olmuşdur. İddia ərizəsində mübahisələndirilən evin alınmasında, təmir işlərində, həmçinin mübahisələndirilən avtomobilin alınması üçün vəsaiti hazırkı iş üzrə cavabdehə qardaşı X5 hədiyyə şəklində vermişdir. Mübahisələndirilən mənzilin təmirini cavabdehin əvvəllər çalışdığı Fövqəladə Hallar Nazirliyinin tikinti briqadası iştirak etmişdir. Həmin briqadaya X7 rəhbərlik etmişdir. X2 rəhbərlik etdiyi briqada mübahisələndirilən mənzilin təmiri üçün heç bir vəsait almamışdır. Mübahisələndirilən mənzilin təmir xərclərini cavabdeh şəxsin əvvəllər çalışdığı Fövqəladə Hallar Nazirliyinin rəhbəri tərəfindən maddi yardım kimi təqdim edilməsi ilə bağlı olmuşdur. Qeyd olunan fakt həmin qurumda çalışmış Muradov Mübarizin iştirakı ilə baş vermişdir. Evdə olan mebel əşyaları nümayəndəsi və vəkili olduğu şəxsin işlə bağlı tanıdığı X16 tərəfindən təmənnasız olaraq hazırlanıb hədiyyə şəkilində ona vermişdir. İddiaçı mübahisələndirilən əmlakların birgə vəsait hesabına alınmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə irəli sürülmüş iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı qeyd olunan faktları təsdiqləyəcək heç bir sübut təqdim etməmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, cavabdehin evinin mebellərini yığmışdır, özü ustadır. 2015-ci ilin yay aylarında müdiriyyət tərəfindən cavabdehin evinə mebel yığma q üçün göndərilmişdir. Müdiriyyət ona tapşırıq vermişdir ki, orada işləsin. Müdirin adı Salmandır, o dedi ki, mebel yığmaq lazımdır. O, mebel pulu almamış, maaşa işləyir. Dəhliz, mətbəx, yataq, tv stend və termo qonaq otağı üçün mebel yığmışdır. Yataq otağında taxt, termo və şkaf yığmışdır. Fövqəladə Hallar Nazirliyində cavabdehin işlədiyini bilməmişdir. İddiaçını mebel təhvil verilən zaman görmüş, o onlara pul verməmişdir, müdir Zauru tanımamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o cavabdehin iş yoldaşıdır. Cavabdeh onun FHN-də iş yoldaşı olmuşdur. Cavabdeh audit vəzifəsində işləmişdir. Bir otaqda işləmişlər. Rəhbərlik tərəfindən 2015-ci ildə 15000 manat maddi yardım göstərilmişdir. Cavabdehə ona görə pul verilmişdir ki, təmir xərclərini q arşılasın. Onun maaşı 800 manat idi. Maddi yardıma ehtiyacı olanlar rəhbərliyə müraciət edir və onlara imkan daxilində kömək edirlər. Cavabdeh o vaxt kirayədə yaşamışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, FHNdə tikinti şöbəsində çalışmış, cavabdeh “Azərtrans” şirkətində onların auditi olmuşdur. 2013-cü ildən tanımışdır. Cavabdehin Yeni Günəşlidəki evində təmir işləri ilə məşğul olmuşdur. O, evdə elektrik və santexnik işləri görmüşdür. İdarənin müdiri Anar müəllim onu evə göndərmiş, 2015-ci ildə, pulsuz işləmişdir. Təmirdə, Bəxtiyar və köhnə sürücü iştirak etmişdir. Ev yaşayışa yararsız idi, yəni təmirə ehtiyacı var idi. Nə cavabdeh, nə də iddiaçı tərəfindən ona pul verilməmişdir. Maaş almış, təmirə görə pul almamışdır. O, şirkətdə qrup rəhbəri idi. Malları cavabdeh və qardaşı ilə birlikdə almışdır. Cavabdehin evində işləməyi onun vəzifələrinə zidd olmamışdır. Mebelləri Nəbi düzəltmiş, Bəxtiyar orada malyar işləmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır. 1996-cı il tarixdə ailə qurub, gəlin kimi qayınatanın evinə köçmüşdür. Qızına iddiaçı dəfələrlə işgəncələr vermişdir. O, ev alınması üçün 35000 ABŞ dolları məbləğində pulu qızına vermişdir. Əri 2004-cü il tarixdə dünyasını dəyişmişdir. İki oğlu var idi, onlar arasında mübahisə olmasın deyə pulu yazılı vermişdir. 2006-cı ildə evi almış və təmir işlərini qızının iş yoldaşları etmişdir. 35000 ABŞ dollarını hissə-hissə yığıb, qızına vermişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir k i, cavabdehin qardaşıdır. Bacısı 1996-cı ildə nikaha daxil olmuş, o isə həmin illərdə hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixdə bu günə kimi zavodda çalışmışdır. Avtomobili o almış və 2800-3000 manat xərc çəkmişdir. Adına şəhərdə 2 ev olmuş, heç vaxt dayancaqda işləməmişdir. Anasının vəsaiti hesabına 2006-cı il tarixdə ev alınmışdır. Bacısı boşanma ərəfəsində idi, ona görə ev alınmışdır ki, çöldə qalmasın. Həmin ərəfədə övladları dünyaya gəlmiş və iddiaçının evin alınmasında iştirakı olmamışdır. Ev 30000-35000 ABŞ dolları civarında alınmışdır. Təmirə 2015-ci il tarixdə başlanılmış, Ağahüseyn orada usta kimi çalışmışdır. Mebellər usta Nəbi tərəfindən quraşdırılmışdır. 2015-ci il tarixdə cavabdeh audit vəzifəsində çalışmışdır. Bacısı rayonlara ezam getdiyindən avtomobil ona alınmışdır.
13. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/8345 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli avtomobilin hazırkı vəziyyətdə qiyməti təxminən 17000 manat, ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların orta bazar qiymətləri təxminən 2200 manat müəyyən olunmuşdur.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-251/2024 nömrəli iş üzrə 8 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilərək, mübahisəli mənzilə iddiaçının payı ½ olmaqla, cavabdehin payı ½ olmaqla mülkiyyət hüququnun tanınması; mübahisəli avtomobilə iddiaçının payı ½ olmaqla, cavabdehin payı ½ olmaqla mülkiyyət hüq uqunun tanınması, iddiaçının mübahisəli mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikahda olduqları dövrdə mübahisəli mənzil və mübahisəli avtomobil cavabdehin adına alınmışdır. Bu hal işin mübahisələndirilməyən halı olmuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı qeyd olunan əmlakların tərəflərin birgə vəsait hesabına alınması və iddia ərizəsində göstərilən ev əşyalarının da birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına alınması məsələsi olmuşdur. Cavabdeh mübahisə obyekti olan mənzil və avtomobilin onun şəxsi, yəni ailəsi tərəfindən verilən vəsait hesabına alındığını bildirmiş və buna görə də sübutetmə yükü onun üzərinə düşmüşdür. Həmçinin yuxarıda adıçəkilən ev əşyalarının da birgə nikah dövründə və birgə vəsait hesabına alınmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşmüşdür.
17. Məhkəmə mübahisə obyekti olan mənzil və avtomobilinin tərəflərin birgə vəsaiti hesabına alınmaması halına dair sübutetmə yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alaraq onun istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi yeganə sübutun şahid ifadəsi olduğuna görə həmin sübuta qiymət verərək hesab etmişdir ki, ifadə verən şahidlərin cavabdehin özünün yaxın qohumları olması və onun tərəfindən yanaşı heç bir sübutun məhkəməyə təqdim olunmaması, yalnız iki şahidin ifadəsi ilə kifayətlənərək məhkəmə sənədləri ilə birgə nikah dövründə alınması təsdiq olunan əmlakı birgə ümumi əmlak hesab etməməyə əsas ola bilməz. Yəni, cavabdehin məhkəmədə ifadə verən qohumları mübahisəli nəqliyyat vasitəsi və mənzilin onlar tərəfindən cavabdehə alınaraq bağışlandığını bildirirlərsə, o zaman onların həmin əmlakları Mülki Məcəllədə nəzərdə tutulan qaydada bağışlama müqaviləsi əsasında vermə imkanlarının olduğunu da nəzərə almalı idilər. Vaxtilə həmin imkandan istifadə etməmələri bu gün həmin əmlakı cavabdehə nikah dövründə hədiyyə şəklində verilən əmlak kimi qəbul edilməsi imkan verməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahda olduqları müddət ərzində birgə vəsait hesabına alınan mübahisəli mənzil və mübahisəli avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunmaqla, payları bərabər müəyyən olunmalıdır. Həmçinin iddiaçının da qeyd olunan mənzilə bərabər payda mülkiyyət hüququ olduğuna görə həmin evə köçürülməlidir.
19. Məhkə mə qeyd etmişdir ki, iddiaçı tərəfindən ümumi dəyərinin 7455 manat olduğuna iddia olunan ev əşyalarının həqiqətən də tərəflərin nikah dövründə və kim tərəfindən alındığına dair məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı isə bu halı mübahisələndirmiş və əksini şahid ifadələri ilə də sübut etməyə çalışmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlmişdir ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34, 36-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, idd ia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddiaçı mübahisələndirilən əmlakların birgə vəsait hesabına əldə edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin əmlakın onun tərəfindən alındığını iddia etmiş, lakin mübahisə obyekti olan ev və avtomobilin heç birini öz adına almamışdır. İddiaçının həmin əmlakları öz adına almasına heç bir maneçilik olmamışdır. İddiaçının adına alınmış və şəxsi mülkiyyətində olan mənzili olmuşdur. İş materiallarında bununla bağlı daşınmaz əmlakın reyestrindən əldə edilmiş sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı ərizəsində başqa yaşayış yerinin olmamasını əsas gətirərək mübahisələndirilən evə köçmək istədiyini bil dirmişdir. Məhkəmə də həmin hissədə iddiaçının iddiasını təmin etmişdir. Cavabdeh dəfələrlə iddiaçı tərəfindən döyülərək, təhqir olunaraq mənzildən qovulmuşdur. Bununla bağlı cavabdeh dəfələrlə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Bu gün iddiaçının mülkiyyətində başqa mənzil olduğu halda mübahisəli mənzilə köçəcəyi təqdirdə gələcəkdə çox ciddi problemlər olacağı qaçılmaz olduğunu qeyd etmişdir. İddiaçı onu və qızına təhdid edərək, döyüb mənzildən qovmuşdur. Cavabdeh mübahisələndirilən əmlakın əldə olunması üçün vəsaitin anası X1 almağına dair yazılı sübutu məhkəmə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 cavabdehin izahatına uyğun ifadə də vermişdir. Həmçinin mübahisə obyekti olan evi almaq məqsədi ilə X6 cavabdehə xx.xx.2006-cı il tarixdə 3 5000 ABŞ dolları məbləğində pulu verməsini, cavabdehin isə həmin məbləği qəbul etməsinə dair əvəzsiz əqd də bağladıqlarını bildirmiş və həmin yazılı sübut məhkəməyə təqdim edilmişdir. Mübahisələndirilən əmlak birgə nikah dövründə əldə olunsa da, birgə vəsait hesabına əldə edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə mübahisə predmeti olan mənzilin və avtomobilin alınması üçün pul vəsaitinin anası və qardaşı tərəfindən verilməsinə dair sübut təqdim etmişdir. Hər iki şahid cavabdehin izahatına uyğun ifadələr vermişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2464/2024 nömrəli mülki iş üzrə 6 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) ca vabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmuşdur ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etsə də, həmin dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, mənzilin tərəflərin rəsmi nikahı dövründə əldə olunması işin mübahisəsiz halı olmuşdur. Bu tarixləri iddiaçı da mübahisələndirməmişdir. Yəni, tərəflər xx.xx.1996-cı ildə rəsmi nikah bağlamış, mübahisəli mənzil isə xx.xx.2006-cı il tarixdə "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış müqavilə ilə əvəzli qaydada əldə edilmişdir.
25. Cavabdeh iddia etmişdir ki, həmi n mənzilin alınması üçün tələb olunan məbləği anası vermişdir. Ona görə də mübahisələndirdiyi hal həmin mənzilin valideyninin vəsaiti ilə əldə olunduğuna görə birgə mülkiyyət olmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hallar sübuta yetirilməlidir. Sübutetmə yükü isə bu halı iddia və bəyan edən tərəfin üzərinə düşür. Lakin bu barədə cavabdeh tərəfindən nə birinci, nədə apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
26. Cavabdehin təqdim etdiyi yazılı sənəd barədə məhkəmə tərkibi qeyd etmişdir ki, cavabdehin və anası Mayisə Abdullayevanın imzaladığı, kiril qrafikalı əlifba ilə yazılmış həmin sənəddə göstərilmişdir ki, “X19 H qızım Cavabdeh F ev almaq məqsədi ilə maddi yardım kimi 25 sentyabr 2006-cı ildə 35000 dollar məbləğind ə pul verdim”. Məhkəmə tərkibi tərəfindən həmin sənədin əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan sənəd köhnəlmiş (saralmış) dəftərdən səliqəsiz şəkildə cırılmış (qoparılmış) vərəqin üzərində yazılmışdır. Vərəq köhnəlmiş (saralmış) olsa da üzərində qələmlə icra edilmiş yazı oksidləşməmiş, başqa sözlə 18 il əvvəl yazıldığı açıq-aşkar sezilməmişdir. Sənəddəki yazı mürəkkəbi 2006-cı il deyil, daha yaxın tarixlərə aid olmuşdur. Belə ki, kağızın qruplaşdırılan xüsusiyyətlərindən biri də onun sorbsion göstəriciləridir. Bu göstəricilərdən biri kağızın mürəkkəb və digər boyaq maddələrini udmaq qabiliyyətidir. 2006-cı ildə yazıldığı iddia olunan sənədin mürəkkəbinin rəngi, eləcə də kağızda qalıcılığı dəyişmiş olmalı idi. Lakin məhkəməyə təqdim edilən qəbzdən də aşıq-aşkar görünmü şdür ki, sənəddəki yazıda hər mürəkkəbin rəng dəyişikliyi (oksidləşmə) və ya qalıcılığın deformasiya olması kimi amillər baş verməmişdir. Bu da həmin qəbzin hazırkı mübahisə yaranandan sonra tərtib edildiyinə əminlik yaratmışdır. Bu sənədin geri tarixə tərtib olunması açıq-aşkar şübhə doğurmadığından mötəbər sübut kimi qəbul edilə də bilməz. Sənədin məzmumundakı mətn və tarixin qoyulmaması sənədin mötəbərliliyini təkzib etmişdir. Sənəddə cavabdehə ev almaq məqsədilə maddi yardım kimi verildiyi iddia olunan vəsaitin yalnız cavabdehə verilməsi də konkret göstərilməmişdir. Bunun göstərilməsi də mümkün ola bilməzdi. Tərəflər 27 ilə yaxın bir müddətdə nikahda olub, bu nikahdan bir övladları olmuş, bu dövrdə birgə və mehriban ailə kimi yaşamış, uşağın doğulması ilə ailə bağları daha da sıxlaşmış dır. Qeyd olunan sənədin xx.xx.2006-cı ildə tərtib olunduğu ehtimal olunsa belə, həmin vaxt tərəflər artıq 10 il idi ki, nikahda idilər. Aralarında hər hansı bir formada xoş olmayan münasibətlərin olmasına da cavabdeh istinad etməmişdir. Hətta qeyd olunan sənədin həmin tarixdə tərtib olunması və onda göstərilənlər həqiqi olması ehtimal edilsə belə, cavabdeh anasının verdiyini iddia etdiyi həmin “vəsaitin” ailəyə deyil, yalnız ona bağışladığını sübut etməlidir. Bu cür “bağışlama” tərəflərin nikaha girməsindən dərhal sonra deyil, 10 il sonra baş verdiyi iddia olunur. Bu cür hallar isə həyatda həmişə baş verən hallara uyğun gəlmir. Yəni, heç bir valideyn övladının ailəsinin gələcəkdə dağılacağını əvvəlcədən duyaraq yaxud hiss edərək hansısa əşyanı ailəyə deyil yalnız övladına bağışlamaq niy yətində də olmurlar. Hazırkı işin konkret halları da bu cür qənaətə gəlməyə əsas verməmişdir. Ona görə də üzərində tərəflərin paylı mülkiyyəti tanınan mənzil və avtomobil heç bir halda cavabdehin fərdi mülkiyyəti kimi qiymətləndirilə bilməz.
27. Mübahisə predmeti olan mənzilin və avtomobilin cavabdehin adına qeydə alınması onların birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edildiyini istisna etməmişdir. Yetər ki, bu əmlaklar birgə nikah və birgə gəlirlər hesabına əldə edilmiş olsun. Bu əmlakların nikah dövründə ərin yaxud arvadın adına qeydə alınması da heç nəyi dəyişməmişdir. İddiaçının mülkiyyətində hansısa başqa əmlakın olduğu da hazırkı iddianın əsassızlığına dəlalət etməmişdir. Başqa sözlə paylı mülkiyyətinin tanınması tələb edilən mənzil iddiaçının mülkiyyəti olduğundan onu n həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn qanunla qadağan olunmayan istənilən hərəkətlər etmək, o cümlədən həmin mənzilə köçüb yaşamaq hüququ olmuşdur. Bunu ona hansısa səbəbə görə qadağan etmək olmaz. Qeyd olunan əmlakların birgə nikah və birgə gəlirlər hesabına əldə edilməsinə dair iddiaçının məhkəməyə sübut təqdim etməsinə də zərurət olmamışdır. Çünki nikah qeydinin qüvvədə olması prezumsiyasına görə iddiaçı bu halları sübut etmək yükündən azad sayılır. Nə qədər ki, cavabdeh qeyd olunan əmlakların birgə gəlirlər hesabına alınmadığını bəyan edir, yeni bir hala istinad edir və istinad etdiyi halı sübut etmək yükü də onun üzərinə düşür. İddiaçı tərəfindən cavabdehə qarşı hansısa qanuna zidd əməl, yəni inzibati xəta yaxud cinayət törədildiyinə görə cavabdehin cinayət təqibi q aydasında araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin anasının və qardaşının şahid qismində verdiyi ifadəsi bu xarakterli iddia üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin şahidlər cavabdehin yaxın qohumları olduğundan istər-istəməz onların ifadələrinin mötəbərliliyi azalmış olur. Başqa sözlə onların ifadələrinin cavabdehin mənafeyinə uyğun olduğu istisna olunmuşdur.
29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 213, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 32, 36, 37-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil X18) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
34. Maddə 2 13.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
36. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
37. Maddə
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyy ət göstərir.
38. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
39. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
40. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
41. Maddə 36.3. Mübahisə olduqd a, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
42. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir.
43. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarı
44. Bənd 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özüözlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə m üəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.
45. Bənd 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1- ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arv adın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
46. Bənd 5.5. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks et dirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir.
47. Bənd 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.
48. Bənd 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımı ndan çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürək ənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 417.1.1. Kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndiri ldiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
60. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.