Məhkəmə qərarları › İş №2(102)-2946/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2946/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kiray ə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(106)-483/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin (bundan sonra – iddiaçı) 06 fevral 2020-ci il tarixli “9/27” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X6 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proq ramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 27 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir.

2. Departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X3, Cavabdeh3 və X2 (bundan sonra – cavabdehlər) həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli 9 /27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlərin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən X5 və Cavabdeh3 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır.

5. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi bildirmişdir ki, X6 təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Gö z xəstəlikləri şöbəsinin xarici milliyətli tədqiqatçısı xx.xx.2019-cu il tarixində vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. xx.xx.2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X6 rezidentura tələbəsidir və buna aid müvafiq arayış mövcuddur. Həmçinin ailənin digər üzvləri olan Cavabdeh3 da təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kahramanmaraş şəhərinin X9 Universitetinin tibb fakültəsinə 2018-ci ildə daxil olmuş, 2022-ci ilin sentyabr ayında bitirmişdir. X1 olduğu üçün valideynlərinin təhsil aldığı şəhərdədi və birinci sinif şagirdidir. Belə ki, müqavilədə göstərildiyi kimi mənzildə yaşamama səbəbi üzrsüz deyildir.

6. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(032)1633/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim: E.Qurbanov) ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehlər faktiki olaraq mübahisəli mənzilin yerləşdiyi ünvanda yaşamamışlar.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3, 102.1-ci, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, o, tələbə olması və hal-hazırda Türkiyədə təhsil alması səbəbindən qeyd olunan ünvanda üzrlü səbəbdən yaşamır və bu səbəbdəndə kirayə müqaviləsi ləğv olunmamalıdır.

11. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, kirayə müqaviləsi əsasında götürülmüş, lakin yaşayış olmayan evlərin, hal-hazırda qazi və şəhid ailələrini evlə təmin edilməsi üçün aparılan işlərin gecikdirilməməsi səbəbindən belə evlər məhkəmə qaydasında kirayə müqaviləsi ləğv olunaraq həmin qazi və şəhid ailələrinin evlə təmin olunması üçün istifadəyə verilir. Həmçinin, cavabdehlər ölkəyə qayıtdıqları zaman evlə bağlı zərurət yarandıqda onların müraciəti əsasında onların evlə təmin edilməsi üçün bütün zəruri tədbirlər aparılacaqdır.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 30 mart 2023-cü il tarixli, 2(106)-483/2023 nömrəli qətnaməsi ilə (hakimlər: T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, m əhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

14. Belə ki, müqavilə 2020-ci ildə bağlansa da həmin ünvanda hər hansısa bir yaşayış olmamışdır. Bağlanmış kirayə müqaviləsinin şərtinə görə, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verəni n tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir.

15. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin izahatından müəyyən olunduğu kimi, cavabdehlərin birgə nikahlarından olan uşaqları Türkiyə Respublikasında birinci sinifə gedir. Göründüyü kimi, evdə yaşanmaması üçün hər hansısa bir üzrlü səbəb olmamış, cavabdehlərin yaşayış evinə ehtiyacları üçün zərurət aradan qalxmışdır.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3, 102.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan mənzildə üzrlü səbəbdən və müvəqqəti olaraq yaşamadıqlarından həmin mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq sözügedən mənzil üzrə istifadə hüquqlarını itirməmişlər.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82, 100.3, 101.1, 101.2, 152.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 88, 217, 218, 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabd eh1 nümayəndəsi Nümayəndə tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

23. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 70.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kiray ə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.

25. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.

26. Maddə 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

27. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

28. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

29. Maddə 107.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

30. Maddə 108.Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçiri lir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 fevral 2020ci il tarixli “9/27” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavi ləsinə əsasən, məcburi köçkün X6 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 27 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Müqavilənin 5.7.1- ci bəndində şərtləşdirilmişdir ki, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər

38. İddiaçı təşkilat müqavilənin həmin şərtinin pozulması barədə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərdə tərtib olunmuş aktlara istinad edərək, kirayə müqaviləsinin ləğv edilməsini, cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin boşaldılıb təhvil verilməsini tələb etmişdir.

39. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, X6 təhsil almaq üçün Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Göz xəstəlikləri şöbəsinin xarici milliyətli tədqiqatçısı xx.xx.2019-cu il tarixində vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. xx.xx.2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X6 rezidentura tələbəsidir və buna aid müvafiq arayış mövcuddur. Həmin səbəbdən mənzildə yaşamamışlar təhsil müddəti başa çatdıqdan sonra mənzildə yaşamağa davam ediləcəkdir.

40. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, cavabdehlərin uşaqları Türkiyə Resaupblikasında birinci sinifə gedir, evdə yaşamamaları üçün üzürlü səbəb olmamış, cavabdehlərin yaşayış evinə ehtiyacları üçün zərurət aradan qalxmışdır.

41. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

42. Belə ki, tərəflər arasında mənzil qanunvericiliyində nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanması və bu əqddən irəli gələn hüquq münasibətlərinin qurulması işin mübahisəsiz halıdır.

43. Məlum olduğu kimi xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması, o cümlədən məc buri köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələridir.

44. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

45. Bu öhdəliyin kirayəçi tərəfindən pozulması sözügedən kirayə müqaviləsinin ləğv edilməsi üçün əsasdır

46. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə vətəndaşlar həmin müqa vilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır

47. Baxılan işdə iddiaçı 2021-ci ilin dekabr, 2022-ci ilin fevral və may aylarında tərtib etdiyi aktlarla mübahisə predmeti olan xüsusi təyinatlı yaşayış sahəsində kirayəçinin yaşamadığı qeyd edilmişdir.

48. Birinci instansiya məhkəməsində müəyyən olunur ki, cavabdehlər bir ailənin üzvləridir, cavabdeh tərəfin təqdim eitdiyi arayışdan aydın olur ki, Kamran Qhərəmanov (ailə başçısı və müvafiq tərəfi) Türkiyə Respublikası Erciyes Universitetinin Göz xəstəlikləri şöbəsinin xarici mi lliyətli tədqiqatçısı xx.xx.2019-cu il tarixində vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. xx.xx.2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X6 rezidentura tələbəsidir və buna aid müvafiq arayış mövcuddur.

49. Təhsil Haqqında Qanunun 1.0.38-ci paraqrafında göstərilir ki, rezidentura tibb ixtisasları üzrə əsas (baza ali) təhsil əsasında həkim-mütəxəssis hazırlığı formasıdır.

50. Göründüyü kimi, cavabdeh Kamran Qəhrəmanov xx.xx.2023-cü il tarixədək rezidentura mərhələsində ali tibbi təhsil alır və bu təhsilini ölkədən kənarda həyata keçirir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, cavabdehin təhsil aldığı müddətdə mübahisəli evdə yaşaması mümkünsüzdür.Lakin müvəqqəti olaraq mənzildə üzrlü səbəbdən yaşamaması onun müqavilə əsasında əldə etmiş olduğu sahiblik və istifadə hüququnun itirilməsinə səbəb olmur.

51. Lakin təhsil müddətinin başa çatmasından sonra onun müqavildə nəzərdə tutulmuş şərtlərə əməl etməməsi (mənzildə yaşamaması, başqa şəxsin istifadəsinə verməsi və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi) halında müqavilənin istinad olunan norması baxımından öhdəliyin pozulması kimi qiymətləndirilə bilər.

52. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin uşaqlarının Türkiyə Respublikasında birinci sinifdə təhsil alması, digər cavabdehin (Nümayəndə) təhsilini başa vurmasına əsaslanmaqla cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının olmaması və zərurətin aradan qalxmasına dair nəticəyə gəlməsi düzgün olmamışdır.

53. Bu zaman işin faktiki hallarını araşdırmaq səlahiyyətinə mal ik olan məhkəmələr ailə baçısı və müqavilə tərəfi olan Kamran Qəhərmanovun təhsilini başa vurmadığı və xx.xx.2023-cü il tarixədək onun mənzildə yaşamamasının üzrlü səbəbdən olmasını nəzərə almamış, bunlarla bağlı cavabdeh tərəfin təqdim etdiyi sübutlara qiymət verməmişdir.

54. Halbuki, iddiaçının istinad etdiyi müqavilənin 5.7.1-ci maddəsində kirayəçi üzrlü səbəb olmadan yaşayış sahəsində yaşamadıqda müqavilənin ləğv edilməsinin mümkün ola biləcəyini tərəflər razılaşdırmışlar.

55. Qeyd edilənlər yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının açıq şəkildə pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.

56. Məhkəmə kollegyiası qeyd edir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır

57. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-483/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar